Emin Məmmədov hazırladığı xəncərlərlə Azərbaycan gömrük işçilərini çaşdırdı
Əsas işi mühəndislik olsa da, onunla hobbisindən danışdıq; silahsazlıq hobbisindən. Azərbaycanın qədim silahsazlıq sənəti ənənələrini yaşadan Emin Məmmədov özü təvazökarlıq edib etiraf etməsə də, peşəkar soyuq silah ustasıdır. Kanadada oxuyub sertifikat da alıb və Kalqaridəki emalatxanasında Azərbaycanın qədim dövrünə aid bıçaqlar, xəncərlər, qılınclar hazırlayır. Əl işlərini elə peşəkar hazırlayır ki, hətta iki il öncə Azərbaycan aereportunda gömrük işçiləri onu saatlarla saxlayıb hazırladığı qılıncın 18-19-cu əsrlərə aid antikvar olduğunu deyiblər…
Mühəndis, peşəkar soyuq silah ustası, UNESCO tərəfindən Parisdə təşkil olunan “Sülh naminə mədəniyyət” müsabiqəsində birinci yer tutan kanadalı həmyerlimiz Emin Məmmədovla yaxından tanış olaq…
– 1979-cu ildə Bakıda anadan olmuşam. Babam Azərbaycanın xalq artisti, tarzən Hacı Məmmədovdur. Təhsilimə gəlincə, Bakıdakı 160 saylı orta məktəbdə oxumuşam. Bakalavr təhsilimi indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geologiya üzrə, magistratura təhsilimi isə Almaniyanın Kiel Universitetində sahil mühəndisliyi ixtisası üzrə alımışam. Sonra Almaniyayla Azərbaycanın birgə layihəsi çərçivəsində 2005-2009-cu illərdə eyni universitetdə doktoranturanı bitirmişəm və eyni zamanda Azərbaycan və Almaniyanın diplomunu almışam. Ondan sonra uzun müddət xaricdə – Yaxın Şərqdə Misirdən başqa, demək olar, bütün ölkələrdə çalışmışam. Dubayda işim hərbi dəniz bazaları, süni adalarla əlaqəli olub.
– Maraqlıdır, təhsil aldığınız, çalışdığınız sahəylə uyğun olmayan bir işə – qədim soyuq silahların düzəldilməsinə necə başladınız?

– XIX əsrdə ulu babalarım bu işlə məşğul olub. Qohumlarımızdan Çar Rusiyasında deputat olanlar, həmçinin 1918-1920-ci illərdə ADR dövründə zabit kimi orduda çalışanlar olub. ADR dağılandan sonra orduda çalışan qohumlarımız Almaniyaya getməyə məcbur olublar. Burada da boş dayanmayıb, milli maraqlarımız uğrunda fəaliyyət göstəriblər. Əslimiz şamaxılıdır. 1905-ci ildə bolşeviklər Şamaxıya gələndə ulu babam ermənilərə qarşı müqavimət təşkil etdiyinə görə onun və anasının başını kəsmişdilər. Həmişə ulu babalarım ölkənin siyasi həyatında aktiv iştirak ediblər.
Mənim bu işə başlamağıma gəlincə, 14 yaşımdan muzeylərə maraq göstərirdim, kolleksiyalara baxmağı sevirdim və yavaş-yavaş məndə silah düzəltməyə maraq yarandı. Universtitetdə oxuyanda yay tətillərində Gürcüstana gedib orada bu sənətin texnikasını öyrəndim. Bu yola bərpa işləri görərək çıxdım. 20 yaşımdan isə özüm sərbəst şəkildə bıçaq düzəltməyə başladım, bıçaqdan sonra xəncərə keçdim. Beləliklə, bu işin həm ustasına, həm də həvəskarına çevrildim. Amma bu işlə sadəcə hobbi kimi məşğulam, əsas işim sahil mühəndisliyidir.
– Kanadada soyuq silah düzəltmək üçün lisenziyanız varmı?
– 2012-ci ildə Kanadaya köçəndə odlu silahların bərpası üzrə 3 aylıq kursa getdim və sertifikat aldım. Əsasən oyma sənəti ilə məşğulam.
– Silahları hazırlayanda müxtəlif ornamentlərdən istifadə edirsiniz. Onların Azərbaycanın hansı regionuna aid olduğunu necə müəyyənləşdirirsiniz? Hansı mənbələrə müraciət edirsiniz?
– Bu işin bilicisi olan müxtəlif ustaların yanında öyrənmişəm. Məlumatların 5 faizini xalçalarımızn naxışlarından almışam. Uzun illər antikvarlarla da əlaqə saxlayır, onlardan da öyrənməyə çalışırdım. Bakıda dərin bilikli bir antikvar var idi, ornamentlərlə bağlı mənə çox şey öyrədib. Muzeylərdən də nələrsə öyrənməyə çalışmışam. Təxminən bir il Tarix Muzeyinin indiki Silahlar və Bayraqlar Fondunun keçmiş müdiri Sona xanımın tələbəsi olmuşam. Öyrənməyə böyük maraq göstərdiyimi görüb mənə çox kömək edib. Bundan başqa, Azərbaycanı diyarbadiyar gəzib araşdırmalar aparmışam.
– Siz yalnız Azərbaycan soyuq silahları hazırlayırsınız, yoxsa başqa xalqların da silahlarını düzəldirsiniz?
– Mən başqa mədəniyyətə aid olmadığımdan, məsələn, yapon mədəniyyətinə məxsus silahı yaxşı düzəldə bilmərəm. Qədim silahlar hazırlamaq elə bir sənətdir ki, bunun enerjisini almalısan, başa düşməlisən, o vaxt babalarımızın necə döyüşdüyünü göz önündə canlandıra bilməlisən, özünə yaxın hiss etməlisən. Bunu başa düşməsən, xüsusi enerjini ala bilməsən, işin keyfiyyətli alınması mümkünsüzdür. Əhval-ruhiyyən də yaxşı olmalıdır. Pozitiv olmasan, nəticə yaxşı olmaya bilər.
– Maraqlıdır, materialları hardan alırsınız?
– Kalqaridə qızıl dəyişmə məntəqəsindən, həmçinin Meksikadan alıram.
– Hansı materiallardan istifadə edirsiniz?
– Müxtəlif materiallar işlədirəm, dəmir, polad, qızıl və s. Amma hazırladığım silahların əksəriyyəti gümüşdən olur.
– O zaman baha başa gələr…
– Qiymət barədə danışmaq istəmirəm. Amma işlər bahalı işlərdir. Hər bir silahın hazırlanması təxminən 2 ay çəkir, qılınc qını ilə birlikdə 3 aya başa gəlir. Odlu silahların üzərində müştərilərin istəyinə uyğun müxtəlif naxışlar da əlavə edirəm. Elə müştərilər var ki, silahın üzərində ölən itlərinin şəklinin çəkilməsini istəyirlər.
– Yei gəlmişkən, Kanadada əsasən kimlərdən sifariş alırsınız və nə istəyirlər?
– Kanadada əsasən polislərdən sifarişlər alıram. Polislər, təqaüdə çıxan həmkarlarına 10 ay, 1 il əvvəldən bıçaq, xəncər və s. soyuq silah sifariş edirlər. Polis əməkdaşı ilə bağlı məlumat da verirlər, hətta onların original olaraq haralı olduqlarını deyəndə, vətənlərindən ornamentləri də silahın üzərinə əlavə edirəm.
Şotlandiyadan bir sifariş almışdım və sifarişə əsasən, hazırladığım şotland bıçağının üzərinə onların ornamentlərini əlavə etmişdim. Bıçağı o qədər xoşlamışdılar ki, bu barədə professional video hazırlayıb “Scotish Dirk: A cultural link between Azerbaijan and Robertsons” (Şotland bıçağı: Azərbaycan və Robertsonlar arasında mədəni bağlılıq) başlığı altında YouTubda yerləşdiriblər.
– Ümumiyyətlə, Kanadada qədim silahlara maraq nə dərəcədədir?

– Böyük maraq var. Mən müxtəlif sərgilərdə həmişə öz əsərlərimi nümayiş etdirirəm və həmişə maraqla qarşılanır. Bu, adama xüsusi zövq verir. Çünki öz ölkəni, millətini, mədəniyyətini təmsil edirsən. Orta statistik kanadalı hazırladığın əl işini görsə, onda bir filmdən daha güclü təsir yarada bilərsən. Kanadalıları filmdən çox silahla cəlb etmək olar. Silahı kim hazırlayıb, silahı hazırlayan original olaraq hansı ölkədəndir, hansı millətin təmsilçisidir və s. kimi suallara cavab tapırlar. Bu, çox vacibdir. Həm mənəvi, həm də maddi baxımdan qazanırsan. Kalqaridə çox aktiv icmamız var, onlar da həmişə məni tədbirlərinə dəvət edirlər. Mən bu tədbirlərdə əl işlərimi nümayiş etdirirəm və böyük maraqla qarşılanır.
– Emin bəy, silah sənətkarlığı ilə bağlı beynəlxalq sərgilərdə iştirak etmisiniz?
– Bəli, bir sıra sərgilərdə iştirak etmişəm. Məsələn, 2021-ci ildə UNESCO tərəfindən Parisdə təşkil olunan “Culture for Peace” (“Sülh naminə mədəniyyət”) müsabiqəsində birinci yer tutmuşam. Rusiyada hazırladığım Şamaxı bıçaqları ilə laureat kimi yer qazanmışam. UNESCO-nun təşkil etdiyi müsabiqədə 11 erməni silahsaz iştirak edirdi. Azərbaycan adına isə yalnız Kanadadan mən qatılmışdım. Bu, məni çox təəssüfləndirdi. Azərbaycanda kifayət qədər bacarıqlı silahsazlar olsa da, heç biri qorxudan yarışa qatıla bilmədi.
– Heç tarixi filmlər üçün sifariş almısınız?
– Zeynalabdin Tağıyev haqqında çəkilən filmin 3-cü seriyasında mənim hazırladığım silahlar istifadə olunur.
– Kanadalılardan danışdıq, bəs Azərbaycandan şəxsi sifarişlər alırsınız?
– Çox az olur. Bunun da səbəbi silah göndərərkən Azərbaycan gömrüyündə problem yaradılmasıdır.
– Yerigəlmişkən, iki il öncə Azərbaycan aereportunda sizi saxlayaraq hazırladığınız qılıncın 18-19-cu əsrlərə aid antikvar olduğunu deyiblər…
– Bəli. Aldığım sifarişi Azərbaycana gedərkən özümlə apardım. Gömrük bəyannaməsində də öz əl işim olduğunu qeyd etdim. Düz 3 saat 20 dəqiqə məni aereportda saxladılar. Qılıncı, mənim düzəltdiyimə inanmırdılar. İnterneti açıb əl işlərimi göstərəndən sonra inansalar da, bu dəfə hazırladığım məhsulun həqiqi silah olmadığına dair Daxili İşlər Nazirliyindən arayış gətirməyimi tələb etdilər. Çox geridəqalmış bir sistemdir. Turizmin inkişafı üçün pullar xərcləyib yatırım edirlər, amma mövcud problemləri həll etmirlər. Mən hazırladığım soyuq silahı Azərbaycandan çıxarmırdım, Azərbaycana aparırdım. Onların nədən qorxduğunu başa düşə bilmirəm.
– Emin bəy, Azərbaycanda sizin sənətin davamçısı varmı?
– Var, amma Azərbaycanda bu sənətlə məşğul olanları incitdiklərinə, həbs etdiklərinə görə adlarını çəkmək istəmirəm. Hətta CBC kanalının Azərbaycan qədim silahları ilə bağlı hazırladığı verilişə də mən çıxdım, çünki problem yaratdıqlarına görə bu səhədə biliyi, bacarığı onlar üzə çıxa bilmirlər, ehtiyat edirlər.
– Azərbaycanda nəyi əsas gətirib bu sənətlə məşğul olanlara problem yaradırlar?
– Silah düzəltməyin qadağan olduğunu və 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələndiyini bildirirlər. Hansı ki, bu qədim sənəti daha da inkişaf etdirib Azərbaycana gələn qonaqlara, diplomatlara hədiyyə edə bilərlər. Qeyd edim ki, Səfəvilər dövründə belə bir ənənə var idi; ən yaxşı hərbçilərə şəmşir qılıncını hədiyyə edirdilər. Səfəvilərdən sonrakl hakimiyyətlərdə də bu ənənə davam etdi. Nadir şahın vaxtında silah ən qiymətli hədiyyə sayılırdı. Qacarlar dövründə silahları xaricə göndərib pul qazanmaqla yanaşı, xaricdən gələn qonaqlara əl işi olan soyuq silah bağışlayırdılar. İndi isə Azərbaycanda bu qədim sənəti davam etdirmək cinayət sayılır, silahsazlıq sənəti itib-barır… Danışanda, deyirlər ki, “belə qədim silahlarımız, belə tariximiz var”, amma nə üçün indiyə kimi normal məktəb yaranmayıb. Ümidvaram ki, Azərbaycan Mədəniyyət Nazirliyi bu işlə əlaqədar ciddi təklif irəli sürəcək, bu sənətin inkişafına imkan yaradacaqlar. Qonşu respublikalarda milli soyuq silahların düzəldilməsinə imkan verdikləri halda, bizdə icazə yoxdur. Çox istəyərdim ki, Azərbaycanın bu qədim sənəti itib-batmasın, Azərbaycan hökuməti səviyyəsində bu işə dəstək verilsin, ən azı heç olmasa, bəzi orqanlar istedadlı gənclərimizə mane olmasınlar və onlar Azərbaycanda yaşayıb yaratsınlar.
– Azərbaycanın qədim sənəti barədə ingilis dilində “The Azerbaijan armourer’s art” (Azərbaycan silah sənətkarlığı) adlı kitabın həmmüəllifisiniz…
– Bəli, bu kitabı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həmkarım Aleksandr Volovik ilə birgə hazırlayıb çap etdirmişik və kitabın satışından gələn gəlir Yaşat Fonduna gedir.
Azərbaycanda silah barədə çap olunan yeganə kitabdır ki, nəzəriyyəni deyil, praktiki silahdüzəltmə ixtisasnı əhatə edir. Əminəm ki, öz əlləriylə bu işi görən adam bu barədə daha yaxşı kitab yaza bilər, nəinki nəzəriyyəçilər. Ermənilər (məsələn, E.Astvatsaturyants – E.M.) hələ Sovet dövründən başlayaraq silah sənətkarlığı ilə bağlı cild-cild kitab buraxıblar…
Həmmüəllifi olduğum kitabda Azərbaycanı indiki ərazisi ilə deyil, Böyük Azərbaycan kimi göstərirəm. Qərbi Azərbaycan, Cənubi Azərbaycanda müxtəlif zamanlarda işləyən ustalar, onların möhürləri, qəbirlərinin harada olduğu və s. barədə də qeydlər var. Kitabda bütöv Azərbaycanın xəritəsi də yer alıb. O kitabda həm marqlı tarixi məlumat çoxdur, həm də bu işə başlamaq istəyənlər üçün çox maraqlı məlumatlar var. Bundan başqa, antikvar əşyalar alıb satmağı xoşlayanların da stolüstü kitabı ola bilər. Möhürlər, bıçaqlar, xəncərlər, kəmərlər barədə çoxlu dəyərli informasiya var.
– Emin bəy, hansısa muzeydə əl işləriniz varmı?
– Argentinadakı Silah Muzeyində əl işim var. Azərbaycan səfiri hazırladığım xəncəri Buones-Ayresdəki muzeyə bağışlayıb. Bundan başqa, Azərbaycanda Xalça Muzeyinə 12 şəxsi əl işimi bağışlamışam. Bağışladığım soyuq silahlar arasında Şah İsmayıl Xətai dövrünə aid “Şəmşir” qılıncı və Qaşqay xəncər dəstini 2000-ci illərdə polad, dəri, ağac, buynuz kimi materiallardan hazırlamışam. Tiyələrinin üzərində isə Azərbaycan sözü və öz adımı həkk etmişəm. Ümumiyyətlə, hazırladığım bütün silahların üzərində öz ad soyadımı və Azərbaycan adını yazmağa çalışıram. İstəmirəm, ermənilər 100 ildən sonra bu silahların onlara məxsus olduğunu desinlər. Təəssüflər olsun ki, qədim zamanlarda böyük zövqlə düzəldilən və Amerikaya, Avropaya qədər gəlib çıxan silahların üzərində ustalarımız öz imzalarını qoymayıblar. Üslub bizim olsa da, imza yoxdur deyə, ermənilər onları rahatlıqla öz adlarına çıxırlar.

– Deyəsən, Amerikada hərraca çıxarılan Azərbaycan soyuq silahlarını yüksək məbləğdə pul verərək alıb Azərbaycanda Xalça Muzeyinə bağışlamısınız…
– Amerikanın Ohayo ştatında keçirilən hərracda XVIII əsrin sonuna – Qacarlar dövrünə aid polad və tuncdan hazırlanmış 2 ədəd qalxanı alıb Xalça Muzeyinə bağışladım. Ermənilər çoxdandır belə şeylərlə məşğuldurlar. Onların imkanlı adamlıarı antikvarları alıb muzeylərinə hədiyyə edirlər. Ermənilərdə bu, ənənə halını alıb. Kanadada azərbaycanlıların sayı çox deyil, amma az da deyil, hətta burada ikinci nəsil yetişir. Onları elə tərbiyə etməliyik ki, vətənpərvər böyüsünlər və bu gün mənim etdiyimi, sabah gənclərimiz həyata keçirsinlər.