Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən mebel tədarükçüsü Prepac, istehsalat fəaliyyətini dayandıraraq bütün istehsalını Amerikanın Şimali Karolina ştatındakı müəssisəsinə köçürdüyünü bildirib.
Unifor (Prepac işçilərini təmsil edən həmkarlar ittifaqı) tariflərin bu qərara səbəb olduğunu iddia edir. 170-dən çox işçinin işdən çıxarılacağı gözlənilir.
“Birləşmiş Ştatların hazırkı prezidenti Tramp Kanadaya və kanadalı işçilərə qarşı iqtisadi müharibəyə başlayandan bəri investisiyaların və istehsalın itirilməsi ilə bağlı xəbərdarlıqlar edirik,” – deyə Uniforun prezidenti Lana Payne bildirib: “Belə olan halda Prepac və onun sərmayədarları tarifləri bəhanə edərək istehsallarını tamamilə ABŞ-a köçürürlər. Bu, tamamilə tamahkarlıqdır.”
Prepac, bağlanmanın və istehsalın köçürülməsinin tariflərə və ya ticarət müharibəsinə cavab olaraq edildiyini təsdiqləməyib. Furniture Today nəşrinin bu məsələ ilə bağlı sorğusuna isə şirkət cavab verməyib. Şirkətin baş direktoru Nick Bozikis the Daily Hive və Business Intelligence for B.C. nəşrlərinə verdiyi açıqlamada “bu qərarın uzun aylar ərzində aparılan təhlilin nəticəsi olduğunu və Prepac üçün tarif risklərinin yaranmasından xeyli əvvəl verildiyini” söyləyib.
O, son bir neçə ilin Şimali Amerikadakı mebel istehsalçıları üçün çətin keçdiyini vurğulayıb və Delta zavodunun bağlanmasının Prepacın mövcud reallıqlarına uyğun zəruri bir addım olduğunu bildirib. O əlavə edib ki, Şimali Karolinadakı müəssisə şirkətin ən böyük müştəri bazasına daha yaxın yerləşir.
Prepac 45 il əvvəl Kanadada. Şirkət 2021-ci ildə Şimali Karolinanın Whitsett şəhərində 260,000 kvadrat fut ölçüsündə müəssisə tikmək üçün 27 milyon dollar investisiya edib və bu addım 200 yeni iş yeri yaradıb.
Unifor həmkarlar ittifaqı Prepac məhsullarının boykot edilməsinə çağırış edib.
“Bu, kanadalı işçilər və istehlakçılar üçün təhqirdir. Onlar bu şirkəti 1979-cu ildən etibarən uğura çatdırıblar,” – deyə Uniforun Qərb Regional Direktoru Gavin McGarrigle bildirib. “Bu, daha bir nümunədir ki, özəl sərmayə firmaları sadəcə mənfəət üçün şirkətləri dağıdırlar və nə iş yerlərini, nə icmaları, nə də, ümumiyyətlə, insan ləyaqətini düşünürlər.”
Prepac, ticarət müharibəsi başladıqdan sonra Kanadada işçi ixtisarları aparan ikinci mebel istehsalçısıdır. South Shore şirkəti də bu ilin fevralında Kvebekdə 115 işçisini ixtisar edəcəyini açıqlayıb. Şirkət tariflərin yaratdığı təzyiqin bizneslərinə böyük ziyan vurduğunu bildirib.
Yazı Furniture Todaydən tərcümə edilib.
Foto: Freepik