Kanada Xalq Partiyasının lideri deyir ki, tariflər amerikalılara deyil, kanadalılara ziyan vuracaq
Sabiq baş nazir Stiven Harperin mühafizəkar hökumətində xarici işlər naziri vəzifəsində çalışmış, hazırda isə sağçı Kanada Xalq Partiyasının (PPC) lideri Maksim Bernye, Halifax şəhərindən Fox News Digital-a müsahibəsində bildirib ki, Kanadanın “ABŞ-a tətbiq etdiyi bütün tarifləri ləğv etməyin tam zamanıdır”.
O qeyd edib ki, keçmiş baş nazir Castin Trudonun rəhbərlik etdiyi Liberal hökumətin fevralın əvvəlində ABŞ-ın Kanadaya qarşı tətbiq etdiyi 25%-lik tariflərə cavab olaraq uyğuladığı tariflər “amerikalılara deyil, əksinə, kanadalılara ziyan vuracaq”.
“Biz qarşılıqlı tariflər tətbiq edə bilmərik”
PPC lideri bildirib ki, Trampa “həqiqi qarşılıqlı cavabın” “bizdə sıfır, sizdə də sıfır tarif” olduğu deyilməlidir. Bernye qeyd edib ki, əvəzində Karni və onun əsas rəqibi Mühafizəkarlar Partiyasının lideri Pyer Pollievre, “süni vətənpərvərlər kimi Trampa qarşı dollarla-dollar ticarət müharibəsi apararaq kanadalılara deyirlər ki, bu, ən yaxşı yanaşmadır.”
“Biz qarşılıqlı tariflər tətbiq edə bilmərik”, – deyə Harper hökumətində sənaye naziri olmuş Bernye əlavə edib: “Amerikalılar bizdən on dəfə böyükdür. Biz ticarət müharibəsini qazana bilmərik”, – deyən siyasətçi, qarşılıqlı tariflərin Kanadada tənəzzülə səbəb olacağını vurğulayıb.
“İctimaiyyət hələ buna hazır deyil”
Harperin kabinetində Bernye ilə birlikdə çalışmış sabiq Kanada mühafizəkar siyasətçisi Toni Klement də Fox News Digitala açıqlamasında bildirib ki, iqtisadi baxımdan Kanadanın tarifləri ləğv etməsi “ağlabatan addımdır” və “bu, müəyyən bir vaxtda baş verə bilər, lakin ictimaiyyət hələ buna hazır deyil”: “Trampın ilhaq çağırışları və tarifləri ilə kanadalıların yaşadığı emosional travmalar baxımından belə bir siyasəti dəstəkləyən siyasi liderin sağ qalacağına əmin deyiləm”.
O əlavə edib ki, “xalq çox qəzəblidir. Mən kanadalıların ABŞ-a bu qədər qəzəbli olduğunu heç vaxt görməmişdim”.
O, hazırda Torontoda Pyer Pollievrenin Mühafizəkarlar Partiyası namizədləri üçün seçki kampaniyası aparır və qeyd edir ki, “Trampın dediklərinə artıq heç bir etibar yoxdur, çünki dedikləri 24 saat ərzində dəyişə bilər”.
Zorakılıq edənə qarşı zəiflik göstərmək?
Klement əlavə edib ki, Trampdan qarşılıqlı güzəşt olmadan Kanadanın tarifləri ləğv etməsi “zorakılıq edənə qarşı zəiflik göstərmək olar”.
Qeyd edək ki, Klement federal siyasətə qoşulmazdan əvvəl 2006-cı ildə, Ontarionun sabiq baş naziri Mayk Harrisin rəhbərlik etdiyi Proqressiv Mühafizəkarlar hökumətində kabinet naziri olmuşdur.
Tramp ilə son danışığından sonra Karni bəyanatında bildirib ki, hər iki lider “seçkilərdən dərhal sonra yeni iqtisadi və təhlükəsizlik münasibətlərinə dair geniş danışıqlara başlamaq barədə razılığa gəliblər”.
Korporativ vergilərin azaldılması və neft və qaz sənayesinin inkişafı vacibdir
Mühafizəkar strateq Yaroslav Baran Fox News Digital-ə bildirib ki, “ABŞ-Meksika-Kanada Razılaşmasına (USMCA) görə, Kanada ilə ABŞ arasında mal və xidmətlərin ticarəti tarifsiz olmalıdır”, lakin süd, yumurta, quşçuluq məhsulları və yumşaq taxta üçün Kanada tərəfindən istisnalar nəzərdə tutulur.
Baran əlavə edib ki, “ABŞ Kanada məhsullarına qarşı tariflər tətbiq etdikcə, Kanadanın öz tariflərini tam ləğv edəcəyinə inanmıram.”
Bernye etiraf edir ki, Trampın tarifləri Kanadadan ABŞ-a mal ixrac edən sahibkarları zərərə salacaq, lakin çıxış yolunun Kanadada daha məhsuldar iqtisadiyyat və real sərbəst bazar islahatları ilə mümkün olduğunu qeyd edir. Buraya korporativ vergilərin azaldılması, daxili ticarətin təşviqi və ölkənin neft və qaz sənayesinin inkişafı daxildir. Bunlar PPC-nin seçki platformasında yer alan və “Oyanış ideologiyasını” təbliğ edən proqramları ləğv etmək məqsədilə “Dövlətin Kiçildilməsi Nazirliyinin” yaradılmasını nəzərdə tutur. Bu təşəbbüs Elon Maskın rəhbərlik etdiyi “Hökumət Effektivliyi Nazirliyi”nə bənzəyir.
PPC lideri həmçinin bildirib ki, Kanada USMCA çərçivəsində “hazırda” və gələn il planlaşdırılan üçtərəfli ticarət müqaviləsinin nəzərdən keçirilməsindən əvvəl “hər şeyi masaya qoymağa” hazır olmalıdır.
Süd və yumurtaya görə amerikanlardan 2 dəfə artıq ödəniş
Bernyenin fikrincə, bu, kvota və qiymətləri təyin edən və Kanadanın süd, quşçuluq və yumurta sektorlarını xarici rəqabətdən qoruyan “təchizat idarəçiliyi kartelinin” ləğvini də əhatə etməlidir. O, bu sistemi “kommunist sistem” adlandıraraq, kanadalıların bu məhsullara görə amerikalılardan iki dəfə baha ödəniş etdiyini və ABŞ-dan idxal edilən eyni məhsullara qarşı 150%-dən 300%-ə qədər tariflər tətbiq edildiyini bildirib. Bu tariflər USMCA-da razılaşdırılmış hədləri keçən idxallara tətbiq olunur, lakin həmin hədlərə hələ çatılmayıb.
Qeyd edək ki, 2018-ci ildə NAFTA-nın yenidən danışıqları zamanı Trampın rəhbərlik etdiyi birinci administrasiya Kanadanın təchizat idarəçiliyi sisteminin ləğv edilməsini tələb etmişdi.
Foto: GHY International