Karyera konsultantı Pərvin Abdullayeva ilə Kanadada iş tapmağın, rezyume hazırlamağın incəliklərindən, ixtisas seçərkən diqqət edilməli məqamlardan danışdıq
Uzun illərdir Kanadada müxtəlif şirkətlərdə insan resursları üzrə mütəxəssis kimi çalışır və namizədlərin işəgötürmə prosesində iştirak edir. Kanadaya köçməmişdən əvvəl Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Misirdə psixoloq kimi fəaliyyət göstərib.
Müsahibimiz Pərvin Abdullayeva liderlik üzrə karyera təlimçisi olmaqla bərabər, karyera konsultantı kimi fərdi şəxslərə konsultasiyalar verir, onların potensialına, marağına, bazar şərtlərinə uyğun ixtisas seçmələrinə, rezyumelərinin hazırlanmasına yardım edir. Pərvin xanımla Kanadada iş tapmağın, rezyume hazırlamağın incəlikləri, ixtisas seçərkən diqqət edilməli məqamlar və s. barədə söhbətləşdik.
– Pərvin xanım, bir az özünüz haqda danışardınız. Neçə ildir Kanadadasınız və karyeranıza hardan başlamısınız?
– Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetinin psixologiya fakültəsini magistratura pilləsi üzrə bitirmişəm. Psixoloq fəaliyyətimi 10 ilə yaxın Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Misirdə davam etdirmişəm. 2010-cu ildən etibarən ailəmlə birlikdə Kanadanın Kalqari şəhərinə köçmüşük. Misirdə psixoloq kimi çalışdığım müddətdə insan resursları mütəxəssisləri ilə sıx əməkdaşlıq etməyə başladım. Bu əməkdaşlıq məndə İnsan Resursları (İR) sahəsinə böyük maraq oyatdı. Psixologiya sahəsindəki iş təcrübəmi insan resursları sahəsinə tətbiq etməyə qərar verdim. Bu müddət ərzində bir daha əmin oldum ki, hər iki sahə bir-biriylə sıx əlaqəlidir. Kanadaya köçdükdən sonra İR fəaliyyətimi daha da genişləndirmək qərarına gəldim. Bunun üçün Kalqari Universitetində oxuyaraq İnsan Resurslarının İdarəçiliyi sertifikatını əldə etdikdən dərhal sonra İşə qəbul etmə sahəsində çalışmağa başladım. O vaxtdan etibarən Kalqari şəhərində Manpower, Emerson, Kelly Services, Nutrien və s. şirkətlərdə, Kalqari Universitetində çalışdım. Hazırda LHH şirkətində fəaliyyətimi davam etdirirəm. 2023-cü ildə Royal Roads Universitetinin Executive Couching (icraçı təlimçi) proqramını bitirmişəm və hazırda həm də müstəqil olaraq liderlik üzrə karyera təlimçisi (Leadership Career Coach) kimi çalışıram. Həmçinin karyera konsultantı kimi ehtiyacı olanlara konsultasiyalar verirəm.
– Sizin timsalınızda karyera konsultantlarının işi nədən ibarətdir?
– Hazırda peşə seçimi cəmiyyətdə çox aktual məsələdir. Peşə seçimi ilə bağlı çoxlu suallarla qarşılaşıram. Hazırkı fəaliyyətim həm valideynlər, həm yuxarı sinif şagirdləri, həm də müəllimlərlə sıx əməkdaşlıq qurmaqdan ibarətdir. İşimdə ən çox önəm verdiyim məsələ şagirdlərin öz bilik və bacarıqlarına əmin olaraq düzgün seçim etmələridir. Peşə seçimi ilə əlaqədar təkcə yuxarı sinif şagirdləri ilə deyil, həm də ali məktəb tələbələri ilə də çalışıram. Birinci məqsədim gənclərin bilik və bacarıqlarını ortaya çıxarmaq, onların qarşısına çıxan maneələri aşkar etmək və bu sahədə onlara kömək ola biləcək resursları arayıb axtarmaqdır. Əlavə olaraq, həm də uzun illər hansısa sahədə peşəkar kimi fəaliyyət göstərən və özünü başqa sferada sınamaq istəyən peşəkarlarla da çalışıram. Onlara hazırda çalışdıqları sahədə qazandıqları bilik və bacarıqları yeni seçəcəkləri sferaya tətbiq etməyə də dəstək göstərirəm.
– Azərbaycanda ixtisası adətən 17-18, uzaqbaşı iyirmili yaşlarda seçib, ömür boyu bu ixtisas üzrə karyeranı qurursan. Kanadada isə vəziyyət fərqlidir. 30, 40, hətta 50 yaşlarında ixtisasını dəyişən adamlar var. Digər tərəfdən isə, Kanadaya orta yaşlarında gələn immiqrantlar əksər vaxtlarda öz ölkələrində qurduqları karyeralarını burada sıfırlamaq məcburiyyətində qalırlar. Orta yaşlarda karyera qurmağa çalışan həmyerlilərimizə nə məsləhət görərdiniz? Hansı incəlikləri nəzərə almalıdırlar? Yeni ixtisası, sənəti nəyə əsasən seçməlidirlər?
– Təcrübəmə əsaslanaraq qeyd etmək istərdim ki, ixtisas dəyişikliyi üçün heç bir yaş limiti yoxdur. Kanada buna bariz nümunədir. Buradakı fəaliyyətim dövründə nəinki immiqrantların, hətta yerli sakinlərin belə, müxtəlif yaş dövrlərində peşə dəyişikliyinin şahidi olmuşam. Biliyinizə, bacarığınıza, peşəkarlığınıza inanırsınızsa, bu addımı atmağa heç bir yaş həddi maneə ola bilməz. Əsas odur ki, potensialınız və istəkləriniz üst-üstə düşsün. Əlbəttə, bundan əlavə, imkanlarımızı da nəzərə almalıyıq. Kanada hökuməti müxtəlif proqramlar vasitəsilə ixtisasını dəyişmək istəyənlərə dəstək olur. Bu proqramlar immiqrantlara da şamil edilir.
Təzə gələnlərə birinci tövsiyəm odur ki, bacardıqları qədər ingilis dilini tez bir zamanda öyrənməyə, inkişaf etdirməyə başlasınlar. İkincisi, yiyələnmək istədikləri peşə barəsində araşdırma aparsınlar. Bu araşdırma gələcəkdə həmin şəxsin seçdiyi peşə üzrə fəaliyyət göstərməyində də böyük rol oynayır. Məsələn, siz özünüzü neft və qaz sahəsində görürsünüzsə, Alberta əyalətinə köçməyiniz məsləhətdir. Yaxud İT, iqtisadiyyat sahəsində çalışmaq fikrindəsinizsə, Ontario və ya Britiş Kolumbiya əyalətlərinə üstünlük vermək daha düzgün olar.
Peşə seçimində ixtisas araşdırması çox vacibdir. Bu araşdırma sizi nəinki hazırda mövcud olan peşələrdən, hətta gələcəkdəki peşələr və imkanlar barədə də məlumatlandıracaq.
– Konkret məsləhət bildiyiniz sahələr varmı?
– Mən onlarla ixtisas sahəsi sadalaya bilərəm, amma ilk növbədə adamın qabında nə varsa, oradan başlamaq lazımdır. Sizə bir misal çəkim. 15-20 ildir İT sahəsi çox populyardır və bu sahəyə potensialını dəyərləndirmədən atılan adamlar çoxdur. Sizə deyim ki, potensialı olmayan və küyə gedib bu sahəyə atılanlar, ya bakalavr, ya magistraturanı, ya elə işin özünü yarımçıq qoyub, sonadək davam etmirlər. Buna görə də psixoloq və karyera konsultantı kimi hər kəsə məsləhət görürəm ki, əvvəlcə öz potensiallarına, istedadlarına, maraq göstərdikləri sahələrə nəzər salaraq seçim etsinlər. Bu fikrim təkcə Kanadada deyil, digər ölkələrdə yaşayanlara da aiddir. İxtisas seçimində ilk addım adamın öz potensialını düzgün qiymətləndirməyindən keçir.
