Yaxud 32 dərəcə şaxtada necə sağ qaldım…
Kanadada el arasında belə bir misal var: Heç vaxt 3 dablyuya (W) inanma (Never trust 3 W).
1-ci W havadır (Weather);
2-ci W qadınlar (Women);
3-cü W isə Sosial Müdafiə Nazirliyidir (Welfare).
Elə Kanadaya köçdüyümüzü bilən tanışlarımızın da ilk reaksiyası 1-ci W barədə olur: “Nə gözəl, amma ora soyuqdur, necə qalırsız?”.
Bu dəfəki yazımda soyuq Kanadada necə qaldığımızdan, daha dəqiq desəm, yaşadığımız şəhərin – Torontonun havasından, təbiətindən bəhs edəcəyəm.
32 dərəcə şaxtadan necə salamat çıxdıq
2019-cu il yanvar ayının sonu, Kanadada keçirdiyim ikinci qış idi. Torontoda yaşayan gənc anaların sosial şəbəkə qrupunda övladlarımızı yanvarın 31-də uşaqlar üçün təşkil olunmuş operaya aparmağı qərara aldıq. Tamaşaya bilet satışı xeyriyyə məqsədli olduğu üçün ürəyin istəyən qədər pul köçürməklə bilet əldə etmək mümkün idi. Mən də qeydiyyatdan keçdim. Yanvarın 30-da axşam qrupda xanımların, demək olar, əksəriyyəti hava şəraitinə görə operaya getməyəcəklərini yazdı. Qeyd edim ki, həmin gün üçün temperatur mənfi 32 dərəcə gözlənilirdi. Mən də artıq Kanadanın soyuğuna alışmış adam kimi düşündüm ki, burada nə var, biletimi almışam, gedim, bir də belə fürsət ələ düşməyəcək. 4 yaşlı qızımı və 9 aylıq oğlumu götürüb sərnişin nəqliyyatı ilə yola düşdüm. Avtobusla metroya getdim, metrodan ünvana təxminən 11 dəqiqəlik piyada yolum var idi. Metrodan çıxanda şəhərin mərkəzi olmasına baxmayaraq, bayırda tək-tək adamın gözə dəyməsi məni təəccübləndirdi. Əlcək taxdığım əlimlə ikili uşaq arabasını sürür, yalın əlimdə saxladığım telefonumdakı elektron xəritənin köməyilə ünvana doğru gedirdim. Birdən əlcək taxmadığım əlimi hiss etmədiyimi anladım. Türk dostlarımızdan birinin dedikləri və mənə o vaxt nağıl kimi gələn hadisə dumanlı şəkildə yadıma düşdü. Kanadanın hansısa soyuq əyalətlərinin birində dostumuzun qulağı az qalıbmış şaxtadan donub düşsün. Özümə görə deyil, iki körpə uşağa görə hədsiz dərəcədə həyəcan keçirdim. Uşaq arabasını qaça-qaça sürməyə başladım və qarşımda hava şəraiti ilə əlaqədar ehtiyacı olan insanların (xüsusilə küçədə yaşamağı seçənlərin) isinməsi üçün böyük bir maşının durduğunu gördüm. Yaxınlaşdım, qaçdığım üçün nəfəsim “qaralmışdı”, danışa bilmirdim. Köməyə ehtiyacımın olub olmadığını soruşdular, başımın hərəkəti ilə təsdiqlədim. Çay təklif etdilər. Başımı yelləyib, səsimi güclə çıxararaq, uşaq arabasını qarşıdakı kitabxana binasının içərisinə çatdırmaqda kömək istədim. Çünki gücüm heç qalmamışdı, yıxılmaqdan qorxurdum. Əlcəksiz, başıaçıq kanadalı xanım uşaq arabasını sürətlə sürdü və kitabxananın içərisinə çatdıq. Uşaqların açıq qalan sifətlərindəki bütün bədən üzvlərini, əlcəkdə olan əllərini, ayaq barmaqlarını dəfələrlə yoxladım. Donmamışdılar. Allaha o qədər şükür etdim ki…
Miqrantlar soyuğa necə alışır?
Amma dediklərim ürəyinizi “qırmasın”. Belə temperatur, gecələri çıxmaq şərtilə, Torontoda bu il gündüz vaxtı bir dəfə qeydə alınıb.
Qeyd edim ki, burada mənfi dərəcəyə keçid təxminən noyabrın sonundan başlayır və martın sonuna qədər davam edir. Dekabrın sonundan fevralın sonuna qədər ilin ən soyuq hava şəraiti qeydə alınır – gündüzləri tez-tez 10-15 dərəcə şaxta olur. Amma bir il burada qalandan sonra 10-15 dərəcə şaxta insan üçün 0-5 dərəcə şaxta kimi hiss edilir. Şəxsən mənim üçün belə oldu. Elə bu səbəbdən mənfi 32 dərəcədə uşaqlarla bayıra çıxmağa “ürək elədim”…
Bakıdan köçüb mənfi 10-20 dərəcəyə öyrəşməyə gəlincə, öz şəxsi təcrübəmə əsasən deyim ki, bircə qışdan sonra buna bədənin alışır, üstəlik, geyindiyin paltarlar köməyinə çatır. Belə ki, mənfi 30-35 dərəcəyə dözümlü üst geyimi, əlcək, uzunboğaz çəkmə geyinəndə heç bir problemin olmur, hətta gözlərin, burnun, ağzın istisna olmaqla, üzünü örtən yun üzlük də taxa bilərsən. İsti üst geyimin altından qısaqol köynək geyinmək kifayətdir…
65 gün 1 sm-dən qalın qar
Günəşi insanların qışda hansı tezlikdə görməsinə gəlincə, mənfi 20-30 dərəcə şaxtada belə, demək olar, həftənin 5 günü günəşi görürük. Bir sözlə, Torontoda insanlar günəş üzünə həsrət deyillər.
İlin təxminən 65 günü qarın qalınlığı 1 sm-dən çox olur.
Onu da qeyd edim ki, Toronto Kanadanın, Vankuver istisna olmaqla, digər şəhərlərinə nisbətən qışı daha mülayim keçən şəhəridir.
Qışda təxminən 2-3 dəfə qar fırtınası ilə də qarşılaşa bilərsiniz. Bu zaman bayıra çıxmaq məsləhət görülmür. Belə ki, bir gün öncədən KİV-də qar fırtınasının təxminən hansı saatlarda olacağı elan edilir.
Yollarda hərəkət dayanmır
Yollarda qarın hansı qalınlıqda yağmasından asılı olmayaraq, hərəkət dayanmır. Çünki qar təmizləyən maşınlar gecələri belə, durmadan avtomobil yollarına, səki təmizləyən maşınlar isə səkilərə duz tökdüklərindən yollarda problem yaranmır. Duz, maşınların ömrünü xeyli qısaltmış olsa da, qəzadan sığortalayır. Bundan başqa, avtomobil sahibləri maşınlarına mütləq qış təkərləri qoydurmalıdırlar. Bu, həm həyatınızı, həm də maşınınızı sığortalayır.
Torontoda iki fəsil var
Sakinlər Torontoda iki fəsilin olduğunu deyirlər: qış və yay. Həqiqətən burada payız və yazın ömrü çox qısa olur. Payız fəslində yarpaqları müxtəlif rənglərə çalan, yazda müxtəlif rəngdə çiçək açan ağaclara baxmaqdan doymursan. Amma həm payız, həm də yaz təxminən 1-1.5 ay çəkir.
Burada əksəriyyətin həsrətlə gözlədiyi yay fəsli isə iyunun ortalarında başlayır və sentyabrın sonlarına kimi davam edir. Amma hərdən havanın “üzü çönəndə” hətta iyulda da cəmi 5-10 dərəcə istilik qeydə alınır.
Bir gündə “yüz sifətə düşən” hava
Torontonun hava şəraiti Azərbaycanın ucqar yerlərinin havasını xatırladır. Belə ki, gün ərzində “yüz sifətə” düşür. Məsələn, iyunda səhər 7-8 dərəcə, günorta 30 dərəcə, axşam 8-10 dərəcə istilik qeydə alınır. Səhər şıdırğı yağan yağışı günorta qızmar günəş, arxasınca yenidən yağış əvəzləyir. Məhz buna görə bel bağlamayacağın 3 dablyudan (W) biri havadır.
Burada yaz və payız ayları ilə yanaşı, yayda da tez-tez yağış yağır. Hətta yayın ortasında yağan şıdırğı yağışa da rast gələ bilərsiniz. Adətən güclü yağış çox çəkmir, getdikcə azalır. Buna görə də leysan yağışda yaxınlıqdakı mağazada, kafedə 10-15 dəqiqə gözləyib yağış azalanda bayıra çıxa bilərsiniz.
Yayda ən isti hava günortaları təxminən 35, bəzən 40 dərəcə olur. Amma Toronto şəhəri Ontario Gölünün sahilində yerləşdiyindən yayda rütubət, insanlarda Bakıda olduğu kimi narahatlıq yaradır.
Torontoda hava haqqında məlumat saytı bəlkə də ən çox baş çəkilən saytlardandır. Belə ki, bu saytda (www.theweathernetwork.com) həftəlik və aylıq, həmçinin saatbasaat hava proqnozunu yoxlamaq olur. Buna görə adamlar növbəti saatlarda havanın necə olacağını bilib, rahat şəkildə əvvəlcədən tədbirlərini görürlər.
Şəhərdə maral?
Torontonun havasından söz düşmüşkən, bir az da təbiəti barədə məlumat verim. Bu şəhərin ən çox sevdiyim tərəfi yaşıllığıdır. Yay aylarında çoxmərtəbəli binadan ətrafa baxanda gözə ancaq sonsuza qədər uzanan yaşıllıq dəyir. Elə bil meşənin içərisində şəhər salınıb. Və bu şəhərdə binaların həyətində, parklarda dələlər qaçışır, kolun dibindən dovşan çıxır, göydə qartal uçur, hətta qış aylarında sübh ala-toranında metronun yaxınlığına qədər gələn canavar görmək mümkündür. Bir ucu yaşayış binalarının yanına kimi uzanan və meşənin içərisində salınan parklarda maral da gözə dəyə bilər.
Özünü qorumaq üçün spesifik qoxu buraxan skunklardan və əsasən gecələri binaların qarşısındakı zibil yeşiklərində yem axtaran porsuqdan isə hamı qaçır. Əgər, təsadüfən skunk qarşına çıxsa və özünü qorumaq məqsədilə ətrafa qoxu buraxsa, 3 gün boyunca suyun altında qalsan belə, bu qoxunu bədənindən asanlıqla çıxara bilməzsən.
Şəhərin müxtəlif yerlərində dəstə ilə gəzən vəhşi qaz gözünüzə dəyə bilər. Kanadanın rəmzi sayılan qazların ayağında dəmir yarlıq var. O deməkdir ki, bu qazlar qorunur və heç kim onları ovlaya bilməz. Ümumiyyətlə, burada dələni belə öldürə bilməzsən. Məsələn, dələlər həyətlərdəki meyvələri zövqlə yesələr də, ev yiyələrinin dələlərin kökünü kəsmək üçün həyətlərinə dərman qoymaq haqları yoxdur. Əks halda, onları külli miqdarda cərimə gözləyir.
Belə… Torontoda qış uzun sürsə də, yayda insanların hər həftə təbiət qoynuna çıxmaq, çəmənlikdə süfrə açıb ləzzətlə evdən gətirdiklərini yemək, sonra da elə otun üzərində uzanıb mürgüləmək, açıq havada müxtəlif oyunlar oynamaq – bir sözlə, təbiətlə iç-içə yaşamaq, təbiətdən zövq ala bilmək mədəniyyəti adama qışın sərt üzünü unutdurur. Ən azı, növbəti qışa qədər…