Qalibə Abdullayeva: “İstənilən əyalətdə hansısa partiyanın seçki kampaniyasında iştirak etmək istəyənlərə yardım göstərməyə hazırıq”
“2025-ci il federal seçki kampaniyası artıq başlayıb və Azərbaycan icması olaraq seçki prosesində – təşviqat kampaniyalarında könüllü kimi fəal iştirak etməyimiz çox vacibdir. Həm icma olaraq bizi dəstəkləyən parlament üzvlərinin seçilməyində rolumuz olar, həm də könüllü fəaliyyətimizlə dəyərli təcrübə qazanmış olarıq”.
Bu sözləri bizimlə söhbətində York Universitetinin Siyasi elmlər və hökumət ixtisası üzrə 4-cü kurs tələbəsi, Kanadadakı Azərbaycanlı Gənclər Şəbəkəsinin rəhbəri Qalibə Abdullayeva bildirdi.
Qeyd edək ki, bu il aprelin 28-də Kanadada federal seçkilər keçirilir. Kanadadakı Azərbaycanlı Gənclər Şəbəkəsi (The Azerbaijani Canadian Youth Network), Kanada Azərbaycanlılarının Şəbəkəsi (The Network of Azerbaijani Canadians) və Azərbaycanlı Qadınlara Dəstək Mərkəzi (Azerbaijani Women’s Support Center) bir araya gələrək, icmamızı daim dəstəkləyən parlament üzvlərinin təşviqat kampaniyasında birgə fəaliyyət göstərirlər.
Q.Abdullayeva deyir ki, əgər Edmonton, Montreal və ya GTA (Böyük Toronto Bölgəsi) xaricində olan digər şəhərlərdə də hansısa partiya üçün təşviqat aparmaqda maraqlı şəxslər varsa, onlara yardım göstərməyə hazırdırlar: “Seçki prosesində həm icmamız üçün çalışmaq, həm də təcrübə qazanmaq və yeni imkanlardan faydalanmaq üçün sizi müvafiq millət vəkillərinin ofisi ilə əlaqələndirməyə kömək edə bilərik”.
Orta məktəb şagirdləri könüllü saatlarını tamamlaya bilər
Orta məktəb şagirdləri də bu təşviqatlarda iştirak etməklə könüllü saatlarını tamamlaya bilərlər. Müsahibimizin sözlərinə görə, əgər tələb olunan könüllü saatları hələ tamamlanmayıbsa, demək olar ki, bütün millət vəkillərinin ofisləri bu imkanı təqdim etməyə hazırdır. Siz təşviqat kampaniyasında iştirak edirsiniz, millət vəkilləri isə sizə könüllü kimi işlədiyiniz saatları göstərən sənəd verirlər”.
Q.Abdullayeva bildiri ki, bir icma olaraq birləşməklə yalnız Azərbaycan-Kanada münasibətlərini gücləndirmirik, həm də Azərbaycanlı Kanada icmasının ölkə üzrə mövqeyini daha da yüksəldirik: “Bunu təkcə Toronto, Thornhill və ya Woodbridgdə deyil, həm də Montreal, Vankuver, Vinnipeq, Edmonton kimi şəhərlərdə və digər bölgələrdə də həyata keçiririk. Kanadadakı Azərbaycanlı Gənclər Şəbəkəsi və Kanada Azərbaycanlılarının Şəbəkəsi bizi dəstəkləyən millət vəkilləri üçün şənbə və bazar günləri təşviqat aparmaq məqsədilə fəaliyyət qrafiki hazırlayıblar. İndiyədək Vaughan-Woodbridge dairəsindən deputat Francesco Sorbara və Thornhill dairəsindən deputat Melissa Lantsman üçün təşviqat kampaniyalarında iştirak etmişik. Əslində, icmamız deputat Lantsmanın ilk seçki kampaniyasında böyük rol oynamış və biz bu gün də ona dəstəyimizi davam etdiririrk”.
“Gəlin, birlikdə çalışaq”
Müsahibimizin sözlərinə görə, bu fəaliyyətlər yalnız Azərbaycan-Kanada münasibətlərini gücləndirməyə deyil, eyni zamanda gənclərin millət vəkilləri ilə davamlı əlaqələr qurmasına imkan yaradır: “Hətta bəzi deputatlar təşviqat kampaniyasında iştirak edən gənclərimizi adları ilə tanıyır”.
Dünən deputat Melissa Lantsmanın ofisinə səfər etdiklərini deyən Gənclər Şəbəkəsinin rəhbəri M.Lantsmanın Azərbaycan icmasına sonsuz təşəkkür etdiyini bildirdi: “Dəstəyimizin onun üçün nə qədər dəyərli olduğunu və hər zaman onun komandasına əvəzsiz yardım göstərdiyimizi vurğuladı. Deputat Sorbara da hər səfərimizdə, xüsusilə yağışın altında təşviqat apardığımız zaman icmamıza xüsusi təşəkkürünü bildirdi. Biz də bir icma olaraq zəhmətimizin millət vəkilləri tərəfindən qiymətləndirilməsindən və bu prosesdə münasibətlər qurmağımızdan qürur duyuruq. Əziz gənclərimiz, seçki kampaniyasında könüllü fəaliyyətinizə ehtiyac var. Gəlin, bu seçki mövsümündə də güclü və birləşmiş Kanada azərbaycanlıları olaraq birlikdə çalışaq və fərqlilik yaradaq”.
Təşviqat kampaniyasında iştirak etmək istəyən gənclər Kanadadakı Azərbaycanlı Gənclər Şəbəkəsinin Instagram (AcCanYouth) səhifəsi üzərindən əlaqə saxlaya bilərlər.