Arzu Sərdarlı: “İşsizliyin səviyyəsi və ərzaqların qiyməti artacaq, amma 3-4 ildən sonra müsbət nəticələr ola bilər”
Kanadalılar Donald Trampın idxal məhsullarına qoyduğu tariflərin şokunu yaşayır. İkinci tarif siyahısında Kanadanın adı olmasa da, yenə də insanlar vəsvəsə içindədir. Sərmayəçilər gözləmə mövqeyindədirlər, heç bir biznesə yatırım etmək istəmirlər. Hətta bəzi şirkətlər artıq işçilərini ixtisara salıb. First Nations Universitetin professoru, riyaziyyatçı, statistik modelləşdirmə üzrə mütəxəssis Arzu Sərdarlı CanAzərbaycana müsahibəsində Trampın tarif siyasətinin Kanadaya mümkün təsirlərindən danışdı.
Amerika və Kanada arasında danışıqlar başqa müstəvidə davam edə bilər
Tramp administrasiyasının fəaliyyətini proqnozlaşdırmağın çətin olduğunu deyən müsahibimiz bunun səbəbinin hadisələrin obyekti olan Trampın hər gün dəyişik qərarlar verməsi ilə əlaqələndirdi: “Buna görə də bir neçə ssenari kimi təhlil etmək istərdim. Müsbət məsələlərdən biri odur ki, Mark Karney hakimiyyətə gələndən sonra Trudonun kommunikasiya tərzini bir qədər dəyişdi. Eyni zamanda, Trampın da Kanada, Kanada rəhbərliyi barəsində lüğəti dəyişdi. Artıq “51-ci ştat”, “Kanada qubernatoru” kəlimələrini işlətmir. Bu, müsbət qəbul oluna bilər. İkinci müsbət hal Kanadanın adının Amerikanın ikinci dəfə qəbul olunan tarif siyahısına daxil edilməməsidir. Bunun nə riyazi, nə də statistik izahı yoxdur. Sadəcə, Trampın psixologiyasını nəzərə alaraq demək olar ki, Tramp bir növ münasibətləri təlatümə gətirməklə digər ölkələri münasibətləri yenidən qurmağa məcbur etmək istəyir. Sorğular göstərir ki, liberalların hakimiyyətə gəlmək üçün daha çox şansı var. Əgər Mark Karney hakimiyyətə gəlsə, ola bilər ki, dərhal sonra Amerika və Kanada arasında danışıqları başqa müstəvidə davam etdirsin”.

Amerikadan kənarda bazar axtarmaq siyasəti
Qeyd edək ki, 1992-ci ildə Kanada, Meksika və Amerika Birləşmiş Ştatları arasında imzalanmış Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) 1994-cü ildən tətbiq olunur. Sazişə əsasən, sözügedən ölkələr tərəfindən istehsal olunan malların əksəriyyətinə tətbiq olunan tariflər ləğv edilib.
- Sərdarlı düşünür ki, Kanadadakı federal seçkilərdən sonra NAFTA-ya yenidən baxıla və dəyişikliklər edilə bilər: “Başqa bir müsbət məsələ isə Mark Karneyin dəfələrlə qeyd etdiyi kimi, Amerikaya daimi müttəfiq kimi baxmaq fikrindən uzaqlaşmaq istəyidir. Əgər hazırda tətbiq edilən tariflər olduğu kimi qalsa, Kanada öz daxili imkanlarından istifadə etmək məcburiyyətindədir. Birincisi, əyalətələr arasındakı mövcud baryerləri aradan qaldırmaq, ikincisi, Kanada iqtisadiyyatının effektivlik əmsalını yüksəltmək və Amerikadan kənarda bazarlar axtarmaq siyasəti yürüdə bilər. Bunlar pozitiv ssenarilərdir”.
İşsizliyin səviyyəsi və ərzaqların qiyməti artacaq
Amma bütün hallarda A. Sərdarlı bildirir ki, bir neçə ay müddətində Kanadda işsizliyin səviyyəsi artacaq: “Artıq işsizlik halları artmağa başlayıb. Xüsusilə maşınqayırma sektorunda bu, qaçılmazdır. Bundan başqa, maşınların, bir sıra texnologiyaların qiyməti də artacaq. Ümumiyyətlə, bu cür qeyri-müəyyyənlik olanda, qiymətlər qalxıbsa, onları sonradan geri qaytarmaq bəzən qeyri-mümkündür, bəzən isə çox çətindir”.
- Sərdarlınin fikrincə, ən pis ssenari digər məhsullara da Amerikanın tarif qoymasıdır: “İndiki Amerika administrasiyası üçün proqnoz vermək çox çətin olsa da, düşünürəm ki, ikinci tarif mərhələsi olmayacaq. Amma qiymət artımı maşınqayırma sənayesindən yan keçməyəcək. Bilirsiniz ki, iqtisadiyyyatın bir sahəsində qiymətlər artanda, bu, digər sahələrə də təsirsiz ötüşmür. Ola bilər ki, ərzaq mallarının qiyməti 1-2 günün içində qalxmayacaq, amma 2-3 həftəyə artım qaçılmazdır”.
Trampın qoyduğu tariflərin Amerikaya mənfi təsirləri daha çoxdur
Müsahibimiz düşünür ki, Amerikanın iqtisadiyyatı daha güclü, potensialı daha yüksək olsa da, Trampın qoyduğu tariflərin Amerika iqtisadiyyatına mənfi təsirləri daha çoxdur: “Təsəvvür edin ki, Kanada mallarına 25 faiz tarif tətbiq olunur. Amerika sənayeçiləri maşınqayırma, yaxud digər sənayeləri bir günün içində qura bilməzlər. Maşınqayırma sənayesinin qurulması 4-5 il vaxt tələb edir. Həmin vaxta qədər ya Kanadadan maşını 25 faiz tariflə alacaqlar. Bu, Amerikada qiymət artımını qaçılmaz edir. 4-5 ildən sonra öz sənayesini quranda artıq məhsulu ucuz satmayacaq, uzaqbaşı Kanadadan 2–3-dollar aşağı satacaq”.
3-4 il Kanadada çətinlik ola bilər
Müsahibimiz Kanadanın xarici ölkələrdən asılılığının qaçılmaz olduğunu deyir: “Amma ixracatın 75 faizinin yalnız bir ölkədən asılı olması doğru siyasət deyil. Belə bir misal var ki, yumurtanı bir neçə səbətdə saxlamaq lazımdır. Bir səbətdə sınanda, heç olmasa o biri səbətlərdə salamat qalsın. Kanadanın xarici ölkələrdən asılılığı qaçılmazdır. Çünki Kanadanın ərazi və əhali nisbəti bir-birinə uyğun deyil. 40 milyon əhali üçün bu ərazi çox böyükdür. İstər-istəməz Kanada başqa ölkələrdən asılı olmalıdır. Amma bu asılılıq bir ölkə ilə məhdudlaşmamalıdır. İndiki kompyuter texnologiları əsrində heç bir ölkə tam olaraq daxili bazara əsaslana bilməz. Şimali Koreya kimi yaşamaq istəyiriskə, bu, mümkündür”.
Kanadanın çox böyük resurslarının olduğunu vurğulayan A. Sərdarlının fikrincə, 3-4 il Kanadada çətinlik ola bilər: “Amma Kanada iqtisadiyyatının inkişafı baxımından ardıcıl siyasət yürüdülsə, sonunda müsbət nəticələr olacaq.”.
Amerika 100 il əvvəl tarif siyasəti yürüdərək inkişaf edib
Tarixə müraciət edən professor Amerikanın 100 il əvvəl tarif siyasəti yürüdərək inkişaf etdiyini xatırlatdı: “Ötən əsrin əvvəllərində Amerika idxal mallarına tariflər qoydu. Amma o vaxt dünya belə qloballaşmamışdı. Amerikalıların indiki nəsli iqtisadiyyatlarını bütün ölkələrlə əlaqələndiriblər, müəyyən dəyişikliklər eləmək olar, amma 100 il əvəlki vaxta qayıtmaq olmaz. 100 il bundan əvvəl Çin iqtisadiyyatı yox idi, Avropa iqtisadiyyatı 1-ci dünya müharibəsindən sonra tənəzzülə uğramışdı. Amerika o vaxt yeganə iqtisadi güc olduğundan tariflər vasitəsilə öz siyasətini qəbul etdirə bilərdi. Amma indiki tariflər ondakı kimi effektiv olmayacaq. Çünki Amerika tarif tətbiq etdiyi üçün Çin, məhsulunu başqa bazara çıxacaq. Amerika, Çinin yaxud Kanadanın götürdüyü bazara sabahısı gün qayıda bilməyəcək”.
Amerika qlobal miqyasdakı super statusunu itirə bilər
A.Sərdarlının fikrincə, hər şeyi yalnız pulla ölçmək olmaz: “Unutnmayaq ki, Amerika təkcə mal deyil, prestij də ixrac edir. Əgər digər ölkələr də adekvat olaraq Amerikadan idxal etdiyi mallara tarif qoysalar, Amerika o prestijindən məhrum olacaq. Ola bilər ki, Amerika öz sənayesini, daxili bazarını inkişaf etdirər, amma nəticə etibarilə Amerika qlobal miqyasdakı super statusunu itirə bilər. Bu zaman başqa ölkələrə öz nüfuzunu qəbul etdirmək çox çətin olacaq”.