Məqsəd bu sahədə fırıldağın qarşısını almaqdır
Ekspres Giriş (Express Entry) proqramına müraciət edən namizədlər 2025-ci ilin yazından etibarən Kanadadan aldıqları iş təklifinə görə əlavə 50 xal qazanmayacaqlar. İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq naziri Mark Millerin dediyinə görə, məqsəd bu sahədə olan fırıldağın qarşısını almaqdır.
Canada.ca dövlət saytı yazır ki, yeni qaydalar, dəyişiklik qəbul edildiyi müddətdən sonra Ekspres Giriş proqramı vasitəsilə daimi rezidentlik üçün müraciət edənlərə, o cümlədən hazırda Kanadada müvəqqəti çalışanlara tətbiq ediləcək. Eyni zamanda, dəyişiklik tətbiq edildikdən sonra “hovuz”da iş təklifi olan bütün namizədlərə, eləcə də “hovuz”a daxil olan yeni namizədlərə şamil ediləcək.
Saytın yazdığına görə, dəyişiklik artıq müraciət dəvəti almış və müraciət prosesi davam edən namizədlərə tətbiq olunmayacaq.
Qeyd edək ki, Ekspres Giriş proqramı Kanadaya daimi orurum (PR – permanent resident) ilə gəlmək istəyən, yaxud Kanadada yaşayaraq sözügedən proqrama uyğun olan ixtisaslı kadrlar üçün tətbiq edilən immiqrasiya proqramıdır.