Yusif Savalan: “Biznesinizi saxlamaq istəyirsinizsə, problemi çözmək bacarığınız olmalıdır”
Onu sosial şəbəkələrdən, iştirak etdiyimiz tədbirlərdən daha çox zövqlü mahnılar ifa edən müğənni kimi tanımışıq. Həmsöhbətimiz müğənni, Kanadadakı Azərbaycan İncəsənət Mərkəzinin sədri, əmlakçı, professional saç ustası, Totontoda iki saç salonunun rəhbəri Yusif Savalandır. Y.Savalanla rəhbərlik etdiyi saç salonu (The Ritz Barbershop) biznesi, bu biznesi Torontoda açmaq, idarə etmək və s. barədə danışmışıq…
– Əslən Şamaxadan olsam da, Təbrizdə dünyaya göz açmışam. Azərbaycan şairi Məhəmməd Hadinin qardaşı nəvəsiyəm. Həm İran, həm Azərbaycan, həm Fransa, həm də Belçikada yaşamışam. 19 ildir Kanadadayam. Belçikada fransız dilini tədris etmişəm, opera və xorlarda fəaliyyət göstərmişəm. Azərbaycanda qalmağımın səbəbi isə həyat yoldaşım Naznaz xanım olub. CD-mi yazdırmaq üçün Torontodan Bakıya getdim və orada modelyer kimi fəaliyyət göstərən Naznaz xanımla tanış oldum və evlənib 3 il Bakıda qaldım. Lider TV-də dublyaj redaksiyasında çalışdım, Xəzər Universitetində Fransız dili dekanlığını yaratdım, 2 il orada dərs dedim. Bir övladımız dünyaya gəldi və 2006-cı ilin yayında Kanadaya köçdük.
– Necə oldu Torontoda uzun illərdən sonra salon açmaq, saç ustası kimi işləmək qərarına gəldiniz?
– Düşünürəm ki, həyat çox qısa olduğu üçün daim eyni işi görmək xoş deyil. Fəaliyyət sahəniz nə qədər çox olsa və onlardan zövq alsanız, o qədər yaxşıdır. Saç salonundan əvvəl əmlakçı kimi çalışırdım. Gördüm bu işə çox vaxt sərf edirəm, amma gəlirin nə zaman olacağı bəlli deyil. Məsələn, müştəriylə gedib 10 evə baxırsan, axırda müştəri deyir ki, ilkin ödənişim hələ yoxdur, Bakıdakı evimi satıb gətirəcəm. Mən də buna güvənib tətil üçün bilet götürmüşəm. Belə olduqda, götürdüyüm bilet batır. Ona görə də bizim işlə bağlı deyirlər ki, nə qədər evin açarını müştəriyə verməmisən, tətil haqda düşünmə. Bundan başqa, evi alırsınız, bir balaca problem olan kimi əmlakçının boynuna qoyurlar. Əslində əmlakçı divarın içində deyil ki, sonra oradan su çıxacağını bilsin. Evi almamışdan əvvəl inspektor gəlib baxır və hər şeyin yaxşı olduğunu deyir. Buna görə də insanları ev alqı-satqısında razı saxlamaq çətin işdir, məsuliyyətdir.
Amma saç salonunda 30 dəqiqəyə saçı düzəldib insanların üzündə sevinci görə bilirəm. Əslində o sevinci müştərin yaşamadan mən yaşayıram. Çünki müştərini hara “apardığımı”, saçının necə olacağını əvvəlcədən bilirəm. İnsanlar qısa zamanda gördüyüm işdən zövq aldığı üçün mən də xoşbəxt oluram və bu, bir gündə bir neçə dəfə təkrarlanır.
– Bəs saç kəsimini harada öyrəndiniz?
– 1990-cı ildə saç ustası kimi Belçikada lisenziya almışam. Rəhmətlik qardaşım hər zaman deyirdi ki, başqa işinin yanında o diplomu al, bir gün dərdinə dəyəcək. İncəsənət sahəsində olduğuma görə qardaşım, bu sahədə bacarığımın olduğunu bilirdi. Həqiqətən də gün gəldi və vaxtilə öyrəndiyim sənət işimə yaradı. Bərbər salonu açmağı yoldaşım təklif etdi. Qeyd etdiyim kimi, əmlak işində evin nə zaman satılacağı və nə zaman pul gələcəyi bəlli deyil. Salon işinin yaxşı tərəfi budur ki, düzgün reklam versəniz, marketinq işini düzgün qursanız və işinizi təmiz, professional görsənizuğur qazanmamaq qeyri-mümkündür.
– Salon işlətdiyiniz ərazilərin hər ikisi imkanlı insanların yaşadığı ərazilərdir. Burada işləmək nə dərəcədə rahatdır sizə?
– Ümumiyyətlə, bu işdə əsas məsələ insanlarla ünsiyyətdir. Xüsusilə fəaliyyyət göstərdiyimiz ərazilərdə insanlar kifayət qədər zəngindirlər və ağızlarının dadını bilirlər. Onların mədəniyyətini bilmək çox əhəmiyyətlidir. Onlarla necə davranacağınızı bilməlisiniz ki, özlərini rahat, öz “qablarında” hiss etsinlər. Ən vacib olanı budur.
– Maraqlıdır, musiqiçi kimi fəaliyyətiniz insanlarla ünsiyyətdə sizə kömək olurmu?
– Ümumilikdə, musiqiçi kimi fəaliyyətim məni daim pozitiv dalğalar üzərində kökləyir, həm də ruhumu gənc saxlayır. Biznesimə gəldikdə, mənə insanlarla söhbət edə bilmək vərdişi aşılayıb. İnsanlarla söhbətdə sadəcə nə var nə yox, necəsənlə işimi bitirmirəm, real həyatdan, musiqidən, incəsənətdən söhbət açıram. Salonlarımın olduğu ərazilərdə bu, xüsusilə işimə yarayır. Bundan başqa, Azərbayanın ən azı adının, mədəniyyətinin tanınması üçün də fəaliyyət göstərirəm. Təxminən 400-450 arasında daimi müştərim var. Bu müştərilərlə işləyənə qədər təxminən 4-5 nəfəri Azərbaycanın adını eşitmişdi, onu da heç düzgün tələffüz etmirdilər. İndi hamısı həm Azərbaycanı tanıyır, həm də Azərbaycan sözünü gözəl tələffüz edirlər. Salonda da daim Azərbaycan musiqiləri qoyuram. Həm öz repertuarım, həm də digər sanballı Azərbaycan musiqiçilərinin repertuarını səsləndirirəm.
Qeyd edim ki, təxminən 20 il Fransa və Belçikada yaşamışam. Belçikada operada müxtəlif xorlarda işləmişəm. Operettalarda 11 dildə oxumuşam. Hər zaman səhnədə öz orkestrim, ansamblım olub. Kanadada fəaliyyət göstərən Təbriz ansamblını mən iki dostumla birlikdə yaratmışıq.
– İmmiqrant olaraq işə yeni başlayanda hansı çətinliklıri yaşadınız?
– 2019-cu ildə ilk salonumu hazır biznes kimi almışam. Amma o vaxtdan müştərilərin sayını üçqat artırmışam. Yonge küçəsindəki salonumu isə sıfırdan özüm yaratmışam. Əgər sıfırdan başlamısınızsa, salonu kirayə götürərkən sizi kimsə tövsiyə etməsə, sizə ümumiyyətlə, yer vermirlər. Mənim Yonge küçəsindəki salonum üçün 15 illik müqaviləm var. Sizə salonu icarəyə verən adam istəmir ki, 2 ildən sonra salonu bağlayasınız. Buna görə də sizin maliyyə durumunuzu bütün incəliyi ilə gözdən keçirir. Yerindən asılı olaraq sizdən 10-15 min dollar depozit də alırlar. Müqavilənizin vaxtı tamamlanan günə kimi o pul onlarda qalır. Bundan başqa, şəxsi qarantor istəyirlər. Biznesinizi 3 il davam etdirə bilməsəniz, biznesinizin borcunu sizin şəxsi evinizin üstünə yazırlar. Əgər belə bir şey olsa, kredit tarixçəniz korlanır. Bu cür çətinliklər olur. Amma ikinci biznesinizi quranda artıq birinci biznesiniz uğurlu olduğu üçün daha rahat aça bilirsiniz.
– Salon işində dövlət orqanları tərəfindən tez-tezmi yoxlama olur?
– Hər zaman yoxlamaya hazır olmalısınız. Bu işlə məşğul olan dövlət qurumları qaydaları sizə onlayn şəkildə göndərirlər və qaydaları bir-bir gözdən keçirib hər şeyin yerində olduğunu təsdiqləməlisiz. Yoxlama üçün qəflətən, xəbər vermədən gəldikləri üçün daim buna hazır olmalısınız. Gərək hər şey yerli-yerində, təmiz ola. Salonu təzə açandan sonra 1-5 ay ərzində bir dəfə gəlirlər. Amma onu da deyim ki, COVİD-dən bu yana o biri salonuma hələ gəlməyiblər. Amma, ümumiyyətlə, 18 ayda, 2 ildə bir dəfə gəlməlidirlər.
– Torontoda evində saç ustası kimi çalışan çoxlu gənc xanımlarımız var. Onlara nə məsləhət verərdiniz? Salon açmaq üçün nələr lazımdır?
– Biznesi açmaq üçün saç ustası kimi lisenziyanızın olmasına gərək yoxdur, siz pulunuzu qoyub biznes açırsınız. Amma işçilər arasında gərək bir nəfərin lisenziyası olsun. Bir nəfərin lisenziyası varsa, onun yanında beş nəfər də işləyə bilər. Tövsiyə edərdim ki,salon biznesi açmamışdan əvvəl Kanada toplumu ilə bağlı anlayışları olsun, gözəl atmosfer yarada bilsinlər. Salona gələn müştəri nəsə xoş bir şey tapanda, yenə sizin yanınıza qayıtmaq istəyir. Ola bilər saç ustasıyla söhbətdən xoşu gəlib, yaxud musiqidən, ya da verdiyin espresso, bir stəkan kofe onda gözəl təəssürat oyadıb, yaxud da başına bükdüyün isti dəsmal ona özünü yaxşı hiss etməyə kömək edib. Əgər kiçicik bir şeylə xoş atmosfer yarada bilməsəniz, əla usta olsanız belə, müştərilər məcbur qalmadıqları halda, yanınıza gəlməyəcəklər, küçənin o biri başındakı, ya da maşına minib 3-4 km məsafədə yerləşən salona gedəcəklər. İnsan həmişə rahat olduğu yerə getməyi sevir.
– İngilis dilini bilmək necə, işini bilən usta üçün çoxmu vacibdir?
– Bu məsələnin kəsə yolu yoxdur. İnsan gözüylə və qulağıyla ünsiyyətə keçir. Müştəri nəsə soruşanda, mənasını anlamadan, yalandan “yes, yes” deyəcəksən və anlaşılmazlıq yaranacaq. O müştəri bir də sizin yanınıza qayıdarmı?
– Biz tərəflərin adamlarında belə bir xüsusiyyət var: biznesə başlayandan bir ay sonra gəlir gətirməsini gözləyirik. Bu, nə dərəcədə mümkündür?
– Mümkün deyil. Biznesinizin inkişafı üçün özünüzə heç olmasa 6 ay, 1 il zaman verməlisiniz. Biznesi açanda kirayə götürmüsünüzsə, həmin obyektin 6 aylıq kirayə pulu cibinizdə olmalıdır. Bura Azərbaycan, İran deyil ki, gəlir gətirməsə, 3 aydan sonra bağlayıb gedəsən. Kanadada belə bir şey etsəniz, kredit tarixçəniz korlanır. Buna görə də biznesə başlayarkən kirayə yer götürürsünüzsə, bu, böyük məsuliyyətdir, hazırlıqlı olmalısınız və səbrlə gözləməlisiniz. Rusların məsəli var, Moskva bir gecədə qurulmayıb.
– Kanadada biznes açarkən rəqəmsal marketinqinə pul xərcləmək nə dərəcədə vacibdir? Məsələn, salon açmısınız və oturub müştərilərin gəlməyini gözləyirsiniz…
– Xüsusiələ indiki rəqəmsal dünyada marketinqsiz biznesin uğur qazanması çox çətindir, demək olar mümkünsüzdür. Kimsə saçını kəsdirmək istəyəndə gedib qonşunun qapısını döyüb saçını harada kəsdirdiyini soruşmur. Hamı qəhvə içə-içə Googlda “yaxınlığımdakı saç salonu”, “yaxınlığımdakı ən yaxşı saç salonu” ifadələrini axtarışa verir və qarşısına çıxan ilk bir neçə salondan birini seçib gedir. Bu baxımdan indiki dünyamızda rəqəmsal marketinqsiz biznes qurmaq məntiqsizdir. Yeni müştəri tapmaq bizneslərin gündəlik işidir ki, bunu da Google, sosial şəbəkələr üzərindən etmək mümkündür.
– Belə bir misal var: “müştəri həmişə haqlıdır”. Sizin biznesdə bu, nə dərəcədə işləkdir?
– Bütün bizneslərdə müştəri həmişə haqlıdır. Bu baxımdan hesab edirəm ki, müştəri ilə danışmaq, onu yola gətirmək xüsusi bacarıqdır. Xüsusilə də qadınlarla çalışırsınızsa, işiniz ikiqat çətindir. Saçına rəng qoyursunuz, 2-3 saat üzərində işləyirsiniz, axırda deyir ki, istədiyim rəng deyil. Nə edəcəksən? Bunların hamısının axırı pulda dayanır. Deyəcəksən ki, “bağışla, pulunuzu qaytarıram, 2-3 gün sonra gəlin, istədiyiniz rəngə boyayarıq, nə qədər istəsəniz ödəniş edərsiniz”. Müştəri qırmızı rəng istəyib, siz də dediyini etmisiniz, amma deyir ki, narıncı rəngə boyamısınız. Gərək siz də deyəsiniz ki, “düz deyirsən, narıncıdır, gözlərim yaxşı görmür, həkimə getməliyəm”, yaxud “qulağım ağır eşidir, ona görə səhv eşitmişəm, bağışlayın”. Unutmaq olmaz ki, müştəri səhv də desə, haqlıdır. Müştəriyə “sən belə demişdin” demək olmaz. Biznesinizi saxlamaq istəyirsinizsə, müştərlərlə işləmək, problemi çözmək bacarığınız olmalıdır. Bu, bir məharətdir.
– Belə anlaşıldı ki, salon açmaq istəyən adam ilk növbədə müştərilərlə işləməyi bacarmalıdır…
– Müştərilərlə və işçilərlə. İşçilərlə işləmək bacarığının olması müştərilərlə işləməkdən daha əhəmiyyətlidir. Müştəriylə işləyib işçiylə işləməyi bacarmasan, müştərilərin salona gəlməsinin heç bir mənası yoxdur. Belə işlərdə ən böyük problem işçidir. Yaxşı, düzgün işçi tapmaq çox vacibdir. Ondan sonra hökumətin bizneslə bağlı qoyduğu qaydalara əməl etmək, daha sonra müştəri tapmaq, sonra da onu razı salıb daimi müştəriyə çevirmək gəlir. Ondan sonra pul çıxarmaq barədə düşünürsən. Hər şeyin altında gərgin əmək dayanır.
– Feysbukda Kanadadakı azərbaycanlıları birləşdirən “Bizim Kanada” qrupunda maraqlı paylaşım etmisiniz. Kanadaya yeni köçən və maddi imkanı zəif həmyerlilərimizə ödənişsiz kişi saç kəsimi xidməti göstərməyinizlə bağlı elan paylaşmısınız. Necə oldu Kanada kimi kapitalist ölkədə belə bir qərar verdiniz?
– Qürbət elədir ki, nə qədər yaşamamısan, “qonşu ölkədə ot həmişə yaşıl görünür”. Qəribçiliyin nə qədər çətin olduğunu anlayıram, xüsusilə Kanadaya yeni gələnlər üçün ikiqat çətindir. Elə şeylər var ki, onunla bağlı heç kəsə kömək edə bilmirsiniz, sizin imkanlarınız xaricindədir. Amma elə şeylər də var ki, onları edə bilərsiniz. Düşündüm ki, imkanım daxilində olan bir yaxşılığı Kanadadakı ehtiyacı olan icma üzvlərimizə niyə də etməyim. Əgər bir insan başqaları üçün əlindən gələni edib qarşıdakının sevincini yaşamaqdan zövq alırsa, nə gözəl həmin insana. Mən özüm də bura gələndə çətinliklərim olduğu üçün yeni gələn immiqrantları başa düşürəm və düşünürəm ki, insanlara kiçik də olsa bir yaxşılıq edim və heç olmasa, onları narahat edən bir məsələni həll edim.
– İranda, Azərbaycanda, Avropada da yaşamısınız. Kanadada işləmək və yaşamaq sizə hansı fürsətləri yaşadıb?
– Kanadada 3 ildə çata biləcəyiniz arzunu Avropada gerçəkləşdirmək üçün sizə 9 il lazımdır. Bunun da əsas səbəbi odur ki, sərt iqlim şəraitinə görə hökumət Kanadaya gələn immiqrantların bir müddət sonra çıxıb getməsini deyil, burada daimi qalmasını istəyir. Buna görə də onlar üçün şərait yaradır. Bir də digər ölkələrlə müqayisədə Kanadada gərək çox işləyəsən, insanlara elə şərait yaradıblar ki, işləməkdən başqa heç nəyə fürsətləri yoxdur. Ailəsinin gündəlik xərclərini çatdırmaq üçün iki yerdə çalışanlar çoxdur.
Digər ölkələrdən fərqli olaraq, Kanada sosial və daha təhlükəsiz ölkədir. Növbə uzun olsa da, professional həkimə düşmək üçün aylarla gözləsən də, tibb pulsuzdur.
Amma mədəniyyət, həyat səviyyəsi baxımından Avropa qabaqdadır. Avropada bir neçə saata bir neçə ölkədən keçirsiniz və hər ölkənin də özünəməxsus mədəniyyəti var. Burada 1200 km maşın sürürsüz və hələ də Kvebekdə olursunuz. 5 saat təyyarə ilə Azərbaycandan Fransaya çatırsınız. Burada ancaq Vankuverə yetişirsiniz. Kanada uzaqdır, əsl mənada qürbətdir. Bu qürbətin içərisində insanların bir-birinə vətən hissini yaratmağı, yaşatmağı çox vacibdir və bizi saxlayan da budur.