[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada tələbə olmaq üçün nə etməli?

Təhsil üzrə ekspert Ədalət Quliyev deyir ki, vizaya müraciət edən azərbaycanlıların 20 faizindən azı müsbət cavab alır

2019-cu ildə Amerika və Avstraliyadan sonra Kanada, beynəlxalq tələbələrin ən çox tərcih etdiyi üçüncü ölkə olub. Həmin il Kanadada təxminən 650 min əcnəbi tələbə təhsil alıb.

Qeyd edək ki, Azərbaycandan tələbə kimi Kanadaya gəlmək istəyənlərin əksəriyyəti viza müraciətlərinə rədd cavabı alırlar. Kanadada təhsillə bağlı suallarımızı EdviseCanada Consulting şirkətinin həmtəsisçisi Ədalət Quliyev cavablandırdı.                            

– Koronavirus təhsil sahəsindən də yan ötmədi. Hazırda vəziyyət necədir?  Kanada təhsil müəssisələrindən qəbul alan tələbələrin ölkəyə girişi mümkündürmü?

– Bəli, ötən ilin noyabrından etibarən dövlətin təsdiq və elan etdiyi bəzi təhsil müəssisələrinin, həmçinin dil kurslarının təhsil vizası olan (Study Permit) tələbələri ölkəyə giriş edə bilir. Qısa müddətli təhsil üçün verilən turist vizalı (SX-1) tələbələrin hələ ki ölkəyə girişinə icazə verilmir.

Vurğuladığınız kimi, pandemiya digər bir çox sahədə olduğu kimi, təhsil sahəsinə də mənfi təsir göstərdi. Yüz minlərlə tələbə distans təhsil almaq məcburiyyətində qaldı. Kanadaya qısa vəya uzunmüddətli gələn tələbə sayında azalma oldu ki, bu da iqtisadiyyata mənfi təsirini göstərdi.

Qeyd edim ki, Kanada ildə 150-200 min insanın təkcə dil öyrənmək məqsədilə gəldiyi ölkədir. 2019-cu ildə Amerika və Avstraliyadan sonra beynəlxalq  tələbələrin ən çox tərcih etdiyi üçüncü ölkə oldu. Həmin il Kanadada təxminən 650 min əcnəbi tələbə təhsil alırdı. Bir tələbənin illik ortalama 10 min CAD (CAD – Kanada dolları) xərclədiyini, 20 min CAD təhsil haqqı ödədiyini, ümumilikdə bir ildə Kanadaya təxminən 30-35 min CAD valyuta gətirdiyini düşünsək və bunu 650 min tələbəyə vursaq, çox böyük rəqəm alınır.

 

 Kanadada insanlar daha çox kolleclərdə oxumaqda maraqlıdır, həmçinin xaricdən gəlib burada təhsil yolu ilə qalmaq istəyənlərin əksəriyyəti də kollecdə oxumağa üstünlük verirlər. Kolleclə universitet təhsili arasında hansı fərq var?

– Son illər yaşı 25-35 arası olan, xüsusilə ailəli insanlar kollec təhsilinə daha çox  üstünlük verirlər. Kolleclə universitet arasındakı fərqə gəlincə, ilk növbədə kolleclərdə təhsil haqqı daha ucuzdur. Məsələn, Toronto daxilində tanınmış 5 dövlət kolleci və 3 universitet var. York Universitetində illik təhsil haqqı 25-35 min CAD, Ryerson Universitetində 28-40 min CAD, Toronto Universitetində 50-65 min CAD arasında dəyişilir.

Toronto daxilindəki kolleclərə gəldikdə, illik təhsil haqları 13-21 min CAD-dır. Qeyd edim ki, sadaladığım qiymətlər əcnəbi tələbələr üçün nəzərdə tutulub.

İlk növbədə, insanlar qiymət baxımından kollec təhsilinə üstünlük verirlər. Bundan başqa, sözügedən təhsil müəssisələrinin qəbul şərtləri universitetlərə nisbətən daha asandır. Kolleclərdə ixtisas çeşidi də çoxdur. Əlavə olaraq, universitetlərdə yalnız 3 pillə var – bakalavr, magistratura, doktorantura. Amma kolleclərdə 1 illik sertifikat proqramları, 2-3 illik diplom proqramları, 4 illik bakalavr və bakalavrdan sonra 1, yaxud 2 illik sertifikat proqramları var.

Kolleclərdə daha çox təcrübi, universitetlərdə isə araşdırma, nəzəri ağırlıqlı təhsil verilir. Gələcəkdə yollarını akademik yönümdə davam etdirməyi düşünməyənlər  birbaşa bazara, marketə hazırlayan kollecləri seçirlər. Eyni zamanda, dərs yükünə görə tələbələr kolleclərdə oxuyarkən daha rahat işləyə bilirlər. Bu baxımdan da kollec təhsili insanları cəlb edir.

Qeyd edim ki, Kanadada ümumilikdə 93 dövlət universiteti, 175 dövlət kolleci var.

– Azərbaycandan təhsil yolu ilə gəlib burada məskunlaşmaq istəyənlərə nə tövsiyə edərdiniz? Nə etsinlər ki vizalarına rədd cavabı gəlməsin?

– Tələbə vizasına rədd cavabı alan azərbaycanlıların rədd məktublarına baxsanız, ümumilikdə 3 səbəbi çox görəcəksiniz: 1. öz ölkəndə iş potensialı yoxdur. Yəni  Kanadaya gedirsənsə, öz ölkəndə iş imkanı olmadığına görə geri qayıtmayacaqsan; 2. Gediş səbəbi; 3. Maliyyə məsələsi.

2020-ci ildə Kanadada təhsil vizası ilə oxuyan azərbaycanlı tələbələrin sayı 200 olub. Bu o deməkdir ki, minlərlə müraciətçidən yalnız 200 nəfər viza əldə edə bilib.

Azərbaycanlıların viza almaq faizi az olduğundan (müraciət edənlərin təxminən 20 faizindən də azdır) yaxşı olar ki, ingilis, yaxid fransız dili seritifikatını Azərbaycanda alıb dil proqramına deyil, birbaşa ixtisas proqramına müraciət etsinlər. Qeyd edim ki, dil öyrənmək üçün buraya gələn insanlar adətən ailələli viza ala bilmir.

Həmyerlilərimizə digər tövsiyəm, viza ala bilmək üçün uyğun ixtisas seçsinlər. Məsələn, Azərbaycanda, yaxud başqa ölkədə mühəndislik ixtisasından son bir neçə ildə məzun olub burada tamamilə fərqli ixtisasa müraciət edirsinizsə, viza almaq ehtimalınız çox azdır. Doğrudur, insanlar ikinci karyeraya müraciət edə bilərələr, amma bunun üçün birinci karyerada kifayət qədər təcrübə lazımdır. Yəni universitetdən məzun olandan bir il sonra tamamilə əlaqəsiz ixtisas üçün müraciət etdikdə, Kanada dövləti sizə viza verməyəcək. Səbəb odur ki, sən birinci ixtisası təzə qurtarmısan və müvəffəq olmamısan, iş potensialın yoxdur. Amma 10-15 il işləmisiniz, artıq bu karyeradan yorulmusunuz və yeni karyera axtarırsınız. Bu zaman Kanadada fərqli proqrama müraciət etmək ağlabatandır.

Başqa bir tövsiyəm, aldığınız keçmiş təhsilin altında olan ixtisası seçməyin. Məsələn, kompyuter mühəndisliyini bitirmisinizsə, Kanadada bu ixtisasın alt  səviyyəsində olan iki illik diplom proqramına müraciət etməyin. Amma deyək ki, inşaat mühəndisisiniz və Kanadada sizin ixtisasınızla birəbir eyni olmayan inşaat proqramı seçmisiniz. Öz ixtisasınıza əlavə ixtisasartırma kimi bu, mümkündür. Yanlış seçim olanda konsulluq rədd cavabında adətən gediş səbəbinin uyğun olmadığını yazır.

Əvvəlki ixtisasınızdan tamamilə fərqi sahə seçərkən oxuya bilib bilməməyinizi də düşünün. Kanadada tələbələrin təxminən 50-55 faizi bir il oxuduqdan sonra ixtsaslarını dəyişirlər. Yəni Azərbaycandakı kimi hamı qəbul olduğu ixtisası sona qədər oxumur. İxtisas dəyişmək rahat olduğu üçün oxumaqda çətinliklə üzləşən tələbələr ixtisaslarını dəyişirlər.

Digər tövsiyəm oxuyacağınız ixtisas üzrə məzun olduqdan sonra Kanadada iş tapmaq ehtimalınızı düşünün. Elə bir ixtisas seçməlisiniz ki, Kanadada gələcəyi olsun. Gələcəyi olmayan ixtisas seçməyin heç bir məntiqi yoxdur. Daha sonra iş imkanı olmayacaqsa və siz bu məslək üzrə işləməyəcəksinizsə, niyə oxuyursunuz? Bu, həm pul, həm də vaxt itkisidir. Digər tərəfdən, Kanada dövləti müvafiq qaydada iki il təhsil alandan sonra 3 illik Məzuniyyət Sonrasi İş Vizası (PGWP) verir. İşçi vizası aldıqdan sonra 1-2 illik Kanada iş təcrübəsi əldə edənlər Ekspres Giriş (Express Entry) proqramına müraciət edib müvafiq proqram üzrə Kanadada daimi yaşayış kartı (PR) ala bilər. İş vizanız olduğu müddətdə oxuduğunuz ixtisasa uyğun iş tapa bilməsəniz, həyat yoldaşınıza işçi vizası verilməyəcək. İkincisi, təcrübənizi tamamlaya bilmədiyinizə görə Express Giriş proqramına müraciət edərkən kifayət qədər xal qazanmayacaqsınız. Express Giriş proqramında peşələrin kodları var. Marketinqi qurtarıb UBER-də sürücü kimi işləsəniz, bu, iş təcrübəsi sayılmır. Marketinqi bitirib, bizneslə bağlı hər hansı bir sahədə çalışsanız, bu, problem deyil.

– Qeyd etdiniz ki, uyğun ixtisas seçməyəndə vizaya yox cavabı almaq ehtimalı çox yüksəkdir. O zaman mümkündürmü, həmyerlilərimiz ixtisas seçimi zamanı keçmiş ixtisaslarına uyğun ixtisas seçib tələbə vizasına müraciət etsinlər. Kanadaya gələndən həmən, yaxud 1 ay sonra ixtisaslarını dəyişsinlər. Bu, təhsil vizasının ləğvinə gətirib çıxarmaz ki?

– Texniki olaraq bu, mümkündür. Kanada miqrasiya qanunlarına görə, heç bir maneə yoxdur. Hətta ilk bir ay içərisində oxuyub bəyənmirsə, təhsil haqqını qismən və ya tatamilə alıb fərqli kollec və universitetdə, fərqli ixtisasda oxuya bilərlər. Bircə problem ondadır ki, bəzi universitet və kolleclər aldıqları depoziti qaytarmır.

– Bəs buraya dil kurslarına gəlib, kursu bitirdikdən sonra Kanada daxilində hansısa ixtisasa müraciət edib təhsili davam etdirmək mümkündürmü?

– Bu, mümkündür. Azərbaycandan buraya gələn tələbələri 3 kateqoriyaya bölmək olar: 1. Azərbaycanda dil sertifikatını alıb birbaşa təhsil müəssisəsində hansısa ixtisasdan qəbul alan tələbələr; 2. Azərbaycanda aldığı dil sertifikatının balı kifayət qədər olmayanlar burada bir neçə ay dillərini təkmilləşdirib sonra universitetə davam edirlər; 3. Tamamilə dil biliyi olmadan birbaşa Kanadaya gəlib, 1-1.5 il ingilis dili, yaxud fransız dili təhsili aldıqdan sonra kollec və universitetlərdə oxuyan tələbələr.

Dil kursuna gələn tələbələrə dil kursunun davam etdiyi müddət çərçivəsində viza verilir. Daha sonra Kanada daxilində, yaxud Kanadadan çıxmaq şərtilə həmin vizanın müddətini uzatmaq olur. Əksər hallarda elə Kanada daxilində viza müddəti uzadılır.

– Ədalət bəy, bildiyimiz kimi, tələbələr də daxil olmaqla, Ontario əyalətinə miqrant axını  çoxdur. Necə düşünürsünüz, Kanadaya məskunlaşmaq məqsədilə gələnlər təhsil almaq üçün uzaq əyalətlərdəki, yoxsa Ontariodakı təhsil müəssisələrini seçsinlər? Uzaq əyalətlərə viza almaq və təhsili başa vurduqdan sonra miqrasiya məsələsini həll etmək  daha rahat olmazmı?

– Bəli. Uzaq əyalətlərdəki kolec və universitetləri seçəndə viza almaq şansı böyük şəhərlərə nisbətən daha yüksəkdir. Adətən uzaq əyalətlərdə iş tapmaq çətindir. Azərbaycanlı tələbələr işləməyi qarşılarına birinci şərt kimi qoyduqlarına görə uzaq əyalətləri, kiçik şəhərləri, insanların daha az məskunlaşdığı bölgələri çox tərcih etmirlər.

Uzaq əyalətlərdə təhsil alanlar bir az səbr edib oralarda qala bilsələr, miqrasiya proqramlarından daha rahat şəkildə faydalanmaq imkanı əldə edirlər. Məsələn, Nyu Brunsvik (New Brunswick) əyalətində magistratura pilləsini bitirdikdən sonra iş təcrübəsi olmadan birbaşa miqrasiya proqramına müraciət etmək mümkündür.  Amma Ontarioda magistraturanı bitirən məhdud sayda insana bu imkan yaradılır. Kənar əyalətlərin bir çoxunda belə bir limit yoxdur.

– Uzaq əyaləti seçib viza aldıqdan və buraya gəldikdən sonra fərqli əyalətdə təhsil almaq mümkündürmü?

– Kanadadakı hər hansı təhsil müəssisəsindən qəbul alan şəxsin buraya gəldikdən sonra proqrama başlamazdan əvvəl, yaxud başladıqdan sonra fərqli əyalətdə başqa bir universitetə, kollecə keçməyində qanuni olaraq hər hansı məhdudiyyət yoxdur.

– Kolleclərdə bir illik proqramlara qəbul alan həmyerlilərimiz də var. Bu zaman Kanada hökuməti təhsil müddəti bitdikdən sonra bir illik iş vizası verir. Bir illik iş vizası ilə Kanadada qalmaq üçün hansısa proqrama müraciət etmək çətindir. Üç illik iş vizası almaq üçün bir illik təhsildən sonra təhsili daha bir il də uzatmaq olarmı?

 – Bəli. 1+1 oxumaq mümkündür. Bir illik kollec təhsilindən sonra, daha bir il də istər həmin kollecdə, istərsə də başqa kollecdə fərqli ixtisas üzrə oxuya bilərlər. Bu zaman 3 illik iş vizası veriləcək və Kanadada yerləşməklə bağlı bir problemləri həllini tapmış olacaq. Amma ən yaxşısı budur ki, əvvəldən iki illik təhsilə müraciət etsinlər.

– Kanadada özəl kollec və universitetlər də var. Amma adətən özəl təhsil müəssisələrini tövsiyə etmirlər. Bu barədə təhsil konsultantı olaraq siz nə deyə bilərisniz?

– Bəli, adətən özəl kollec və universitetləri tövsiyə etmirik. Çünki özəl kollec və universitetlərin bir çoxu Məzuniyyət Sonrasi İş Vizası (Post Graduate Work Permit) vermək baxınımdan dövlət tərəfindən təsdiq olunmayıb. Bu zaman sözügedən təhsil müəssisələrinin məzunları olmuş insanlar təhsillərini başa vurduqdan sonra iş vizası (PGWP) ala bilmirlər. Təəssüflər olsun ki, tələbələr təhsillərini başa vurduqdan sonra bundan xəbər tuturlar. Buraya gəldikdən sonra xəbər tutanda isə ixtisas aldıqları təhsil müəssisəsini dəyişdikləri üçün pul itirirlər.

Qeyd edim ki, Kanadaya təhsil yolu ilə tələbə gətirən bir sıra şirkətlər müraciətçilərə IELTS, TOEFL olmadan Kanada kolleclərinə, universitetlərinə qəbul alacaqlarını, yaxud daha ucuz təhsil haqqı olan təhsil müəssisəsi tapacaqlarını vəd edirlər. Halbuki onlara Dil Şərtli qəbul alırlar və bu tələbələr dil proqramını oxumdan birbaşa ixtisasa başlaya bilmirlər. Bu şəkildə müraciətçilərə qəbul alıb buradakı özəl təhsil müəssisələrinə gətirirlər, sonra da həmin adamlar iş icazəsi ala bilmirlər. Həmin özəl məktəblərin bəziləri bir binada 2 mərtəbəni kirayələyirlər, cəmi 10 otaqları, 5 müəllimləri olur. Uzaqdan inandırıcı görünməsə də, Kanadada yalnız pul qazanmaq məqsədilə açılmış, keyfiyyətli təhsil verməyən bu cür təhsil müəssisələri də var.

– Kollec və universitetlərə qəbul üçün nələr tələb olunur?

-Kolleclərdəki bir illik sertifikat, iki illik diplom proqramları, 3 illik advanced diplom proqramlarına adətən attestat və IELTS-dən 6.0 bal tələb olunur. Qeyd edim ki, bu proqramlar üçün attestatda yüksək qiymətlərin olması tələbi qoyulmur.

Kolleclərin bakalavr proqramlarında IELTS-dən 6.5 bal və yekun qiymətləri 65 faizdən aşağı olmayan attestat istənilir.

