Mühafizəkarlar 80, NDP 27, Liberallar 14, Yaşıllar isə 2 yer qazandı
Fordun Mühafizəkar Partiyası Ontarioda 80 məntəqədə qalib gəlməklə seçkiləri qazandı və ard-arda üçüncü dəfə Ontario hökumətini qurmaq imkanı əldə etdi. NDP 27, Liberallar 14, Yaşılar isə 2 məntəqədə qalib gəldi.
“Donald Trampa qarşı var gücümlə mübarizə aparacağam, bunu sizə söz verirəm”, – Daq Ford nəticələr açıqlandıqdan sonra seçki gecəsi tədbirinə yollanmadan əvvəl CP24-ə bildirib.
“Ontario xalqına çox minnətdaram. Biz Ontarioda yaşayan insanları, onların ailələrini və iş yerlərini qorumağa əmin olacağıq.”
O, ardıcıl üç dəfə seçkidə qalib gəlməyin “əhəmiyyətli bir nailiyyət” olduğunu vurğulayaraq ontariolular üçün hər gün çalışacağına söz verib.
Marit Stiles və Yeni Demokrat Partiyası (NDP) mandat sayına görə Mühafizəkarlardan sonra qərarlaşdığına görə yenidən rəsmi müxalifət olacaq.
Liderlərə gəldikdə, Doug Ford, NDP lideri Marit Stiles və Yaşıllar Partiyasının lideri Mike Şreyner öz dairələrində qalib gəliblər, lakin Liberal lider Bonnie Krombie Mississauga-East Kooksville dairəsində Mühafizəkar namizəd Silvia Gualtieriyə qarşı gərgin yarışda məğlub olub.
Tarif təhdidi seçki kampaniyasına hakim oldu
Ford qış aylarında ani seçki təyin etdi – bu, Ontarioda son 140 ildən çox müddətdə ilk dəfə fevral ayında keçirilən seçkidir. O, seçicilərdən “güclü mandat” almaq istədiyini və bunun ABŞ-ın tətbiq edə biləcəyi tariflərin Ontarionun iqtisadiyyatına potensial dağıdıcı təsirini önləmək üçün lazım olduğunu bildirib.
Aylardır aparılan sorğular Fordun mühafizəkarlarının rəqabət üstünlüyünə sahib olduğunu göstərirdi və seçki kampaniyası bu vəziyyəti ciddi şəkildə dəyişmədi. CTV News üçün Nanos Research tərəfindən aparılan gündəlik monitorinq seçki kampaniyası boyunca Mühafizəkarların təxminən 15 faiz fərqlə öndə olduğunu ortaya qoyurdu.
Seçki qərarı açıqlandıqdan dərhal sonra, noyabr ayında elan edilən 200 dollarlıq geri ödəniş çekləri ontariolulara göndərildi.
Ford seçki kampaniyasına “Ontario-nu Qoru” sloqanı ilə Vindsor şəhərində, ABŞ-a aparan Ambassador Bridge körpüsünün altında start verdi. O, kampaniya çərçivəsində iki dəfə Vaşinqtona səfər edərək ABŞ rəsmiləri ilə görüşdü və Ontarionu tanıtmağa çalışdı. Müxalifət partiyaları isə Fordu, ənənəvi qaydalara zidd olaraq, baş nazir və namizəd rollarını qarışdırmaqda ittiham etdilər.
Ford bu səfərləri müdafiə edərək Kanadanın digər liderləri ilə birlikdə birlik nümayiş etdirməyin vacib olduğunu vurğuladı. Bununla belə, onun kampaniyası Vaşinqton səfərindən kadrlar və kampaniya sloqanının birləşdirildiyi videonu ehtiyat məqsədilə sildi.
Daq Fordun seçicilərə vədi
Ford seçki kampaniyası zamanı təxminən 40 milyard dollarlıq yeni xərcləmələr vəd edib. Bu vədlər arasında:
- Dörd il ərzində hər bir ontariolunun birinci dərəcəli səhiyyə xidmətinə çıxışını təmin edəcək 1,8 milyard dollarlıq səhiyyə planı;
- Bələdiyyə infrastrukturu və mənzil tikintisini dəstəkləmək üçün 2 milyard dollar;
- Tarif təhdidlərinin fonunda biznesləri və işçiləri qorumaq üçün milyardlarla dollar maliyyə yardımı var.
Bundan əlavə, Mühafizəkarlar:
- 407 nömrəli magistral yolda bəzi yol haqqı ödənişlərini ləğv etməyi;
- Yeni GO Train xətləri çəkməyi və nəqliyyat xidmətini genişləndirməyi;
- 401 nömrəli magistral yolun altından avtomobil və nəqliyyat tuneli tikməyi vəd ediblər.
- Hökumət həmçinin 30 yeni məktəb tikmək və 15 məktəbi genişləndirmək üçün 1,3 milyard dollar ayıracağını elan edib.
Hava şəraiti seçici fəallığına təsir etdi
Siyasi müşahidəçilər qarlı hava şəraitinin seçici fəallığını tarixi minimuma endirə biləcəyini ehtimal edirdilər. Keçən həftə əyaləti bürüyən güclü qar fırtınası və seçki günü səhər qar, günorta isə yağışın yağması seçici fəallığını azalda bilərdi.
Seçki günündən əvvəl, Elections Ontario rəsmi agentliyi bildirib ki, bələdiyyə hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edərək seçki məntəqələrinin hava şəraitindən asılı olmayaraq əlçatan olmasını təmin edəcək.
Bəzi yerli problemlərə görə doqquz seçki məntəqəsində səsvermə saatları uzadılıb.
Ümumilikdə, seçicilərin təxminən 6 faizi öncədən keçirilən üç günlük erkən səsvermədə iştirak edib.
Foto: Toronto Star