“Kanadadakı işçilər və bizneslər bu çətin dövrü adlaya bilsin deyə, əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”
Kanadanın baş naziri Castin Trudo Ottavada keçirdiyi mətbuat konfransında Kanadanın, ticarət müharibəsindən geri çəkilməyəcəyini vəd edib və ABŞ prezidenti Donald Trampın Kanadadan idxal etdiyi məhsullara ağır tariflər tətbiq etməsinin səbəbini “saxta” bir bəhanə adlandırıb. Trudonun sözlərinə görə, Trampın əsas məqsədi Kanada iqtisadiyyatını çökdürərək ölkəni anneksiya etməyi asanlaşdırmaqdır: “Kanadalılar ağıllı və nəzakətlidir. Amma biz mübarizədən geri çəkilməyəcəyik – xüsusilə də ölkəmiz və burada yaşayan hər kəsin rifahı təhlükədə olduğu zaman”.
Qeyd edək ki, Tramp Kanada və Meksikadan idxal etdiyi bütün məhsullara 25 faiz, Kanada enerji sektoruna isə 10 faiz tarif tətbiq edib.
Kanadalılara üzünü tutaraq müraciət edən Trudo qarşıdakı dövrün çətin olacağını etiraf edib: “Amma biz birlikdə hərəkət edəcəyik, çünki biz həmişə belə etmişik. Kanadadakı işçilər və bizneslər bu çətin dövrü adlaya bilsin deyə, əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. İşsizlik müavinətlərini (EI) genişləndirmək və onları daha çevik etməkdən tutmuş, bizneslərə birbaşa dəstək göstərməyə qədər hər sahədə lazım olduğu yerdə yanınızda olacağıq. Amma bunu unutmayın, bu, nə qədər davam edirsə etsin, nə qədər xərc tələb edirsə etsin – federal hökumət və digər idarəetmə strukturları sizinlə olacaq”.
Trudo Kanadadakı iş yerlərini qoruyacaqlarını bildirib: “Kanada şirkətlərinə təhdid yaradan və onları bu ticarət müharibəsinin təsiri ilə zəiflədən yırtıcı davranışların qarşısını almaq üçün tədbirlər görəcəyik. Biz iqtisadiyyatımızı qorumaq üçün yorulmadan mübarizə aparacağıq. Biz hər an, hər saniyə Kanadalılar üçün ayağa qalxacağıq. Çünki bu ölkə uğrunda mübarizəyə dəyər!”.
Foto: Thestar