Son illər tez-tez icmamızdan kimlərinsə Kanadadan köçdüyünü eşidirik. Xüsusilə COVİD-19 pandemiyasından sonra başlayan köç ölkədəki iqtisadi vəziyyətin getdikcə pisləşməsi səbəbindən daha da intensivləşib. Səbəb təkcə iqtisadi vəziyyət, iş imkanlarının getdikcə azalmasıdırmı? Kanadanı tərk edən və Kanadada qalmağa ütünlük verən həmyerlilərimiz arasında apardığımız kiçik sorğunu sizə təqdim edirik.
“Kanadada evlər fantastik dərəcədə bahadır”
Ülfət İbrahimov 13 il Kanadanın Toronto şəhərində yaşayandan sonra bu il ailəsi ilə birlikdə Hollandiyaya köç edib. Qeyd edək ki, Kanadada Unilever, Walmart, Pepsi Cola şirkətlərində maliyyə analitiki kimi müxtəlif vəzifələrdə çalışıb. Kanadadan köçməyinin səbəblərindən biri evlərin qiymətinin fantastik dərəcədə bahalığı və ev sahibi olmağın, demək olar, mümkünsüzlüyüdür: “Bundan başqa, cinayət sayının çoxalması uşaqlı ailələrin Kanadanın böyük şəhərlərində yaşamasını təhlükəli həddə gətirib. Həmçinin qidaların keyfiyyətinin aşağı olmasına baxmayaraq, qiymətlərin bahalığı da xoşagələn deyil. Qış fəslinin sərt keçməsi və uzun çəkməsi də bu səbəblər sırasındadır. Vətəndən, valideynlərdən, doğmalardan çox uzaqda yaşamaq, aradakı məsafənin uzun olması baxımından istənilən vaxt vətəninə gedə bilməmək də insanı düşündürür”.
Təcili yardımda 5-6 saat növbədə gözləmək…
Ekspres Giriş (Express Entry) proqramı ilə bir müddət Kanadanın Saskaçevan əyalətinin Regina şəhərində, bir az da Ontarioda, Torontoda yaşayan müsahibimiz Elmarın (ad şərtidir, adının çəkilməsini istəmir) Kanada pasportunu gözləməyə səbri çatmayıb. Kanadaya PR (daimi vətəndaşlıq kartı) ilə gələn Elmar bu ölkədə bir ili tamam olmamış geri – Azərbaycana qayıdıb: “Pasport almaq üçün həm Toronto, həm də Reginada qalmağa cəhd etdim. Bir ilə yaxın müddətdə başa düşdüm ki, həm Torontoda, həm də Reginada yüksək bilikli immiqrantlar üçün iş imkanları çox azdır. Kanada dövləti məni Ekspres Giriş proqramı ilə qəbul etməsinə baxmayaraq, iş tapmaqda çətinlik çəkdim. Halbuli müraciət etdiyim vakansiyalar üzrə kifayət qədər təcrübəm, həm də ingilis dilim var idi”.
Kanadada narkomaniya və kriminalın yüksək olması da Elmarı narahat edən səbəblər sırasındadır: “Belə bir ölkədə uşaq böyütmək mənə təhlükəli göründü. Həmçinin Kanadanın böyük şəhərlərində ev almaq imkanları çox azdır. Hesab edirəm ki, 30 il ipoteka ödəmək azadlığımı əlimdən almaq, məni qandallamaq deməkdir”.
Səhiyyə sisteminin əlçatan olmaması da müsahibimizi narahat edən səbəblər sırasındadır. Deyir ki, təcili yardımda xəstələrin növbədə 5-6 saat gözləməsi, uzman-həkim yanına düşməyin aylar çəkməsi heç də ürəkaçan deyil.

“Kanadanın ruhu soyuqdur”
23 il Kanadada yaşayandan sonra 2021-ci ildə Türkiyəyə köç edən vokalist-müəllim Aygün Məmmədova Kanadadan köçmək üçün hər gününü sayırmış: “Kanadada çox yaxşı dostlarım, tələbələrim var. Kanadanın təbiətini çox sevirəm. Amma bütün ruhumla hiss edirdim ki, missiyamı tamamladım və getməliyəm. Bir gün övladlarım mənə dostlarının ailəliklə Kanadanı tərk etdiyi deyəndə, təəccüblə soruşdum ki, “siz gedərsiniz?”. Oğlum da, qızım da “hə” dedilər. Türkiyəyə köçməyi təklif etdim. Nəhayət yoldaşım da razılaşdı və köçdük. Kanada çox soyuq ölkədir, ruhu da soyuqdur. Bizim gözəl adət-ənənələrimiz var ki, uşaqlar böyüdükcə itməyə başlayır. Övladlarımın hər ikisi Türkiyəni çox sevdilər və qızım ailə olaraq həyatımızın ən düzgün qərarını verdiyimizi düşünür”.

Zəhmətkeş insanlar üçün sonsuz imkanlar…
Toronto şəhərində lazer klinikasının sahibi Gunel Adgözalova deyir ki, Kanada ona həyatını yenidən başlamaq üçün bir şans verib: “İlk vaxtlar çətin idi: yeni mühit, fərqli mədəniyyət, soyuq iqlim. Amma zamanla buranın dəyərini daha yaxşı anladım. Kanadada hər kəsin bərabər hüquqları var və zəhmətkeş insanlar üçün sonsuz imkanlar mövcuddur. Məni ən çox xoşbəxt edən nüans ailəmin təhlükəsizliyidir. Övladlarımın rahat və müasir təhsil müəssisələrində oxuması, parklar və ictimai məkanlarda sərbəst oynaması, gələcəkdə istədikləri karyeranı qurmaq üçün heç bir maneənin olmaması mənim üçün çox önəmlidir. Bundan əlavə, insanların tolerant və hörmətcilliyi, müxtəlif millətlərdən olan insanlarla birgə yaşamaq mənə həyatın fərqli tərəflərini öyrətdi”.
Günel üçün Kanada təkcə yaşamaq üçün ölkə deyil, həm də həyatını dəyişdirən məkandır: “Burada öyrəndim ki, insan istəsə, qarşısındakı hər bir çətinliyi aşıb arzuladığı hər şeyə nail ola bilər. Mənim üçün Kanada yalnız bir seçim deyil, bir ev oldu. Bu ölkə mənə xoşbəxtlik, rahatlıq və gələcəyə inam verir. Hər gün buranın bir parçası olduğum üçün özümü daha çox dəyərli hiss edirəm”.

“Bir qadın Kanadada Azərbaycandakı qədər hər addımda qınaq eşitmir”
Kanadanın Nyu-Foundland əyalətindəki Saint Johns şəhərində yaşayan Gülər Qasımova deyir ki, Azərbaycan hərtərəfli inkişaf etsə də, sivil vətəndaş cəmiyyətinin yaradılması üçün uzun illər lazımdır: “Üstəlik, çox güclü patriarx dominantlığı olan ölkədə qadının sivil vətəndaş cəmiyyəti qurulmasında iştirakı bir kənara qalsın, ən adi uğuru qazanması belə əziyyətlə başa gəlir. Kanadanı sevməyimin, burada rahat olmağımın səbəbi qadına dəstəyin hiss edilməsidir. İstər çalışan, istər evdar qadın, yaşından, irqindən, dinindən və dünyagörüşündən asılı olmayaraq, burada hər kəsin haqları qorunur. Bir qadın Kanadada Azərbaycandakı qədər hər addımda qınaq eşitmir, təzyiqlərə məruz qalmır. Burada da xoşagəlməz hallar olur, amma Azərbaycana nisbətdə çox azdır. Bir də orta yaşlardayam. Azərbaycanda yaşasam, bundan sonra ayda ən yaxşı halda 600 manat təqaüd almaq üçün çalışmalıyam. Kanadada isə hələ çox gəncəm və burada mənim milyon qazanmaq ehtimalım Bakıda o 600 manat təqaüdü almaq ehtimalımdan daha çoxdur”.
Sonda qeyd edək ki, Kanada Vətəndaşlıq İnstitutunun (The Institute for Canadian Citizenship) və Kanada Konfrans Şurasının hesabatında deyilir ki, ölkəyə gələn hər beş immiqrantdan biri 25 il ərzində ölkəni tərk edir və bu insanların təxminən üçdə biri ilk beş il ərzində köçür.