Ontarioda yaşayan turistlər, xarici tələbələr, statusu olmayanlar belə köməksiz qalmayacaq
COVID-19 pandemiyası ilə əlaqədar dünəndən etibarən Kanadanın Ontario əyalətində hökumət əhaliyə müxtəlif proqramlarla maddi dəstək olmağa başlayıb.
Bu dəstək hökumətin də elan etdiyi kimi, demək olar, əhalinin bütün qruplarını əhatə edir. Uşaqdan tutmuş təqaüdçüyə qədər, hətta heç bir statusu olmayanlar, xarici tələbələr belə Ontarioda yaşadıqları üçün dəstək proqramlarından yararlana biləcəklər.
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınlarının Dəstək Qrupunun (Azerbaijani Women’s Support Centre – AWSC) İdarə Heyətinin üzvləri 30-a yaxın azərbaycanlı xanımı virtual olaraq bir yerə yığaraq vebinar təşkil etdilər. Vebinarda məqsəd xanımlarımıza əhalinin müxtəlif qruplarına hansı formada, nə qədər yardım ediləcəyi, kimlərin hansı növ yardıma müraciət edə biləcəyi və s. barədə hərtərəfli məlumat vermək idi.
İŞSİZLİK SIĞORTASI
Vebinarın əsas məruzəçilərindən biri AWSC-un İdarə Heyətinin üzvü, İşləyən Qadınların İcma Mərkəzində (Working Women Community Center) Sağlıq və Təhlükəsizlik Departamentinin meneceri, İş və məşğulluq üzrə müşavir Könül Qurbanova bildirdi ki, hələ də COVID-19-la bağlı yeni qaydalar tətbiq edilir, yaxud köhnə qaydalar dəyişdirilir. O, yeni qaydalar, kimlərin COVID-19-la bağlı hökumətdən maddi dəstək ala biləcəyindən danışdı. İşsizlik sığortası (Employement Insurance Benefit-EI) və Xəstəliyə görə işsizlik sığortasından (Sickness EI Benefit) kimlərin yararlana biləcəyini dedi: “Normal işsizlik sığortası işini öz xoşuyla deyil, COVID-19 səbəbilə itirənlərə, ixtisara düşənlərə verilir. İşlərinin bir hissəsini itirənlər də işsizlik sığortası almaq üçün müraciət edə bilərlər. Onların, işlərini itirəndən sonra 30 gün ərzində işsizlik sığortasına müraciət etmək haqları var. EI alma müddəti 14-45 həftə aralığında nəzərdə tutulub. Bu müddət sizin işinizdən, işin müddətindən və çalışdığınız saatlardan asılıdır. Qazancınızın demək olar, 55 faizi ödənilir. Bunu Service Canada hesablayır”.
K.Qurbanova onu da vurğuladı ki, işsiz qalan günədək şəxsin 52 həftəlik iş saatı olmalıdır: “52 həftə ərzində lazım olan saatları yığmısınızsa EI-ya uyğunsunuz. Bir də işsizlik sığortasını verən qurum həmişə işləməyə qadir olduğunuza, aktiv şəkildə iş axtardığınıza əmin olmalıdır”.
XƏSTƏLİYƏ GÖRƏ İŞSİZLİK SIĞORTASI
Xəstəliyə görə işsizlik sığortası (EI Sickcness Benefit) isə 15 həftə verilir. Bunun üçün ya xəstə, ya zədəli, ya da qarantində olmalısınız. Son 52 həftədə 600 çalışma saatınız olmalıdır. Bu zaman gəlirinizin 55 faizini alacaqsınız.
K.Qurbanova bildirdi ki, yeni qaydalara əsasən, müraciət etmək üçün işsiz qalandan bir həftə sonranı gözləmək lazım deyil: “İndi bir həftə gözləməyə ehtiyac yoxdur. Bundan başqa, əgər COVID-19-a yoluxma səbəbilə işinizi itirmisinizsə, həkimdən tibbi sertifikat tələb olunmur. Xəstə olduğunuz müddətdə xəstəliyə görə işsizlik sığortasına müraciət etmək imkanınız olmayıbsa, sonradan müraciət edib xəstə olduğunuz köhnə tarixi qoya bilərsiniz”.
KİMLƏR 2 MİN DOLLAR ALA BİLƏR?
AWSC nümayəndəsi həmçinin insanlar arasında ən çox yayılan “hərəyə 2 min dollar veriləcək” söhbətinə də aydınlıq gətirdi. Bildirdi ki, bunun üçün CERB (Canada Emergency Responce Benefit – Kanada Fövqəladə Vəziyyət Yardımı) proqramına müraciət etmək lazımdır: “Kanada hökuməti bu proqramı martın 25-dən elan edib. CERB, ESB (Emergency Support Benefit – Fövqəladə Dəstək Yardımı) və ECB-nin (Emergency Care Benefit – Fövqəladə Dəstək Yardımı) qarışığıdır.
Martın 18-dən elan olunan proqramın qaydalarına əsasən, CERB-i aylıq 2 min dollar olmaqla 16 həftə müddətinə almaq olar. Proqrama martın 15-dən dekabrın 2-nə kimi müraciət etmək mümkündür.
CERB ilk olaraq COVID 19 səbəbindən gəlirindən məhrum olanlara şamil edilir: “Bu qrupa daxil olan insanlar, gəlirləri olmayanlar və COVID-19-a yoluxanlar, xəstə ailə üzvünə görə qarantində olanlar və təhsil müəssisələrinin bağlanması ucbatından uşaqlarına baxanlardır. Amma işdən öz xoşuna qalanlar sözügedən proqrama uyğun deyillər. CERB proqramında həkimdən tibbi arayış tələb edilmir”.
HANSI QRUP İŞÇİLƏR CERB-ə UYĞUNDUR?
Maaş alanlar, müqavilə ilə işləyənlər, şəxsi biznesləri üçün çalışanlar, frilanserlər CERB-ə uyğundur: “Kanadada yaşayan vətəndaşlar, PR sənədi, yaxud müvəqqəti yaşama icazəsi olanlar, qaçqın kimi cavablarını gözləyənlər, iş, təhsil alma icazəsi olanlar bu qrupa daxildir. Bu şəxslərin 2019-cu il ərzində illik gəlirləri 5 min CAD, yaxud daha çox olmalıdır”.
Maliyyə tələbinə gəlincə, K.Qurbanova dedi ki, CERB programı işsizlik sığortası (EI), yaxud işi tərk etdiyinə görə kompensasiya almayanlara, heç bir yerdən gəliri olmayanlara aiddir. 15 yaşını tamamlayanlar, hansı rəqəmlə başlamasından asılı olmayaraq, Sosial Sığorta Nömrəsi (SIN Number) olanlar müraciət edə bilərlər. Aprelin 6-dan açıq olan CERB proqramına müraciət etmək üçün şəxsin CRA-də (Canada Revenue Agency – Kanada Vergi Agentliyi) hesab nömrəsi olmalıdır. Çünki müraciət CRA-dən edilməlidir. Onlayn müraciət də mümkündür. Çek şəklində ödəmələr 10 gün, depozit şəklində ödəmələr isə 3 gün ərzində ödənilir.”
CERB və EI-ın ƏLAQƏSİ
Məruzəçi bildirdi ki, əgər martın 15-dən əvvəl EI almağa başlamısınızsa və bu gəliri oktyabrın 3-nə kimi alırsınızsa və COVID-19-a görə oktaybrın 3-dən sonra işiniz olmasa, CERB-ə müraciət edə biləcəksiniz. Yaxud aprelin 6-dan müraciət edərək EI alırsınızsa, EI dayananda CERB-ə müraciət etmək haqqınız var. Bundan başqa, 16 həftə CERB-i almaq haqqınızdan yararlandıqdan sonra EI-yə müraciət edə bilərsiniz.
