Woodbridge, Vaughan və yaxın ərazilərdə yaşayan həmyerlilərimiz övladlarını qeydiyyatdan keçirə bilərlər
İlk dəfə olaraq York regionu üzrə Katolik Məktəb Şurasının (York Catholic District School Board) nəzdində Azərbaycan dili dərsləri tədris olunmağa başladı. Beynəlxalq dillər sırasında yer alan Azərbaycan dili hər şənbə günü saat 9.30-12.00 arasında Vudbricdəki (Woodbridge) Father Bressani Katolik orta məktəbində (Father Bressani Catholic High School) keçiriləcək. Bu barədə bizimlə söhbətində Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin və Kanadada fəaliyyət göstərən Azərbaycan Evinin direktoru Lalin Həsənova məlumat verdi. L.Həsənova uzun müddətdir ki, York regionunda Azərbaycan dili sinfinin açılması yönündə çalışdıqlarını qeyd etdi. O, Azərbaycan dilinin digər beynəlxalq dillər sırasında yer almasının icma olaraq bizim üçün qürurverici və tarixi bir məqam olduğunu bildirdi: “Bu, Kanadada Azərbaycan dilinin və mədəniyyətinin qorunub saxlanması və təbliği istiqamətində atılmış önəmli addımlardan biridir. Bu işdə bizə dəstək olan, həvəslə övladlarını Azərbaycan dili dərsinə yazdıran valideynlərə minnətdarıq”.
L.Həsənova, Woodbridge, Vaughan və bu ərazilərə yaxın yerlərdə yaşayan həmyerlilərimizə üzünü tutaraq 4-13 (JK- 8-ci sinif) yaşlarında övladlarını Azərbaycan dili sinfində gözləyəcəklərini dedi.
Qeyd edək ki, Azərbaycan dilini uzun illik pedaqoq təcrübəsi olan Sevinc Quliyeva və Lalin Həsənova tədris edəcək. S.Quliyeva, eyni zamanda Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” məktəbinin Drama və Azərbaycan dili müəlliməsidir.
Father Bressani Katolik Məktəbi Woodbridge ərazisində 250 Ansley Grove Road ünvanında yerləşir.