ABŞ prezidenti öz sosial şəbəkəsindəki hesabında bildirib ki, o və Kanada baş naziri “bir çox məsələdə razılaşıblar” və gələn ay Kanadada keçiriləcək seçkilərdən sonra görüşəcəklər.
ABŞ prezidenti Donald Tramp, Kanada ilə Birləşmiş Ştatlar arasında artan gərginlik və dərinləşən ticarət müharibəsi fonunda, Kanada baş naziri Mark Karni ilə “son dərəcə məhsuldar” telefon danışığının olduğunu bildirib.
Martın 28-də danışıqla bağlı sosial mediada paylaşım edən ABŞ prezidenti, Kanadaya qarşı yumşaq və barışdırıcı ton nümayiş etdirib. Qeyd edək ki, Tramp bu dəfə Kanadanın rəhbərinə öz titulu ilə – “baş nazir” deyə müraciət edib. Halbuki, aylardır Karnidən əvvəlki baş nazir Castin Trudo üçün “qubernator” ifadəsini işlədirdi.
“Bu, son dərəcə məhsuldar bir danışıq oldu”
“Kanada Baş naziri Mark Karni ilə danışığı yenicə bitirdim”, Tramp yazıb: “Bu, son dərəcə məhsuldar bir danışıq oldu. Bir çox məsələdə razılaşdıq və Kanadada keçiriləcək seçkilərindən dərhal sonra siyasət, biznes və digər bütün sahələrdə əməkdaşlığı müzakirə etmək üçün görüşəcəyik. Bu, həm Amerika Birləşmiş Ştatları, həm də Kanada üçün böyük nəticələr verəcək.”
Bəyanatda konkret detallar yer almasa da, Tramp, Kanadaya qarşı əvvəlki sərt çıxışlarından və ölkəni ABŞ-ın 51-ci ştatı etməklə bağlı təkrarlanan çağırışlarından fərqli, yeni bir ton nümayiş etdirib.
Bu, Mark Karninin iki həftə əvvəl Trudonu əvəzləməsindən sonra iki lider arasında ilk rəsmi telefon danışığı idi. Danışıq, Karninin Trampın Kanada məhsullarına tətbiq etdiyi yeni tariflərə sərt cavabından cəmi 24 saat sonra baş tutub. Tramp, aprelin 2-dən etibarən xarici avtomobillərə, o cümlədən Kanada istehsalı olan maşınlara 25 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini elan edib.
“Kanadanı zəiflətmək üçün göstərilən bütün səyləri qətiyyətlə rədd edirəm”
Karninin ofisi yayımladığı açıqlamada Trampla telefon danışığını “çox konstruktiv bir müzakirə” kimi xarakterizə edib: “Liderlər, seçkilərdən dərhal sonra yeni iqtisadi və təhlükəsizlik münasibətlərini müzakirə etməyə başlamaq barədə razılığa gəldilər”.
Ancaq Ottavanın bəyanatında o da əlavə olunub ki, Karni Trampa ABŞ-ın aprelin 2-də elan etdiyi əlavə ticarət tədbirlərinə cavab olaraq, “kanadalı işçiləri və iqtisadiyyatı qorumaq üçün qarşılıqlı tariflər tətbiq edəcəklərini” bildirib.
Bir gün əvvəl Karni açıqlamasında Trampın Kanadaya təzyiq göstərmək cəhdlərini rədd etdiyini bildirmişdi: “Kanadanı zəiflətmək, bizi tükətmək, sındırmaq və nəticədə Amerikaya tabe etmək üçün göstərilən bütün səyləri qətiyyətlə rədd edirəm”.
O, həmçinin bildirib ki, Trampın siyasəti nəticəsində ABŞ-Kanada münasibətləri ciddi şəkildə dəyişib: “Birləşmiş Ştatlarla əvvəlki münasibətlərimiz – iqtisadi inteqrasiya və sıx təhlükəsizlik, hərbi əməkdaşlığa əsaslanan dərin əlaqələr artıq geridə qalıb”.
Qeyd edək ki, Kanadada federal seçkilər aprelin 28-də keçiriləcək. Karninin rəhbərlik etdiyi Liberal Partiya, Trudonun istefası və ABŞ ilə yaşanan gərginlik fonunda son həftələrdə reytinqlərdə yüksəlib.
Baş nazir Karni, vəzifəyə başladıqdan sonra Böyük Britaniya və Fransaya səfər edib. Kanadanın ənənəvi müttəfiqi və ticarət tərəfdaşı olan ABŞ-a isə hələ səfər etməyib.
Bu həftənin əvvəlində Tramp, Ottava və Avropa İttifaqını Vaşinqtona qarşı birləşməkdən çəkindirərək hər iki tərəfə qarşı “daha böyük” tariflər tətbiq edəcəyi ilə hədələyib.
Tramp bir şey əldə edə biləcəyi təqdirdə, danışıqlara açıqdır
Daha sonra Tramp bəyan edib ki, o, xarici ölkələrdən idxal olunan mallara tariflərin azaldılması üçün ölkələrlə razılaşmalara açıqdır: “Əgər bir şey əldə edə biləriksə, qarşılığında nəsə ala biləriksə, buna tam açığam”, – deyə bildirib.
Tramp həmçinin yaxın günlərdə dərman preparatlarına tətbiq edəcəyi tarifləri açıqlayacağını bildirib, lakin faiz göstəricisini qeyd etməyib: “Elə bir tarif olacaq ki, dərman və əczaçılıq şirkətləri məhsullarını ölkəmizə gətirməyə məcbur olacaqlar”.
Xatırladaq ki, ötən il ABŞ səhiyyə qurumları, bəzi reseptlə yazılan dərmanların Kanadadan idxalına dair məhdudiyyətləri yumşaltmışdı. Bu addım, dərman qiymətlərinin ABŞ-da aşağı salınması məqsədi daşıyırdı, çünki eyni dərmanlar Kanadada daha ucuz qiymətə satılır.
Foto: Scott Eisen/Getty Images & AFP/Getty Images