ONTARİO FÖVQƏLADƏ YARDIM PROQRAMI
Sosial Işçi, psixoterapevt, City of Torontonun (Toronto Meriyasının) Ailə Sığınacağında City Councellor və Miqrantların məskunlaşması üzrə Məsləhətçi, AWSC-un İdarə Heyətinin üzvü Elmira Məmmədova vebinar iştirakçılarına Ontario Fövqəladə Yardım Proqramı (Ontario Emergency Assistance Program) barədə məlumat verdi. Bildirdi ki, Ontario Fövqəladə Yardım Proqramı, Ontario Sosial Yardım Proqramına (Ontario Works Program) daxildir. EI və CERB Federal proqramlarına müraciət edə bilməyənlərin bu proqramdan yararlanmaq imkanları var: “Amma EI, yaxud CERB-dən yararlananlar Ontario Fövqəladə Yardım Proqramına müraciət edə bilməzlər. Maddi yardim 6 ay ərzində cəmi 48 gunlukdür”.
Ən çox COVID-19-dan əziyyət çəkən ailələr bu proqrama müraciət edə bilərlər. Ödəniş hər 16 gündən bir edilir. Ödənişin nə qədər olması adminstrasiyadan asılıdır.
Proqram əsasən aztəminatlı ailələr, yaxud şəxslər üçün nəzərdə tutulub. E.Məmmədovanın sözlərinə görə, Ontario Works (OW), CERB, yaxud EI-dan maddi yardım alanlar bu proqrama müraciət edə bilməzlər: “Ölkəmizdə turist olanlar, qonaq gələnlər bu proqrama uyğun deyil. Proqram əsas ehtiyaclarını, sığınacaq və yaşayış xərclərini ödəyə bilməyənlər, fövqəladə vəziyyətlə üzləşənlər üçündür. Administrasiya ərizəçinin başqa proqramlara müraciət etdiyinə, amma faydalana bilmədiyinə, ərizəçinin ailənin əsas ehtiyaclarını ödəmək üçün kifayət qədər maddi təminatının olmadığına əmin olmalıdır. Sübut etməlisiniz ki, təcili yardım göstərilməsə, fiziki sağlamlığınıza zərər dəyə bilər, yaxud uşaqlarınıza baxmaq imkanınız olmaz, hətta uşaqlarınızın birini dövlətə vermək məcburiyyətində qala bilərsiniz. Ərizələr Ontario Works (OW) tərəfindən qəbul olunur. Lazım olan sənədlər Ontario Works-ə müraciət edərkən tələb edilən sənədələrlə eynidir”.
Ərizəçilər fasiləsiz təcili yardım alacaqlar. Müraciət edən kimi 16 gün ərzində ilk yardım hesaba köçəcək. Sonra isə lazım olan sənədlər yığılır, ərizə tam doldurulur, müqavilə imzalanır, kağız işləmləri həyata keçirilir.
Verilən yardıma nələr daxildir?
Əsas ehtiyaclar, sığınacaq xərclərinin bir hissəsi və digər gəlirlər daxildir. Administrasiyanin qərarı dəyişilməzdir, nə qədər maddi yardım müəyyən edilərsə, o qədər də ala bilərsiniz, yaxud sizin proqrama uyğun olmadığıniz qərarı verilsə, haqqında şikayət edə bilməzsiniz”.
COVID-19 SƏBƏBİLƏ UŞAQ PULUNDA ARTIM
E.Məmmədova COVID-19 səbəbilə Kanada Uşaq Pulunda (CCB – Canada Child Benefit) da dəyişiklik olacağını dedi: “6 yaşa qədər uşaqlara aylıq 553.25 dollar, 6-18 yaş arasında olanlara aylıq 466.83 dollar verilir. Ödənilən vəsait ailənin gəlirindən asılı olaraq azala bilər.
Federal hökumətin qərarı ilə koronaviris pandemiyası səbəbilə uşaq pullarında 250-300 dollara qədər artım nəzərdə tutulub. Bu, müvəqqəti artımdır”.
UŞAQ PULU ALA BİLMƏYƏNLƏRƏ ŞAD XƏBƏR
E.Məmmədovanın sözlərinə görə, CCB ailələrə valideynlərin statusundan asılı olaraq verilir: “Məhkəməsi olmayan, yaxud məhkəmənin cavabını gözləyənlər, immiqrant statusu olmayanlar, yaxud Daimi Oturum Kartını (PR Card) gözləyənlərin bir hissəsi, ya da Humanitar Yardım Proqramına (Humanitarian and Compassionate Program) müraciət edənlər CCB almaqdan məhrumdurlar. Gördüyümüz kimi, hamı uşaq pulundan yararlana bilmir. Ötən həftə hökumət bu məsələ ilə bağlı baş verən yeniliklər barədə məlumat verdi. Məlum oldu ki, federal hökumət, qərarın dəyişilməsinə təsir etmək üçün yerli hökumətə müraciət edib. Hətta qanunu dəyişmək üçün CCB ilə bağlı sınaq məhkəməsi olub. Çox güman ki, yaxin vaxtlarda bu məsələyə müsbət bir cavab alınacaq”.
HEÇ BİR PROQRAMA UYĞUN GƏLMƏYƏNLƏR NƏ ETSİN?
Heç bir COVID-19 proqramına uyğun gəlməyənlər Ontario Sosial Yardım Proqramına (Ontario Works Program) müraciət edə bilərlər. Sözügedən proqrama yaşamaq üçün təcili maddi yardıma ehtiyacı olan, yemək pulunu və kirayəsini ödəyə bilməyən Ontario vətəndaşları uyğundur.
E.Məmməova qeyd etdi ki, OW-dan alınan maddi yardımda elə bir artım gözlənilmir: “Ola bilər ki, müvəqqəti olaraq ərzaq üçün verilən pula 50-100 dollar əlavə edilsin”.
Hətta statusu olmayan, deportasiya qərarı verilmiş, amma ölkədəki vəziyyətlə bağlı vətənlərinə dönə bilməyən şəxslər və ailələr də OW-dən yararlana bilərlər. Humanitar Proqramın cavabını gözləyənlər də hazırkı vəziyyətlə əlaqədar bu proqramdan yararlana bilərlər.
STATUSU OLMAYANLAR YARDIM ALA BİLƏR
Statusu olmayan şəxslər OW-ə müraciət etmək üçün əvvəlcə ərizə formasını doldurub göndərməlidirlər. Əgər “YOX” alsalar, OW işçilərinə yeni qanunu xatırlatmalıdırlar. Yenə də ərizələri qəbul olunmasa, daxili baxışa (Internal Review) muraciət etməlidirlər. Buradan da mənfi cavab gələrsə, Sosial Tribunala müraciət edə bilərlər. E.Məmmədova məsləhət görür ki, belə şəxslər problemlə qarşılaşdıqları halda pulsuz fəaliyyət göstərən hüquq firmalarından (legal clinics) kömək istəsinlər.
ƏLİLLƏR PULLARINI ARTIMLA ALACAQ
AWSC yetkilisi vebinar iştirakçılarına Ontario Əlillik Proqramı (ODSP – Ontario Disability Proqram) barədə də məlumat verdi. Dedi ki, COVID-19-a görə işlərini itirənlər ODSP-yə müraciət edə bilməzlər.
Məruzəçi əlillik müavinətlərində də təxminən 100 dollar civarında artımın olcağını bildirdi: “Bu da COVID-19-la bağlı müvəqqəti verilən əlavədir”.
E.Məmmədova ölkədən çıxmaq qərarı alan, amma vəziyyətlə bağlı çıxa bilməyənlər, yaxud deportasiya qərarı verilən şəxslərin də ODSP-yə yenidən muraciət etmək haqlarının olduğunu söylədi.
Daha sonra AWSC İdarə Heyətinin üzvləri vebinar iştirakçılarının suallarını cavablandırdılar.
AWSG rəhbəri, Toronto Universitetinin professoru, psixoterapevt Nazilə İsgəndərova bildirdi ki, statusunu itirənlər, deportasiya tələbi gələnlər, turistlər belə ölkəni COVID-19 pandemiyası səbəbilə tərk edə bilmədiklərinə görə Ontario Sosial Yardım Proqramının tərkibindəki Ontario Fövqəladə Yardım Proqramından (Ontario Emergency Assistance Program) yararlana bilərlər.
KİRAYƏ HAQLARI NECƏ OLACAQ?
Kirayə pullarının hökumət tərəfindən qarşılanması ilə bağlı suala cavabında Könül Qurbanova bildirdi ki, indiki durumda heç kəs heç kəsi evdən çıxara bilməz: “İcarə haqqını ödəmək imkanınız olmadığına görə kimsə xəbərdarlıq sənədi gətirsə belə, sizi evdən çıxara bilməz. Çünki Ontario hökumətinin başçısı Daq Fordun (Doug Ford) əmri var ki, heç kəs heç kəsi icarə haqqına görə evdən çıxara bilməz. Amma bu, o demək deyil ki, bu pul sizə bağışlanacaq. Sadəcə, borc kimi yazılacaq, gec verəcəksiniz. Bu barədə www.housing.ca saytından daha dolğun məlumat ala bilərsiniz”.
BƏS XARİCİ TƏLƏBƏLƏR?
Nazilə İsgəndərovanın sözlərinə görə, həm yerli, həm də əcnəbi tələbələrə pul ayrılıb: “Əgər ötən il işləyərək il ərzində ən azı 5 min dollar qazanıblarsa, həm yerli, həm də xarici tələbələr CERB-ə müraciət edə bilərlər. Hətta iş icazələri bitibsə və yenidən müraciət ediblərsə, onlar da ala bilərlər. Çünki iş icazəsinin gəlməməyi onların günahı deyil. Əgər iş icazəsi yoxdursa, öz ölkəsinə də geri dönə bilmirsə və ciddi maddi sıxıntısı varsa, xarici tələbələr belə, Ontario Works Program və Ontario Fövqəladə Yardım Proqramına (Ontario Emergency AssistanceProgram) müraciət etsinlər, bəlkə faydalana bilərlər”.
Yarımştat (part-time) işləyənlər, Ontario Tələbələrə Yardım Proqramı (OSAP) alan tələbələr də ötən il 5 min dollar pul qazanıblarsa, CERB-ə müraciət etsinlər.
NAĞD PULA İŞLƏYƏNLƏR 2 MİN DOLLAR ALA BİLƏRLƏR
Ötən il hansısa işlə məşğul olub nağd pula çalışnlar da CERB-dən yararlana biləcəklər. N.İsgəndərovanın sözlərinə görə, onlar üçün gec deyil: “2019-cu il üçün 5 min dollar qazandığınızı göstərmək gec deyil. Hökumət vergi bəyannaməsini (tax file) iyunun 1-nə qədər uzadıb. Vaxtınız var ki, öznüzü self-employed, yəni fərdi sahibkar kimi göstərəsiniz. İşinizi qeydiyyatdan keçirməyiniz vacib deyil. Sadəcə, vergi bəyannaməsi (tax file) zamanı gəlirinizi bəyan etməyiniz yetərlidir. İnsanlar elə düşünürlər ki, fərdi sahibkarlar mütləq bizneslərini qeydiyyatdan keçirməlidirlər. Bu, yanlış fikirdir. Sizin biznesiniz qeydiyyatdan keçməyə bilər, amma siz gəlirinizi bəyan etməlisiniz”.
CERB-ə müraciətlərin aprelin 6-dan başladığını deyən N.İsgəndərovanın sözlərinə görə, eyni gündə onlayn müraciət edə bilməz: “Sistemdə yüklənmə olmasın deyə, belə bir qayda qoyulub ki, yanvar-mart ayları ərzində anadan olanlar aprelin 6-da, aprel-iyun doğumlular aprelin 7-də, iyul-sentyabrda doğulanlar aprelin 8-də, oktyabr-dekabrda anadan olanlar isə aprelin 9-da CERB-ə müraciət edə bilərlər. Bu qaydaya riayət etməsəniz, sistem sizi qəbul etməyəcək”.
Sonda N.İsgəndərova sözügedən proqramlarla bağlı Azərbaycan xanımlarına hər cür köməyə hazır olduqlarını vurğuladı.