Saat çəkilməsi səhhətinizdə problem yarada bilər
Artıq həm dünyada, həm də Kanadada bir əsrdən çoxdur tətbiq edilən yay vaxtı bazar günü başlayır. Kanadada yaşayan insanların əksəriyyəti 9 mart 2025-ci il tarixində saatlarını yerli vaxtla saat 02:00-dan (gecə 2-dən) 03:00-a (gecə 3-ə) irəli çəkəcəklər. Bu dəyişiklik nəticəsində gün doğumu və batımı bir saat gecikəcək.
Bir neçə ay sonra, noyabrın 2-də, saatlar “geri çəkiləcək” və saat 2-də bir saat geriyə – qış vaxtına qaytarılacaq.
Bu dəyişiklik mübahisəli mövzudur və hər il iki dəfə mütəxəssislər bu keçidlərin yuxu rejimimizə, məhsuldarlığımıza və sağlamlığa mənfi təsiri haqqında ictimaiyyət qarşısında çıxış edirlər.
Kanadadakı siyasətçilər də bu sistemi ləğv etmək barədə düşünürlər, lakin ümumi qənaət budur ki, əgər ABŞ eyni addımı atmasa, Kanadanın bu dəyişiklikdən imtina etməsi çətin olacaq. Vaxt fərqi ticarət və digər iqtisadi faktorlarla sıx əlaqəli olduğu üçün uyğunluq vacib hesab edilir.
Hansı ərazilərdə saatlar dəyişməyəcək?
- Yukon (2020-ci ildən bəri daimi yay vaxtı tətbiq edir)
- Britaniya Kolumbiyasının bəzi əraziləri
- Saskatçevanın böyük hissəsi
- Sousampton adası
- Kvebekin bəzi bölgələri (məsələn, Blanc-Sablon)
Kanada yay vaxtını ilk dəfə 1908-ci ildə tətbiq edib. Port Arthur və Fort William (sonradan Thunder Bay adlandırılıb) dünyada Yay Vaxtı Dəyişikliklərini rəsmi olaraq qəbul edən ilk şəhərlər kimi tarixə düşüb.
Yay vaxtı dəyişikliyinə hazırlıq
“Bu bir saatlıq dəyişiklik elə də əhəmiyyətli görünməyə bilər, lakin qısamüddətli dövrdə insanların psixi və fiziki sağlamlığına ciddi təsir göstərə bilə” – deyə Harvard Tibb Məktəbinin Yuxu Tibb Bölməsinin professoru Dr. Çarlz Szeisler bildirib.
Harvard Health Publishingin yazdığına görə, araşdırmalar göstərir ki, ildə iki dəfə saat dəyişdirmək sağlamlığa müxtəlif mənfi təsirlər göstərə bilər. Bu dəyişikliklərdən ən çox təsir edən isə yazda saatın irəli çəkilməsidir. Bir saatlıq dəyişiklik bioloji ritmimizi poza bilər. Sirkadiyalı ritm – yəni iştaha, əhval və yuxunu tənzimləyən 24 saatlıq dövr – əsasən işıqla bağlıdır.
Yaz vaxtına keçid zamanı səhərlər daha qaranlıq, axşamlar isə daha işıqlı olur. Bu isə serotonin səviyyəsinin azalmasına səbəb ola bilər ki, nəticədə əhvalın pisləşməsinə gətirib çıxarar. Eyni zamanda, axşam saatlarında işığın uzun müddət davam etməsi melatonin (yuxuya getməyə kömək edən hormon) istehsalını gecikdirə bilər.
Dəyişikliyə hazırlaşmağın yolu
İnsanlar bu saat dəyişikliyini bədən və zehnləri üçün daha az stresli etmək üçün bəzi addımlar ata bilərlər. Dr. Szeisler aşağıdakı üsulları tövsiyə edir:
Saat dəyişikliyindən üç gün əvvəl, yatmaq və oyanmaq vaxtınızı hər gün 10-15 dəqiqə erkən edin. Növbəti gün 20-30 dəqiqə, üçüncü gün isə 30-45 dəqiqə erkən yatmağa çalışın: “Bu üsul sayəsində bədəniniz itirilmiş bir saata uyğunlaşacaq və yuxu çatışmazlığından qaynaqlanan stres yaşamayacaqsınız” – deyə Dr. Szeisler bildirir.
Günorta mürgüləri edin. Əgər yay vaxtına keçid etdikdən sonra günortalar özünüzü yorğun hiss edirsinizsə, 20-30 dəqiqəlik qısa mürgülər alın. Unutmayın ki, uzun mürgülər sizi daha yuxulu və halsız edə bilər.
Daha çox işıq qəbul edin. Saat dəyişikliyindən sonra ilk həftə ərzində səhərlər 15 dəqiqə təbii gün işığı almağa çalışın.
Günlük rejiminizi gecikdirin. Saat dəyişikliyindən sonra bir neçə gün ərzində gündəlik fəaliyyətlərinizə bir saat gec başlayın. Məsələn, əgər adətən səhər saat 8-də gəzintiyə çıxırsınızsa, bunu 9-a təxirə salın: “Bədəniniz hələ də köhnə vaxtla işləyir, ona görə də tədricən uyğunlaşması üçün ona vaxt vermək lazımdır” – deyə Dr. Szeisler qeyd edir. Daha sonra hər gün 10-15 dəqiqə erkən başlayaraq bədəninizi tədricən yeni vaxta uyğunlaşdırın.
Alkoqol və kofeini azaldın. Saat dəyişikliyindən bir neçə gün əvvəl və sonra spirtli içkilər və kofein qəbulunu məhdudlaşdırın, çünki bunlar yuxu keyfiyyətini poza bilər.
Avtomobil qəzalarının sayı 6 faiz artır
Bir çox insan yeni vaxt rejiminə uyğunlaşmaqda çətinlik çəkir. İlk bir neçə gün və ya hətta bir həftə ərzində adət etdiklərindən daha gec yatıb, daha erkən oyanırlar, bu isə yuxu çatışmazlığına səbəb ola bilər.
Bir araşdırmaya görə, insanlar yay vaxtına keçiddən sonra bazar ertəsi günü ortalama 40 dəqiqə daha az yatırlar.
Dr. Szeislerin sözlərinə görə, yuxu rejiminin pozulması yorğunluq, diqqət dağınıqlığı və halsızlıq yarada bilər.
2020-ci ildə Current Biology jurnalında yayımlanan araşdırmaya görə, yay vaxtına keçiddən sonra avtomobil qəzalarının sayı 6 faiz artır. Bundan əlavə, yuxu çatışmazlığı depressiya, narahatlıq və mövsümi affektiv pozğunluq kimi psixi sağlamlıq problemlərini daha da şiddətləndirə bilər.
Qeyd edək ki, 2016-cı ildən Azərbaycanda əqrəblərin irəli-geri çəkilməsi ləğv edilib.
Foto: Northjersey.com