Uşaqlar, təqaüdçülər və əlillər üçün proqram bu ilin ortalarından digər qruplara da şamil ediləcək
Kanada Diş Baxımı Planı (Canadian Dental Care Plan (CDCP)) Kanada vətəndaşları üçün diş baxımını daha əlçatan və sərfəli etməyi hədəfləyən federal proqramdır. Mərhələli şəkildə tətbiq edilən proqram hazırda aşağıdakı qruplardan müraciətləri qəbul edir:
- 65 yaş və üzəri
- 18 yaşdan kiçik uşaqlar
- Federal Əlillik Dərəcəsi Sertifikatı (Federal Disability Tax Credit Certificate) olan yetkin adamlar
Qeyd edək ki, CDCP-nin bu ilin ortalarından etibarən yuxarıdakı kiteriyalara uyğun olmayan və gəliri aşağı digər vətəndaşlar üçün tətbiq ediləcəyi də gözlənilir.
Kimlər müraciət edə bilər?
Kanada Diş Baxımı Planına müraciət etmək istəyənlər aşağıdakı meyarlara cavab verməlidir:
- Diş Sığortası olmayanlar: Özəl və ya işəgötürən tərəfindən təmin edilən, həmçinin ailə üzvünə görə verilən diş sığortası olmayanlar, təqaüd və ya tələbə planı vasitəsilə verilən güzəştləri olmayanlar;
- Gəlir Məhdudiyyəti: Ailənin vergidən sonrakı gəliri 90,000 dollardan aşağı olanlar sözügedən proqrama uyğun gəlir;
- Rezidentlik: Müraciət edənlər Kanada sakinləri olmalıdır;
- Vergi Uyğunluğu: Əvvəlki il üçün vergi bəyannaməsi təqdim etməlidirlər.
Hansı xidmətlər daxildir?
Kanada Diş Baxımı Planı əsas diş sağlamlığı xidmətlərinin müəyyən bir hissəsini qarşılayır. Bunlar aşağıdakılardır:
- Diş müayinələri
- Rentgen çəkilişləri
- Təmizləmə
- Flüorid müalicəsi
Əsas Xidmətlər:
- Bərpaedici Baxım: Plomblar, boşluqlar üçün ağrı nəzarəti
- Endodontik Müalicə: Kanal müalicəsi və infeksiyanın qarşısının alınması
- Periodontal Baxım: Dərin təmizlik, abses müalicəsi və diş əti xəstəliklərinin müalicə olunması
Əsaslı Xidmətlər:
- Bərpaedici Prosedurlar: Taclar, tac təmir edilməsi (öncədən icazə tələb olunur – bu, o deməkdir ki, getdiyiniz diş klinikası öncə CDCP proqramını maliyyələşdirən qurumla əlaqə saxlayacaq, onlar icazə verdikləri halda, sözügedən xidmətləri göstərəcəklər)
- Protezlər: Tam və hissəli diş protezləri (öncədən icazə tələb olunur)
- Cərrahi Müdaxilə: Dişlərin və köklərin çıxarılması, kist və şişlərin götürülməsi, çənə sınıqlarının müalicəsi
Sedasiya və Anesteziya:
- Minimal sedasiya (şüurlu sedasiya)
- Orta səviyyəli sedasiya (öncədən icazə tələb olunur)
- Dərin sedasiya və ümumi anesteziya (öncədən icazə tələb olunur)
Ortodontik Xidmətlər:
Ortodontik xidmətlər 2025-ci ildə təqdim ediləcək və yalnız ciddi tibbi ehtiyaclar əsasında ciddi meyarlara uyğun əhatə olunacaq.
Maliyyə Dəstəyi və Birgə Ödənişlər
Kanada Diş Baxımı Planı diş müalicəsi xərclərinin bir hissəsini qarşılayır, lakin bəzi hallarda xəstələr əlavə ödəniş etməli ola bilərlər:
- Onların xalis gəliri 70,000 və 89,999 dollar arasında olduqda.
- Müalicə xərcləri Kanada Diş Baxımı Planının təmin etdiyi məbləği aşdıqda.
- Xəstə plana daxil olmayan xidmətləri seçdikdə.
Birgə Ödəniş Sistemi:
- Gəliri 70,000 dollardan aşağı olanlar: CDCP uyğun xidmətlərin 100 faizini qarşılayır.
- Gəliri 70,000 – 79,999-dollar arasında olanlar: CDCP uyğun xidmətlərin 60 faizini, xəstə isə 40 faizini ödəyir.
- Gəliri 80,000 – 89,999-dollar arasında olanlar: CDCP uyğun xidmətlərin 40 faizini, xəstə isə 60 faizini ödəyir.
Xəstələr, müalicəyə başlamazdan əvvəl diş həkimi ilə müzakirə apararaq potensial əlavə ödənişlər barədə məlumat almalıdır.
Uyğun Diş Həkimi Tapmaq
Qeyd edək ki, bütün diş həkimləri və diş sağlamlığı mütəxəssisləri CDCP sığortasını qəbul etmir. Seçdiyiniz diş klinikasına getməmişdən öncə zəng edib CDCP-ni qəbul edib etmədiklərini soruşa bilərsiniz.
Necə müraciət etmək olar?
Bu linkdən daxil olub məlumatları oxuya və sözügedən proqrama onlayn şəkildə müraciət edə bilərsiniz. Müraciət etdikdən sonra öncə CDCP-nin nömrəsi olan kağız, daha sonra kart qeyd etdiyiniz ünvana gələcək. Əlinizdə CDCP-nin nömrəsi olan kağız varsa, artıq diş klinikalarına müraciət edə bilərsiniz.
Bu ilin fevralın 7-nə olan statistikaya görə, Kanada üzrə artıq 3 milyon 329 min 199 nəfər CDCP proqramını əldə edib. Ümumilikdə, 9 milyon Kanada sakininin sözügedən proqrama müraciət edəcəyi gözlənilir. Proqram bir ildir həyata keçirilir.
Foto: ArtistGNDphotography, E+, Getty Images