Bu ilin yayından 18 yaşına qədər uşaqlar və yeniyetmələr milli qalereyalara, muzeylərə, tarixi məkanlara, qoruqlara pulsuz giriş əldə edəcəklər. Eyni zamanda valideynləri ilə səyahət edən uşaqlara VIA Rail qatarlarında ödənişsiz gediş imkanı veriləcək.
Bu, Liberal Partiyanın lideri, baş nazir Mark Karninin “Güclü Kanada Kartı” adlı təqdim etdiyi yeni təşəbbüsdür.
Kart 2025-ci ilin iyun-avqust ayları arasında istifadəyə veriləcək və yalnız uşaqları və yeniyetmələri deyil, 18-24 yaş arası gəncləri də əhatə edəcək. Amma 18-24 yaşlı gənclər “Güclü Kanada Kartı” ilə yuxarıda sadaladığımız məkanlara ödənişsiz deyil, endirimli giriş əldə edəcəklər.
Təşəbbüs çərçivəsində, ailələrin yayda təbiətdən daha çox yararlanması üçün milli parklardakı düşərgələrin (kampinq) ödəniş haqlarının azaldılacağı da nəzərdə tutulur.
Bundan başqa, son 5 ildə PR kart (Permanent resident – daimi sakin) və son 1 ildə vətəndaşlıq pasportunu alan, yaşından asılı olmayaraq bütün Kanada sakinlərinə sözügedən ölkənin istənilən ərazisindəki muzeylərə, elm mərkəzlərinə, incəsənət qalereyalarına, pullu parklara və tarixi məkanlara giriş pulsuzdur. Ətraflı bu linkdən tətbiqi yükləyə bilərsiniz.