Dünən Konkordda həmyerlimizə məxsus Ophrys Estetik Klinikasının (Ophrys Aesthetics Medical Clinic) açılışı oldu. Açılışda Azərbaycan xanımları ilə yanaşı, əcnəbi müştərilərini də bir araya yığan klinikanın rəhbəri Vəfa Əşrəfova çıxış edərək klinikanı açmaq ideyasından danışdı. Bildirdi ki, həmişə özünü gözəllik sahəsində görüb və bu sferada öz işini qurmağı arzulayıb: “Artıq 4 ildir kosmetoloq kimi çalışıram. Kiçik toxunuşlarla insanlarda xoşbəxtlik yaradan və onların həyatında incə, amma mənalı dəyişikliklər edən iş görmək mənə böyük sevinc bəxş edir. Üstəlik, xidmət sektorunda çalışdığım üçün Toronto kimi bir şəhərdə fərqli mədəniyyətlərdən olan insanlarla tanış olmaq ayrıca zövq verir”.
Açılışda çıxış edən Azərbaycan xanımları Vəfa ilə qürur duyduqlarını, Azərbaycandan kənarda hər şeyə sıfırdan başlayaraq həm üç uşaq böyütmək, həm də karyera qurmağın yalnız zəhmətsevərliklə başa gəldiyini bildirdilər. Qeyd etdilər ki, ingilis dilini Kanadada sıfırdan öyrənmək, tibb bacısı kimi çətin bir ixtisas üzrə təhsil almaq Vəfanın dayanmadan öz üzərində işləməyinin hesabına başa gəlib. V.Əşrəfova isə arzularını gerçəkləşdirmək üçün addım-addım böyüdüyünü və bunun yuxusuz gecələri hesabına başa gəldiyini bildirdi. Həm də daim onun arxasında dayandığına görə həyat yoldaşına təşəkkürünü bildirdi.
Klinikada hansı xidmətlər göstərilir?
Kosmetoloq xanım, klinikada lazer epilyasiya, radio tezlik, botoks, dolğu, PRP, üz baxımı və digər kosmetik xidmətlər göstərdiklərini qeyd etdi.
Onu da deyək ki, klinikanın adı Azərbaycanla bağlıdır. Belə ki, Ophrys sözünün Azərbaycancaya tərcüməsi “xarı bülbül” deməkdir: “Düşündüm ki, biznesimə elə bir ad qoyum ki, həm Azərbaycanı xatırlatsın, həm də burada tələffüz etmək asan olsun. Gülü tamamilə eyni olmasa da, Xarı bülbülə bənzər seçdim”.
Qeyd edək ki, Ophrys Aesthetics Medical Clinic Konkordda Jane küçəsi 8760 ünvanında yerləşir (204B, 8760 Jane Street, Concord). V.Əşrəfova həmişə olduğu kimi, klinikasında da həmyerlilərimiz üçün endirim edəcəyini bildirdi.