– Bu sualım xüsusilə immiqrantlarla bağlıdır. Kanadaya orta yaşlarda gəlib sıfırdan həyat qururlar və daha çox pul gətirən, yaxud təhsili daha asan başa gələn peşələri seçib bir müddət sonra peşiman olurlar. Peşiman olsalar da, 3 il, 5 il, 10 il, yaxud ömür boyu sevmədikləri işdə çalışanlar az deyil. Bu yolu seçən həmyerlilərimizə nə demək istəyirsiniz? Onsuz da doğmalardan uzaqda öyrəşmədiyimiz soyuq iqlimdə yaşayırıq. Bunun da üzərinə sevmədiyimiz sahədə çalışmaq nə dərəcədə düzgündür?
– Belə müştərilərim çox olub. Heç biri də öz həyatından razı deyildi. İnsan özünü incidərək müəyyən bir müddət, yaxud ömrünün sonunadək istəmədiyi peşə ilə məşğul olarsa, bu, onun psixologiyasına mənfi təsir göstərəcək. Bir psixoloq və ya karyera təlimçisi o insanlarla işləyib, onlarda özünə güvən yaratmalı, istədikləri, istedadlarına, bacarıqlarına uyğun sahələrə yönləndirməlidir. Çox istərdim ki, valideynlər əvvəlcədən uşaqlara pozitiv başlanğıc versinlər, onları istedadlarına uyğun sahələrə yönləndirsinlər. Təkcə azərbaycanlılar deyil, başqa millətlər də var ki, böyük övladının həkim, kiçiyinin hüquqşünas olacağını deyir. Əgər alınırsa, niyə də yox. Ancaq uşağın sözügedən sahələrdə nə istedadı, nə də istəyi yoxdursa, onu buna məcbur etməməliyik. Bu məsələdə valideynlər və müəllimlərlə işləməyirik. Hamımız bir-birimizə oxşamırıq, unikalıq, istedadımız, istəklərimiz, xarakterlərimiz də müxtəlifdir. Ona görə də hamımızı eyni sahəyə yönləndirmək düzgün deyil.
– Kanadada orta məktəblərdə şagirdlərə gələcək karyeralarını qurmaqda yol göstərən mütəxəssislərin işini necə qiymətləndirirsiniz? Sizin övladlarınız da bu xidmətdən istifadə edibmi?
– Burada bütün orta məktəblərdə şagirdlərin ixtisas seçiminə yardım etmək üçün karyera konsultantı fəaliyyət göstərir. Bu növ xidmət təkcə orta məktəblərdə deyil, universitetlərdə və müxtəlif qurumlarda da var. Nəzərinizə çatdırım ki, bu xidmətlər həm pullu, həm də pulsuz ola bilər. Yaşından, ixtisasından və dilindən asılı olaraq müxtəlif karyera konsultantları ilə əməkdaşlıq etmək mümkündür. Qızlarımın hər ikisi orta məktəbi burada bitiriblər və sevdikləri peşə üzrə fəaliyyət göstərirlər. Böyük qızım Kalqaridə psixiatriya üzrə həkim, kiçik qızım isə tibb bacısıdır. Onlar seçimi özləri edib.
Onu da qeyd edim ki, peşə seçimində karyera konsultantlarının məsləhətinə ehtiyac duymayan tələbələrə də rast gəlmək olur. Amma tələbələrin böyük əksəriyyətinin köməyə ehtiyacı olur.
– Pərvin xanım, uzun illərdir müxtəlif şirkətlərdə insan resursları üzrə mütəxəssis kimi çalışır və şirkətlər üçün işçiləri seçmə prosesində iştirak edirsiz. Kanadada rezyume hazırlayarkən nələrə diqqət etmək lazımdır?
– Rezyume, müraciət etdiyiniz işə uyğun qısa şəkildə təcrübənizi anlatmaqdır. 2-3 səhifədən artıq olmamalıdır və bir daha qeyd edim ki, sırf müraciət etdiyiniz işə uyğun olmalıdır. Tutaq ki, Azərbaycandan Kanadaya köçən mühəndissiniz və burada mühəndis işi axtarırsınız. Əgər hansısa şirkətin mühəndis axtarması ilə bağlı post gördünüzsə, o postdakı açar sözlərə fikir verməli və rezyumenizdə həmin sözləri işlətməlisiniz. Çünki şirkətlərdə rezyumeləri qiymətləndirərkən həmin açar sözlərə önəm verilir. Bundan başqa, bəzi böyük şirkətlərdə ilkin mərhələdə rezyumeni Süni İntellekt (Aİ) qiymətləndirir. Bu zaman Aİ həmin açar sözlər olan rezyumeləri seçir.
Həmçinin, təqdim etdiyiniz rezyumedə bu vaxta qədər işinizdə əldə etdiyiniz nailiyyətləri də qeyd etmək tövsiyə olunur. Məsələn, əgər hər hansı layihənin uğurla başa çatmasında iştirak etmisinizsə və sizin əməyiniz şirkətə gəlir gətiribsə, mütləq qeyd etmək lazımdır.
Bundan başqa, Kanadada işəgötürənlər rezyumedə könüllülük fəaliyyətinə diqqət yetirirlər. Bu cəmiyyətdə könüllülük xüsusi qiymətləndirilir. Əgər hansısa bir cəmiyyətə pulsuz kömək etmisinizsə, yaxud hələ də könüllü kimi fəaliyyətinizi davam etdirirsinizsə, bunu mütləq rezyumenizdə göstərməlisiniz.
Rezyumenin təqdimat hissəsində özünüzü necə təqdim etməyinizdən də çox şey asılıdır. Yeri gəlmişkən, müştərilərimə reyume yazmaqda da kömək edirəm.
Onu da deyim ki, Azərbaycandan fərqli olaraq Kanadada rezyumeyə nə şəkil əlavə edilir, nə də şəxsin doğum tarixi yazılır.
– Kanadada iş tapmaq üçün əlaqələr qurmaq (networking), sosiallaşmaq çox vacibdir. Yeni gələn immiqrantlar ətraflarını genişləndirmək üçün nə etməlidirlər?
– Kanadada ətrafınızın geniş olması çox vacibdir. Burada belə bir məsəl var ki, “nəyi bilməyiniz deyil, kimi tanımağınız önəmlidir”. Bu, həddən artıq vacibdir. İmmiqrantlar ətraflarını genişləndirmək üçün müxtəlif netvorkinq qruplarına müraciət edə bilərlər. Məsələn, bu məqsədlə bir il bundan əvvəl Azərbaijani Business and Social Community Network qrupunu yaratmışıq və Azərbaycandan gələn immiqrantları qrupumuza qoşulmağa dəvət edirik. Burada işlə bağlı suallarınızı peşəkarlara yönləndirə bilərsiniz.
Onu da qeyd edim ki, Kanadada şirkətlərdə belə bir ənənə var; işdən normal ayrılan peşəkardan yerinə təyin etmək üçün kimi məsləhət gördüyünü soruşurlar. Yəni həmin vakansiya kənara çıxmamış, elan getməmiş əvvəlcə bu üsulla vakansiyanı doldurmağa çalışırlar. Bu baxımdan dostlarınızın dostları, tanışlarınızın tanışları da sizin netvörkə daxildir və bundan maksimum istifadə etməyə çalışmalısınız.
– Pərvin xanım, əgər sirr deyilsə, xidmətləriniz ödənişlidir?
– Görəcəyim işdən asılı olaraq günün müəyyən hissəsini ödənişsiz çalışıram. Çox vaxt Kanadaya yeni gələnlər, yaxud gəlməyi planlaşdıranlar LinkedIn, Facebook üzərindən mənimlə əlaqə saxlayırlar. İlk söhbətimiz ödənişsiz olur. Həmin adamla daha çox və dərindən işləmək lazım olduqda, ödənişli xidmət göstərirəm.
– Sizcə, hər kəsə, xüsusilə də Kanadaya orta yaşlarında gələn immiqrantlara karyera mütəxəssisi lazımdır?
– Hər bir yaş mərhələsində insanın ixtisas seçməklə bağlı köməyə ehtiyacı ola bilər. Əgər siz 20 yaşında kim olmaq istədiyinizi 100 fazi bilirdinizsə və özünüzü o sahədə güclü hiss edirdinizsə, 10-20 ildən sonra immiqrant kimi üz tutduğunuz ölkədə hansı ixtisası seçməyin düzgün olacağını bilməməyiniz təbiidir. Peşəkar karyera məsləhətçisi tərəfindən verilən istiqamət karyeranızda böyük rol oynaya bilər. Gənc yaşlarda səhv seçim edib yenidən sizə uyğun ixtisasa dönmək rahatdır, amma bunu orta yaşlarda etmək və düzgün qərar verməmək vaxt itkisidir.