Kolleclərdə bakalavr sonrası sertifikat (Graduate Certificate) proqramlarında IELTS-dən 6.5 bal və bakalavr diplomu tələb edilir. Bəzi hallarda iki illik kollec diplomu ilə də qəbul almaq mümkündür.

Universitetlərdə bakalavr pilləsi üçün İELTS-dən 6.5 bal və yekun qiymətləri 75, bəzən 85 faizdən aşağı olmayan attetat tələb olunur.

Magistratura pilləsinə qəbul almaq istəyən tələbələr İELTS-dən 7.0 bal yığmalıdırlar, diplomlarındakı qiymətlərin ümumi yekunu (GPA) 4-lük sistemdə 3-ün üzərində olmalıdır ki, müraciət edə bilsinlər. Kimsə 2.8-lə qəbul ala bilər, amma əsasən 3-ün üzərində olmalıdır. Humanitar fənlərdə əcnəbi tələbələr adətən 3.5-lə qəbul alırlar. Dəqiq fənlərdə aşağı GPA-lə qəbul almaq daha rahatdır.

PHD üçün isə magistr diplomu və İELTS-dən 7.5 bal lazımdır.

Bu biliklərdən başqa, bəzi ixtisaslarda portfolioya ehtiyac var. Məsələn, memarlıq, yaxud interyer dizayn ixtisası üzrə oxumaq istəyənlərin əl işlərinizdən ibarət portfolio da olmalıdır.

Hüquq və tibb Kanadada bakalavr sonrası təhsildir. Hüquq üçün əvvəl humanitar fənlərin də tədris edildiyi 4 illik bakalavr təhsili alırsınız. Daha sonra çox yüksək GPA-lə, səhv etmirəmsə, 3.75, 3.8 ilə hüquq fakültəsinə qəbul olursunuz. Tibb üçün də fizika, kimya, və ya biologiya üzrə 4 illik bakalavr oxuduqdan sonra imtahanla qəbul alırsınız. Bu baxımdan hüquq və tibb fakültələrinə qəbul olmaq çətindir.

Sözügedən fakültələr üçün illik təhsil haqqı 70-80 min CAD arasında dəyişir. Onu da deyim ki, həkim və vəkillik bu ölkədə ən çox gəlirli peşələr sayılır.

– Kollec, yaxud universtətə qəbul olan tələbələrə həftədə neçə saat işləmək icazəsi verilir?

– Kanadada kollec və universitetlərə qəbul olub, təhsil vizasında çalışma məhdudiyyəti ilə bağlı xüsusi qeyd olmayan tələbələr təhsil müddətində həftədə 20 saat istədikləri yerdə çalışma haqqına sahibdirlər. Tətillərdə isə, məsələn, yay tətilində 40 saat və daha çox işləmək iznləri var.

– Bakalavr və magistr pilləsi üzrə illik təhsil haqqı təxminən nə qədərdir?

– Ucqar əyalətlərdəki kolleclərdə bakalavr pilləsində illik təhsil haqqı 10-12 min, mərkəzə doğru 14-15 min CAD-dan başlayır. Universitetlərdə isə ixtisaslardan asılı olaraq təqribi 15-70 min CAD arasında dəyişir.

– Kanadada əcnəbi tələbələr üçün təqaüd proqramları barədə məlumat verərdiniz, zəhmət olmasa. Azərbaycanlıların bu proqramlardan yararlanması nə dərəcədə mümkündür?

– Kanadada təəssüflər olsun ki, əcnəbi tələbələr üçün çox geniş təqaüd proqramları yoxdur. Kollec və universitetlərin demək olar, bir çoxunda əcnəbi abituriyentlər üçün giriş təqaüdü var. Amma orta məktəbi həmin il qurtarmaq əsas şərtdir.

Bir də mövsümlük təqaüd proqramları olur. Bu zaman həmin proqramlarda Azərbaycanın adı bir il olsa da, digər il çıxarıla bilər.

Tam təqaüd almaq istəyənlər Kanada deyil, Amerika universitetlərinə müraciət etsələr, yaxşı fürsətlər əldə edə bilərlər. Kanadada da tam təqaüd var, amma çox azdır. Məsələn, Toronto Universitetində ildə 1, yaxud 2 nəfər tam təqaüd ala bilir. Amma tələbləri çox yüksəkdir. Orta məktəbi əlaçı kimi, bakalavrı qırmızı diplomla bitirməyiniz yetərli deyil. Bundan əlavə, sosial tərəfin ön plana çəkilməsi, yaxud hansısa idman növüylə professional şəkildə məşğul olmaq, ya da hansısa musiqi alətində çox yaxşı ifa edə bilmək kimi bir sıra tələblər var. Nəzərə alanda ki, 1-2 yerə yüzlərlə namizəd var, demək, təqaüdü alan xüsusi adam olmalıdır.

Bir də daxildən təqaüd imkanları var, çox yaxşı oxuyan tələbələrə universitetlər təhsil aldıqları müddətdə təqaüd verirlər.

– Burada kolleclərə və universitetlərə qəbul nə zaman başlayır? Və qəbuldan nə qədər öncə müraciət etmək lazımdır?

– Kanadadakı kollec və universitetlərdə 3 semestr var. Dərslər sentyabr, yanvar, yaxud may semestrində başlayır. Bir çox kollec və universitetdə ixtisaslardan asılı olaraq hər üç semestrdə qəbul mümkündür. Universitetlərə minimum 6-7 ay əvvəl, kolleclərə isə 4-5 ay əvvəldən müraciət etmək məsləhətdir. Çünki kollecdən qəbulun gəlməyi bəzən 1-1.5 ay çəkir, viza prosesi bəzən uzanır.

– Təhsil müəssisəsinə qəbul almaq viza almaq üçün yetərlidirmi? Viza almaq üçün hansı kriteriyalara cavab verməlisən?

– Kanada vizası almaq üçün üç təməl sacayağı var. Kanada konsulluğundakı viza verəcək məmuru 3 mövzuda inandırmaq lazımdır. Birinci mövzu niyə getdiyinizi,  səfərinizin məqsədini izah etməkdir. Bəzi həmyerlilərimiz Kanadadakı təhsil müəssisəsindən qəbul aldıqları halda, vizaya rədd gəlməsini anlamadıqlarını deyirlər. Bu, o deməkdir ki, sizin planladığınız və təqdim etdiyiniz gediş səbəbi viza almaq üçün uyğun deyil. Bir az əvvəl qeyd etdiyim kimi, 4 il mühəndislik ixtisasını oxumusunuz, indi mühəndisliyin alt qatındakı texnik ixtisası üçün müraciət etmisiniz. Yaxud universitetdən 15 il əvvəl məzun olmusunuz, hazırda dövlət məktəbində müəllim işləyirsiniz və ixtisasınızın ingilis dili ilə heç bir əlaqəsi olmadığı halda, Kanadaya ingilis dili öyrənməyə gəlirsiniz. Üstəlik, bu gəlişinizin məqsədini tam olaraq izah edə bilmirsiniz. Baxmayaraq ki, maddi imkanlarınız yerindədir, adınıza 3 yerdə ev, bankda çoxlu pulunuz var, Avropanı gəzmisiniz. Bunlar fərq etməz, birinci məsələ Kanadaya niyə getmək istədiyinizə inandırıcı, doğru-düzgün izah verməkdir.

Amerikaya vizadan fərqli olaraq, Kanadaya viza kağız üzərindən alınır. Kanadaya viza müraciətinizdə tələbinizi kağız üzərindən ifadə etdiyiniz üçün o sözlər elə seçilməlidir ki, sizin niyyət məktubunuzu oxuyan məmur Kanadaya niyə getdiyinizi anlasın. Qarışıq cümlələr olmamalıdır. İstəyinizi izah edərkən lazımsız sahələrə girməməlisiniz. Qısa, konkret olmalıdır və sizin məramınızı, məqsədinizi anlatmalıdır. Bunun üçün uyğun təhsil müəssisəsi, ixtisas seçimi, uyğun dövr olmalıdır. Məsələn, indiki dövrdə dil öyrənmək üçün gəlmək uyğunsuzdur. Çünki dil kursları onlayn işləyir.

İkincisi, Kanada konsulluqlarında ən çox diqqət edilən məsələ maliyyə məsələsidir. Kanadada təhsil almaq üçün kifayət qədər maddi baza göstərməyən tələbələrə viza verilmir. Kanada konsulluqlarının rəsmi saytlarında bir tələbənin illik yaşayış xərci 8 min CAD göstərilir. İllik 20 min CAD-lıq təhsil haqqı olan ixtisası oxumağa gələn subay bir tələbə bank hesabında 20 min CAD təhsil haqqı, 8 min CAD illik yaşayış xərci, üzərinə digər xərcləri gəldikdə, bank hesabında 30 min CAD-dan aşağı pul göstərərsə, viza ala bilməyəcək. Ola bilsin ki, min nəfərin içərisindən bir-iki nəfər alıb. Amma bu riski gözə almağa dəyməz. Azərbaycan kimi təhsil vizası almaqda çətinlik çəkən ölkə vətəndaşlarına tövsiyəm budur ki, bank hesablarında iki illik xərclərini göstərsinlər. Qeyd edim ki, Kanadaya tək gələcək ailəli insanlar buraya gəldikdən sonra ailəsinin Azərbaycanda yaşayış xərclərinə çatacaq miqdarda əlavə maliyyə göstərməlidir.

Kanada konsulluğuna bank məktubu son 3 və ya 6 aylıq bank mədaxil və məxariclərini göstərmək tövsiyə olunur. Viza verən məmur əmin olmaq istəyir ki, pul bir günlük faziə götürülüb banka yatırılmayıb, yaxud tanıdığın adamdan borc alınaraq hesaba qoyulmayıb.

Bank mədaxil və məxariclərini göstərmək əvəzinə, bankdan məktub almaq olar ki, “filan müştəri filan zamandan bizim müştərimizdir və bankda filan qədər pulu var”. Amma mədaxil və məxaricləri göstərməklə məmuru daha rahatlıqla inandıra bilərsiniz.

Üçüncü məsələ, təhsiliniz başa çatdıqdan sonra, ölkəni tərk edəcəyinizə dair işarələr verməlisiniz. Məmur, ailə bağları, sosial bağlar, öz ölkənizlə olan bağınızı görmək istəyir. Eviniz varsa, satmayın, göstərin. İşiniz varsa, məktub alıb viza üçün sənədlərinizin arasına qoyun.

Kanadaya təhsil vizası almaq üçün diqqət edilməli üç məqamdan başqa, kömək məqsədli bəzi işlər də görə bilərsiniz. Məsələn, Şengen vizasıyla Avropaya getməyiniz, hətta mümkündürsə, Amerika, yaxud İngiltərə vizası almağınız üstünlükdür.

Qeyd edim ki, Kanada konsulluqları düzgün hazırlanmış müraciətlərə adətən viza verirlər. Bir tələbənin bu ölkəyə gətirdiyi maddi valyutaya baxanda görərik ki, Kanada kimi ölkələr xarici tələbələr sayəsində ciddi gəlir əldə edir. Çünki əcnəbi tələbələr üçün təhsil haqqı yerli tələbələrin ödənişindən hardasa 3 dəfə çoxdur.

– Çox vaxt müraciətçilər birinci vizaya yox aldıqdan sonra ruhdan düşürlər. Bir neçə dəfə rədd cavabı alan adam sonda vizanı qazana bilərmi?

– Bəzi hallarda 3-cü, 4-cü dəfədən viza alan tələbələr var. Birinci, ikinci rəddən sonra sənədlərində düzəliş edib müraciət edirlərsə, qətiyyən ruhdan düşməsinlər.

– Kanadaya, konkret olaraq Ontario əyalətinə oxumaq icazəsi ilə gələn tələbənin hansı imtiyazları var? Əgər ailəsi və uşaqları ilə birlikdə gəlibsə, ailə üzvləri hansı imtiyazlara sahibdir?

– Kanadaya təhsil icazəsi ilə universitet və kolecdə hansısa ixtisas oxumağa gələnlərin həyat yoldaşlarına iş icazəsi (Open Work Permit) verilir. Ontario əyalətində yaşayırlarsa və valideynlərdən biri oxuyub, digəri işləyirsə, 4 yaşa qədər uşaqlarını subsidiya ilə (dövlətin pul yardımı ilə) bağçaya qoya bilirlər. Eyni zamanda, təhsil alan tələbənin həyat yoldaşı 6 aydan çox işləməyə başladıqda, Ontario hökuməti ailə üzvlərinin hər birinin səhiyyə ilə bağlı bütün xərclərini qarşılayır (OHIP kartı). Bu ailələr Ontarioda 18 ay yaşadıqdan sonra uşaq puluna müraciət edərək Kanada vətəndaşı kimi uşaq pulu alırlar. Aylıq uşaq pulu ailənin gəlirindən asılı olaraq 564 CAD-a qədərdir.

Təhsil alan tələbənin övladları 4 yaşından etibarən dövlət məktəblərində pulsuz təhsil alır. Qeyd edim ki, Ontario əyalətində əcnəbi şagirdlərdən dövlət orta məktəblərində illik 16 min CAD təhsil haqqı tələb olunur.

Amma bəzi əyalətlərdə magistratura təhsili alan əcnəbi tələbələrin övladları orta məktəblərdə pulsuz təhsil ala bilmək fürsətindən yararlana bilmirlər. Buna görə də insanlar universitet seçimində buna diqqət etməlidir.

– İngilis dilini öyrənmək, inkişaf etdirmək üçün gələnlərə iş izni verilirmi və bu məqsədlə gələn tələbələr ailələrini də gətirə bilirmi?

– Dil öyrənmək üçün gələn tələbələrə adətən dil oxuduğu müddətdə kampus xaricində iş izni verilmir. Bəzi hallarda universitetlərin dil fakultəsinə gələn tələbələrə bu məhdudəyyət qoyulmur.

Qanunda ailələrini gətirməklə bağlı heç bir məhdudiyyət yoxdur. Amma əvvəldə  qeyd etdiyim kimi, viza almaq çətin olur. Onu da qeyd edim ki, kolleclərin, universitetlərin nəzdindəki, yaxud ayrıca fəaliyyət göstərən dil kursunda oxumaq üçün gələn tələbələr məzun olduqdan sonra iş icazəsinə (PGWP) müraciət edə bilmirlər.

– Bir tələbənin yaşaması üçün aylıq nə qədər xərc tələb olunur? Buraya ev kirayəsi, kommunal xidmətlər, yemək, yol xərclərini də daxil etsək…

– Tələbələrin ən çox üz tutduğu Ontario əyalətində hər bir tələbə üçün aya 1000-1200 CAD yetərlidir. Bu pulla tələbə ayrıca evdə deyil, bir otağı kirayə götürüb otaq yoldaşları ilə qala bilər. Dediyim məbləğin içərisinə yemək, ictimai nəqliyyat, İnternet, telefon xətti və ev kirayəsi daxildir.

Tələbələr burada ailə yanında qala bilərlər. İnsanlar evinin 1 otağını bir əcnəbi tələbəyə kirayə verir, onunla birgə səhər və axşam yeməyi yeyir, həftə sonları birgə vaxt keçirir və təzə gələrkən tələbənin bank işi, telefonu, nömrəni haradan ala biləcəyini, ilk günlər ictimai nəqliyyatdan istifadə, təhsil aldığı müəssisəyə getməyinə kömək edir və bir ailə kimi yaşayırlar. Bu ailələrin hazırda Torontodakı tələbi 800 CAD-dır. Bu qiymətə sizə tək qala biləcəyiniz bir otaq, 2 öyün yemək, onlarla birgə vaxt keçirib dilinizi inkişaf etdirmək, Kanadadakı ailə mədəniyyəti, ailə strukturunu öyrənmək imkanı verir. Buraya mobil telefon xətti, günorta yeməyi, ictimai nəqliyyata aylıq verilən xərci də əlavə etsək, 1000-1200 CAD olur. Kanadada bu cür yaşayan 10 minlərlə tələbə var.

Bir çox şirkətlər bu işlə məşğul olurlar. Gedib ailələri tapır, onlarla birəbir görüşüb söhbətləşirlər. Müsahibədən keçən ailələri siyahıya alır və tələbələrə həmin ailələrdə qalmağı təklif edirlər.

– Ədalət bəy, son olaraq, Kanadada təhsilin keyfiyyəti barədə nə deyə bilərsiniz…

– Kanadada təhsil keyfiyyətlidir. Bunun üçün bir neçə arqument demək olar. Vurğuladığım kimi, Kanada dünyada  beynəlxalq tələbələrin tərcih etdiyi üçüncü ölkədir. Burada ümumilikdə 93 universitet var. Bir sıra kriteriyalarına görə dünyadakı universitetləri sıralayan böyük şirkətlərin siyahısında Kanada universitetlərinin 22-23-ü hər il ilk 500-lük siyahıya girir. Türkiyədən hər il maksimum 1-2 universitet bu siyahıda olur, hətta bəzən heç bir universitet olmur. Yaxud ilk min universitet arasında Azərbaycandan əksər hallarda bir dənə də universitet daxil ola bilmir. Kanadadakı universitetlərin 25 faizi bu sıradadır.

İkincisi, Kanadadakı 5 universitet dünya sıralamasında ilk 100 universitet arasındadır. Hətta Toronto Universiteti ilk 25-liyə daxildir.

Kanada universitetlərindən məzun olan insanların həm dünya miqyasında, həm ölkə daxilində ortaya qoyduğu işlərə baxanda, Kanadadakı təhsilin dünyada ilk 7 ölkə arasında yer tutduğunu düşünürəm.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp