Əvvəlcə ərzaq məhsulları, sonra isə məişət texnikasının qiyməti artacaq
Aprelin 1-dən etibarən, kanadalılar benzin doldurarkən qiymətlərdə nəzərəçarpacaq eniş müşahidə edəcəklər. Çünki federal hökumət istehlakçılara tətbiq olunan karbon vergisini ləğv edir. Bu addım, həyat xərclərinin artması ilə mübarizə aparan bəzi insanlar üçün rahatlıq gətirsə də, iqtisadçılar uzunmüddətli nəticələrin əksər ailələr üçün maliyyə baxımından mənfi ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Sürücülər üçün qısamüddətli qələbə
“Şübhəsiz ki, bu dəyişiklik aprelin 1-dən sonra yanacaqdoldurma məntəqələrində hiss olunacaq”, – deyə Kanada Yanacaq Assosiasiyasının vitse-prezidenti Kerol Montreuil bildirib. Məsələn, Britaniya Kolumbiyası sakinlərinin hər litr yanacağa görə təxminən 17.5 sent daha az ödəmələri gözlənilir.
Bir çox insan üçün bu, artan inflyasiya və maliyyə təzyiqi fonunda bir qədər nəfəs almaq imkanı deməkdir. Vankuver sakini qeyd edir: “Düşünürəm ki, biz orta təbəqə daha çox əziyyət çəkirik. Bu günlərdə yaşamaq çətindir. Ödənişləri çatdırmaq üçün müxtəlif işlərlə məşğul oluruq”.
Qısamüddətli qənaət, uzunmüddətli xərclər
Benzin qiymətlərinin ucuzlaşması bir çoxları üçün müsbət xəbər olsa da, bəzi mütəxəssislər həyəcan təbili çalırlar.
“Düşünürəm ki, əksər kanadalılar – təxminən 80 faiz – bu qərardan maliyyə baxımından daha pis vəziyyətə düşəcək,” – deyə McGill Universitetinin iqtisadiyyat professoru Kris Reqan bildirir. “Bununla yanaşı, indi iqlim siyasətimizdə böyük bir boşluq yaranır”.
Reqan qeyd edir ki, Kanadadakı ailələrin əksəriyyəti karbon vergisinə görə ödədiklərindən daha çox məbləği vergilər nazirliyindən geri ödəmə şəklində alırlar. Bu dəyişiklikdən daha çox qazanan isə geriyə qalan 20 faiz istehlakçı olacaq.
Qeyd edək ki, istehlakçılar üçün federal karbon vergisi üzrə son geri ödəmə aprelin 15-də həyata keçiriləcək. Amma sənaye sahələri üçün tətbiq edilən karbon vergisi hələ də qüvvədə qalacaq.
Qiymətlər dərhal aşağı düşəcək?
Ən nəzərəçarpan təsir benzin və ev isitmə xərclərində olacaq. İstehlakçı vergisi benzin, təbii qaz, propan və kömür də daxil olmaqla, bir sıra yanacaq növünün alınmasına tətbiq edilir. Bu verginin məbləği həmin yanacağın yanma zamanı yaratdığı istixana qazı emissiyalarına əsaslanır və hazırda ton başına 85 dollar təşkil edir.
Yanacaqdoldurma məntəqələrində benzinin qiymətində fərq görünsə də, ərzaq və digər malların qiymətləri ilə bağlı vəziyyət daha mürəkkəbdir.
“Benzinlə bağlı insanlar dəyişikliyi dərhal hiss edəcəklər, çünki bu, birbaşa bir məhsula tətbiq edilən vergidir”, – deyə Dalhauzi Universitetinin ərzaq siyasəti və paylanması üzrə professoru Silven Şarləbua bildirib: “Lakin ərzaq qiymətlərinə təsiri ölçmək daha çətindir”.
Təbii qaz və ya maye yanacaqdan istifadə edən ev təsərrüfatları da aylıq hesablarında azalma gözləyə bilərlər. Desjardins Economicsin yeni hesabatına görə, mart və aprel ayları arasında təbii qazın qiymətinin 12,8 faiz aşağı düşəcəyi proqnozlaşdırılır.
Niyə ərzaq qiymətləri aşağı düşməyə bilər?
Karbon vergisi ərzaq qiymətlərinin artmasına təsir edən amillərdən biri idi, lakin Şarləbua bildirir ki, onun təsirini digər iqtisadi faktorlarla tamamilə ayırmaq mümkün deyil. Bu vergi ərzaq daşınma xərclərini artırmışdı, lakin ərzaq qiymətlərinə təsir edən başqa əsas amillər də var:
Əmək haqları
Enerji qiymətləri
Kapital yatırımları
Daşınma məsafələri
Valyuta məzənnələri və gömrük tarifləri
Bu amillərin mürəkkəbliyi o deməkdir ki, yanacağın ucuzlaşmasına baxmayaraq, istehlakçılar digər sahələrdə qiymət azalmasını görməyə bilərlər.
Şarləbua vurğulayıb ki, yanacaq və enerji haqları istisna olmaqla, həyat əvvəlki kimi qalacaq, daha ucuz olmayacaq: “Yanacaq məntəqələrində karbon vergisi pərakəndə səviyyədə tətbiq olunurdu və indi bu ləğv edilir. Lakin ərzaq mağazalarında belə bir pərakəndə karbon vergisi yox idi. Ona görə də qiymətlərdə dəyişiklik gözlənilmir”.
Mühafizəkarlar sənaye karbon vergisini də ləğv edəcək
Mühafizəkarlar Partiyasının lideri Pyer Polyevr uzun müddətdir karbon vergisinin tamamilə ləğvini tələb edir.
Liberal hökumətin siyasəti yalnız istehlakçılara tətbiq olunan vergini aradan qaldırsa da, Polyevr karbon qiymətləndirməsini tamamilə ləğv edəcəyini vəd edib.
Şarləbuanın sözlərinə görə, sənaye karbon vergisi topdansatış qiymətlərinə təsir edərək ərzaq tədarük zəncirinə zamanla təsir göstərib: “Əgər topdansatış qiymətləri artarsa və yerli istehsal rəqabət qabiliyyətini itirərsə, bu, marketlərin xaricdən ərzaq idxal etməsinə səbəb olacaq, çünki daxildə istehsal olunan ərzaq çox baha başa gələcək. Bu, əsas narahatlıq doğuran məsələdir”.
O qeyd edib ki, Mark Karninin istehlakçı vergi güzəşti fermerlərin karbon qiymətləndirməsi ilə bağlı əsas narahatlıqlarını həll etmir: “Buna görə də cənab Polyevr yaxın günlərdə “Biz bütün karbon vergisini ləğv edirik”, deyə bir siyasət irəli sürdü… Bu, sənayedəki bəzi narahatlıqları aradan qaldıra bilər”.
Tamamilə ləğv edildiyi halda, fermerlər, istehsalçılar və nəqliyyat şirkətləri üçün əlavə xərclər aradan qalxacaq.
Həyat ucuzlaşacaqmı?
Desjardins analizinə görə, karbon vergisinin ləğvi il ərzində ümumi inflyasiyanı aşağı salacaq. Bu isə Kanada Mərkəzi Bankına faiz dərəcələrini azaltmaq üçün bir qədər manevr imkanları yarada bilər.
Bunun əsas səbəbi yanacağın ucuzlaşması olacaq. Desjardins hesabatı proqnozlaşdırır ki, federal istehlakçı karbon vergisinin olmadığı halda, aprel ayında inflyasiya 0,7 faiz bənd aşağı olacaq.
Bu, illik inflyasiyanı həmin ay üçün 2,1 faizə endirə bilər. Fevral ayına aid inflyasiya göstəriciləri isə gözlənilmədən 2,6 faizə yüksəlib ki, bu da əsasən Ottavanın 2 aylıq müvəqqəti satış vergisi güzəştini dayandırması ilə bağlı olub.
RSM iqtisadçısı Tu Nquyen düşünür ki, ABŞ ilə ticarət müharibəsi səbəbindən baş verəcək qiymət artımı istehlakçı karbon vergisinin ləğvindən yaranan mümkün azalmaları üstələyəcək.
O, ilk növbədə tez xarab olan ərzaq məhsullarının bahalaşacağını, daha sonra isə məişət texnikası və digər uzunömürlü malların qiymətlərinin bir neçə ay ərzində artacağını proqnozlaşdırır.
Yazıda CBC, National Post və The Canadian Pressin məlumatlarından istifadə edilib
Foto: Stephen Macgillivray/PostMedia/File