TRUDO: “QARŞIDAKI HƏFTƏLƏR KANADALILAR ÜÇÜN ÇƏTİN OLACAQ, LAKİN AMERİKALILAR DA TRAMPIN VERDİYİ QƏRARDAN ƏZİYYƏT ÇƏKƏCƏKLƏR”
Kanadanın baş naziri Castin Trudo şənbə günü Ottavada keçirdiyi mətbuat konfransında bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın yeni tariflərinə cavab olaraq Kanada ABŞ-dan idxal edilən bir sıra məhsullara 25 faiz rüsum tətbiq edəcək.
Dünyanın ən uzun quru sərhədini paylaşan iki uzunmüddətli müttəfiq arasındakı münasibətlərin pisləşdiyi bir vaxtda Trudo mətbuat konfransında bildirib ki, Kanada ABŞ-dan idxal edilən 155 milyard Kanada dolları (107 milyard ABŞ dolları) dəyərində mallara tarif qoyulacaq. 30 milyard Kanada dolları dəyərində mala tarif fevralın 4-də – Trampın tariflərinin qüvvəyə mindiyi gün tətbiq olunacaq, qalan 125 milyard Kanada dolları dəyərində mala isə 21 gün ərzində rüsumlar tətbiq ediləcək.
TARIF TƏTBİQ EDİLƏN AMERİKA MALLARI
Trudonun açıqlaması, Trampın Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən gələn mallara isə 10 faiz tarif tətbiq edəcəyini bildirməsindən bir neçə saat sonra gəldi. Tramp həmçinin Kanadadan idxal edilən bütün enerji məhsullarına 10 faiz tarif tətbiq edəcəyini bildirib. İqtisadçılar bu qərarın ticarət müharibəsinə səbəb ola biləcəyini, qlobal iqtisadi artımı ləngidə və inflyasiyanı yenidən alovlandıra biləcəyini deyirlər.
Kanada baş naziri bildirib ki, tariflər ABŞ-ın pivə, şərab və burbon kimi içkilərini, həmçinin meyvə və meyvə şirələrini, o cümlədən Trampın doğma ştatı Floridadan gələn portağal şirəsini əhatə edəcək. Kanada həmçinin geyim, idman avadanlıqları və məişət texnikası kimi məhsulları da hədəfə alacaq. (Tam siyahı)
Trudo etiraf edib ki, qarşıdakı həftələr kanadalılar üçün çətin olacaq: “Lakin amerikalılar da Trampın verdiyi qərardan əziyyət çəkəcəklər. Kanadaya qarşı tariflər sizin iş yerlərinizi riskə atacaq. Amerika, avtomobil montaj zavodlarını və digər istehsalat müəssisələrini bağlaya bilər. Ərzaq mağazasında qida məhsullarından tutmuş yanacağa qədər hər şeyin bahalaşması sizin xərclərinizi artıracaq”.
Kanada hökuməti tariflərdən əlavə, başqa məsələlərlə, o cümlədən minerallar, enerji tədarükü və digər tərəfdaşlıqlarla bağlı mümkün addımları nəzərdən keçirir.
AMERİKAYA İXRACAT KANADADA 2.4 MİLYON İŞ YERİ DEMƏKDİR
Kanada hökumətinin 2023-cü il statistikasına görə, ABŞ-Kanada arasında 9,000 km uzunluğundakı sərhəddə gündə 2.5 milyard dollardan çox ticarət əməliyyatı – xüsusilə enerji və istehsalat sahələrində – həyata keçirilir.
2023-cü ildə Kanada ABŞ-a 550 milyard Kanada dollarına yaxın mal və xidmət ixrac edib ki, bu da onun ümumi ixracatının üçdə ikisindən çoxunu təşkil edir. Enerji ixracatı 30 faizini, istehsalat isə təxminən 15 faizini təşkil edib.
ABŞ-a ixracat Kanadanın ümumdaxili məhsulunun (ÜDM) təxminən 17.8 faizini və ölkədə 2.4 milyondan çox iş yerini əhatə edir.
TRUDEAU: “BUNU BİZ İSTƏMƏMİŞİK, AMMA GERİ ÇƏKİLMƏYƏCƏYİK”
Xarici işlər və maliyyə nazirlərinin də iştirak edtdiyi mətbuat konfransında Trudo, Kanada və ABŞ arasındakı illərlə davam edən ikitərəfli münasibətləri də xatırladıb: “Normandiya çimərliklərindən Koreya yarımadasının dağlarına, Flandriya tarlalarından Kandahar küçələrinə qədər biz sizin ən çətin anlarınızda yanınızda olmuşuq, birlikdə döyüşmüşük və canımızı fəda etmişik. Biz dünyanın ən uğurlu iqtisadi, hərbi və təhlükəsizlik tərəfdaşlığını qurmuşuq”.
Trudo kanadalıları yerli məhsulları almağa və ABŞ əvəzinə Kanada daxilində səyahət etməyə səsləyib. Baş nazir, “bunu biz istəməmişik, amma geri çəkilməyəcəyik”, – deyə çıxışında bildirib.
Kanada Statistika Komitəsinin son 4 ildə Kanadanın Amerika ilə beynəlxalq əmtəə ticarəti ilə bağlı statistikası.
İxracat: mlrd. CAD
İdxalat: mlrd. CAD