[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Uşaqlar üçün öyrədici və əyləncəli muzey – Little Canada (FOTOLARLA)

PR KARTI OLANLARA BİLET QİYMƏTLƏRİNDƏ 50 FAİZ ENDİRİM VAR

 Kanadanın zəngin mədəniyyəti və möhtəşəm təbiətini, ayrı-ayrı bölgələrini kiçik ölçülərdə kəşf etməyin ayrı bir zövqü varmış. Uşaqların həftəsonunu maraqlı keçirməsi üçün apardığımız Little Canada (Kiçik Kanada) muzeyi bizi də çox təəccübləndirdi.

Muzey Kanadanın müxtəlif bölgələrinin, şəhərlərinin möhtəşəm miniatür modellərini təqdim edir və ölkəni yeni və əyləncəli şəkildə kəşf etmək imkanı yaradır. Burada şəhərləri, məşhur yerləri və gündəlik həyatın miniatür təsvirlərini izləyə, bəzi hissələrlə interaktiv şəkildə tanış ola bilərsiniz. İncə detallarla işlənən modellərdən bəzilərinə verilən hərəkətlilik canlı təsiri bağışlayır. Adam özünü həmin məkandaymış kimi hiss edir.

3-4 SAATLIQ KANADA TURU

Torontonun mərkəzində (10 Dundas Street East) – Dundas metrostansiyasından ayaqla bir dəqiqəlik məsafədə yerləşən Little Canada muzeyi uşaqlarla yanaşı, böyüklərin də Kanadanı kəşf etməsinə yardımçı olur. Xüsusilə də Kanadaya yeni gələn, əyalətləri gəzmək şansı əldə etməyənlər üçün möhtəşəm məkandır. Muzeyi başdan-ayağa gəzmək, tarixi bilgiləri kəşf etmək təxminən 3-4 saatınızı alacaq.  Təxminən 45 min kvadrat fut (iki xokkey meydançası böyüklüyündə) sahəni əhatə edir. Burada CN Towerin 12 fut hündürlüyündə modeli və 40 mindən çox kiçik fiqur mövcuddur.

Little Canada uşaqlar üçün təkcə əyləncəli deyil, eyni zamanda öyrədici bir məkandır. Qeyd edək ki, tikililərin, məşhur yerlərin üzərində məkanların tarixi də qeyd edilib.

MUZEYDƏ HANSI BÖLMƏLƏR VAR?

Little Canada müxtəlif bölmələrə ayrılıb və hər biri Kanadanın fərqli bölgələrini əks etdirir. Hər bir bölgənin həm gecə, həm də gündüz həyatını əks etdirir.

KİÇİK NİAQARA

Bu bölmə, Kanadanın ən məşhur təbiət möcüzələrindən biri olan Niagara şəlaləsini inanılmaz detallarla canlandırır. Niaqara şəlaləsinin güclü su axınları, ətrafdakı turistik obyektlər və hətta məşhur Hornblower kruiz gəmisi miniatür formatda təqdim olunur. Ziyarətçilər şəlalənin səsi və suyun axışını duya biləcəkləri xüsusi effektlər sayəsində özlərini Niaqara şəlaləsindəymiş kimi hiss edirlər.

kanada kuzeyKİÇİK TORONTO

Kanadanın ən böyük şəhərlərindən olan Torontonun ikonik yerlərini və canlı atmosferini miniatür ölçülərdə canlandırır. CN Tower, Rogers Centre, Nathan Phillips Meydanı və Union metro stansiyası kimi məşhur yerlər inanılmaz detallarla əks olunub. Dundas Meydanı, Yonge küçəsi şəhərin real həyatını hiss etdirən kiçik insanlar və hərəkət edən avtomobillərlə canlandırılıb.

KİÇİK OTTAVA

Parlament Təpəsi (Parliament Hill), Rideau Kanalı, Fairmont Chateau Laurier hoteli və Kanadanın Ali Məhkəməsi kimi ikonlaşmış yerlər miniatür formada canlandırılıb. Paytaxtın müasir və tarixi arxitekturası, möhtəşəm təbiət mənzərələri və hökumət binaları ziyarətçiləri valeh edir. Burada, Kanadanın siyasi və mədəni mərkəzi olan Ottavanın dinamik həyatını kəşf edə, şəhərin tarixi və görməli yerləri haqqında məlumat əldə edə bilərsiniz.

KİÇİK KVEBEK

Kanadanın fransız ruhunu yaşadan ən gözəl şəhərlərindən biri olan Kvebek şəhərinin tarixi və memarlıq möcüzələri incə detallarla əks etdirilib.

Ziyarətçilər Chateau Frontenakın möhtəşəm görüntüsünü, Petit-Champlain küçəsinin dar və daş döşənmiş yollarını, Kvebek qala divarlarını və Plains of Abraham kimi tarixi məkanları miniatür ölçüdə kəşf edə bilərlər. Saint Laurenc çayı boyunca uzanan mənzərələr və Avropa üslubundakı tikililər Kvebek şəhərinin gözəlliyini tam əks etdirir.

KİÇİK VANKUVER

Britaniya Kolumbiyasının ən böyük və ən dinamik şəhərlərindən olan Vankuverin mini versiyasını təqdim edir. Burada Qərb sahilinin nəfəskəsici təbiəti, şəhərin müasir memarlığı və liman həyatının canlı atmosferi incə detallarla əks etdirilib.

Ziyarətçilər Stanley Parkın yaşıllıqlarını və Capilano asma körpüsünü miniatür ölçüdə görə bilərlər. Lions Gate Bridge və Vankuver Harbourdakı gəmi trafikini izləmək, şəhərin Sakit Okean sahilindəki əsrarəngiz mövqeyini hiss etməyə imkan yaradır.

KİÇİK WEST COAST

Bu bölmə isə Britaniya Kolumbiyası və qərb sahillərinin füsunkar mənzərələrini təqdim edir. Burada Vankuverin göydələnləri, sahil dağları, sıx meşələr və Sakit Okeanın sahil xətti mini formatda canlandırılıb. Qonur ayılar, balina seyr edən qayıqçılar və yerli mədəniyyətin elementləri Qərbi Kanadanın təbiət möcüzələrini və şəhər həyatını bir araya gətirir.

KİÇİK EAST COAST

Bu bölmə Kanadanın Atlantik sahillərinə səyahət hissi yaşadır. Burada Yeni Şotlandiya, Nyufaundlend və Labrador, Yeni Brunsvik və Şahzadə Edvard Adası kimi bölgələrin dəniz mənzərələri, tarixi binaları və məşhur balıqçılıq kəndləri incə detallar ilə əks olunub. Balıqçı qayıqları, mayaklar və dalğaların sahilə çırpıldığı liman mənzərələri Şərqi Kanadanın xüsusi  atmosferini yaşadır. Hətta Nyufaundlenddə şiddətli külək olanda binaların lövbər vurması da əks etdirilib.

BİLET QİYMƏTLƏRİ – AİLƏ GÜNÜYLƏ BAĞLI ENDİRİM

Fevralın 14-17-si aralığında Ailə Günü ilə əlaqədar uşaqlar, tələbələr və təqaüdçülər üçün biletləri 50 faiz endirimlə bu linkdən ala bilərsiniz.

Böyüklər – $36 + HST

Tələbələr – $28 + HST (Ailə günündə $14 + HST)

Uşaqlar (2-12 yaş) – $22 + HST (Ailə Günündə $11 + HST)

Təqaüdçülər (65+) – $28 + HST (Ailə Günündə $14 + HST)

 

PR KARTI OLANLARA 50 FAİZLİK ENDİRİM

PR kartı olanlar bileti bu linkdən onlayn 50 faiz endirimlə ala bilərlər. Amma muzeyin girişində PR kartı göstərmək şərtdir. Əks halda muzeyə buraxılmayacaqsınız.

Sonda qeyd edək ki, muzeyin qurucusu, 1999-cu ildə Kanadaya köçən Jean-Louis Brenninkmeijerdir. O, 2011-ci ildə Little Canada konsepsiyasını yaradıb və 5 avqust 2021-ci ildə muzeyin açılışı olub. Little Canada, nəinki uşaqların, böyüklərin də maraqla izləyəcəyi və eyni zamanda öyrənəcəyi muzeydir.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp