[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kirayənişini evdən çxarmağın 50 min dollarlıq cəriməsi var

Realtor Anar İsmayılov Torontoda kirayənişinlər və ev almaq istəyənlərin bilməli olduğu nüanslardan danışdı

Son 3-4 ildə Azərbaycandan Kanadaya, xüsusilə də Toronto şəhərinə gələn həmyerlilərimizin sayı əvvəlki illərə nisbətdə bir neçə dəfə artıb. Təbii ki, gəldiyimiz şəhərdə ilk olaraq kirayə mənzil axtarırırq. Əksəriyyət burada məskunlaşandan təxminən 4-6 il sonra satın almaq üçün ev axtarışına çıxır. Torontoda daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı suallarımızı 16 ildir daşınmaz əmlakın (yaşayış və ticarət obyektlərinin) alqı-satqısı, kirayəsi ilə məşğul olan realtor Anar İsmayılov cavablandırdı. Daşınmaz əmlak agenti COVİD-19 pandemiyası səbəbilə ev alqı-satqısı, kirayəsində qiymət dəyişikliyi ilə bağlı proqnozlarını da verdi.

– Toronto evlərin bahalığına görə Amerikanın, Avropa ölkələrinin şəhərlərini  geridə qoyur və ildən-ilə bu qiymətlər artır. Səbəb nədir?

– Toronto Şimali Amerikda əhalisinin sayına görə Meksika şəhəri, Nyu-York, Los-Ancelsdən sonra 4-cü yerdədir. Böyük şəhərlərdə evlərin bahalığı iş yerlərinin çoxluğu, investisiya qoyuluşu ilə əlaqədardır.

Qeyd edim ki, Kanadaya gələn miqrantların 80 faizi iş çoxluğu səbəbindən Torontoya üz tutur. Bundan başqa, ingilis dilini bilmədən Kanadanın başqa şəhərlərində iş tapmaq çətindir, ancaq Torontoda rusca, türkcə, farsca və s. dillərdə danışanlar üçün iş tapmaq rahatdır. Həmçinin öz ölkəsində böyük şəhərdə yaşayanlar digər ölkələrdə də böyük şəhərlərə miqrasiya edirlər. Məsələn, Bakıdan gələn Torontoya üz tutur.

Amerikayla Kanadanı müqayisə etsək, Amerikada yaşanmalı şəhər çoxdur.  Amerikaya gedən miqrantlar müxtəluf şəhərlərdə paylaşılır, burada isə hamı Torontoya gəlir. Buna görə də qiymətlər qalxır. Torontodan 200-250 km kənarda 450 min CAD-a  (CAD – Kanada dolları – L.M.) çox yaxşı ev tapmaq mümkündür. Amma tapdığınız evin kreditini ödəmək üçün harada işləyəcəksiniz, nə edəcəksiniz…

– COVİD-19 daşınmaz əmlak bazarına nə dərəcədə təsir edib? Ölkə yeni miqrantlar, hətta tələbələri belə, demək olar, qəbul etmir. Nə proqzozlaşdırırsınız, bu gedişlə qiymətlərin düşməsi mümkündürmü? Daşınmaz əmlak bazarında çöküş gözlənilirmi?

– Torontoda 10-12 ildir hamı evlərin həm satış, həm də kirayə qiymətlərinin düşəcəyini gözləyir. Sonuncu dəfə 2008-ci ildə Global market çöküşü olanda burada evlərin qiyməti ucuzlaşdı. Amma bu ucuzlaşma 8-12 ay çəkdi, yenidən qiymətlər artdı. Qeyd edim ki, evlərin qiyməti tələb və təklifdən asılıdır. Torontoda kirayə verilən evlərin və kirayə götürmək istəyənlərin sayına baxmaq lazımdır. Əgər müştərinin sayı kirayəyə verilən evdən çoxdursa, təbii ki, qiymətdə eniş olmayacaq.

COVİD-19-la əlaqədar Toronto şəhərinin mərkəzində (downtown) kondominiumlarda evlərin qiyməti aşağı düşüb. Çünki COVİD-ə görə böyük şirkətlər evdən işləyir və ofis kirayələməyə ehtiyac qalmır, ya da daha kiçik ofis götürürlər. Əvvəllər Misissaqada, Nyu Marketdə yaşayıb Torontoda işləyənlər hər gün zaman, yolpulu xərcləməmək üçün burada kirayə ev götürürdülər. İndi evdən işlədiklərindən artıq Torontoda kirayə ev tutmağa ehtiyac qalmır. Əvvəllər şəhərin mərkəzinə 1800 CAD-a ikiotaqlı evi (1 yataq otağı) parkinqsiz tapmaq mümkün deyildi, indi 1700-1800 CAD-a 10-15 ev tapıb içərisindən seçim edə bilərsiniz. Xaricdən tələbələrin gəlməməsi də mərkəzdə  kirayələrin aşağı düşməsinə gətirib çıxarıb. COVİD-19 pandemiyasından öncə kirayə üçün təqdim edilən evlər 2-3 gün ərzində müştərisini tapırdı, indi evlər 1 ay marketdə qalır.

Kirayəyə verilən evlərin qiyməti York Regionunda təxminən 100-200, şəhərin mərkəzində 200-300 CAD düşüb. North Yorkda da kondominiumlarda kirayə qiymətləri düşüb.

– Hazırda Torontoda evlərin satış qiyməti necədir? Ən bahlı və ən ucuz…

– Toronto ətrafında Bridal Path və Post Road Torontonun ən bahalı iki küçəsindən biridir. Sözügedən ərazilərdə həyət evlərinin qiyməti 15-30 milyon CAD arasında dəyişir.

Toronto şəhərinin ətraf ərazilərində (GTA) aşağı qiymətə ev almaq istəyənlər Freehold detached həyət evlərinə nəzər yetirə bilərlər. Amma sözügedən evlər 650 min CAD-dan aşağı deyil. 390 min CAD-a kondominiumlarda parkinqsiz studiolar tapmaq olar. Qeyd edim ki, açıq bufe olan bu studioların sahəsi 50 kv. metrdən azdır.

– Torontoda ev almaq istəyən həmvətənlərimiz çoxdur. Sizin də dediyiniz kimi, burada tələbat böyük olduğuna görə evlər çox bahadır. Toronto ətrafı hansı şəhərlərdə evlərin qiyməti daha sərfəlidir?

– İşiniz Torontodadırsa, qiymətlər əvvəlkinə nisbətən bir az artsa da, Berry şəhərindən ev almaq olar. Vonda çalışırsınızsa, Berridən Vona 45-50 dəqiqəyə çatırsınız. Guelph şəhəri də Torontodan haradasa 50 dəqiqəlik məsafədədir. Vaterloo tərəfdə Kitchner də pis deyil. Guelph və Kitchenerdə semi-detach, detach evləri Torontodakı iki yataq otaqlı kondominium qiymətinə almaq olar. Eyceks, Vitbi də məsləhətlidir. Eyceks və Vitbidən hər gün Torontonun mərkəzində işə gələn müştərilərim var. Hər gün 15 dəqiqəyə GO stationa, oradan da GO Trainlə 20-25 dəqiqəyə Torontoda Union metrosuna gedirlər. İşi Torontonun mərkəzində olanlar üçün sözügedən şəhərlərdə yaşamaq rahatdır.

Oşavada evlər ucuz olsa da, iş tapmaqla bağlı problem var. Missisaqa əvvəllər ucuz idi, indi qiymətlər qalxıb. Amma Missisaqanın sonlarında ucuz evlər tapmaq mümkündür.

 

– Ontario hökuməti hər il hesablama apararaq mənzil sahibinin kirayə haqqını illik nə qədər artıra biləcəyini elan edir. Bu il üçün Ontarioda mənzillərin kirayə haqqının  1.5 faiz artırıla biləcəyinə qərar verildi. Bu, yalnız kirayə verilmək üçün nəzərdə tutulan binalardakı mənzillərə şamil edilir, yoxsa həyət evlərinə də aiddir?

– Qanun mənzilini kirayə verən bütün ev sahiblərinə şamil edilir. Hökumət hər il inflyasiyanı hesablayaraq mənzil sahiblərinə kirayə haqlarını maksimum nə qədər artıra biləcəklərini açıqlayır. Təbii ki, bu, mənzil sahibindən asılıdır, istəsə qaldırmaya bilər. Sözügedən qayda kirayənişinlər üçün çox əlverişlidir. Bu, o deməkdir ki, çox cüzi qiymət artımı ilə mənzildə uzun illər qala bilərsiniz. Məsələn, 10 il əvvəl iki otaqlı evi (bir yataq otağı) 900 CAD-a götürmüsünüzsə, indi həmin mənzil üçün təxminən 1100 CAD verirsiniz. Baxmayaraq ki, hazırda həmin binada yeni kirayənişin iki otaqlı evə 1600 CAD ödəyir.

– Amma bir məsələ var ki, kirayə verilən həyət evlərində, yaxud kondominiumlarda ev yiyələri mənzillərini baha qiymətə kirayə vermək üçün iki ay əvvəldən bildiriş verərək kirayənişini evdən çıxara bilir. Səbəb kimi də göstərirlər ki, ya özləri həmin evə köçəcəklər, ya da evi satışa qoyacaqlar. Bu, nə dərəcədə düzgündür? Bunun qarşısını alan qanun varmı?

– Bəli, bunun qarşısını alan qanun var. Evdən çıxandan sonrakı bir il ərzində əvvəl qaldığınız evi yoxlasanız ki, başqa adama kirayəyə verilib, sizin şikayətiniz əsasında   “Kirayənişin və kirayə verən haqqında qanun”a görə, keçmiş ev yiyəniz  cərimələnir.

Qeyd edim ki, ev sahibinin birinci dərəcəli qohumlarının (övlad, valideyn) qalması üçün kirayənişinə 2 ay əvvəldən evdən çxması üçün bildiriş verməyi qanuna uyğundur.

Amma başqa adama kirayəyə versə, Landloard & Tenant Boarda (Ev Sahibi və Kirayənişin Qurumuna – L.M.) şikayət edə bilərsiniz. Bu zaman ev sahibindən tutulan 50 min CAD miqdarında cərimə sizə deyil, dövlət büdcəsinə gedəcək.

– Həqiqətən də satmaq, yaxud birinci dərəcəli qohumların qalması üçün ev yiyəsi məni iki aylıq bildirişlə evdən çıxarır və mən durduğum yerdə isti evdən oluram. Bunun üçn ev sahibi mənə hər hansı kompensasiya ödəməlidir?

– Bəli. Bunu əksər kirayənişinlər bilmir. Qanuna görə, mən sizə bildiriş verəndən sonra sizin üçün təzə ev tapmalıyam, həmçinin bir aylıq kirayə haqqınızı  verməliyəm. Mən sizə ev tapsam, xoşunuz gəlməyə bilər. Amma evi məndən aylıq 2 min CAD-a kirayə götürmüsünüzsə, mən bir ayın pulunu sizi çıxardığım üçün sizə ödəməliyəm.

– Ontario hökumətinin yeni qaydalarına görə, aylıq kirayə haqqını verə bilməsə belə, COVİD-19 pandemiyası səbəbindən kirayənişini evdən çıxarmaq olmaz. Bəs ev sahibləri bu halda evin kreditini, əmlak vergisini ödəməyə davam edirlər?

– Hökumət bu qaydanı ona görə tətbiq etdi ki, bir çoxları məlum pandemiya səbəbindən işlərini itirdi. Onu da deyim ki, elə kirayənişinlər var ki, işlərini itirməyiblər, amma kirayə haqqını vermirlər. Təəssüflər olsun ki, ev sahibləri evin kreditini, əmlak vergisini, əgər mənzil kondominiumdadırsa, xidmət haqqını  ödəməkdə davam etməlidirlər. Məncə, bu, ev sahiblərinə qarşı haqsızlıqdır.

– Maraqlıdır, COVİD-19 pandemiyası bitəndən sonra kirayə haqqı verməyən insanların aylarla yığılan borcu necə, neçə dəfəyə ödəniləcək?

– Hələ ki bu barədə qanun yoxdur. Deyək ki, kirayənişin kirayə haqqı 2 min CAD olan evdə 6 ay pulsuz qalıb, sonra oradan pulu ödəmədən köçə bilər. Qanunla ev sahibi həmin kirayənişini məhkəməyə versə, məhkəmə 1-2 il davam edəcək. Sonda da keçmiş kirayənişin, hazırda işinin olmadığını, aylıq 200 CAD verməyə gücünün çatdığını deyəcək. Təsəvvür edin, ev sahibi öz pulunu ondan 5 ilin ərzində ala biləcək.

– Bina evlərində ödəmə ilə bağlı vəziyyət necədir? Bildiyimiz kimi, Kanadada bütöv bir bina bir şəxsə, yaxud bir neçə adama aid olur və belə binalarda mənzillər ancaq kirayə verilmək üçün nəzərdə tutulur.

– Bina sahiblərinin işi daha rahatdır. Binanın idarəçiliyi üçün böyük ofis, ofisdə müxtəlif departamentlər olur. Kirayənişin pulu ödəmədən binadan köçsə, bu zaman bina sahibi həmin adam haqqında əlində olan məlumatları problemli kreditlərlə məşğul olan şirkətə verir və özü kənarda dayanır. Həmin agentlik adamı axtarıb tapır və pulu tələb edir. Əgər borcunuzu ödəməkdən boyun qaçırsanız, sizin kredit balınız çox aşağı düşür. Bu, o deməkdir ki, siz artıq bankdan kredit götürə, kreditə hər hansı əşya ala, yaxud ev götürə bilmirsiniz. Agentliyə müraciət etmək baha olduğu üçün bunu bir evini kirayə verən adam edə bilmir, amma bina sahiblərinin buna maliyyə gücü çatır.

– Ev sahibi ilə hər il müqaviləni təzələməyə ehtiyac varmı?

–  Xeyr. Əgər müqaviləni bir illik imzalamısınızsa, bir ildən sonra həmin müqavilə aylıq müqaviləyə keçir. Yəni bir ildən sonra istədiyiniz vaxt ev sahibinə iki ay əvvəldən bildiriş verərək evi təhvil verə bilərsiniz. Ev sahibi də həmçinin, bir ildən sonra istənilən vaxt tutarlı səbəb göstərərək (özünün, yaxud birinci dərəcəli qohumunun həmin mənzilə köçməsi, yaxud evi satışa çıxarması səbəbilə – A.İ.) sizə evdən çıxmağınız tələbilə iki ay əvvədən bildiriş verə bilər.

– Amerikada adi adamlar evi kirayəyə götürüb üzərinə bir az da pul əlavə etməklə özləri kirayəyə verirlər. Hətta bu bizneslə məşğul olan adamlar var. Amma Torontoda bu, o qədər də geniş yayılmayıb. Həyət evini kirayə götürən adam evin zirzəmisini (basement) başqa birinə ev yiyəsindən gizlin verir. Bu məsələ yaşadığımız Ontario vilayətində qanunla necə tənzimlənir?

– Qanunla burada da evi kimdənsə götürüb başqasına kirayə verə bilərsiniz. Məsələn, bina evində mənzil kirayəyə götürüb başqasına daha baha qiymətə kirayəyə verə bilərsiniz. Ancaq zirzəmini (basement) kirayə verərkən diqqətli olmaq lazımdır. Zirzəmidə hamam-tualet, mətbəx, yanğın zamanı ayrıca çıxış yolu, ayrıca elektrik sistemi olmalıdır. Ev  tikiləndə orada bir dənə soyuducu, bir dənə elektrik sobası və s. işlənməsi nəzərdə tutulubsa, evin hər mərtəbəsində bir ailə qalanda bu, 2-3 ailə deməkdir. Normadan artıq elektrik əşyalarından istifadə edildiyindən, bu zaman elektrikə güc düşə və yanğın ola bilər. Buna görə lisenziyalı elektrik gəlib problemi həll etməlidir.

Bundan başqa, bəzi zirzəmilərdə pəncrə çox yuxarıda olduğu üçün yanğın zamanı oradan çıxmaq mümkün deyil. Əgər kirayəyə verəcəksinizsə, şəhər meriyasından mütəxəssislər çağırırsınız. Oradan müfəttiş gəlib evə baxır və torpağı qazdırıb pəncərəni hansı ölçüdə böyütmək lazım olduğunu deyir. Daha sonra mühəndis, fəhlə və s. gəlir. Bütün bunların da pulunu ödəmək lazımdır. Bu cür incəliklər çoxdur və xüsusilə zirzəmini kirayəyə verərkən diqqətli olmaq lazımdır. Əgər kirayənişinə yuxarıdakı problemlər səbəbindən nəsə olsa, evi kirayəyə verəni həbs edə bilərlər. Təxminən 4-5 il əvvəl Torontonun mərkəzində zirzəmidə kirayə qalan tələbələr evdə baş verən yanğın zamanı ölmüşdü. Həmin zirzəmini kirayəyə verən  məhkəməyə verildi. Çünki evi kirayəyə verən məsuliyyət daşıyır. Evi kirayə verən adam ildə 2 dəfə yanğına, zəhərli qazlara qarşı sistemin işlək olub olmadığını özü yoxlamalıdır.

Qeyd edim ki, ev sahibi və kirayənişin arasında olan bütün şikayətlər Ev Sahibi və Kirayənişin Qurumuna (Landloard &Tenant Board) gedir. Hər iki tərəf arasındakı bütün məsələləri tənzimləyən qaydalar var. Kirayənişin, yaxud ev sahibi kimi bilmək istədikləriniz varsa, aşağıdakı linkə nəzər sala bilərsiniz:

https://www.ontario.ca/page/renting-ontario-your-rights

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp