[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Gözləntilərinizi o qədər aşağı salmalısınız ki, buraya gələndə şok yaşamayasınız”  

Kanadaya haqq aramaq üçün gələn Aynur Yusifovanın hekayəsi

Araşdırma etmədən Kanadaya gəlməməyi məsləhət görür. Bir də psixoloji olaraq bütün çətinliklərə hazırlıqlı olmağın vacibliyini vurğulayır. Deyir ki, gələn kimi iş tapa bilməyəcəyinizi, pula qənaət etmək üçün hər uşağınızın ayrıca otağının olmayacağını, təzə gələndə ikinci əl ev əşyaları alacağınızı, bina evində yaşasanız, bütün bina sakinləri ilə eyni paltaryuyan maşın paylaşacağınızı və s. göz önünə almalısınız. Müsahibimiz Aynur Yusifova 6 il əvvəl ailəsi ilə birlikdə təhsil yoluyla Kanadaya gəlib və cəmi 2 il sonra daimi oturum (PR) alıb. Gələrkən hansı çətinliklərlə üzləşib, PR-ını necə alıb və s. kimi suallarımızı təcrübəsinə əsaslanaraq cavablandırdı…

Qeyd edək ki, hazırda Aynur AyEduCa Təhsil və Karyera Şirkətinin rəhbəridir. Beynəlxalq tələbələrə və Kanadada daimi oturum izni olan sakinlərə Kanada təhsil müəssisələrində düzgün ixtisas və karyera seçimlərində yardımçı olur.

Kanadaya haqq aramaq üçün gəldim

– Aynur, Kanadaya 6 il əvvəl tələbə kimi gəldiniz və artıq Kanada vətəndaşısınız. Bu yol çoxmu çətin oldu?

– 2016-cı ildən Kanadaya gəlmək barədə düşünürdük və bu yöndə planlarımızı qurmağa başladıq. Müxtəlif proqramları gözdən keçirdik və sonda təhsil yolunun bizə uyğun olduğuna qərar verdik. 2018-ci ildə magistraturaya qəbul aldım. Viza məsələləri uzun çəkdiyi üçün təhsilimi 2019-cu ilin yanvarına keçirtdik. Onu da deyim ki, Azərbaycandan çox uzaq və fərqli bir ölkədə yaşamağın çətin olacağını bilirdik – hər şeyə psixoloji, mənəvi, maddi cəhətdən hazır idik. Kanadayla bağlı hər şeyi araşdırıb bu yola çıxmışdıq. Amma əksər immiqrantlardan fərqli iki gözləmədiyim çətinliklə qarşılaşdım. Birincisi, 5 yaşlı oğlumu Azərbaycanda qoyub gəlmişdik və bunun bir ana kimi mənə nə qədər mənəvi əzab verəcəyini düşünməmişdim. Məqsədimiz o idi ki, Kanadaya gəlib ev tapaq, hər şeyi yoluna qoyaq, sonra uşağı gətirək. 6 ay oğlumdan ayrı qalmağımı hələ də özümə bağışlaya bilmirəm.

İkinci çətinliyə gəlincə, Azərbaycandan çıxmaq məqsədim işdə haqsızlıqla qarşılaşmağım idi. Kanadada haqq tapacağıma ümid edirdim. Bununla bağlı bir hadisə danışım. Oxuduğum təhsil müəssisəsinə gedəndə  yolumun üstündə oturan əqli problemli adam dayanmadan, təkrar-təkrar belə bir cümlə işlədirdi “Nothing changes, nothing changes” (“Heç nə dəyişmir”) və mən bunu ciddiyə almırdım. Bir-iki ay sonra Kanadada kirayə ev götürərkən baş verənlərdən, müxtəlif ölkələrdən gələn immiqrantlar, yaxud yerli kanadalılar tərəfindən haqsızlığa uğrayandan sonra başa düşdüm ki, həqiqətən də heç nə dəyişmir və dünyanın hər yerində hər şey eynidir. Azərbaycandakı haqsızlıqlar burada da davam edir. Yaşadıqca addımbaaddım bunun şahidi oldum. 6 il müddətində istər dövlət qurumlarında, istər iş yerlərində haqsızlıqla qarşılaşdım. Belə başa düşdüm ki, haqq aramaq məqsədilə çıxdığım bu yolda haqsızlığa uğradım və yenə də uğrayacağımı bildiyim üçün artıq bu gözləntimi  aşağı saldım. Anladım ki, həqiqətən dünyanın harasına gedirsən get, insan faktoru varsa, heç nə dəyişmir. Sadəcə, haqsızlıqların öhdəsindən gəlmək üçün güclü olmaq lazımdır.

“İmtahanlar qızımın anadan olduğu ərəfəyə düşürdü”

– Kanadaya gələndən sonra qəbul aldığınız təhsil müəssisəsini dəyişdiniz…

– Peterburoda Trent Universitetində Təhsil üzrə magistratura pilləsinə qəbul almışdım. Çünki Azərbaycanda müəllimə idim. Kanadada vizaya müraciət edəndə gərək təhsil alacağın ixtisas Azərbaycandakı işinə, yaxud aldığın təhsilə uyğun olsun ki, viza işində problem yaranmasın.

Təhsil müəssisəsini dəyişməyimə səbəb magistraturaya qəbul alandan sonra ikinci dəfə ana olacağımı öyrənməyim idi. 2019-cu ilin yanvarında təhsil almaq üçün Kanadaya gəldim və övladım 2019-cu ilin aprelində dünyaya göz açmalı idi. Təhsil vizası ilə gələnlərə analıq məzuniyyəti verilmir. Qəbul aldığım universitetin Beynəlxalq tələbələrlə iş departamentində təhsilimi yarımçıq qoya bilməyəcəyimi dedilər. Üstəlik, əsas imtahanlar qızımın anadan olduğu ərəfəyə – aprel ayına düşdüyündən imtahanları keçməsəm, pulumu itirəcəkdim. Buna görə məcbur qalıb təhsilimi Seneka Kollecinə (Seneca College) dəyişdim. Oxuyacağım ixtisas üzrə qəbul mayda deyil, sentyabrda başlayırdı. Üstəlik, sentyabra qədər gözləyib təhsilimdə 5 aydan artıq boşluq qoya bilməzdim, əks halda vizamı itirəcəkdim. Övladım anadan olduğu müddətdə də oxumağım mümkün deyildi. Buna görə qərar verdik ki, sentyabrda əsas proqrama başlayana qədər boşluğu doldurmaq üçün iki ay ingilis dili kursuna gedim, sonra 5 ay ara verim. Təsəvvür edin, 7 aylıq hamilə vəziyyətində yanvarda mənfi dərəcədə evimdən hər gün iki ictimai nəqliyyat dəyişərək dərsə gedirdim ki, immiqrasiya məsələlərimdə boşluq olmasın.

Hamı mənimçün çox çətin olacağını, uşağı necə dünyaya gətirəcəyimi, necə oxuyacağımı, uşağa kimin baxacağını soruşurdu. Çox qarışıq bir situasiya idi. Üstəlik, oğlumu Azərbaycanda qoymuşdum.

Başqa çətinliyimiz də o idi ki, yanlış yönləndirmənin qurbanı olduğumuz üçün həyat yoldaşımın iş icazəsi yox idi. Bizə demişdilər ki, Kanadaya gələndə sərhəddə yoldaşıma iş icazəsi veriləcək. Aereportda bildirdilər ki, belə bir qayda yoxdur və  qanunları açıb oxumağımıza ehtiyac var. Seneka Kollecinə qəbul alana qədər həyat yoldaşım üçün iş icazəsinə müraciət etmədik. Yaxşı ki, həmin müddətdə keçinmək üçün əlimizdə 40 min dollar pul var idi.

Onu da qeyd edim ki, ötən ilin noyabrından tətbiq olunan qaydalara görə, təhsil müəssisəsini dəyişərkən yenidən təhsil icazəsinə baş vurmaq, əyalət üzrə şəhadətnamə almağa ehtiyac var. Bundan başqa, indi kollecdə oxuyanların həyat yoldaşlarına iş icazəsi verilmir, yalnız magistratura və PHD oxuyanlar bu icazəni ala bilir.  Üstəlik, COVİD-dən sonra tələbə axını çox olduğundan tələbat olmayan ixtisaslar üzrə məzunların iş tapması çətinləşdi. Buna görə hazırda beynəlxalq tələbələr üçün yalnız tələbat olan işlərə uyğun ixtisaslar üçün viza verilir. Bunlar kənd təsərrüfatı, tibb, informasiya texnologiyaları və təhsil sahələridir.

Kanadaya 100 faiz zəmanətlə viza verənlər

– Oxumağa gələn həmyerlilərimizin dəllalların toruna düşməməsi üçün təcrübənizdən çıxış edərək nə məsləhət görərdiniz?

– Mənə təəccüblü gəlir ki, sosial şəbəkələrdə Kanada azərbaycanlılarının qrupları olduğu halda, buraya gəlmək istəyənlər həmin qruplarda yazıb filan şirkətin, filan adamın dəllal olub olmadığını niyə soruşmur. Düşünürəm ki, dəllalların at oynatmasının əsas səbəbi insanların şirin yalanları sevməsidir, bu dəllalların viza üçün 100 faiz zəmanət verməsidir. Dəfələrlə təhsil konsultasiyası etdiyim adamlar mənim acı həqiqətələrimi sevməyiblər. Mən buraya gəlmək istəyənlərə məsləhət görürəm ki, dil kurslarına gəlib pullarınızı tökməyin. Həmin pulun az bir hissəsi ilə Azərbaycanda ingilis dili kursuna versən, daha yaxşı nəticə əldə edərsən. Məsələ bundadır ki, dəllallar həmin adamları inandırırlar ki, Kanadada 4 ay dil kursuna gedib dili yaxşı öyrənəcəklər və əsas proqrama başlayacaqlar. Onlar da bura gəlirlər və məlum olur ki, sıfırdan başladığı üçün dil kursu bir illikdir. Hansısa şirkətlə, yaxud şəxslə işləməmişdən əvvəl araşdırsınlar, soruşsunlar, sonra qərar versinlər.

Torontoda iki uşaqlı ailənin aylıq xərci

– Gələnlərin əksəriyyəti adətən Torontoda oxumaq istəyir. Torontoda iki uşaqlı  ailənin bir aylıq xərclərini deyə bilərsiz?

– Mənim Torontonu seçməyim icmamıza yaxın olmaq istəyimdən irəli gəlib. Çünki yeni mühitə adaptasiyan, yerləşməyin üçün öz icmana yaxın yaşamağın çox önəmlidir. Mən bunun önəmini təcrübəmdə yaşadım. İki uşaq anası kimi icmamızın yaxınlığında yaşamağımın mənə çox böyük faydası oldu. Yeri gəlmişkən, çətin günlərimdə kömək edən hər kəsə təşəkkür edirəm.

Torontonu seçməyimizin ikinci səbəbi 2019-cu ildə burada iş yerlərinin çox olması idi. COVİD-dən öncə hər şey çox düzənli idi, iş tapmaqda çətinlik çəkmirdin.

Bir aylıq xərcə gəlincə, təhsil haqqını çıxmaq şərtilə aşağı gəlirli ailə kimi 2019-cu ildə 4-6 min CAD arasında aylıq xərcimiz çıxırdı. İndi isə evlərin kirayə haqqı, ərzaq qiymətləri çox qalxıb. Bina evində iki otaqlı mənzil (one bedroom), yaxud zirzəmidə 2-3 otaqlı mənzil 2 min-2,500 CAD-dır. Hazırda iki uşaqlı ailəylə Torontoda qalmaq istəsən, minimumla yaşamaq şərtilə ən azı 6 min CAD-ın çıxacaq.  Həftəsonu uşaqları əyləncə mərəkəzlərinə aparmaq, maşının sığortası, krediti və s. də varsa, xərc 6 mini keçəcək.

Pula qənaət etmək üçün uşaqları subsidiyalı bağçaya qoymağa çalışmalısan, keyfiyyət yuxarı olmasa da, dövlətin hesabına olan müxtəlif kurslara (rəsm, rəqs və s.) yazdıra bilərsən. Səhiyyə və dövlət məktəblərində oxumaq isə ödənişsizdir. Çox xərcinin çıxmaması üçün ərzaq, oyuncaq, geyim banklarına müraciət etmək olar.

Gələrəm, oxuyaram, işləyərəm, qazanaram…

– Kanadaya tələbə göndərən firmalar tələbələri inandırırlar ki, oxuya-oxuya işləməklə həm gündəlik yaşam, həm də təhsil haqlarını çıxara bilərlər. Bu, nə dərəcədə realdır?

– Bu, nə ailə, nə də tək gələnlər üçün inandırıcı deyil. Oxuya-oxuya işləməklə yalnız gündəlik xərclərini qarşılaya bilərsən, təhsil haqqını ödəmək mümkün deyil.

Əgər söhbət ailədən gedirsə,  təhsil alanın həyat yoldaşının çalışması mütləqdir. Xanımın uşaqlara baxması, kişinin həm oxuyub, həm də işləməsi çox çətindir. Həmişə məsləhət görürəm ki, tələbə kimi gələn insanlar Azərbaycanda aldıqları təhsilə uyğun sahədə proqram götürsünlər. Tamamilə yad bir ixtisas, heç bilmədiyin təhsil sistemi, üstəlik təhsil haqqını çatdırmaq üçün işləmək istəyirsənsə, çox çətindir. Qısa olaraq, Kanadaya təhsil yoluyla gələnin həm işləyib, həm də oxuması inandırıcı görünmür. “Gələrəm, işləyərəm, qazanaram, təhsil haqqını ödəyərəm”lə olmur.

– Bildiyimiz kimi, indi iş tapmaq Toronto daxil olmaqla, bütün Kanadada ən böyük problemdir. Kanadaya oxumaq üçün gələn tələbənin büdcəsində nə qədər pul olmalıdır ki, iş tapıb ayağa qalxana kimi xərcliyi olsun?

– İndi Torontoda beynəlxalq tələbələrin proqramdan asılı olaraq magistratura pilləsi üçün illik təhsil haqqı 20,000-60,000 CAD arasında dəyişir. Başqa əyələtlərdə daha ucuzdur. Onsuz da dərsə başlamamışdan əvvəl birinci semesterin pulunu ödəməlisən. Növbəti semester üçün 9 minin heç olmasa 5-6 mini cibində hazır gəlməlisən ki, üzərini düzəldib ödəyəsən. Gəlib ilk və son ayın kirayə haqqını verirsən, evə əşyalar alırsan, uşaqların xərclərini ödəyirsən, qışda gəlmisənsə, şaxtaya dözümlü qış paltarlarını buradan alırsan. Bütün bunları hesaba alsaq, ən azı 30 min CAD-la gəlmək lazımdır.

Sizə bal qazandıran işlər hansılardır?

– Hazırda bir sıra qaydaların dəyişdiyini dediniz. Təhsili başa vurandan sonra mütləq ixtisasına uyğun işdə çalışmalısan, yoxsa istənilən sahədə çalışmaqla daimi vətəndaşlıq almaq olur?

– Təhsil kimi, işi də seçəndə diqqətli olmaq lazımdır. Araşdırın görün, almaq istədiyiniz təhsil, çalışdığınız iş sizi PR-a aparacaqmı. İstənilən sahədə  çalışanlar Express Entry yoluyla PR ala bilirlər, amma qəbul almaq ehtimalı çox aşağıdır. İndi  Express Entry proqramında konkret işlər göstərilib ki, o işlər üzrə müraciət edənləri aşağı balla seçirlər. Bunlar səhiyyə, kənd təsərrüfatı, təhsil, İT və fransız dili tələb edən işlərdir. Ola bilər ki, oxumadığınız ixtisas üzrə işləyərsiniz. Amma elə iş olmalıdır ki, sizə bal qazandıra bilsin. Tanışlıqla orta məktəbdə, yaxud bağçada müəllim köməkçisi kimi işləyə bilərsiniz. Hətta sadaladığım sahələrdə bir ildən az çalışmaqla Express Entry proqramı üzrə qəbul almaq mümkündür. Əyalətlər üzrə proqrama (PNP) gəlincə, hər əyalətin yüksək tələbat olan işləri var. Bundan başqa, oxuduğunuz ixtisas tamamilə başqa sahə olsa da, santexnik, elektrik lisenziyası alıb rahatlıqla Express Entry proqramına, əyalət proqramlarına baş vura və qəbul ala bilərsiniz. Belə olan halda, hətta yüksək dil biliyinə də ehtiyac yoxdur. Amma yüksək tələbat olan iş kateqoriyasına aid olmayan sahə üzrə, məsələn, mühasib işləyirsinizsə, ingilis dili səviyyəniz yüksək olmalıdır, hətta fransız dilini bilməlisiniz, bundan başqa, magistratura təhsilinizin olması məsləhətdir ki, Express Entry proqramından müsbət cavab ala biləsiniz. Təbii ki, Express Entrydə yaş faktoru da rol oynayır.

Təhsil yoluyla gələndə sağlıq kartı ala bilərsinizmi?

– Təhsil yoluyla gələrkən, övladlarınızın orta məktəbdə təhsil almaq, sizin və övladlarınızın tibb müəssisələrinə müraciət etmək hüququnuz varmı?

– Hazırda əgər təhsil alırsansa, uşağı bağçaya, orta məktəbə pulsuz qoya bilərsən. Mən Torontodan danışıram. Hər şəhərdə bu, fərqli ola bilər. Bir məsələni də qeyd edim. Kanadada hansısa dövlət qurumundan “yox” cavabı alanda gərək geri çəkilməyəsən, həmin dövlət qurumunun başqa yerdəki ofisinə yaxınlaşın, bir də soruşun, hə deyə bilərələr. Təcrübəmdə dəfələrlə bunun şahidi olmuşam.

Əgər sənin təhsil almaq icazən, və ya yoldaşının iş icazəsi varsa və işləyirsə, o zaman övladınız orta məktəbi pulsuz oxuyur. Qaydalarda yazılıb ki, yoldaşın 6 ay işləyəndən sonra sağlıq kartı üçün müraciət edə bilərsən, amma faktiki, 1-2 ay işləyəndən sonra da Ontario əyalətində müraciət edib müsbət cavab alırsan.

Onu da qeyd edim ki, yoldaşınız işləməsə, yalnız təhsil izni ilə sağlıq kartı almaq mümkün deyil. Həmçinin təhsil vizası ilə gələn subay adamlar sağlıq kartı ala bilmirlər.

Müvəqqəti oturumu olanlar üçün pulsuz doğum evi

– Dediniz ki, siz Kanadaya gələndən bir neçə ay sonra ikinci övladınız dünyaya göz açdı. Kanadada daimi yaşayış hüququ olmayanlar doğum evlərində xeyli pul xərcləməli olurlar. Sizdə necə oldu?

– Kanadada doğumu həyata keçirmək üçün professional həkimlərlə yanaşı, mamaça sistemi də var. Mən mamaçanın xidmətindən istifadə etdim. Torontoda Pregnancy Care Centre (15 Hove Street, Suite 100) Kanadada müvəqqəti yaşayış hüququ olanlara, həmçinin tələbələrə doğumu həyata keçirmək üçün ödənişsiz mamaça tapmağa kömək edirlər. Düşünürəm ki, bu sistem yalnız Torontoda deyil, digər ərazilərdə də var. Bu linkə girib yaşadığın ərazini axtarış yerinə yazmaqla yaxınlıqdakı Pregnancy Care Centre tapmaq olar. Normal, təbii yolla doğuş ödənişsiz həyata keçirilir. Hətta sənin UZİ-ni, qan analizlərini, dərman pulunu da onlar verir.

Doğuş məkanını isə özün seçirsən: ya hospitalda, ya da mamaçaların tabe olduğu klinikada. O vaxt hospitalda doğuş üçün 3 min dollara qədər pul ödəməli idin. Amma klinikada tamamilə ödənişsizdir. Doğuşun harada gerçəkləşməsindən asılı olmayaraq, uşağın 40-ı çıxana kimi mamaça bir neçə dəfə evə gəlib həm uşağı, həm də ananı müayinədən keçirir, anaya məsləhətlərini verir. Bu da ödənişsizdir. Hətta uşağı çimizdirməyə kömək edir, ananın psixoloji durumunu yoxlayır. Həm ananın, həm də uşağın sağlamlığına çox diqqətlə, məsuliyyətlə yanaşırlar. Bəzən vətəndaşlığı olanlar da doğuşu mamaçanın həyata keçirməsini istəyirlər.

Gələndən iki il sonra PR-ımı aldım

– Təhsil alandan nə qədər sonra PR-a müraciət etdiniz?

– Məndəki bəlkə də şans məsələsi idi. Daimi oturuma müraciətim COVİD dönəminə düşmüşdü. 2021-ci ildə sərhədlər bağlandığına görə xaricdən tələbə axını yox idi və yaranan boşluğu doldurmaq üçün TR to PR (müvəqqəti oturumdan daimi oturuma) proqramı (International Student Stream) ilə bəlli kriteriyada olan insanlara tezləşdirilmişşəkildə daimi oturum izni verilirdi. 40 mindən artıq adam götürmürdülər və 2 gün ərzində 40 min adam müraciət etdi. Həmin vaxt sənin bütün sənədlərin hazır olmalı idi ki, o 40 minin arasına düşəsən. Bizim profilimiz uyğun gəldiyinə görə rahatlıqla keçdik. Mən müraciət edəndə oxuya-oxuya işlədiyimdən iş təcrübəm də var idi.

Şanslı tələbələrdənəm. Çünki TR to PR proqramı ilə PR alan tələbələrin çoxu 7-8 il Kanadada qalanlar idi. Amma mən 2 ildən sonra PR-ımı aldım.

– İndi prosedur necədir?

– İndi təəssüflər olsun ki, sözügedən proqram yoxdur. Üstəlik, təhsil aldığın müddətdə işləməyin hesaba alınmır. Təhsilini bitirəndən sonra bir il işləməlisən. Bir il işləyəndən sonra Express Enty-yə müraciət edib gözləyirsən. Qeyd etdiyim kimi, bir çox kateqoriyalar (təhsil, səhiyyə, İT, kənd təsərrüfatı və fransız dili tələb edən sahələr) üzrə işləyənlər daha az gözləyirlər. Amma sözügedən kateqoriyalarda işləməyənlər bir il gözləməlidirlər. Bu baxımdan yaxşı olar ki, imkanı olanlar iki illik təhsil alsınlar ki, onlara 3 il iş izni verilsin. Əks halda, bir illik təhsildən sonra sənə cəmi bir il iş izni verirlər və 1 ildən sonra Express Entriyə müraciət edirsən və öz ölkənə qayıdıb orada cavabı gözləmək məcburiyyətində qala bilərsən. Amma 2 illik təhsildən sonra 3 illik iş icazəsi almaq, üstəlik, 2 il işləməyin də sənin balını artırır. Yaxud dil biliyin azdırsa, zamanın olduğuna görə onu inkişaf etdirə, yaxud fransız dilini bir az öyrənib profilinə əlavə edə bilərsən. Qeyd edim ki, Azərbaycandakı əsas işin sənə az da olsa, bal verir, qalan işlərin isə cüzi bal qazandırır.

Beynəlxalq tələbələrin ambassadoru

– Deyəsən, bütün sənəd işlərinizi – vətəndaşlığa qədər özünüz həll etmisiniz. Çətin olmadı ki?

– Bəli, bura gələndən sonra bütün sənəd işlərimizi özüm etmişəm. Bunun üçün araşdırmaçı xarakterimə təşəkkür edirəm. Seneka kollecində Kitabxanaçı informasiya texniki ixtisasını oxumuşam və orada araşdırmaçı bacarıqlarını öyrədiblər. Təhsil aldığım müddətdə iki il Seneka Kollecində beynəlxalq tələbələrin ambassadoru kimi çalışmışam. Xaricdən gəlib Senekada oxumaq istəyən və artıq təhsil alan beynəlxalq tələbələrin suallarını cavablandırırdım. Gündə onlarla emailə cavab yazmalı olurdum. Beynəlxalq ambassador kimi çalışmağım məndə beynəlxalq tələbələrin təhsilinə böyük maraq yaratdı. Hiss etdim ki, bu işə marağım olduğuna görə tələbələrin suallarını çox yaxşı araşdırıb cavablar tapa bilirəm. Senekadakı təcrübəm təhsil müəssisələrindəki iş prinsiplərini öyrənməyimə də çox kömək etdi. Beynəlxalq tələbələrin təhsili ilə bağlı qarşılaşdıqları bütün problemləri işlədiyim 2 il müddətində çox yaxşı öyrəndim. Orada iki illik təhsilimi bitirəndən sonra qərar verdim ki, immiqrasiya üzrə də təhsil alım. Çünki təhsil konsultantı kimi işlədiyin zaman sənə immiqrasiya ilə bağlı suallar da verirlər. Daimi vətəndaşlığım olduğuna görə Kanada hökumətindən aldığım təhsil krediti ilə ikinci ixtisasıma yiyələndim. Özəl kollecdə dövlət hesabına immiqrasiya proqramını oxudum. İmmiqrasiya ilə bağlı hüquqi məsələlərə daha dərindən yiyələnmək üçün Queens Universitetindən hüquq üzrə sertifikat da aldım. Hazırkı məqsədim hələ ki, beynəlxalq tələbələrin düzgün ixtisas və karyera seçməyinə kömək etməkdir. Kanadada daimi oturum izni olanlara da təhsil, karyera seçimlərində yardımçı oluram. Yaxın gələcəkdə immiqrasiya üzrə lisenziya almağı planlaşdırıram.

– Son olaraq, Kanadaya oxumaqçün gəlmək istəyənlərə nə demək istərdiniz?

– Araşdırma etmədən gəlməyin. Biz Kanadaya gəlməmişdən əvvəl ancaq Youtubda türklərin, əcnəbilərin kanallarına baxıb Kanadayla bağlı nəsə öyrənə bilirdik. İndi internetdə informasiya bolluğudur. Ən azı sosial şəbəkələrdə Kanada azərbaycanlılarının qruplarına daxil olub sizə qədər verilən suallara baxın, sual-cavabları oxuyun, heç bir məlumat tapmasanız, özünüz sual verin. Bir də bütün çətinliklərə psixoloji baxımdan hazır gəlin. Hər şeyə sıfırdan başlayacağınızı nəzərdə tutun. Burada Azərbaycandakı şəraitiniz olmayacaq. Psixoloji hazırlıq çox önəmlidir. Gözləntilərinizi o qədər aşağı salmalısınız ki, buraya gələndə şok yaşamayasınız, “zatən mən bunu bilirdim” deyib davam edə biləsiniz. Yox, bunu bacarmasanız, stress, psixoloji gərginlik, depressiya yaşayacaq və təhsilinizə fokuslana bilməyəcəksiniz. Gələn kimi iş tapa bilməyəcəyinizi göz önünə alın, pula qənaət etmək üçün hər uşağınızın ayrıca otağı olmayacaq, təzə gələndə evin içi boş olduğundan ikinci əl ev əşyaları almalı ola bilərsiniz, ucuz olduğundan bina evində yaşasanız, bütün bina sakinləri ilə eyni paltaryuyan maşın paylaşacaqsınız, qışda şaxta qaçılmazdır və s. bu kimi problemlərə hazırlıqlı olsanız, hər şeyin öhdəsindən rahatlıqla gələcəksiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp