[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadalıların ABŞ-a uçuş sifarişləri 70 faiz azalıb  

Ticarət müharibəsi turizmə zərbə vurur

 ABŞ ilə Kanada arasında davam edən ticarət gərginliyi artıq öz təsirini göstərməyə başlayıb. Son statistik məlumatlara əsasən, kanadalıların ABŞ-a səfərləri kəskin şəkildə azalıb. Turizm sektorunun nümayəndələri bu tendensiyanı “fəlakətli” adlandırırlar.

Səfərlərdə 6.4 faiz azalma, uçuş sifarişlərində 70 faizdən çox geriləmə

CTV News-un yazdığına görə, 2024-cü ilin dekabrı ilə 2025-ci ilin yanvarı arasında Kanadadan ABŞ-a səfər edən sakinlərin sayı 6.4 faiz azalıb. Bu azalma, ABŞ-ın mart ayının əvvəlində tətbiq etdiyi yeni idxal tariflərindən əvvəl qeydə alınıb.

Səyahətləri analiz edən OAG şirkətinin baş analitiki Con Qrant bildirir ki, Kanada-ABŞ arasında uçuşlara olan sifarişlər 70 faizdən çox azalıb, bu da yay mövsümündə ciddi tənəzzülə səbəb olacaq: “Bu kəskin geriləmə göstərir ki, insanlar rezervasiya etməkdən çəkinirlər. Səbəb isə ticarət savaşının doğurduğu qeyri-müəyyənlikdir”.

Kaliforniyada gəlirlərin azalması və turizm sektoru üçün narahatedici rəqəmlər

Kaliforniyada yerləşən Visit California qeyri-kommersiya təşkilatı bildirir ki, Kanadadan gələn turistlərin sayında 15 faiz azalma gözlənilir. Təşkilatın prezidenti Karolin Betetanın sözlərinə görə, beynəlxalq ziyarətçilər Kaliforniyanın turizm iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır.

ABŞ Səyahət Assosiasiyası isə vurğulayır ki, Kanada ABŞ-ın bir nömrəli beynəlxalq ziyarətçi mənbəyidir. Yalnız ötən il 20.4 milyon kanadalı ABŞ-a səfər edib. Əgər bu rəqəmdə 10 faiz  azalma baş verərsə, təxminən 14,000 iş yeri və 2.1 milyard dollarlıq gəlir itirilə bilər.

Tur paketləri ləğv olunur

Kanadadakı tur operatorları ölkə boyu ABŞ səfərlərinə marağın azaldığını bildirirlər. Travac Tours şirkətinin sahibi Karl Gilder deyir ki, insanlar ABŞ-a getmək istəmirlər: “Tur paketlərini ləğv edənlər çoxdur. Biz əvvəllər Nyu-Yorka ildə 25-30 avtobus göndərirdik, bu il isə sıfır”.

Yeni Brunsvikdə yerləşən PT Tours da ABŞ istiqamətlərini təkliflərindən çıxardığını bildirib. Şirkətin sahibi Fillis LeBlanc bunu valyuta məzənnəsinin yüksəkliyi və Trampa qarşı güvənsizliklə izah edir.

Kanadalılar daxili turizmə yönəlir

Airbnb platformasının məlumatına görə, Kanadada daxili axtarışlar 20 faiz artıb. Bu, yerli turizmə dəstəyin artdığını və kanadalıların öz ölkələrini kəşf etməyə daha çox maraq göstərdiyini göstərir.

Mövcud gərginlik uzunmüddətli təsir edə bilər

ABŞ Beynəlxalq Turizm Assosiasiyası bildirir ki, bu proses yalnız qısa müddətli yox, uzunmüddətli tənəzzülə səbəb ola bilər. Təşkilat ümid edir ki, siyasi ritorika və ticarət savaşları turizm sektoruna qalıcı zərər vurmaz.

Foto: travelobiz

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp