Baş nazir Mark Karney vəzifəyə başladıqdan sonra ilk addım olaraq istehlakçıların karbon vergisini ləğv edərək, Castin Trudonun əsas iqlim siyasətinə qarşı çıxdı.
Karney bu gün günortadan sonra keçirilən kabinet iclasının ardından media nümayəndələrinə açıqlama verərək, istehlakçıların ödədiyi karbon vergisini dərhal ləğv edəcəyini bildirdi. Onun kabinet nazirləri və mətbuat qarşısında imzaladığı qərarda “yanacaq haqqının bu il aprelin 1-dən etibarən ləğv edilməsi” nəzərdə tutulur.
Əslində, bu, karbon vergisinin növbəti dəfə artırılması üçün nəzərdə tutulan tarix idi. Böyük sənaye müəssisələri üçün isə karbon vergisi ləğv edilmədi.
Karney, karbon qiyməti üzrə geri ödəmələr alan insanların aprel ayında son bir ödəniş alacaqlarını da vurğulayıb.
Qeyd edək ki, Karney istehlakçılar üçün tətbiq edilən karbon vergisinin ləğv ediləcəyinə söz vermiş və böyük sənaye müəssisələri tərəfindən ödənilən verginin isə artacağını bildirmişdi.
İstehlakçıların ödədiyi karbon vergisi siyasəti iki ildən çoxdur ki, Mühafizəkarların Liberalara qarşı hücumlarının mərkəzində idi. Mühafizəkarların lideri Pyer Polievre, “vergini ləğv et” çağırışı ilə altı həftə əvvələ qədər sorğularda yüksəlmişdi, hətta cümə günü Karneyin karbon qiymətini ləğv edə bilməyəcəyini iddia etdi.
Qeyd edək ki, karbon vergisinin ləğvi bir litr benzinin qiymətini 17,6 sent, bir kubmetr təbii qazın qiymətini isə 15 sentdən bir qədər çox azaldacaq.