Kitab xaricdə yaşayan azərbaycanlı uşaqların dilimizi öyrənməsi üçün nəzərdə tutulub
Amerikada yaşayan həmyerlimiz, pedaqoq Vəfa Quliyeva “Basic Azerbaijani Activity Book” adlı kitabını nəşr etdirib. Xaricdə yaşayan balaca həmyerlilərimiz üçün nəzərdə tutulan kitab onların Azərbaycan dilini əylənərək öyrənməsinə yardımçı olur.
Kitabda bütün tapşırıqların şərtləri Azərbaycan və ingiliscə verilib, amma tapşırıqlar Azərbaycan dilindədir. 62 səhifəlik bu kitabda 10-dan çox mövzu üzrə 100-ə yaxın fəaliyyət mövcuddur. Kitab dilimizi, ənənələrimizi öyrədən rəngləmə, müxtəlif beyin işlədən, əyləncəli tapşırıqlarla zəngindir. Kitabı dünyanın istənilən yerindən Amazon vasitəsilə bu linkdən əldə edə bilərsiniz. Qiyməti 16.90 dollardır.
Vəfa Quliyeva bizimlə söhbətində kitabı yazmaq ideyasından danışdı: “Xarici ölkəyə yerləşdikdən sonra qızımın ana dilini unutmaması üçün ona vəsaitlər axtarmağa başladım. Həmin dönəm Azərbaycan dilini uşaqlara ikinci dil kimi öyrədən vəsaitlər tapmaqda çətinlik çəkirdim. Təhsil sahəsində 10 ildən artıq təcrübəmə arxalanaraq bu yola çıxdım. Həm qızımla, həm də digər xaricdə yaşayan uşaqlarla məşğul olmaq üçün vəsaitlər hazırlamağa başladım. Daha çox insana fayda gətirsin deyə tapşırıq kitabçası şəklinə salmaq qərarına gəldim. Yeni başlayanlar üçün nəzərdə tutulan bu kitab söz bazası yaratmaq üçün rəngləmə, uyğunlaşdırma, seçmə, söz oyunları, yazı və bir çox növdə fəaliyyət, rəngli illüstrasiyalar və sadə tapşırıqlar ilə öyrənmə prosesini əyləncəli edir. Ailənizlə birgə həm əyləncəli vaxt keçirmək, həm də övladınızın milli irsimizi, dilimizi öyrənməsinə yardımçı olmaq üçün nəzərdə tutulan vəsaitdir. Əgər övladlarınızın Azərbaycan sözlərini və ifadələrini öyrənməsini istəyirsinizsə, bu kitab tam sizin üçündür”.
Həmyerlimizin Azərbaycanda 10 ildən çox müəllimlik təcrübəsi var.
Qeyd edək ki, bundan əvvəl V.Quliyevanın uşaqlar üçün nəzərdə tutulmuş “Novruz gəlir” və “Basic English activities” adlı kitabları da çap olunub və onları da Amazondan əldə edə bilərsiniz. Hətta tələbat olduğu üçün bu il “Novruz gəlir” kitabı ikinci dəfə çap edilib.