Amerikanın alüminium idxalının 80%-ni Kanada qarşılayır
ABŞ Prezidenti Donald Tramp Amerikaya bütün ölkələrdən idxal edilən polad və alüminiuma 25 faizlik tarif tətbiq etməklə bağlı fərman imzalayıb. Martın 12-də qüvvəyə minəcək bu tədbirlər, əvvəllər güzəştli şərtlərlə ABŞ-a idxal olunan Kanada, Braziliya, Meksika, Cənubi Koreya və digər ölkələrdən milyonlarla ton polad və alüminiumu əhatə edəcək.
Qlobal ticarət müharibəsinə start
Meksika, Kanada və Avropa İttifaqı çərşənbə axşamı Trampın metal tariflərini pisləyib və dünyanın müxtəlif ölkələrində hökumətlər, yeni administrasiyanın daha çox rüsum tətbiq etməsi ehtimalına qarşı tədbirlər görməyə başlayıb. Bu vəziyyətin qlobal ticarət müharibəsinin qızışmasına gətirib çıxaracağından narahatlıqlar artıb.
Birləşmiş Ştatlardakı bizneslər də bu qərarın fəsadları barədə xəbərdarlıq ediblər, çünki bir çox istehsal sahəsində çalışan şirkətlər növbəti addımlarını planlaşdırmaqda çətinlik çəkir və Trampın bu tarifləri tam şəkildə tətbiq edib-etməyəcəyini müəyyən edə bilmirlər. Tarif artımının tədarük zəncirinə də geniş təsiri olacağı və bu materiallardan asılı olan bütün müəssisələrə təsir edəcəyi bildirilir.
Trudo: Kanadanın cavabı sərt olacaq
Tramp bazar ertəsi gecə fərman imzalayaraq alüminium üçün ABŞ tarif dərəcəsini əvvəlki 10 faizdən 25 faizə qaldırıb və ölkələrə verilən kvota razılaşmalarını, həmçinin yüz minlərlə məhsula aid spesifik tarif istisnalarını ləğv edib.
Meksikanın iqtisadiyyat naziri Marselo Ebrard bu tarif qərarını “əsassız” və “ədalətsiz” adlandırıb. O, Meksikanın ABŞ-dan idxal etdiyi polad və alüminiuma cavab olaraq tarif tətbiq edib-etməyəcəyi barədə açıqlama verməyib.
Kanadanın Baş naziri Castin Trudo (Justin Trudeau) isə bu tarifləri “qəbuledilməz” adlandırıb. Lazım gələrsə, Kanadanın cavabının “sərt və aydın” olacağını bildirib. O, bu fikirləri Parisdə keçirilən süni intellekt sammitində səsləndirib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Avropa İttifaqının yeni tariflərə qarşı “sərt və proporsional əks tədbirlər” görəcəyini açıqlayıb.
ABŞ kiçik və orta sahibkarlığına zərbə
ABŞ Metal İstehsalçıları və İstifadəçiləri Koalisiyası (CAMMU) xəbərdarlıq edib ki, praktik və işlək bir mexanizmin olmaması ABŞ istehsalçılarına, xüsusilə də kiçik və orta sahibkarlara ciddi zərər vuracaq. Çünki bu müəssisələr istehsal üçün lazım olan xammal və komponentlərə görə daha yüksək qiymətlər ödəməli olacaqlar.
ABŞ-ın alüminium idxalının 80%-ni Kanada qarşılayır
Amerikanın Dəmir və Polad İnstitutu məlumatına görə, 2023-cü ildə polad idxalı ABŞ-ın polad istehlakının təxminən 23 faizini təşkil edib və Kanada, Braziliya və Meksika ən böyük tədarükçülər olub.
2024-cü ildə ABŞ-ın əsas alüminium idxalının təxminən 80 faizi Kanadadan gedib.
Tramp həmçinin yeni Şimali Amerika standartı tətbiq edəcək. Bu standart polad idxalının Şimali Amerikada “əriyib və tökülməsini”, alüminiumun isə “əridilib və qəliblənməsini” tələb edəcək. Məqsəd minimal emaldan keçmiş Çin və Rusiya metallarının ABŞ-a idxalını məhdudlaşdırmaqdır.
Foto: Buena Vista Images / Getty Images