[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadadakı icmalarımız Xocalı soyqırımı qurbanlarını yad edib

Kanadanın müxtəlif əyalət və şəhərlərindəki Azərbaycan icmaları Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirib.

                  Azərbaycan dili sinfi

Toronto Şəhər Təhsil Mərkəzinin Xarici Dillər Bölməsinin Azərbaycan dili sinfində də Xocalı faciəsi anılıb. Azərbaycan dili sinfinin müəllimləri Yeganə Cəfərova və Gülnar Nəsirova balaca həmyerlilərimizə Xocalı faciəsi ilə bağlı məlumat verib, eyni zamanda şagirdlər faciə ilə bağlı uşaq filminə baxıblar.

     Torontodakı Azərbaycan Evi

Torontodakı Azərbaycan Evində düzənlənən tədbirdə isə “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Xocalıyla bağlı şeir deyib, həmçinin hazırladıqları səhnəciyi təqdim ediblər. Məktəbin Azərbaycan dili və dram müəllimi Sevinc Quliyevanın rəhbərliyi ilə hazırlanan səhnəcikdə baba rolunu oynayan şagird “nəvələr”inin Xocalıyla bağlı ünvanladığı sualları cavablandırıb. Tədbirdə qonaqlar çıxış edərək sözügedən faciənin hələ də beynəlxalq səviyyədə tanınmamasından narahatlıqlarını bildiriblər. Faciə ilə bağlı sənədli film nümayiş olunub.

Hamiltonun Azərbaycan icması

Hamiltonun Azərbaycan İcması Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tədbir keçiriblər. Əcnəbi qonaqların da qatıldığı tədbirdə Xocalı faciəsinin qurbanlarını anıblar. Faciə ilə bağlı sənədli filmdən sonra koreyalı skripkaçının ifasında hüznlü Azərbaycan musiqiləri səsləndirilib.

     Kalqaridəki Azərbaycan icması

 

Kalqaridəki Azərbaycan icması da “Xocalı Soyqırımı: unudulmaması vacib olan faciə” adlı tədbirdə bir araya gəliblər. Faciə qurbanlarının xatirəsinə qoyulmuş skamyanın ətrafına toplaşan icma üzvləri Xocalı qurbanlarını anaraq Xocalıya ədalət istədiklərini səsləndirib, ötən əsrin ən qanlı faciəsi ilə bağlı faktları dilə gətiriblər.

Xatırladaq ki, aylarla mühasirədə saxlanılan Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə – bir gecənin içində yerlə yeksan edilib. Dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıllar olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp