Bu gün ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadaya qarşı 25 faizlik tarifləri daha bir ay təxirə salacağını bildirib. Bu, Ağ Evin hansı tarifləri və nə vaxt tətbiq edəcəyinə dair verdiyi bir sıra ziddiyyətli bəyanatların ən sonuncusudur.
Tramp Ağ Evdə keçirdiyi kabinet iclasında Şimali Amerika ölkələrinə aprelin 2-də tətbiq ediləcək tariflər barədə soruşulduqda, “mən tarifləri dayandırmıram. Sərhəddən keçən fentanil səbəbindən milyonlarla insan ölüb,” deyə vurğulayıb.
İki gün əvvəl isə Tramp martın 4-də tariflərin plan üzrə tətbiq ediləcəyini bildirmişdi.
Ticarət naziri Hovard Lutnik iclas zamanı bildirib ki, əgər Kanada və Meksika fentanil məsələsində “mükəmməl iş gördüklərini” sübut edə bilsələr, tariflər martın 4-dən sonra təxirə salına bilər. Lakin o, bu ölkələrin hələ də tariflərə məruz qala biləcəyini vurğuladı: “Əsas əməliyyat aprelin 2-də baş verir.”
Ancaq Ağ Evin dəyişkən bəyanatları qeyri-müəyyənlik yaradaraq maliyyə bazarlarını sarsıdır və xarici ölkə liderlərini yüksək tariflərdən yayınmaq üçün yollar axtarmağa məcbur edir. Bu qeyri-müəyyənlik Vaşinqtona gələn xarici rəsmilərlə görüşləri çətinləşdirir. Meksikanın yüksək səviyyəli diplomatik və təhlükəsizlik rəsmiləri bu həftə dövlət katibi Marko Rubio ilə görüşmək üçün Vaşinqtona yola düşür. Bu barədə Meksika prezidenti Klaudiya Şeinbaum çərşənbə günü jurnalistlərə açıqlama verib.
Böyük Britaniyanın yeni baş naziri Kier Starmer də həftə sonunda Tramp ilə görüşmək üçün Vaşinqtona gedir. Fransa Prezidenti Emmanuel Makron isə bazar ertəsi Ağ Evdə olub. Lakin Makronun səfəri ticarət məsələlərində ciddi nəticələr verməyib. Tramp çərşənbə günü Avropa Birliyinə 25 faiz tarif tətbiq etməyə hazır olduğunu bildirib: “Biz qərarımızı vermişik və bunu tezliklə elan edəcəyik. Ümumilikdə 25 faiz olacaq və bu, avtomobillər və digər məhsullara şamil ediləcək,” Tramp kabinet iclasında deyib.
“Avropa Birliyi ABŞ-ı aldatmaq üçün yaradılıb, gəlin bunu etiraf edək,” Tramp əlavə edib.
Kanada və Meksika Trampın hədəfə aldığı ilk ölkələr olub. O, noyabr ayında seçildikdən sonra qanunsuz miqrant axını və fentanilin sərhədi keçməsinin qarşısını almazlarsa, bu ölkələrə yeni tariflər tətbiq edəcəyini bildirmişdi.
Ağ Ev rəsmisi bu gün bildirib ki, Kanada və Meksika ilə tariflərin daha uzun müddət dayandırılması üçün danışıqlar davam edir və bu məsələdə irəliləyişə qapı açıqdır.
Mənbə: politico.com
Foto: Global News