[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Amerikanın 25 faizlik tarifi Kanadaya necə təsir edəcək?

kanada amerika

FEDERAL HÖKUMƏT KANADALILARA VƏ BİZNESLƏRƏ DƏSTƏK MƏQSƏDİLƏ STİMULLAŞDIRICI PAKET HAZIRLAYIR

Kanada Bankının rəhbəri Tiff Maklem jurnalistlər qarşısında çıxışı zamanı Amerikanın fevralın 1-dən tətbiq edəcəyi 25 faizlik tarifin ciddi narahatlıq doğurduğunu bildirib.

Maklemin sözlərinə görə, Amerika ilə uzunmüddətli və genişmiqyaslı ticarət müharibəsi Kanadanın iqtisadi aktivliyinə mənfi təsir edəcək, idxal olunan malların qiymətinin artması isə inflyasiyanı yüksəldəcək: “Təəssüf ki, tariflər iqtisadiyyatın daha səmərəsiz işləməsi deməkdir – tariflərsiz daha çox istehsal edib daha çox qazanar, daha məhsuldar olardıq.  Pul-kredit siyasəti bunun qarşısını tam şəkildə ala bilməz. Bizim edə biləcəyimiz isə iqtisadiyyatın bu yeni reallığa uyğunlaşmasına kömək etməkdir”.

İnflyasiyanın yenidən iki faiz hədəfinə yaxınlaşdığını qeyd edən Maklem, Mərkəzi Bankın iqtisadi sabitliyin təmin olunmasında daha yaxşı mövqedə olduğunu vurğulayıb.

25 FAİZLİK TARİFİN NƏTİCƏLƏRİ

Mərkəzi Bank ABŞ ilə ticarət müharibəsinin müxtəlif ssenarilərini və mümkün nəticələrini araşdırmağa başlayıb.

Bankın pul siyasəti icmalında təqdim olunan bir modelə görə, Kanada və ABŞ-ın bir-birinə qarşı 25 faiz tarif tətbiq etməsi nəticəsində Kanadanın Ümumdaxili Məhsulu (ÜDM) ilk il 2.5 faiz, ikinci il isə 1.5 faiz azalacaq.

“Bu tip əksər modellərdə görürük ki, tariflərdən sonra birinci il üçün iqtisadi artım 2.5-3 faiz aşağı olur”, – deyə bankın rəhbəri Tiff Maklem bildirib: “Əgər əvvəlcədən artımın 2 faiz olacağını düşünsək və faiz 2-dən 2.5-əqalxsa, mənfi göstərici alınır. Buna görə də bəli, bunu tənəzzül adlandırmaq olar”.

İXTİSARLAR QAÇILMAZDIR

Əgər həm Kanada, həm də ABŞ bir-birinə qarşı 25 faiz tarif tətbiq etsə, bankın hesabatına görə, hər iki ölkədə ÜDM artımı azalacaq və inflyasiya yüksələcək. Bank hesab edir ki, ticarət münaqişəsi Kanadanın həm ixracına, həm də idxalına mənfi təsir edəcək.

Bankın proqnozlarına görə, 25 faiz tarif Kanadanın ticarət balansını pisləşdirəcək və Kanada dollarının dəyərinin aşağı düşməsinə səbəb ola bilər.

Kanada mallarına tələbatın azalması ixracatçıları istehsalı azaltmağa və işçiləri ixtisar etməyə məcbur edə bilər. Bunun nəticəsində biznes investisiyalarının azalması Kanadada ÜDM-nin əhəmiyyətli dərəcədə enməsinə səbəb ola bilər.

HÖKUMƏT KANADALILARA VƏ BİZNESLƏRƏ DƏSTƏK MƏQSƏDİLƏ PAKET HAZIRLAYIR

Maklem bildirib ki, gələcəkdə Kanada Mərkəzi Bankının faiz dərəcələrini yenidən azaltması  istisna edilmir. Bu, ABŞ administrasiyasının atacağı addımlardan və Kanada hökumətinin cavab reaksiyasından asılı olacaq.

CTV News-un mənbələrinə görə, federal hökumət kanadalılara və bizneslərə dəstək məqsədilə stimullaşdırıcı paket hazırlayır. Əgər iki ölkə qarşılıqlı tariflər və ticarət müharibəsinə başlasa, bu yardım pandemiya səviyyəsində bir dəstəyə çevrilə bilər. Lakin konkret proqramlar hələlik müəyyən edilməyib.

Bəzi iqtisadçılar xəbərdarlıq edirlər ki, çox səxavətli paketlər və proqramlar mənfi nəticələrə gətirib çıxara bilər.

“Məsələn, pandemiya reaksiyasını düşündüyümüzdə, bu, açıq şəkildə defisitin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və biz hələ də bunun təsirləri ilə mübarizə aparırıq”, – deyə Scotiabankın baş iqtisadçısı Jan-Fransua Perro CTV News-a müsahibəsində bildirib: “Eyni zamanda, bu, inflyasiyanın artmasına güclü təsir etdi və Kanada Bankının faiz dərəcələrini bu qədər artırmasına səbəb oldu”.

Qeyd edək ki, pandemiyadan sonra Mərkəzi Bank inflyasiyanı cilovlamaq üçün 2022-ci ilin iyun ayında 8.1 faizə çatan inflyasiya fonunda 11 ay müddətində faiz dərəcələrini 5 faizə qaldırmışdı.

Foto: Vicky Huang/The Varsity

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp