Pulsuz kirayə, Wi-Fi və parkinq: Toronto və GTA-də mənzil sahibləri qiymət əvəzinə bonus təklif edirlər
Kirayə bazarında rekord sayda mənzillərin təklif olunması və qiymətlərin düşməsi ilə əlaqədar mənzil sahibləri müştəriləri müxtəlif yollarla cəlb etmək istəyirlər.
Midtounda yerləşən lüks binada ev sahibi mənzilini iki ay pulsuz kirayə verir, üstəlik, bir neçə il ödənişsiz Wi-Fi təklif edir. Şəhər mərkəzindəki bir əmlak idarəetmə şirkəti isə iki illik icarə müqaviləsi ilə üç aylıq pulsuz kirayə mənzil təklif edir. Annex bölgəsində yerləşən bir mənzil operatoru isə bir aylıq pulsuz kirayə ilə yanaşı, altı aylıq pulsuz parkinq və ya 500 dollarlıq köçmə bonusu verir.
Bu, Toronto ərazisindəki kirayə mənzillər üçün yaxın zamanlarda təklif edilən onlarla bonusdan yalnız bir neçəsidir.
Mənzil korporasiyaları qiymət endirməkdən çəkinir
Urbanation şirkətinin bazar araşdırmaları və inkişafı üzrə baş meneceri Maykl Nyezqoda bildirib ki, belə köçmə bonusları pandemiyanın başlanğıcından bəri bu qədər populyar olmamışdı: “O zaman kirayəçilər şəhəri tərk edirdi və icarə operatorları düşdükləri vəziyyətdən çıxış yolu tapmağa çalışırdılar”.
Mütəxəssislər bildirirlər ki, istər köhnə, istərsə də yeni binalarda mənzil operatorları minlərlə boş mənzil ilə rəqabət apardıqları üçün yeni kirayəçiləri cəlb etmək məqsədilə bu cür təkliflər verirlər. Kondominium sahibləri qiymətləri endirməklə kirayəçiləri cəlb etsələr də, mənzil korporasiyaları ümumi qiymətləri endirməkdən çəkinərək razılaşmanı cəlbedici etmək üçün başqa yollar axtarırlar. Lakin mütəxəssislər bildirirlər ki, gələcək illərdə yeni mənzil təklifi azalacağı üçün bu cür təkliflər bəzi mənzillər üçün uzunmüddətli olmayacaq.
Minlərlə yeni kondominium istifadəyə verilib
Xatırladaq ki, 2024-cü ilin sonuna doğru Böyük Toronto və Hamilton Ərazisində (GTHA) minlərlə yeni kondominium və kirayə mənzil istifadəyə verilib. Bu səbəbdən də 2000-ci ildən sonra inşa edilən təyinatlı kirayə mənzillərdə boş qalma səviyyəsi 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Niezgodanın sözlərinə görə, 2024-cü ilin son rübündə Urbanation şirkətinin izlədiyi 180 GTHA (Böyük Toronto və Hamilton Ərazisi) çoxmərtəbəli binanın təxminən 50 faizi kirayə üçün təşviqlər təklif edib. Halbuki bu göstərici 2023-cü ilin eyni dövründə cəmi 15 faiz idi.
Nyezqoda əlavə edir ki, bu qədər yeni mənzil olduğu bir vaxtda, kirayə şirkətləri qiymətləri çox aşağı salmadan diqqət çəkməyə çalışırlar. Baxmayaraq ki, GTHA-da kondominium qiymətləri yeddi rübə görə ən aşağı səviyyəyə düşüb.
Urbanatioun məlumatlarına görə, hər kvadrat metr qiymətə görə kirayə mənzillər kondolardan 4.7 faiz daha bahadır. Lakin kirayə mənzillər adətən daha geniş olduğu üçün orta qiymət fərqi təxminən 20 faiz təşkil edir.
Artım əsas kirayə haqqına tətbiq olunacaq
Nyezqoda bildirib ki, ev sahibləri evlərini iki-üç aylıq pulsuz kirayə, nağd bonuslar və digər güzəştlərlə təklif edirlər: “Bəzi layihələrdə bir illik pulsuz anbar və ya parkinq yeri təklif edilir. Bir illik yüklənmiş Presto kartı, idman zallarına və ya avtomobil paylaşım xidmətlərinə üzvlük kartı verənlər də var.
“Fox Marin Associates” şirkətinin broker və satış direktoru Reuben Labovitz, qeyd edib ki, “pulsuz ayların” tətbiqi müxtəlif formalarda ola bilər: “Məsələn, ikinci və on birinci ay pulsuz olur, lakin kirayəçi yenə də birinci və son ayın pulunu ödəyir, ya da bu endirim 12 ay ərzində bərabər şəkildə paylaşılır”.
Lakin o, xəbərdarlıq edib ki, kirayənin artımı zamanı bu artım endirimli qiymətə deyil, əsas (baza) kirayə qiymətinə tətbiq olunacaq.
Məsələn, əgər kirayə qiyməti ayda 2,500-dollardır və endirimlə 2,100 dollar ödənilirsə, kirayə tənzimləməsinə məruz qalan binada qanuni maksimum artım 2100 dolların üzərinə deyil, 2,500 dolların üzərinə tətbiq ediləcək. Bu o deməkdir ki, 2025-ci il üçün müəyyən edilmiş 2.5 faiz artım nəticəsində növbəti il kirayə 2,562.50-dollar olacaq.
Labovitz deyir ki, kirayə tənzimləməsinə məruz qalmayan binalarda kirayələr ildə təxminən 7 faiz artır və eyni prinsip orada da keçərlidir: “Bu, birinci il üçün çox yaxşı razılaşma kimi görünə bilər, lakin gələcəkdə daha yüksək kirayə artımı ilə üzləşmək ehtimalı böyükdür. Əgər bu artımı qarşılaya bilməsəniz, bir il sonra başqa yer axtarmalı ola bilərsiniz”.
2025-ci ildə tamamlanacaq evlərin sayı çox olacaq
Bu təcrübə daha çox təyinatlı kirayə mənzillərində müşahidə olunsa da, icarə agenti Justin Bailey deyir ki, bəzi kondominium sahibləri, xüsusən də eyni binada çoxsaylı boş mənzilləri olanlar bu cür strategiyalardan istifadə edirlər: “Bəzi ev sahibləri ikinci ay üçün 50 faiz endirim və ya bir aylıq pulsuz kirayə təklif edirlər. Biz çalışırıq ki, elanda təklif olunan qiymətinə toxunmadan yaradıcı yollarla cəlbedici təkliflər hazırlayaq”.
Urbanation proqnozlaşdırır ki, 2025-ci ildə tamamlanacaq layihələrin sayı çox olacaq, lakin Nyezqoda bildirir ki, 2026-cı ilin ortalarına qədər kondominiumların tamamlanma sayı azalacaq.
Nəticə olaraq, köhnə və artıq dolmuş mənzil binaları bu cür stimulları dayandıracaq, lakin daha çox boş mənzili olan yeni binalar onları təklif etməyə davam edə bilər.
Urbanation proqnozlarına görə, 2025-ci ildə təxminən 30,800 kondominium inşa ediləcək və onların təxminən 40 faizi icarəyə veriləcək. Bu artım isə 2028-ci ilə qədər yavaşlayacaq və o zaman illik tamamlanma sayı 10,000-dən az olacaq.
Foto: Freepik