6 MİN ƏMLAKÇININ İÇƏRİSİNDƏ SEÇİLƏN RELTOR FUAD ABASOVLA ONTARİODAKI ƏMLAK BAZARINDAN DANIŞDIQ
12 ildən çoxdur Kanadanın Ontario əyalətində daşınmaz əmlak üzrə mütəxəssis kimi çalışır. 20 il İnformasiya Texnologiyaları sektorunda işləyəndən sonra daşınmaz əmlak sahəsinə olan sevgisini uğurlu karyeraya çevirə bilib. 2023 və 2024-cü illərdə 6 mindən çox əmlak agentinin çalışdığı Right at Home Realty şirkətində ən yaxşı 2 faizlik qrupun içində yer alıb. Müsahibimiz Ontario əyaləti üzrə realtor Fuad Abasovdur. F.Abasovla Ontario əmlak bazarındakı vəziyyət, gözləntilər, yaşamaq və investisiya üçün uyğun ərazilərdən danışdıq. Söhbətə keçməmişdən əvvəl müsahibimizlə yaxından tanış olaq.
– 1992-ci ildə ailəmlə birlikdə Kanadaya köçmüşəm. Daşınmaz əmlak sahəsinə keçməzdən əvvəl, Kanadada 20 il İnformasiya Texnologiyaları sektorunda çalışmışam. IBM sistemləri üzrə ixtisaslaşmışam, məlumat mərkəzlərinin qurulması və idarə olunması sahəsində, əsasən əczaçılıq və metal sənayesi sektorlarında fəaliyyət göstərmişəm. Artıq 12 ildən çoxdur ki, realtor kimi çalışıram və bu sahəyə olan həvəsimi uğurlu bir karyeraya çevirmişəm. Təbii ki, bu sahədə uğur qazanmaq bir gecəyə mümkün olmadı. Bunun üçün çox əmək sərf etdim, qətiyyət nümayiş etdirdim və daim ailəmin, dostlarımın və müştərilərimin dəstəyini hiss etdim. İnformasiya texnologiyaları sahəsindəki təcrübəm mənə fotoqrafiya, dizayn, videoqrafiya sahəsində bacarıqlar qazandırıb. Bu, müştərilərimin əmlakını reklam edərkən sosial media və müasir texnologiyalardan səmərəli istifadə etmə imkanı verir və nəticədə ən yüksək səviyyədə satış nəticələri əldə edirəm.
BAZARDA 40 min SATILMAMIŞ KONDOMİNİUM VAR
– Hazırda Toronto və ətraf ərazilərdə daşınmaz əmlak bazarında hansı trendlər müşahidə olunur? Qiymətlər artır, yoxsa sabit qalır?
– Toronto və Böyük Toronto Bölgəsində (GTA) daşınmaz əmlak bazarında satışlar keçən illə müqayisədə artsa da, bazar hələ də əvvəlki illərə nisbətən daha sakit görünür. Qiymətlər sabitləşib, bəzi bölgələrdə, xüsusilə fərdi evlərdə kiçik artımlar müşahidə olunur. Lakin kondominium bazarı yüksək təklif səbəbindən təzyiq altında qalır – hazırda bazarda təxminən 40,000 satılmamış mənzil var ki, bu, kifayət qədər yüksək göstəricidir.
– Kanada Mərkəzi Bankının faiz dərəcələrini azaltması bazara necə təsir göstərir?
– Kanada Bankının faiz dərəcələrini azaltması alıcıların etibarını artırıb və bazarda aktivliyi gücləndirib. Satışlar artsa da, qiymətlər keçən illə müqayisədə əsasən eyni səviyyədə qalıb. Ekspertlərin proqnozlarına görə, gələcəkdə daha çox faiz endirimi gözlənilir ki, bu da tələbi daha da artıracaq.
Xüsusilə əvvəllər qiymətlərə görə bazardan kənarda qalmış ilk evlərini almaq arzusunda olanların bazara qayıtdığını görürəm. Onlar qiymət sabitliyi və daha aşağı borclanma xərclərindən istifadə edərək ev alırlar. Lüks daşınmaz əmlak bazarında isə satışlar daha ləngdir və investorlar ehtiyatlı davranırlar. Ehtimal ki, daha çox faiz endirimlərini gözləyirlər. Düşünürəm ki, faiz dərəcələri aşağı düşməyə davam edərsə, 2025-ci ilin ortalarına qədər bazar daha aktiv olacaq. Qiymətlər kəskin artmaya bilər, lakin tələbin yüksəlməsi tələbat çox olan məhəllələrdə satışların artmasına səbəb ola bilər.
ƏMLAKA YATIRIM ETMƏK ÜÇÜN ƏLVERİŞLİ ƏRAZİLƏR
– Yeri gəlmişkən, Toronto və ətraf bölgələrdə daşınmaz əmlaka yatırım etmək üçün ən yaxşı məhəllələr hansılardır?

– İnvestorlar və yeni ev axtaranlar əsasən nəqliyyat genişləndirilməsi, əhali artımı və yeni infrastruktur layihələri olan ərazilərə diqqət yetirməlidirlər. Məsələn, Mississauga və Vaughan kondolar, Durham daha əlverişli əmlaklar və Hamilton kimi gələcəkdə böyük inkişaf gözlənilən zonalar ən yaxşı imkanları təklif edir. York regionu, xüsusən də Vaughan, lüks və həyət evləri üçün ən yaxşı seçimlərdən biridir. Şəhər yüksək gəlirli sakinlərə, inkişaf edən iş mərkəzlərinə və magistral yola – 400/407-yə yaxınlığı ilə seçilir, bu da onu ideal bir yatırım sahəsinə çevirir. Uzunmüddətli yatırımlar üçün bura mükəmməl seçimdir. Burada həm cinayət səviyyəsi aşağı, həm də məktəblər yaxşıdır.
Digər perspektivli məhəllə Scarboroughdur. Statistikaya görə, uzunmüddətli qiymət artımı üçün ən yaxşı ərazilərdən biridir. Scarborough hazırda böyük nəqliyyat və infrastruktur təkmilləşdirmələri keçir, o cümlədən Eglinton Crosstounun uzadılması və SmartTrack stansiyaları inşa olunur. Burada ev qiymətləri Toronto mərkəzi ilə müqayisədə daha aşağıdır və əhali artımı sayəsində kirayə bazarı güclüdür.
Mississauga isə bina evlərinə yatırım üçün ən yaxşı yerdir. Davamlı urbanizasiya, Torontoya yaxınlıq və 2025-ci ildə tamamlanacaq Hurontario LRT layihəsi əmlak qiymətlərini artıracaq.
Oshawa, Ajax və Pickering isə daha sərfəli qiymətlər və kirayə gəliri üçün əlverişlidir. Burada Toronto ilə müqayisədə daha aşağı qiymətlər, yüksək kirayə gəliri, investorlar üçün aşağı ilkin xərclər və əla GO Train çıxışı var. Həmçinin, Pickeringin Seaton layihəsi buranın gələcək perspektivlərini artırır.
Hamilton və Burlington isə gələcək inkişaf və sənaye bumuna görə ən perspektivli yerlərdir. Hamiltonun göl sahili yenidən qurulur, texnologiya sektoru sürətlə inkişaf edir, əhali artır, güclü kirayə bazarı mövcuddur və gələcək qiymət artımı potensialı var. Bu faktorlar Hamiltonu Torontoya alternativ olaraq daha cəlbedici edir.
GTA-DƏN KƏNARDA EV ALMAQ ÜÇÜN ƏN UYĞUN QİYMƏTƏ OLAN ƏRAZİLƏR
– Toronto və GTA-dan kənarda daha münasib qiymətli və ailələr üçün uyğun şəhərlər hansılardır?
– Toronto və GTA-dan kənarda daha münasib qiymətli, eyni zamanda yaxşı məktəblərə, rahat infrastruktur və iş imkanlarına malik şəhərlər axtarırsınızsa, aşağıdakı şəhərləri nəzərdən keçirə bilərsiniz:
Hamilton – ilk dəfə ev alanlar və böyüyən ailələr üçün ən yaxşı seçimdir. Burada Torontoya nisbətən daha geniş və daha münasib qiymətə evlər mövcuddur. Şəhərdə səhiyyə, təhsil və istehsalat sahəsində iş imkanları artır. Təxminən 750,000 CAD civarında həyət evi almaq mümkündür. Torontoya avtomobillə və ya GO Train ilə 1 saatlıq məsafədə yerləşir.
Kitchener-Waterloo – texnologiya və təhsil sektoru üçün ən yaxşı seçimdir. Bölgədə böyük texnologiya şirkətləri, universitetlər və inkişaf edən iqtisadiyyat var. Burada həyət evlərinin orta qiyməti təxminən 700,000 CAD-dır. Torontoya avtomobillə 1.5 saatlıq yoldur.
Guelph – kiçik şəhər atmosferi ilə şəhər imkanlarını birləşdirən ərazidir. Təhlükəsizliyi, ailələr üçün uyğun mühiti, aşağı cinayət səviyyəsi, yaxşı məktəbləri, yaşıl zonaları və təhsil, səhiyyə və aqro-texnologiya sahələrində güclü iş bazarı ilə tanınır. Ev qiymətləri ortalama təxminən 800,000 CAD-dır. Torontoya avtomobillə və ya GO Train ilə 1 saatlıq məsafədədir.
Barrie – göl kənarında yaşamaq və gələcək inkişaf üçün ən yaxşı seçimdir. Şəhər gözəl göl sahili, yaxınlıqdakı xizək kurortları və yayda dincəlmək üçün Simcoe gölünə yaxınlığı ilə seçilir. İnşaat və səhiyyə sektorlarında güclü məşğulluq bazası var. Ev qiyməti ortalama təxminən 750,000 CAD-dır. Torontoya avtomobillə və ya GO Train ilə 1 saatlıq məsafədədir.
London, Ontario – Ontarionun cənubundakı ən aşağı yaşayış xərclərinə malik şəhərlərdən biridir. Səhiyyə və istehsalat sahələrində güclü iş bazası var. Ev qiymətləri ortalama təxminən 650,000 CAD-dır. Torontoya avtomobillə 2 saatlıq məsafədə yerləşir.
Bundan əlavə, Peterborough, St. Catharines və Cambridge kimi şəhərlər də nəzərdən keçirilə bilər.
İLK EVİNİ ALANLAR ÜÇÜN QIZIL QAYDALAR
– Torontoda ilk dəfə ev alanlar üçün ən böyük çətinliklər hansılardır və onları necə həll etmək olar?
– Torontoda ilk ev almaq çətin ola bilər, çünki yüksək qiymətlər, sərt ipoteka qaydaları və güclü rəqabət var. Lakin düzgün strategiya və təcrübəli əmlakçı ilə işləyərək ilk dəfə ev alanlar uğur qazana bilər.
Mən bina evləri və tounhousları nəzərdən keçirməyi məsləhət görürəm. Şəhərin mərkəzindən bir az kənarda yerləşən Scarborough, Etobicoke, Newmarket, Bradford, Innisfil və Barrie kimi inkişaf edən ərazilərə baxın.
Hazırda Torontoda əmlak qiymətləri təxminən 1 milyon CAD civarındadır, bu da 5-20 faizlik ilkin ödənişi əldə etmək üçün qənaəti çətinləşdirir. İlk dəfə ev alanlar üçün aşağıdakı güzəştlərdən yararlana bilərsiniz:
- First-Time Home Buyer Incentive.
- RRSP Home Buyers’ Plan: RRSP-dən 60,000 CAD-a qədər vergisiz çıxarın.
- Tax-Free First Home Savings Account (FHSA): 40,000 CAD-a qədər vergiyə cəlb olunmayan ehtiyat saxlama hesabı.
İpoteka üçün stress testi (mortgage stress test) kredit almağı çətinləşdirir.
Bunun üçün:
- Kredit balınızı artırın (700+ olmalıdır).
- Borclarınızı azaldın (kredit kartları, avtomobil kreditləri).
- İpoteka üçün öncədən təsdiq alın.
- Daha uyğun şərtlər üçün ipoteka brokeri ilə işləyin.

Yüksək faiz dərəcələri aylıq ipoteka ödənişlərini artırır. Mən maliyyə məsləhəti verə bilmərəm, lakin gələcəkdə faiz endirimləri gözlənildiyindən sabit faizli və ya dəyişkən faizli kredit seçmək mümkündür.
Ev sahibi olanda aşağıda adı keçən gizli xərclərlə qarşılaşa bilərsiniz: əmlak vergiləri, texniki xidmət və bağlanış xərcləri (ümumi qiymətin 1.5-4%-i). Bu xərcləri öncədən planlaşdırmaq vacibdir.
Düzgün planlaşdırma və peşəkar dəstək ilə ilk dəfə ev alanlar uğurlu seçim edə bilər.
YENİ EVLƏRİN TİKİNTİSİ TƏLƏBATI QARŞILAMIR
– Əcnəbilərin Torontoda ev almasına qadağa qoyulması və digər hökumət tənzimləmələri Toronto əmlak bazarına necə təsir edib?
– Son illərdə Kanada hökuməti daşınmaz əmlak bazarını sabitləşdirmək və mənzil alışını stimullaşdırmaq üçün bir sıra siyasətlər həyata keçirib. Ən əhəmiyyətli tədbirlərdən biri xarici alıcı qadağası idi. Bu qadağa əmlak qiymətlərinə minimal təsir göstərdi, çünki xarici alıcılar qadağadan əvvəl bazarın cəmi 2-4%-ni təşkil edirdi. Lakin lüks bina evləri və həyət evləri beynəlxalq investorların marağını daha az çəkməyə başladı. Nəticədə, xarici investorlar fərqli investisiya strategiyalarına keçdilər və yaşayış daşınmaz əmlakı əvəzinə kommersiya obyektlərinə (məsələn, çoxmənzilli kirayə binalara) yatırım etməyə başladılar.
Başqa bir tədbir boş əmlak üzərinə 1%-lik verginin tətbiqi oldu. Bu, daşınmaz əmlak sahiblərini spekulyasiyadan çəkindirmək məqsədi daşıyırdı. Bəzi investorlar vergidən qaçmaq üçün boş mənzillərini icarəyə verməyə başladılar, bu da kirayə bazarına yeni təkliflər gətirdi. Digər tərəfdən, bəzi investorlar əmlaklarını satmağa üstünlük verdilər, bu isə bazara əlavə mənzil təklifi gətirdi və kondoların qiymətində kiçik bir azalma yaratdı. Bəzi ev sahibləri isə evlərini boş saxlamaq əvəzinə Airbnb kimi qısamüddətli icarəyə verməyə başladılar.
Hökumət həmçinin ipoteka almaq istəyənlər üçün stres testini tətbiq etdi. Bu qaydaya əsasən, borc alanlar faktiki ipoteka faiz dərəcəsindən 2% yüksək dərəcəyə uyğun gəlməlidirlər. Yüksək faiz dərəcələri ilə birlikdə bu qayda kredit almağı çətinləşdirdi. Alıcılar üçün daha bahalı evlər əlçatmaz oldu, bazarda isə əsasən bina evlərinə və şəhərətrafı ərazilərdə yerləşən daha sərfəli evlərə olan tələbat artdı.
Kanada hər il 500,000-dən çox immiqrant qəbul edir və onların böyük bir hissəsi Toronto və GTA bölgəsində məskunlaşır. Xarici alıcı qadağasına baxmayaraq, yeni evlərin tikintisi tələbatı qarşılaya bilmir. Bu da kirayə bazarına əlavə təzyiq yaradır və kirayə qiymətlərinin kəskin artmasına səbəb olur. Geniş yayılmış fikirlərin əksinə olaraq, mənzil çatışmazlığı hələ də ciddi bir problemdir və yeni tikintilər artmadıqca, daşınmaz əmlak qiymətləri yüksək qalmağa davam edəcək.

– Fuad bəy, hazırkı faiz dərəcələri GTA-dakı alıcılara və investorlara necə təsir edir?
– Hazırda faiz dərəcələrinin 3 faiz səviyyəsində olması alıcılar üçün ipoteka ödənişlərini əhəmiyyətli dərəcədə artırır. Məsələn, 800,000 CAD ipoteka götürən bir şəxs üçün faiz dərəcəsinin cəmi 1 faiz artması aylıq ödənişlərin 500-600 CAD artmasına səbəb olur. Bu, xüsusilə ilk dəfə ev alanlar üçün bazara girişi çətinləşdirir, çünki GTA-da evlərin qiyməti yenə də yüksək olaraq qalır.
İlk dəfə ev alanlar bu vəziyyətdən daha çox təsirlənir, çünki yüksək faizlər və stres testi onları bazardan kənarda qoya bilər. Məsələn, 2021-ci ildə 750,000 CAD-a ev almaq üçün uyğun olan alıcı, indi yalnız 650,000 CAD-a ev ala bilər. Buna görə də, bir çox alıcılar indi daha sərfəli mənzillərə və ya Torontodan kənarda yerləşən həyət evlərinə maraq göstərirlər.
Mən GTA-da gəlir gətirən əmlak və ya çoxmənzilli binalara investisiya etmək istəyən investorlarla işlədiyim üçün deyə bilərəm ki, yüksək maliyyələşdirmə xərcləri onlara ciddi təsir edir. Daha yüksək faiz dərəcələri borc xidmət xərclərini artırır, bu da investorlara müsbət pul axını əldə etməyi çətinləşdirir. Kirayə bazarı hər zaman bu əlavə xərcləri kompensasiya edə biləcək qədər gəlir gətirmədiyi üçün investorların gəlirliliyi aşağı düşür.
Hazırda investorlar daha çox kapitalın qiymətləndirilməsindən çox, stabil gəlir gətirən əmlaklara üstünlük verirlər. Ona görə də, onlar əsasən çoxmənzilli binalar, tələbə yataqxanaları və ya daha ucuz şəhərlərdə yerləşən əmlaklara maraq göstərirlər.
Bina evlərinin alqı-satqısı isə bəzi çətinliklərlə üzləşib və bir çox investorlar ehtiyatlı davranır, çünki mənfəət əldə etmək və ya sərmayələrini geri qaytarmaq daha uzun çəkə bilər. Bununla belə, Airbnb kimi qısamüddətli kirayə əmlakları hələ də gəlirli investisiya seçimlərindən biridir, lakin bir çox binalar artıq Airbnb tipli icarəni qadağan etdiyi üçün belə əmlaklara yatırım edərkən diqqətli olmaq lazımdır.
TİKİLMƏKDƏ OLAN, YOXSA İKİNCİ ƏL EVLƏR
– Hazırda Torontoda tikilməkdə olan bina evlərinəmi, yoxsa ikinci əl evlərə yatırım etmək daha məqsədəuyğundur?
– Hazırda ikinci əl əmlaklara investisiya etməyi tövsiyə edərdim. Tikilməkdə olan bina evlərinin qiyməti bazardakı ikinci əl əmlaklardan daha bahalıdır. Tikinti şirkətlərinin haqq və rüsumları, ƏDV (HST) və digər bağlanış xərcləri tikilməkdə olan əmlakların ümumi qiymətini nəzərəçarpacaq dərəcədə artırır. Həmçinin, bu cür əmlaklar rəsmi qeydiyyata alınana qədər sahibinin “müvəqqəti yaşayış” dövründə tikinti şirkətinə müəyyən ödənişlər etməsi tələb olunur. Bu ödənişlər geri qaytarılmır və ipoteka ödənişlərinə daxil edilmir, yəni, sahibinə sərvət qazandırmır. Bu xərcləri qismən kompensasiya etməyin yeganə yolu, tikinti şirkəti icazə verdiyi halda, həmin dövrdə mənzili icarəyə verməkdir. Ona görə də, tikilməkdə olan bir binaya yatırım etməzdən əvvəl, müqaviləni diqqətlə nəzərdən keçirmək və tikinti şirkəti ilə kirayə seçimlərini müzakirə etmək vacibdir.
İkinci əl əmlakların əsas üstünlüyü isə, investorların əmlaklarını dərhal icarəyə verərək gəlir əldə etməyə başlamasıdır. Bu, müsbət pul axını əldə etmək istəyən investorlar üçün ideal seçimdir. İkinci əl əmlaklar stabil və proqnozlaşdırıla bilən kirayə gəliri təmin edir, xüsusən də artıq formalaşmış və yüksək tələbat olan ərazilərdə yerləşirsə. Bundan əlavə, ikinci əl əmlaklar bazarın cari şərtlərinə uyğun qiymətləndirilir və investorlar bu tip əmlakların qiymət və kirayə potensialı haqqında daha dəqiq təsəvvür əldə edə bilərlər.
GTA-dan KƏNARDA İCARƏ GƏLİRİ YAXŞI OLAN ƏRAZİLƏR
– GTA-dan kənarda icarə gəliri yaxşı olan çoxmənzilli evlər almaq üçün ən yaxşı ərazilər hansılardır?
– Son hesabatlara əsasən, aşağıdakı bölgələr ən perspektivli sayılır:
- Hamilton – güclü kirayə bazarı və inkişaf etməsi ilə seçilir.
- London – tələbə şəhəri olması ilə məşhurdur.
- Kitchener-Waterloo – texnologiya mərkəzi olaraq yüksək icarə tələbinə malikdir.
- Niagara Region – turizm biznesinin güclü olduğu ərazidir.
- Ottawa – hökumət işlərinə görə formalaşmış stabil kirəyə bazarı var.
- Windsor – sərhəddə yerləşməsi və sərfəli əmlak qiymətləri ilə seçilir.
- Sudbury – əmlak qiymətlərinin büdcəyə uyğun olduğu bölgələrdən biridir.
- Barrie – kirayə gəliri baxımından çox cəlbedici ərazilərdən biridir.
ARBNB ÜÇÜN UYĞUN ƏRAZİLƏR
– Fuad bəy, bəs Torontoda qısamüddətli icarə qaydaları Airbnb investisiyalarına necə təsir etdi?
– 2018-ci ildən etibarən Torontoda qısamüddətli icarəyə ciddi tənzimləmələr tətbiq edildi ki, bu da Airbnb investisiyalarına əhəmiyyətli təsir göstərdi. Bundan əvvəl qısamüddətli icarə bazarı bir çox əmlak sahibləri üçün əsas gəlir mənbəyi idi.
Bu məhdudiyyətlərdən sonra Airbnb üçün mövcud olan əmlakların sayı əhəmiyyətli dərəcədə azaldı. Bir neçə mənzili və ya bütöv obyektləri kirayə verən investorlar ya əmlaklarını satmağa, ya onları uzunmüddətli icarəyə çevirməyə, ya da ümumiyyətlə, icarəni dayandırmağa məcbur oldular.
Əvvəllər Airbnb üçün populyar olan məhəllələrdə əmlak dəyərində azalma müşahidə olundu və bu da investorların mümkün gəlirlərinə mənfi təsir göstərdi.
– Mövcud qaydalar çərçivəsində GTA-da qısamüddətli icarə üçün qanuni və gəlirli ərazilər hansılardır?
– Qeyd edim ki, Airbnb üçün nəzərdə tutulan əmlaklar şəhərdə qeydiyyatdan keçməlidir və icarədarlar yalnız öz əsas yaşayış yerlərini il ərzində maksimum 180 gün kirayə verə bilərlər.
Bəzi məhəllələr və ərazilər hələ də turizm və işgüzar səfərlər üçün yüksək tələbat olduğuna görə gəlirli icarə imkanı yaradır. Bunlara aşağıdakılar daxildir:
- Downtown Toronto
- The Beaches
- Yorkville və Rosedale
- Etobicoke və Scarborough
Bu bölgələr qısamüddətli icarə üçün daha əlverişli ola bilər, lakin hər hansı bir qərar vermədən əvvəl yerli qaydaları araşdırmaq tövsiyə olunur.
– Torontonun lüks daşınmaz əmlak bazarı digər böyük Kanada şəhərləri ilə müqayisədə necə inkişaf edir?
– Toronto, özünəməxsus xüsusiyyətləri və çətinlikləri ilə birlikdə Kanadanın lüks daşınmaz əmlak bazarında güclü mövqeyini qoruyur. Artan faiz dərəcələri və iqtisadi qeyri-müəyyənlik səbəbindən lüks seqmentdə qiymətlər bir qədər yavaşıyıb, lakin ümumi bazar hələ də güclüdür. Rosedale, The Annex, Forest Hill və Bridle Path kimi nüfuzlu məhəllələrdə tələbat hələ də təklifdən üstündür.
P.S. Sonda onu da qeyd edək ki, F.Abasov öz sahəsi üzrə bir sıra sertifikatlara malikdir. ABR (Akkreditə Olunmuş Alıcı Nümayəndəsi), SRS (Satıcı Nümayəndəsi Mütəxəssisi), RENE (Əmlak Danışıqları üzrə Ekspert), E-PRO (Elektron Peşəkar Sertifikatı) sertifikatlarını alıb. Bu sertifikatlar müsahibimizin realtorların rəqabətli əmlak bazarında seçilməsinə və müştərilərinə daha ixtisaslaşmış xidmətlər göstərməsinə kömək edir.
Yazının ingilis dilində versiyası ilə bu linkdən tanış ola bilərsiniz.