Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazirliyinin (IRCC) yeni qaydalarına əsasən, əcnəbilərə 10 illik çoxgirişli vizaların verilməsi ləğv edildi.
Ctvnews.ca-in açıqlamasına görə, yeni qanun qüvvəyə minməmişdən əvvəl Kanadaya gələn ziyarətçilərə 10 ilədək çoxgirişli vizalar verilirdi. Bu da ziyarətçiyə 10 il ərzində istədiyi vaxt ölkəyə sərbəst şəkildə daxil olmaq imkanı yaradırdı.
Sözügedən nazirliyin açıqlamasına əsasən, indi viza məmurları müraciət edənlərə fərdi yanaşacaq və bunun əsasında bir və ya çoxgirişli vizanın verilib-verilməyəcəyinə, həmçinin vizanın etibarlılıq müddətinə qərar verəcəklər.
Vizaların verilməsi üçün nəzərə alınacaq amillər sırasında müraciətçinin səfərinin məqsədi, yaşadığı ölkədəki statusu, maliyyə imkanları, sağlıq durumu, vətəninə bağlılığı və digər faktorlar yer alır. Müraciətçinin yaşadığı ölkədə iqtisadi və ya siyasi şəraitin qeyri-sabit olması da faktorlar arasındadır.