[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Dövlət və şirkətlər elmi araşdırmaya çox vəsait ayırır”

Torontoda yüksək mühəndis vəzifəsində çalışan Cavid Musayev: “Bakalavrdan sonrakı təhsil pillələri üçün Şimali Amerikada oxumaq məsləhətdir”

 

Oxumaq, öyrənmək həyatının bir parçasıdır. Öyrəndiyi hər şeyin həyatına məna qatdığını deyir. Elə buna görə bakalavr təhsilini başa vurduqdan sonra  BP Azərbaycandan aldığı iş təklifini geri çevirərək Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) təhsilini davam etdirməyə üstünlük verib. Doktorantura təhsili üçün isə tam təqaüd proqramı qazanaraq Kanadada Toronto Universitetinə üz tutub. Tam təqaüddən əlavə, ikinci kursdaykən Kanadada tələbələrin ala biləcəyi ən böyük təqaüd proqramını – “Vanier Canada Graduate” (50 min dollar) – əldə edib. Sözügedən universitetdə müəllim assistenti kimi də çalışıb.

Müsahibimiz Kanadanın Toronto şəhərində Rambus şirkətində analoq dövrə və mikroçip dizaynı üzrə yüksək mühəndis vəzifəsində çalışan Cavid Musayevdir. Həmyerlimiz 7 ildir ki, Torontoda yaşayır.

– 17 yaşınızdan Bakıdan çıxmısınız. Tükiyədə bakalavr və magistratura təhsilindən sonra iki illik iş təcrübəsi, ondan sonra da Kanada həyatı…  Bu müddəti vətəndən kənarda qaldığınıza görə peşimançılıq hissi yoxdur ki?

– Xeyr, heç yoxdur. Sözsüz ki, ailəm, dostlarım üçün darıxıram. Amma insan çox gördükcə, çox öyrənir, daha da dolğunlaşır. Bu baxımdan heç bir qərarımdan peşiman deyiləm. Xüsusilə xaricdə yaşayanda fərqli ölkələrdən, mədəniyyətlərdən olan insanlarla tanış olursunuz. Onların hər birinin həyatı və təcrübəsi, insana dünyaya yeni bir baxış qazandırır. İkinci tərəfdən, sözün düzü, darıxmağa heç imkan da olmur. İstər təhsil, istər iş, istər başqa fəaliyyətlər ilə başım qarşır.

Ömrünüzün 22 ilini oxumağa sərf etmisiniz. Bakalavr və magistr dərəcənizi elektrik və elektronik mühəndislik ixtisası üzrə nəinki Türkiyədə, dünyada  tanınmış ODTÜ universitetində almısınız. PhD oxumaq istəyiniz haradan yarandı?

– Təhsil, oxumaq həyatımın bir parçasıdır. Bu baxımdan təhsili əlavə bir fəaliyyət kimi düşünmürəm. Uşaq dil açandan “o nədir, bu nədir?” deyərək dünyanı dərk etməyə çalışır. Oxumaq da bunun kiçik bir parçası, eyni prosesin bir hissəsidir, davamıdır. Həyat özü bir təhsil sistemidir. Yaşadıqlarımız məcbur edir ki, nələrisə öyrənək. Öyrəndiyimiz hər şey həyata məna qatır. Bu səbəbdən də öyrənməyi sevirəm.  Əslində həyat öz axarı ilə məni magistraturaya, oradan da doktoranturaya apardı. Düşünürəm ki, başqa seçimlər də etsəydim, indiki qədər xoşbəxt ola bilərdim. İnsan işini sevərək və bütün potensialını istifadə edərək gördüyü zaman  istər-istəməz bəhrəsini görür.

Həyatımda seçdiyim yollar əslində hər zaman planlaşdırılmış seçim olmayıb. Sadəcə, önümə çıxan imkanları dəyərləndirmişəm və o anda nəyin məni daha xoşbəxt edəcəyini düşünərək qərar vermişəm. Bu qərarların məni apardığı yollarda təcrübə qazanıb təkmilləşdikcə gördüyüm işləri sevməyə başlamışam.

Bakalavrı bitirdikdən sonra magistr təhsilimi Amerikada almaq istəyirdim. Bunun üçün Türkiyədəki müəllimlərimdən referans məktubu almalı idim. Çox sevdiyim və hörmət etdiyim müəllimim olan professor Tayfun Akından mikro-elektro-mexanik sistemlər (MEMS) dərsi almışdım və mənim o sahəyə marağım çox idi. Buna görə referans məktubunu Prof. Akından almağa qərar verdim. Amma müəllimim mənə magistraturanı da Türkiyədə oxumağı məsləhət gördü və öz araşdırma mərkəzində elmi işə cəlb etdi. Beləcə, bir işin arxasınca gedərkən həyat məni başqa yönə çevirmiş oldu.

– Və Amerikaya getmək fikrindən daşındınız…

– Bəli. Və heç də pis olmadı. Çünki qısa bir zamanda müxtəlif elmi proyektlərdə iştirak edərək bir çox fərqli sahələrdə təcrübə qazandım. Magistratura dövründə akselerometr və giroskoplarla (təcil ve dönmə ölçən sensorlar) əlaqədar bəzi işlərim oldu. Amma müdafiəm dezoksiribonuklein turşularını (DNT) təhlil edən mikro-sensor çiplərin dizaynı ilə əlaqədar idi. Magistr dərəcəsini aldıqdan sonra da müəllimimin təklifi ilə onun yeni qurduğu Mikrosens şirkətində çalışmağa başladım. Bu şirkətdə isə infra-qırmızı kameralar üçün sensor çiplər düzəldirdik. Beləcə, Türkiyədə qalmaq qərarım mənə çox fərqli sferada təcrübə qazanmağa imkan yaratdı və gələcək karyerama təkan oldu.

 

– Bəs necə oldu ki, iki ildən sonra sevdiyiniz işi tərk etdiniz?

– Artıq 8 ildir ki, Türkiyədə idim və bu müddətin 4 ilini Prof. Akınla işləyirdim. Daha öncə sadaladığım sahələrdə alacağımı almışam və verə biləcəklərimi verdiyimi hiss etdim. Yeni üfiqlərə açılmağın zamanı gəlmişdi. Doktorantura təhsili yeni biliklər əldə etmək üçün ən yaxşı seçim idi. Hər nə qədər magistraturanı bitirdiyim dönəmdə akademik işlərdən yorulduğum üçün heç vaxt doktoranturaya başlamayacağımı düşünsəm də, həyat əksini sübut etdi. Dediyim kimi, iki il praktik sahədə işlədikdən sonra elmə olan aclığım yenidən oyandı və özümdə o enerjini, stimulu tapıb təhsilə davam etməyə qərar verdim.

– Danılmaz faktdır ki, tələbələrin əksəriyyəti maddi baxımdan sıxıntı keçirirlər və bakalavrı bitirib işə başlamağa tələsirlər. Siz isə bakalavr pilləsini bitirdikdən sonra BP Azərbaycanın iş təklifini qəbul etmədiniz…

– Bəli. Qeyd edim ki, akademik həyatı seçən insanların çoxunun qarşısında duran dilemmanın əsas səbəbi maddiyyat ilə bağlı olur. Belə ki, maddi potensialınızı bir kənara qoyub elmin arxasınca getməli olursunuz.

Bakalavr təhsili dövründə yay tətillərində BP şirkətində təcrübəçi kimi çalışırdım, və eyni zamanda BP təqaüdü alırdım. Buna görə universiteti bitirəndə şirkət mənə iş təklif etdi. Mən isə Türkiyədə magistratura təhsili almağa qərar verdim. O vaxt BP-nin təklif etdiyi əmək haqqı pis deyildi. Amma orda təcrübədə olduğum müddətdə gördüm ki, BP kimi böyük korporativ şirkətlərdə iş öz axarı ilə gedir və işçilərdən qeyri-adi bir şey tələb olunmur. Mənim təcrübəmdə bu, belə idi. Heç kimin xətrinə dəymək istəməzdim, sözsüz ki, başqa insanların təəssüratı fərqli ola bilər. Gördüyüm işlərə yenilik getirməyi sevdiyimdən mənim üçün belə həyat çox sıxıcı olardı. Adətən korporativ şirkətlərdə mövcud olan ətalət yeniliyə çox da şərait yaratmır.

– Yeri gəlmişkən, 6 il Türkiyədə, 5 il Kanadada təhsil almısınız. Təhsil müddətində maliyyə məsələlərini necə həll etmisiniz?

– Bakalavra başladığım vaxt BP şirkətinin təqaüd proqramları məşhur idi. Nəticələrim çox yaxşı olsa da, mənim oxuduğum il BP elektronika mühəndislərinə təqaüd vermirdi. Buna görə ilk iki ili ailəmin dəstəyi ilə oxudum. İkinci ilin yayında iki ay tətil müddətində BP şirkətində təcrübəçi olaraq çalışdım. İki ayın sonunda BP-də çalışan bütün tələbələr gördükləri işlər ilə əlaqədar prezentasiya təqdim edirdilər. Prezentasiyadakı ilk üç yerə həm pul mükafatı verir, həm də təhsil üçün təqaüd ayırırdılar. Birinci yeri tutduğuma görə BP təqaüdü almağa başladım.

Magistraturaya başlayan ili Azərbaycanda gənclərin xaricdə təhsili üçün Dövlət proqramına qəbul oldum. Eyni zamanda universitetdə gördüyüm elmi işlərə görə “Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu”ndan (TÜBİTAK) təqaüd alırdım. Kanada təhsilimə gəlincə, Toronto Universitetindən tam təqaüd qazandım.

 Amma bildiyim qədərilə, Toronto Universitetinin verdiyi təqaüd yaşamaq üçün kifayət deyil…

–  Bəli. Bunun üçün Toronto Universitetində  təlim assistenti (TA) kimi işə başladım. TA olaraq işləmək üçün magistratura və doktorantura tələbələri universitetdə müvafiq şöbəyə müraciət edə bilər. Mövcud tələbə görə yeni gələn tələbələri işə götürürlər. Mən də müraciət etdim, qəbul etdilər. Toronto Universitetində bu işin yaxşı tərəfi odur ki, sizi bir dəfə qəbul edirlərsə, sonrakı illərdə də həmin vəzifəni sizə vermək məcburiyyətində olurlar.

TA kimi ya laboratoriya işlərində bakalavr tələbələrinə nəzarət edir, ya dərsdən əlavə bir neçə saat tələbələrə hazırlıq keçirsiniz. Bizim dərsin müəllimi əksər  hallarda imtahan suallarını mənə hazırlatdırırdı. İmtahandan sonra tələbələrin nəticələrini də yoxlayırdım. Bəzi hallarda müəllim xəstə olanda və ya konfranslar ücün xaricə gedəndə dərsləri onun əvəzinə keçirdim. Hər semestr iki fəndən dərs götürdüyümdən maddi baxımdan çox çətinliyim olmadı.

Bundan başqa, doktoranturada təhsil aldığım ikinci ili Kanadada tələbələrin ala biləcəyi ən böyük təqaüd olan “Vanier Canada Graduate Scholarship” proqramını qazandım. Bu təqaüd proqramının üç sahəsi var: tibb, humanitar, elm və texnologiya. Hər sahədə bütün Kanada üzrə ildə 60-65 nəfər seçilir və bir tələbəyə 50 min Kanada dolları məbləğində təqaüd verilir. Amma qəbul olmaq çox çətindir. Çünki sizi ilk növbədə fakültəniz, sonra universitet, sonra dövlət miqyasında seçməlidirlər. Həmin il olmasa da, növbəti ili Vanier təqaüdünü əldə etdim.

 Türkiyədə çalışdığım iş start-up, müəllimim də Amerikada doktor dərəcəsi almışproqressiv bir insan idi. Buna görə çalışdığım şirkət Türkiyədəki standart iş sferasından bir az fərqli idi. Bu baxımdan müqayisə etmək çətindir. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, Türkiyədə də Azərbaycanda olduğu kimi işçi və rəhbər arasında müəyyən psixoloji maneə olur. İş yerində qabağa getmək üçün hərdən bu sədləri aşmaq lazımdır. Çünki, siz öz işinizi adətən rəhbərinizdən daha yaxşı bilirsiniz. Bu baxımdan hərdən çəkinmədən rəhbərinizə qarşı çıxmalı, və bunda qınanacaq bir şey olmadığını bilməlisiniz. Ancaq, sosial fobiyalar, struktur buna imkan vermir. Bu baxımdan bir az çətin idi. Bundan başqa, Türkiyədə rəhbər sizi həftə sonlarında da işlədib istismar edə bilir. Kanadada da belə hallar var, amma korporativ səviyyədədir. Hamı sözsüz ki, minimum pul xərcləyib maksimum nəticə almaq istəyir. Amma söz azadlığı, hamının bərabərhüquqlu olmağı baxımından iş strukturu Kanadada daha rahatdır.

– Türkiyə və Kanadada iş təcrübəniz var. Bəs iş prosesində bu iki ölkə arasında hansı fərqlər var?

– Türkiyədə çalışdığım iş start-up, müəllimim də Amerikada doktor dərəcəsi almışproqressiv bir insan idi. Buna görə çalışdığım şirkət Türkiyədəki standart iş sferasından bir az fərqli idi. Bu baxımdan müqayisə etmək çətindir. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, Türkiyədə də Azərbaycanda olduğu kimi işçi və rəhbər arasında müəyyən psixoloji maneə olur. İş yerində qabağa getmək üçün hərdən bu sədləri aşmaq lazımdır. Çünki, siz öz işinizi adətən rəhbərinizdən daha yaxşı bilirsiniz. Bu baxımdan hərdən çəkinmədən rəhbərinizə qarşı çıxmalı, və bunda qınanacaq bir şey olmadığını bilməlisiniz. Ancaq, sosial fobiyalar, struktur buna imkan vermir. Bu baxımdan bir az çətin idi. Bundan başqa, Türkiyədə rəhbər sizi həftə sonlarında da işlədib istismar edə bilir. Kanadada da belə hallar var, amma korporativ səviyyədədir. Hamı sözsüz ki, minimum pul xərcləyib maksimum nəticə almaq istəyir. Amma söz azadlığı, hamının bərabərhüquqlu olmağı baxımından iş strukturu Kanadada daha rahatdır.

 Burada yaşayan əcnəbilər ilə, elə azərbaycanlılar ilə söhbətimiz zamanı bəziləri əcnəbi olduqları üçün diskriminasiyaya məruz qaldıqlarından, başqa işçidən daha bacarıqlı olduqları halda, qabağa çəkilmədiklərindən gileylənirlər…

– Toronto bir çox mədəniyyətlərə məskən olan bir şəhərdir, hər ölkədən adam var. Doğrusu, burada əcnəbi olmağın çətinliyini görməmişəm. Amma əminəm ki, diskriminasiya var. Hər şey nə qədər ədalətli olsa da, burada da insanlarla əlaqələr – “network” qurmaq çox vacibdir. İnsanların işə qəbulu zamanı bu, hiss olunur. Yeni adama güvənmək bir az çətindir deyə, işəgötürənlər yaxşı vəzifələrə tanıdıqları adamların referansı ilə işçi almağa üstünlük verirlər. Bizim sahəyə gəlincə, ölkədə bu sahədə çalışa bilən çox az kadr olduğundan işəgötürən inanmaq məcburiyyətindədir. Əgər tanışlıqla gələn adam işini layiqincə görə bilməsə, bu, şirkətə çox ziyan vurur. Çox spesifik sahə olduğu üçün əcnəbi olduğuma baxmayaraq hələ ki bir çətinliklə qarşılaşmamışam və ümid edirəm ki, belə də davam edər.

– Cavid bəy, bir az da işinizdən danışardıq. Nə işlə məşğul olmağınız barədə sadə dildə izah verə bilərsinizmi?

– Analoq dövrələrin dizayneri kimi çalışıram, sadə dillə desək, çiplər düzəldirəm. Telefonun içərisindəki qəbuledici cihazlar analoq informasiyanı qəbul edib onu rəqəmsal informasiyaya çevirirlər. Bu informasiya işləndikdən sonra mikrofonda səs dalğasına çevrilir və biz telefonda kiminləsə danışırıq. Mənim də işim bu sistemin analoq hissələrini, çiplərini dizayn etməkdir. Ümumiyyətlə, şirkət olaraq bizim işimiz çiplərlə əlaqəlidir. Çiplər silikondan düzəldilmiş parçacıqlardır, üzərində müxtəlif prosedurları gərçəkləşdirən açarlar olur. Həmin açarlar nano ölçüdədir. Bir dənəsinin böyüklüyü indiki texnologiya ilə 5 nanometrə qədər kiçik ola bilir (nanometr metrin milyardda biridir). Bu nanometr ölçüsündəki açarları (tranzistorları) Lego oyuncağı kimi müxtəlif strukturlarda bir-birinə calayıb hər hansı bir funksiyanı yerinə yetirmək mümkündür. Məsələn, radionun qəbuledicilərini götürək. Əvvəllər radionu sökəndə ayrı-ayrı hissələri gözümüzlə görə bilirdik, hətta radiosunu evində söküb təmir edənlər az deyildi. Mikrosxem dediyimiz şeylər, yaşıl parçaydı, üzərində çıxıntılar var idi. İndi o çıxıntıların hamısı bir çipin üzərindədir. Bütün o hissələri kompyuterdə dizayn proqramlarıyla çəkir, necə işləməsinə baxır, tələblərə uyğun olub olmadığını yoxlayırıq. Sonra çəkdiyimiz dizaynlardan fabriklərdə istehsal olunub bizə geri göndərilir, onları test edirik.

Rambus şirkətində dizayn etdiyimiz çiplər naqil üzərindən hər hansı informasiyanı göndərmək və almaq  üçündür. Fərqində olmasaq da bu çiplər gündəlik həyatımızın bir çox sahəsində istifadə olunur. Telefonumuzu USB ilə kompyuterə bağlayanda, evdə modem ilə İnternetə qoşulanda, yaxud İnternetlə bir nöqtədən başqa bir nöqtəyə məlumat göndərəndə istifadə olunan sistemlərin hər birində bu cür siqnal ötürücü və alıcı çiplər var.

– Bir az da hobbinizdən danışaq… Deyəsən, professional səviyyədə idmanla  məşğulsunuz…

Uşaqlığımdan aikidoyla məşğul olurdum. Türkiyədə oxuyanda ODTÜ-nün aikido klubuna qoşuldum. Orada qara kəmər aldıqdan sonra həmin klubda dərslər verməyə başladım. Aikido həyatımın o qədər əhəmiyyətli parçasına çevrildi ki, Kanadaya gələndə də davam etmək istədim. Kanadada bu idman növü çox da məşhur olmadığı üçün Toronto Universitetində aikido klubu qurub dərslər verməyə başladım. Aikidonu buraxmamaq üçün təhsil aldığım 5 il müddətində dərs deməyə davam etdim, amma Aikidoda intensivlik və tələbə sayı istədiyim qədər olmadığından, eyni zamanda cüdoya başladım. Toronto Universitetinin çox böyük cüdo klubu var idi. Bir neçə dəfə bu klubun iştirak etdiyi yerli yarışlara da qatılmışam. Sadaladıqlarımdan əlavə hobbilərim də var, o hobbilərimə də zaman ayırıram.

– Necə düşünürsünüz, kanadalılar hobbilərinə vaxt sərf etməyi sevirlərmi?

– Ətrafımda olan insanların əksəriyyəti müxtəlif idman klublarının üzvləridir. Mən özüm həm də oxçuluqla məşğulam. Velosiped sürməyi də çox xoşlayıram. İşə velosipedlə gedirəm. Yay aylarında velosipedçi qruplarla Torontonun ətrafını gəzirik. Torontoda çoxlu qaçış klubları var, hərdən onlara qoşuluram. Bir ara qayaya dırmanmaqla məşğul idim. Bəzən yoldaşlarımla futbol və ya basketbol oynayıram.

Məncə, Torontoda istədiyiniz hobbiylə məşğul olmaq üçün şərait var və siz həmin hobbiylə məşğul olan insanlarla zaman keçirə bilərsiniz. Mütləq həvəsinizə uyğun   bir şey tapacaqsınız. Buna görə də qışı nə qədər ağır keçsə də, Toronto mənim üçün qətiyyən darıxdırıcı şəhər deyil. Qışa uyğun fəaliyyət də tapmaq mümkündür.  Qış vaxtı boş zamanlarımda snoubordla məşğulam.

 

Son olaraq gələcəklə bağlı planlarınızdan danışardınız. Öz şirkətinizi qurmaq barədə düşünürsünüz?

– PhD-ni bitirəndə PhD tezisimlə əlaqədar patentə müraciət etmişdim. Bu patentin nəticələrinə görə belə bir fürsət yarana bilər. Bizim sahədə iş qurmaq çox böyük infrastruktur tələb edir və sıfırdan belə bir işə başlamaq çətindir. Amma, burada iş həyatı çox dinamikdir və tez-tez dəyişə bilir. Buna görə qəti bir şey demək çətindir. Yenə də zaman göstərər…

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp