17 yaşlı həmyerlimiz Emin Niftaliyev Grand Metropolitan Beynəlxalq Musiqi Müsabiqəsində 17-20 yaş qrupunda yarışaraq qızıl medal qazanıb. Pianoda ifa edən E.Niftaliyev Kanadanın Kalqari şəhərində yaşayır.
Qeyd edək ki, yarışa Amerika, Polşa, Türkiyə, Fransa, Yaponiya, İtaliya, Filippin, Ukrayna, Malayziya və digər ölkələrdən müxtəlif musiqi alətlərində ifa edən namizədlər qatılıb. Namizədlər yaş kateqoriyasına və ifa etdikləri alətlərə görə ayrı-ayrılıqda yarışıblar. Eminin anası Ruziyyə Ramazanova oğlunun qızıl medal qazanmasında uzun illər göstərdiyi dəstəyə görə piano müəlliməsi Tatiana Belousovaya xüsusi təşəkkürünü bildirib.
R.Ramazanovanın dediyinə görə, oğlu 6 yaşından piano ilə məşğuldur. Royal Musiqi Konservatoriyasında imtahan verərək piano üzrə 8-ci sinfin sertifikatını alıb və hazırda 10-cu sinfin sertifikatını almağa hazırlaşır.
Emin, bacısı Aylin Niftaliyeva və dostu Eldar İbrahimovla birlikdə ayda bir dəfə könüllü kimi Kalqaridəki Qocalar Evində pianoda ifa edirlər. Eyni zamanda Emin bacısı ilə birlikdə “Azəri Kalqari Ulduzları” rəqs qrupunun tərkibində dəfələrlə müxtəlif tədbirlərə qatılıblar. O, həmçinin Kanadada keçirilən elm və mühəndislik yarışlarında qızıl medal qazanıb.
Qeyd edək ki, Emin hazırda orta məktəbin 12-ci sinfində oxuyur. Qiymətləri yaxşı olduğundan orta məktəbi bitirməmiş ötən il Kalqari Universitetinin mühəndislik ixtisasına qəbul alıb. 2025-ci ilin sentyabrından universitetin 1-ci kursunda dərslərə başlayacaq.