[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ekspert Niyazi Məmmədov hesab edir ki, tütün və spirtli içkilər insana daha çox mənfi təsir göstərir

Ekspert Niyazi Məmmədov hesab edir ki, tütün və spirtli içkilər insana daha çox mənfi təsir göstərir

Torontoda tez-tez avtobusda, parkda, marketdə və digər ictimai yerlərdə  marixuananın iyini ala bilərsiniz. Bu, o deməkdir ki, yaxınlığınızda kimsə marixuanadan istifadə edib. Özü də heç bir qayda-qanunu pozmadan…

Kanada hökuməti 2018-ci il oktyabrın 17-dən marixuananın (kannabis – L.M.) istifadəsini, satışını, hətta evdə becərilməsini leqallaşdırdı. Kanada dünyada Uruqvaydan sonra belə bir qanun qəbul edən ikinci ölkədir. Bu qanunun qəbulundan əvvəl də, sonra da sadə əhali arasında narazılıqlar oldu. Narazı qism düşünürdü ki, marixuananın leqallaşdırılması qara bazarda dövr edən pulu büdcəyə yönləndirməklə bərabər, həm də sözügedən bitkidən əyləncə məqsədilə istifadə edənlərin, dolayısı yolla, bir müddət sonra marixuana asılılığından əziyyət çəkən insanların çoxalmasına səbəb olacaq. Əslində narazı qism haqlı narahatçılıq keçirirdi. Belə ki, yeni qanunun qəbulundan cəmi 8 ay keçməsinə baxmayraq, statistik rəqəmlər kannabisi əyləncə məqsədilə istehlak edənlərin sayının tibbi məqsədlə istifadə edənlərə nisbətdə daha çox artdığını göstərdi…

Müsahibim Kanadanın Toronto şəhərində yaşayan soydaşımız, tibbi marixuana sahəsində ekspert Niyazi Məmmədov bizimlə söhbətində marixuana ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi. Qeyd edim ki, Niyazi Məmmədov əvvəllər ABŞ-da dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib, Kanadada isə tibbi marixuana üzrə təhsil alaraq 8 sertifikata layiq görülüb.

 

– Marixuana nədir? İnsan orqanizminə nə kimi faydaları və zərərləri var?

– Marixuana (cannabis – N.M.) bitki olub ilk dəfə altı min əvvəl Çin ərazisində aşkar edilib. Onun əsasən 3 növü məlumdur: sativa, indika və ruderalis (hibrid). Bu növlərin səciyyəvi xüsusiyyətlərinə bir qədər sonra qayıdacağam. Marixuana bitkisini qeyri-tibbi istifadə kontekstində “hemp” adlandırmaq olar, bu sözün ana dilimizə ən uyğun tərcüməsi yəqin ki, “çətənə”dir. Çətənə deyərkən marixuana kolunun tam üstündə yetişən tumurcuqdan deyil, bitkinin gövdəsi və qol-budaqlarından söhbət gedir ki, bunun da çox böyük sənaye əhəmiyyəti var. Çətənədən kağız, tekstil, parça, aşına bilən plastmas, müxtəlif boya məmulatları hazırlamaq olar. Hemp əvəzedilməz lif mənbəyidir, ondan habelə qida, o cümlədən heyvan qidası sənayesində
yararlanmaq mümkündür.

İndi isə söhbətimizin əvvəlində söz verdiyim kimi, marixuana növlərinin səciyyəvi xüsusiyyətləri barədə danışmaq istərdim. Ümumiyyətlə, marixuananın tərkibində 100-dən artıq müxtəlif kannabinoid maddəsi mövcuddur. Onların arasında ən çox tədqiq olunan üçünün adını çəkməliyəm: THC(tetrahidrokannabinol), CBD (kannabidiol) və Terpene (terpen). Növlərindən asılı olaraq, marixuana kolunun tərkibində bu üç maddəyə müxtəlif miqdarda və nisbətdə rast gəlinir. İndi də gəlin marixuana bitkisinin növlərindən bəhs edək.

Sativa növü əsasən hündür kol olub bir-birindən aralı yerləşən ensiz yarpaqlara malikdir. Yaşılımtıl və bozvarı rənglərə çalır. Sativa kollarının baş hissəsində yetişən tumurcuq bayaq THC adlandırdığımız psixoaktiv maddə ilə zəngindir ki, bu da istifadəçiyə narkotik təsir edir.

İndika növü isə əksinə, alçaq boylu, tünd yaşıl, sıx və enli yarpaqlara malik olan koldur və onun tumurcuğunun tərkibində CBD dediyimiz maddə daha çoxdur. Həmin CBD komponenti ilahi bir şəfadır desək, qətiyyən yanılmarıq. Farmakoloji baxımdan CBD-nin insanın və digər canlıların endokannabinoid sisteminə təsiri THC-dən tamamilə fərqlidir. O, orqanizmə narkotik təsir göstərmir və bir çox xəstəliklərin müalicəsində əvəzsiz rol oynayır. Belə xəstəliklərin sırasına artrit, skleroz, epilepsiya, nevroloji ağrılar, miqren, oynaq və əzələ ağrıları, kəllə-beyin zədələnmələri, post-travmatik sindrom xəstəliyi, hormonal pozuntular, dəri xəstəlikləri (xüsusən psoriaz və eqzema), çətin sağalan yaralar, stres, depressiya, daimi təlaş hissi, iştahsızlıq, əzginlik, yuxusuzluq – nəhayət, əsrimizin ən böyük faciəsi sayılan xərçəng belə daxildir. CBD təbii ağrıkəsici olmaqla yanaşı, həm də iltihab əleyhinə faydalı təsir göstərir.

Terpen maddəsi özünün aromatik xassələrilə fərqlənir. Bəzən şəhərimizin küçələrində burnumuza dəyən qoxu sayəsində həmin ərazidə marixuana çəkildiyini hiss edirik. Bəzən də ictimai nəqliyyatda, yaxud mağazalarda “anaşa qoxan” insanlara rast gəlirik. Bax, həmin marixuana istifadəçilərini asanlıqla ələ verən terpen maddəsinin qoxusudur. Sonda onu demək istəyirəm ki, sözügedən bu üç maddənin bir vəhdət halında, kompleks istifadəsi tibbi cəhətdən geniş araşdırılmaqdadır və danılmaz müsbət nəticələr əldə edilmişdir.

Əlavə edim ki, CBD-dən heyvanların da müalicəsində istifadə olunur. Bu sahədə çoxlu sayda araşdırmalar və eksperimentlər aparılmaqdadır.

Marixuananın zərərlərindən danışarkən, onun əyləncə məqsədilə zəngin THC tərkibli növlərinin istehlakı nəzərdə tutulmalıdır. Bu zaman insanlar əylənmək və narkotik təsirə dalmaq məqsədilə həmin növləri uzun müddət və ifrat dərəcədə istehlak etdikdə onlarda aludəçilik yarana bilər. Lakin nəzərə almaq lazımdır ki,  marixuana yüngül narkotik vasitədir və onu ağır sintetik narkotik maddələrə tay tutmaq əsla doğru deyil. Bəzi tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, düzgün maarifləndirmə və narkoloji müalicə sayəsində narkomaniya xəstələrini və spirtli içki düşkünlərini marixuanaya sövq edib onları zərərli vərdişlərdən qurtarmaq mümkündür. Kanadada hətta belə bir deyim var: Cannabis is not an entry drug, it is an exit drug. Mənası budur ki, marixuana ağır narkotiklərə aparan yol deyil, əksinə, onlardan yaxa qurtarmağa kömək edir.

– Marixuananın leqallaşması Kanadada gündəmə gələndə bu, kanadalılar üçün rezonans doğurdu. Niyə Kanada hökuməti kannabisin istehsalını, satışını və istehlakını leqallaşdırdı? Bu zərurət nədən yarandı? Onsuz da sözügedən  qanunun qəbulundan əvvəl də istifadəçilər var idi…

– Gəlin, sualınızın sonuncu hissəsindən başlayaq. Doğrudur, leqallaşmadan əvvəl də kannabisdən istifadə edilirdi. İnsanlar gizli yollarla bu bitkini yetişdirir, onun qanunsuz dövriyyəsilə məşğul olurdular. Deməli, istehlak üçün tələb var idi. Bu şəkildə qara bazar formalaşmışdı. Dövlət kannabisi leqallaşdırarkən iki mühüm məsələni ön plana çəkmişdi. Birincisi bu idi ki, qara bazar keyfiyyətli kannabis təklif etmirdi. Əksinə, istehsalı ucuz və asan başa gələn, heç bir normativlərə cavab verməyən ot yetişdirirlir və satılırdı ki, onun da istehlakı əhalinin səhhətinə mənfi təsir göstərirdi. Leqallaşma Səhiyyə Nazirliyinin müəyyən etdiyi standartlar çərçivəsində sanitar qaydalara riayət olunmaqla yetişdirmə, qablaşdırma, anbarlaşdırma və satış kimi mühüm məsələləri ehtiva etməklə yanaşı, eyni zamanda kannabisdən istifadə ilə bağlı müvafiq maarifləndirmə proqramlarının həyata keçirilməsini təmin edir. Başqa sözlə, kannabis istehlakından irəli gələn faydalar və risklər anladılır, əhali bu sahədə yönləndirilir. Bu işə leqallaşmanı müdafiə edən ictimai təşkilatlar, birliklər və fərdi şəxslər də fəal qoşulublar.

İkinci məsələ isə qara bazarın kökünü kəsmək, kannabis satışından əldə olunan gəlirlərin (vergi və rüsumların- N.M.) dövlət büdcəsinə axmasını təmin etmək idi. Müəyyən məhdud qaydalar çərçivəsində Kanada ərazisində kannabisin idxalı və ixracı ilə məşğul olmaq da nəzərdə tutulub.

Təbii ki, kannabisin leqallaşdırılması cəmiyyətdə əks-səda doğurmaya bilməzdi. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların kannabisə ehtiyacı var idi. Həm tərəfdarlar, həm də əleyhdarlar KİV-də və sosial şəbəkələrdə fikirlərini bildirdilər. Ən böyük maneələr, əlbəttə, əczaçılıq şirkətlərindən gəlməyə başladı. Kannabisdən istifadə və əhalinin bu istiqamətdə maarifləndirilməsi sintetik dərmanların satışının azalmasına səbəb olacaqdı, buna görə də mətbuat və maraqlı dairələr kannabisə qarayaxma kampaniyasının vüsət alacağına dair proqnozlar verməyə başladılar. Hazırda kanadalı həkimlər kannabislə müalicəyə ehtiyatla yanaşır, ilk öncə ənənəvi sintetik dərmanlar təyin edirlər. Belə müalicə lazımi effekt vermədikdə, xəstə sintetik dərmanlara allergik reaksiya verdikdə, habelə yardımçı terapiyaya ehtiyac yarandıqda, həkimlər kannabisdən istifadəyə yaşıl işıq yandırırlar.

Kannabisin əldə olunmasınin ən sadə yolu “on-line”, yəni, internet üzərindəndir. Lakin kannabisin pərakəndə satışı da mövcuddur. Hər bir əyalətin rəhbərliyi federal qanunları öz ərazisində tətbiq edərkən bu və ya digər məhəlli qanunları qəbul edib müəyyən tənzimləmələr edə bilərlər ki, bu da yaşadığımız Ontarioda baş verdi. Keçən il Ontario hökümətinin başına gələn nazir Doug Ford gözlənilmədən pərakəndə satışın təşkilini bu ilin aprelinə qədər təxirə salaraq ilk etapda yalnız internet üzərindən satışa icazə verdi. Başqa əyalətlərdə də buna bənzər presedentlər var.

 

 – Kannabis leqallaşandan sonra istifadəçilərin sayı artıbmı?

– Bəli, artıb. Hər şeydən qabaq, bunun üçün hüquqi zəmin yaranıb, üstəlik,  maarifləndirmə öz bəhrəsini verməkdədir. Həm tibbi, həm də əyləncə məqsədilə kannabis istehlakında artım müşahidə olunur.

– Niyazi bəy, sizcə, Kanadada istehlakçıların böyük əksəriyyəti kannabisdən tibbi məqsədlə deyil, daha çox əyləncə məqsədilə istifadə etmirmi?

– 2018-ci ilin sonuncu rübündə keçirilmiş National Cannabis Survey adlı rəy sorğusunun nəticələrinə görə, respondentlərin az qala yarısı kannabisdən qeyri-tibbi məqsədlə istifadə etdiyini bildirmişdir. Sadə rəqəmlərlə desək, rəyi soruşulan 15 nəfərdən 7-si kannabisdən əyləncə məqsədilə istifadə etdiyinin bildirib. Qalan 4 nəfər deyib ki, yalnız tibbi məqsədlər üçün istifadə edir. Digər 4 nəfər isə hər iki məqsədlə kannabis istehlak etdiyini vurğulayıb. Belə qənaətə gəlmək olar ki,  əyləncə məqsədilə kannabis istehlak edənlərin sayı daha çoxdur.

– Qanunla kannabis çəkib sükan arxasına keçmək olar?

– Kannabisdən istifadə edib sükan arxasında oturmaq qanunla qadağandır.

– Azərbaycanda narkotik istifadəçilərinə münasibət fərqlidir. Məsələn, Azərbaycanda yaşadığımız binada cəmi bir nəfər “anaşa” istifadəçisi var idi və hamı ondan ehtiyatlı gəzirdi. Ümumiyyətlə, 

kannabis istifadəçilərinin psixoloji vəziyyəti necə olur, onlar insanlara hücum edə bilərlərmi?

– Uyuşdurucu THC komponentilə zəngin olan kannabis növlərindən istifadə edənlər ifrata vardıqda onların şüurunda və koqnitiv davranışlarında müəyyən dəyişikliklər baş verir ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. İstər Kanadada, istərsə də Azərbaycanda kannabis ucuz olmadığına görə onun əldə olunması və müntəzəm istehlakı üçün insanların maddi imkanı çatmır. Bu zaman aludəçi yolverilməz anti-sosial davranışlar nümayiş etdirə bilər – bunların sırasına insanlardan borc alıb qaytarmamaq, hiylə və oğurluq, hətta təzyiq və hədə-qorxu yolu ilə pul əldə etmə kimi hallar daxildir. Kannabis istifadəçilərinin insanlara hücum etməsinin kannabis istehlakı ilə deyil, şəxsiyyət pozğunluğu ilə əlaqədar olması versiyasına daha çox inanıram. Əgər insan daxili ruh aləminə, təbiətinə, psixoloji tipinə və s. cəhətlərinə görə aqressiv və davakardırsa, narkotik təsir altında olmadan da insanlara hücum edə bilər.

– Deyilənə görə, siqaret və alkoqol marixuanadan daha qorxuludur. Kanadalı bir tanışım söyləmişdi ki, siqaret adamı daha tez öldürür və üstəlik, ətrafdakıların orqanizminə pis təsir edir, kannabisin təsirini iə insan on illərdən sonra hiss edir. Bir mütəxəssis kimi buna sizin münasibətinizi bilmək maraqlı olardı.

– Tütün və spirtli içkilər insana daha çox mənfi təsir göstərir. Keçmiş ABŞ Prezidenti Barak Obama 2014-cü ildə “New Yorker” jurnalının müxbirinə müsahibəsində demişdir: “Hesab etmirəm ki, marixuana alkoqoldan daha təhlükəlidir”. Onun fikruncə, kannabisə olan baxış siqaret və alkoqol məmulatlarına münasibətdən fərqlənməməlidir. ABŞ-da fəaliyyət göstərən Centers for Disease Control (Xəstəliklərə Nəzarət Mərkəzləri) təşkilatının bəyanatına görə, hər il 88 min insan yüksək dozada alkoqolun qəbulundan dünyasını dəyişir. Bu rəqəmin yarısını ifrat dərəcədə içib tamamilə keflənərək huşunu itirənlər təşkil edir. Kannabisdən ölüm halları isə, demək olar,  aşkarlanmayıb. Kannabisdən ifrat dərəcədə istifadə etmə hallarının rəqəmlə ifadəsini diqqətinizə çatdırmaq istərdim. Uyuşdurucu THC komponentinin zəngin olduğu kannabis növlərinin istehlakında bu komponentin ölümcül doza sayıla bilən xalis miqdarı 15-70 qr arasında dəyişir. Əgər papiros kağızına bükülərək istifadəyə hazır vəziyyətə gətirilmiş kannabisin cəmi yarım qram olduğunu nəzərə alsaq, siz sutka ərzində 240-1100 arası kannabis papirosu çəkməlisiniz ki, həmin miqdar sizi zəhərləyib öldürsün. Digər mötəbər məlumata görə, 80 kq çəkisi olan insan bir dəfəyə 53 qr xalis THC maddəsi istehlak etməlidir ki, ölümcül vəziyyətə düşsün. Məncə əlavə şərhə ehtiyac yoxdur.

– Torontoda kannabis qəbul edib işə getmək qanunla mümkündürmü? Ümumiyyətlə, belə hal olurmu? Bildiyim qədərilə, fiziki güc tələb edən işlərdə marixuana qəbul edib iş başına keçənlər az deyil…

– Bu sualı bir qədər dərin təhlil etmək lazımdır. İnsan hüquqları konteksti, iş şəraiti, işəgötürənin maraqları və s. məsələlər gözdən keçirilməlidir. Əyləncə məqsədilə kannabis qəbul edib işə getmək miqdarından asılı olaraq spirtli içki qəbul edərək işə getmək kimi tövsif olunur. Bu, yolverilməzdir. Lakin tibbi məqsədlə kannabis qəbul edən işçilər müalicəni təyin edən müvafiq həkimlə məsləhətləşməli, iş şəraitinin və vəzifə öhdəliklərinin nədən ibarət olduğunu açıqca bildirməlidir. İşçi həm də işəgötürənlə, öz müdiriyyətilə bu məsələni razılaşdırmalıdır ki, təhlükəsizlik qaydaları pozulmasın, qəzalar baş verməsin. İşəgötürən işin xarakterindən asılı olaraq kannabisin tibbi məqsədlə istehlakının vaxtını işçi ilə razılaşdıra bilər. Başqa sözlə, bu elə bir vaxta təsadüf edə bilər ki, həmin dövrdə işçinin çox ayıq-sayıq olması zərurət daşımasın. Yaxud da kannabis istifadəsindən sonra həmin işçiyə yenidən iş qabiliyyətini tam bərpa edənədək istirahət vermək, onu başqası ilə əvəz etmək olar. Hər bir halda, işəgötürənlə işçi arasında konsensus olmalıdır. İşəgötürəndən işçidən ötrü öz normal iş qrafikini dəyişmək, ya da yeni iş yeri açmaq tələb olunmur. Bunu kannabis istifadəçiləri nəzərə almağa borcludur.

– Satış necə tənzimlənir? Bir şəxsin satınalma norması nə qədərdir?

– Satış ciddi qanunlarla tənzimlənir. Kannabis satın almaq üçün Kanadanın əksər əyalətlərində ən az 19 yaşınız olmalıdır. Bu məqsədlə şəxsiyyətinizi müəyyən edən sənəd təqdim etməlisiniz. Bir-iki əyalətdə yaş məhdudiyyəti fərqlidir. Bir dəfəyə 30 qram miqdarında kannabis otunu və ya onun ekvivalentini satın almaq, üstündə gəzdirmək, 19 yaşına çatmış şəxslərlə bölüşmək icazəlidir. Ontarioda tütün məmulatı çəkilə bilən hər yerdə kannabis otunu çəkmək icazəlidir, lakin bunun üçün ictimai binalardan (məktəb, bağça, park və əyləncə mərkəzləri, xəstəxana və s.) ən az 20 metr kənarda dayanmalısınız. Uşaqların yanında, avtomaşınların içərisində, o cümlədən ictimai nəqliyyatda kannabis çəkmək qadağandır.

– Əyləncə üçün istifadə edilən kannabisin bir qramı təxminən neçəyə başa gəlir?

– Müxtəlif tədarükçülər müxtəlif qiymətlər təyin edə bilərlər. Lakin hər bir halda rəqabət şərtləri nəzərə alınır. Keyfiyyətli və orqanik kannabis məhsulları təbii ki, o birilərdən baha olacaq. Canada Statistics agentliyinin (Kanada Statistika Agentliyi – L.M.) yaydığı xəbərə görə, qara bazarın təklif etdiyi kannabis otunun qramı özünün qanuni yolla satılan analoqundan təqribən 3 dollar ucuzdur. 2018-ci ilin ilk yarısında qara bazarda kannabisin qramı 7.34 dollara satılırdı. Dövlətin on-line mağazasında kannabisin qramı 7.50 dollardan başlayır. Pərakəndə mağazalarda ortalama qiymət hər qram üçün 8-10.50 dollar arasında dəyişir. Daha keyfiyyətli kannabisin qramı 17 dollardan da baha başa gələ bilər.

– Kanadada leqallaşmadan sonra nə kimi yeni vakansiyalar yarandı?

– Leqallaşmadan sonra yüzlərlə yeni iş yerləri açılıb. Bu, kannabis istehsalından tutmuş, onların son istifadəçiyə çatdırılmasına qədər böyük bir spektri əhatə edir. Saymaqla qurtarmaz. Sadəcə, məsul vəzifələrdə işləməkdən ötrü RCMP və Health Canada (ekvivalenti: DİN və Səhiyyə Nazirliyi – N.M.) təşkilatlarından xüsusi arayışlar əldə etmək lazımdır. Ərizəçilər ciddi araşdırıldığı üçün bu, xeyli vaxt aparır.

– Leqallaşmadan sonra marixuana satmaq üçün yeni mağazalar açıldığı halda, qara bazarın fəaliyyəti hələ də davam edir… Buna səbəb qara bazarda qiymətlərin daha uyğun olması, ya sözügedən bitkinin istehlakçılara normadan artıq satılmasıdır?

– Qanuni müstəvidə kannabis satışları bazardakı mövcud tələbata tam cavab verə bilmir. Üstəlik, bu sahə yeni olduğu üçün insanlar hələ də çox şey öyrənməyə çalışırlar. Müəyyən bir çaşqınlıq hiss olunur. Bundan istifadə edən qara bazar rəqabətəqabil oyunçu qismində özünü yenidən büruzə verir.

– Əgər Kanada və başqa ölkələr marixuananın satışını qanuniləşdirirsə,  niyə biz də daxil olmaqla, postsovet ölkələri tibbi məqsədlə istifadəsini leqallaşdırmır?

– Bu, ilk növbədə həmin coğrafiyada kannabis barəsində hökm sürən xoşagəlməz fikirlərlə, ənənələrlə əlaqədar məsələdir. Orada yaşayan insanların mədəniyyəti, anlayışı və stereotipləri kannabisin leqallaşmasına, yaxud heç olmazsa,  dekriminilizasiyasına şərait yaratmır. Bu vəziyyət hər halda uzun sürəcək. Hər şeyin başında maarifləndirmə durur. Gürcüstanda bu məsələ artıq gündəmə gəlib. Digər post-sovet ərazisində məskunlaşan əhali kannabisin şəfaverici xüsusiyyətləri barədə demək olar, heç nə bilmir, onu yalnız utancverici narkotik vasitə kimi tanıyır. Bu ölkələrdə kannabisin geniş kütlələrə anladılması üçün lazımi qanunverici baza yaradılmalı, elmi tədqiqatlar ara verməməli,  ictimai təşkilatlar bu işə fəal qoşulmalı, maarifləndirmə işləri aparılmalıdır. Xarici ölkələrin təcrübəsindən bəhrələnməklə kannabisin leqallaşmasını həyata keçirmək olar. Vaxtaşırı rəy sorğuları keçirərək əhalinin münasibətini öyrənmək, klinik eksperimentlər aparıb nəticələri təhlil etmək həlledici rol oynaya bilər. İnsanların sintetik dərmanlardan asılılığını azaltmaq, ana təbiətin bəxş etdiyi bu möcüzəvi bitkidən şəfa tapmaq məqsədilə bəhrələnmək artıq günümüzün tələbinə çevrilib. Kannabisin gec-tez dünyanın hər yerində bəraət alacağına, özünün geniş tətbiqini tapacağına ürəkdən inanıram.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp