Elmar Şərifov: “Kanadada sevdiyiniz sənət üzrə təhsil alıb həmin sahədə uğur qazanmaq üçün şansınız çoxdur”
Azərbaycanda Qafqaz Universitetinin bank işi fakültəsini bitirib. Türkiyədə Biznesin İdarə olunması üzrə magistr (MBA) pilləsində təhsil alıb. Azərbaycanda əsasən neft sektorunda çalışıb. Kanadaya gələndən sonra gündəlik xərclərini qarşılamaq üçün müvəqqəti işlərdə çalışıb. Amma daim hansı sənəti seçib Kanadada uğur qazana biləcəyini və həm özünün, həm də 6 yaşlı qızının həyatını sığortalaya biləcəyini düşünüb. Nəhayət həkim həmyerlilərimizdən birinin məsləhəti ilə masaj terapevtliyi təhsilini alıb. Hazırda peşəkar masaj terapevti kimi klinikada çalışır. Düşünür ki, Kanadada sevdiyiniz sənət üzrə təhsil alıb həmin sahədə uğur qazanmaq üçün şans çoxdur. Yetər ki, istəyiniz, həvəsiniz olsun.
Müsahibimiz lisenziyalı masaj ustası Elmar Şərifovla Kanadada masaj terapevtliyinə yiyələnməyin yollarından danışdıq…
– Elmar bəy, necə oldu, masaj terapevtliyini oxumağa qərar verdiniz?
– Doğrusu, heç vaxt bu sahə üzrə çalışacağımı düşünməmişdim. Kanadaya yeni gələn bir çox miqrant kimi beynimdə davamlı olaraq gələcək karyera haqqında düşünürdüm. Bir gün bizim icmadan osteopat, manual terapevt Müslüm doktorla tanış oldum və onun klinikasını ziyarət etmək şansı əldə etdim. O zaman həyatımın çox çətin dönəmindən keçirdim. Axşam oturub söhbət edərkən məndən nə işlə məşğul olduğum və gələcək planlarım barədə soruşdu. Sonra masaj terapiyası oxumağımı məsləhət gördü. Qeyri-ixtiyari dedim ki, həmişə evdəkiləri masaj etmişəm. Məni yoxlamaq üçün masaj etməyimi istədi. Qısa bir masajdan sonra əllərimin və hissiyatımın yaxşı olduğunu söylədi. Bu sahə üzrə xeyli məlumat aldıqdan, araşdırma etdikdən sonra oxumağa qərar verdim. Seçdiyim peşə ilə bağlı həyatım boyu Müslüm doktora minnətdar olacam. Batarkən əl uzatdı, yol göstərdi, mentorluq etdi.
Qeyd edim ki, başqa sahə üzrə təhsil alsam da, insan bədəni həmişə mənə maraqlı olub. Bəlkə də gənclikdə məşğul olduğum döyüş növləri buna təkan oldu. Sonradan öyrəndim ki, bir çox peşəkar masaj terapevtlərinin peşəkar döyüş növləri təcrübəsi varmış. Yeri gəlmişkən, Bakıda və Türkiyədə oxuduğum müddətdə bir neçə il aikido və Braziliya jiu-jitsu idman növləri ilə məşğul olmuşam. Kanadada da bir neçə il jiu-jitsu ilə məşğul olmağa davam etmişəm.
– Beləliklə, masaj sənəti üzrə oxumağa qərar verdiniz. Oxumaq çətin olmadı ki?
– Çətin də sözdür (gülür – İ.M). Ömrümdə belə əziyyət çəkməmişdim. Tibbi təhsilim olmadığından hər şeyi sıfırdan öyrənmək məcburiyyətində qaldım, özü də ana dilimdə deyil, başqa bir dildə. Əvvəl onu deyim ki, masaj təhsilinin bu dərəcədə ağır olacağını təsəvvür etmirdim. Masaj deyəndə, ağlıma rahat, öyrənilməsi asan olan bir sənət gəlirdi. Ancaq Kanadada masaj təhsili üçün 2200 saat nəzəriyyə və 300 saat təcrübə keçməlisiniz. Fiziologiya, anatomiya, farmakologiya, hətta mikrobiologiya dərslərinin masaj terapiyası ilə əlaqəli hissələrini belə öyrəndik.
Ailə statusum da bir yandan işlərimi ağırlaşdırdı. Qızıma tək baxdığıma görə dərslərimi əsasən səhər saat 4-də oyanıb oxuyurdum. Bu həyat tərzi, 2 il 6 ay davam etdi.
– Kolleci bitirən kimi işə başladınız?
– Xeyr. Kanadada masaj terapiyası əyalətlərə görə, tənzimlənən və tənzimlənməyən olmaqla iki yerə bölünür. 5 əyalətdə tənzimlənir. Ontario da tənzimlənən əyalətlərdəndir. Bu nə deməkdir? Yəni diplomu aldıqdan sonra təəssüf ki, hələ də işləyə bilmirsiniz. Hər hansı spa kimi yerlərdə çalışmaq izniniz olsa da, özünüzü masaj terapevti (massage therapist) adlandıra bilməzsiniz. Belə ki, diplomla işləyənlər “masseuse” və ya “body worker” deyə çağırılır. Masaj terapevti kimi işləmək üçün diplom aldıqdan sonra lisenziya imtahanlarına girməlisiniz. Ontarioda bu imtahanları Ontarionun Masaj Terapevtləri Kolleci (College of Massage Therapists of Ontario) adlı qurum keçirir və lisenziya verir. Mən bu lisenziyanı da aldım.
– Masaj terapevti olmaq üçün istedada, xüsusi bacarığa ehtiyac varmı, yoxsa istənilən adam bu sənətə yiyələnə bilər?
– Xüsusi istedada qətiyyən ehtiyac yoxdur. Düşünürəm ki, bu sahəyə marağınız olmalıdır, insanın əzələ və sümük sistemi bir növ sizə maraqlı gəlməlidir. Bir də, azca da olsa, fiziki formada olmalısınız. Çünki bu, fiziki işdir və Kanadada bütün fiziki işlər yaxşı qiymətləndirilir.
– Belə başa düşdüm ki, masaj zamanı ağırlıq əllərə düşdüyünə görə masaj edənin fiziki gücünün olması vacibdir. Yoxsa, əllərə ağırlıq düşməməsi üçün xüsusi texnikadan istifadə edirsiniz?
– Mən də, bir çoxları kimi, bu təhsilə başlamazdan əvvəl düşünürdüm ki, əsas işi əllər görür. Ancaq təcrübi dərslərə başlayanda anladım ki, əllər əslində işin son mərhələsidir. Bütün bədənlə hərəkət etməyi, masaj stolunun hündürlüyünü, qollarınızın bucağını və s. kimi faktorları nəzərə almalısınız. Hərəkəti ayaqlarla başlayıb əllərlə bitirirsiniz. Buna görə əvvəl qeyd etdiyim kimi, döyüş növü ustaları sonradan gözəl masaj terapevtləri olurlar. Təbii ki, bütün bu vərdişlərə yiyələnmək zaman alır. Bundan əlavə, daim öz üzərinizdə işləməlisiniz. Mən lisenziyamı alandan sonra da dayanmadım, “body posture” və “Alexander Technique” deyilən kursları götürdüm.
– Sənətinizin çətin tərəfi nələrdir?
– Əsas çətinlik, təzə başlayanda fiziki olaraq bədəni idarə etməkdir. Xüsusilə bu sənətə 30-40 yaşlarda başlamısınızsa, bədən heç bir halda komfort zonasından çıxmaq istəmir. Üstəlik, pula aldanıb işə başlayan kimi hər gün 6-7 saat masaj etmək olmaz. İş saatlarını və günlərini tədricən artırmaq lazımdır.
İdman və ya qəza nəticəsində əvvəllər əldə etdiyiniz əzələ və ya sümük travması varsa, işə yeni başlayarkən tez bir zamanda özünü biruzə verəcək. Məsələn, mən jiu-jitsu ilə məşğul olarkən sol çiynimdə travma yaranmışdı. İşə başladıqdan bir ay sonra o yerdən ağrılar başladı. Amma tez müdaxilə edib əzələ üçün müalicə aldım və çox şükür, indi heç bir problem yoxdur.
Bu işin digər çətin tərəfi isə əsasən günorta saat 2-dən axşam 8-ə qədər və həftə sonları işlərin daha çox olmasıdır. İnsanlar məhz bu vaxtlarda masaja üstünlük verirlər. Əgər səhər 8-dən axşam 5-ə qədər işləməyi planlaşdırırsınızsa, bu iş sizin üçün deyil.
– Elmar bəy, masajı oxumayan, sadəcə onlayn resurslardan öyrənənlər, yaxud 1-2 aylıq kursa gedib masajı öyrənənlər də olur. Sizcə, bu cür “masajist”lərə sağlamlığımızı əmanət edə bilərikmi?
– Düşünürəm ki, müalicə məqsədli masaj üçün tibbi təhsili olmayan adamlara sağlamlığınızı qətiyyən etibar etmək olmaz. Bu cür xidmətlər yalnız sadə yüngül İsveç (Swedish light) masajı üçün uyğun ola bilər və bu da əsasən spa mərkəzlərində təqdim edilir.
Kanadada bu sahə çox ciddi qəbul olunur. Burada masaj terapevti kimi fəaliyyət göstərmək istəyən hər kəs mütləq 2200 saatlıq təhsil almalıdır. Təhsilin yüksək standartlara uyğun olması və peşəkar lisenziyalaşdırma prosesi Kanadada sözügedən sahənin nə qədər ciddi olduğunu bir daha göstərir.
– İstənilən adam “masaj etdirmək istəyirəm” deyib masaja gedə bilərmi, yoxsa bunun üçün mütləq həkim göstərişi olmalıdır?
– Hər kəs masaja gələ bilər və bunun üçün xüsusi həkim göstərişi tələb olunmur. Kanadada bir çox insan masajın faydalarını dəyərləndirir və bu, onların gündəlik həyatlarının bir hissəsinə çevrilir. Hətta bəzi hallarda həkimlər də müəyyən tibbi problemlər üçün masajı tövsiyə edirlər. Masaj, yalnız rahatlamağa kömək etmir, həm də fiziki sağlamlığın bərpasına dəstək olur, xüsusən əzələ gərginliyi, ağrılar və digər bədən problemləri ilə mübarizə aparan insanlar üçün faydalıdır.
– Bəzən ev şəraitində ailə üzvləri bir-birlərinə kürəklərini, boyunlarını, başlarını masaj etdirir, ya da uşaqlarından kürəklərinə çıxaraq “qulunc qırma əməliyyatı” etmələrini istəyirlər. Bu, nə dərəcədə düzgün metoddur, riskləri varmı?
– Buna ovxalamaq, ovuşdurmaq, quluncu qırmaq deyirik. Əlbəttə olar, masaj bu sənətə belə individual həvəslə yanaşanlar sayəsində bir tibbi sahəsi kimi inkişaf edib.
Məsləhət görərdim ki, belə şeyə ehtiyac olduqda, əvvəlcə yüngül şəkildə başlayasınız və təzyiqi tədricən artırasınız. Masajda buna “səthi-dərin-səthi” deyirlər. Çünki toxumanı əvvəlcədən qızışdırmaq, dərin masaja hazırlamaq lazımdır.
Ayaqlamaya gəldikdə isə, diqqətli olmağı məsləhət görərdim. Onurğa sütununu və ya hər hansı bir siniri zədələmək ehtimalı var. Həm də anidən ağır yükün bir yerə basqısı əzələ toxumasını zədələyə bilər.
– Maraqlıdır, masaj terapevtinə Kanadada nə dərəcədə ehtiyac var? Bu sahədə iş tapmaq çətin deyil ki?
– Bu sənət Kanadada tələbat olan sahələrdəndir. Həm əhalinin sürətlə yaşlanması, həm masajın sonsuz faydaları, həm də iqlimin soyuq olması tələbi artırır.
İş tapmağa gəldikdə, digər sahələrlə müqayisədə daha rahatdır. Ümumiyyətlə, Kanadada tibb sahəsində kadrlara həmişə ehtiyac çoxdur.
– Bəs ortalama əməkhaqqı nə qədərdir?
– Əməkhaqqı klinikadan klinikaya dəyişir. Bəzi yerlərdə komissiya ödənir, bəzilərində isə saatlıq maaş verilir. İşə podratçı(subcontractor) və ya işçi kimi başlaya bilərsiniz. Hər kəsin seçimi fərqlidir.
Bir saat masaj üçün orta hesabla 60 CAD + 13% HST ala bilərsiniz. Nə qədər qazanmaq istədiyiniz sizin peşəkarlığınıza və istəyinizə bağlıdır. Lakin bu işi pul qazanmaq üçün saatlarla, normadan artıq edib öz bədəninizi zədələmək olmaz.
– Maraqlıdır, Kanadada əsasən kimlər masaj terapevtinin xidmətindən istifadə edir?
– Kanadada masajın faydalarından çox adam faydalanır. Xüsusən noyabr və dekabr aylarında müraciətlər artır. Orta hesabla 40 yaş üzərində insanlar masaja gəlir. Gənclərdən isə əsasən peşəkar idmanla məşğul olanlar müraciət edir.
Azərbaycandan fərqli olaraq, burada masaja yalnız rahatlama vasitəsi kimi deyil, terapiya kimi yanaşılır. Masajın yalnız bədəni rahatlatmaq deyil, həm də sağlamlıq üçün müalicəvi təsir göstərdiyi qəbul edilir.
Masajın kimlər üçün daha faydalı olduğuna gəlincə, stresli həyat tərzi keçirənlər üçün İsveç masajı və refleksoterapiya faydalıdır. Dərin toxuma masajı, idman masajı və myofasial reliz xroniki ağrıları olan insanlar üçün uyğun ola bilər. İdman zədələrinin qarşısını almaq və performansı artırmaq üçün idman masajı tövsiyə olunur. Hamiləlik zamanı meydana gələn narahatlıqları aradan qaldırmaq üçün hamiləlik masajı uyğundur. Əzələ və toxuma zədələri üçün terapevtik masaj növləri tövsiyə olunur.
Ümumilikdə, masaj stresi azaldır və bədənin rahatlamasını təmin edir, qan dövranını yaxşılaşdırır, əzələ ağrılarını və gərginliyini aradan qaldırır, yuxu keyfiyyətini artırır və immuniteti gücləndirir.
– Siz müştərilərinizə masajın hansı növlərini təklif edirsiniz? Həmyerlilərimiz arasında sizin xidmətlərinizdən istifadə etmək istəyənlər ola bilər…
– Mən əsasən yumşaq, uzun hərəkətlər və yüngül təzyiq tətbiq olunan, rahatlama, qan dövranının yaxşılaşması və stresin azaldılmasına kömək edən İsveç masajı (Swedish Massage), daha güclü təzyiqlə dərin əzələ qatı və toxumaların rahatlaması üçün istifadə edilən, xroniki ağrılar və əzələ gərginliyi olan insanlar üçün faydalı olan dərin toxuma masajı və yumşaq toxumalara fokuslanan, sərt və gərgin toxumaları rahatlatmaq üçün tətbiq edilən Myofasial reliz (Myofascial Release) masajlarını edirəm.
– Kanadaya gələn həmyerlilərimizin çoxu Uber və digər taksi xidmətlərində fəaliyyət göstərərək illərini bada verirlər. Əslində sizin kimi, Kanada hökumətinin təhsil üçün ayırdığı qrantlardan, kreditlərdən yararlanıb hansısa sənətə, peşəyə sahib ola bilərlər. Son olaraq, Kanadaya yeni gəlmiş həmyerlilərimizə nə tövsiyə edərdiniz?
– Rahata qaçmaq, gənclik enerjisi insanı bir az arxayın salır. Bundan başqa, həmyerlilərimizin sənət seçməməyinin əsas səbəbi yol göstərənlərinin, yaxud da düzgün yol göstərənlərinin olmamasından qaynaqlanır. İnsanın həyatında mentorun – yol göstərənin olması çox önəmlidir. Mənə doğru yol göstərdiyi üçün Müslüm doktora çox minnətdaram. Lisenziya alarkən onunla bir də söhbət etdim və bildirdi ki, bu sahəni gənclərimizin çoxuna tövsiyə etsə də, bicə mən təklifi ciddi qəbul edib, masaj terapevtliyi üzrə təhsil almağa üz tutmuşam.
Kanadada sevdiyiniz sənət üzrə təhsil alıb həmin sahədə uğur qazanmaq üçün şansınız çoxdur. Sadəcə, qarşınıza məqsəd qoyub, irəliləmək lazımdır. Özümü tərifləməyi sevməsəm də, əminliklə deyə bilərəm ki, özümü yaxşı masaj terapevti kimi görürəm.