Zavod oktyabrda indikindən iki dəfə az istehsalla yenidən fəaliyyətə başlayacaq
Ontarionun İngersol şəhərində yerləşən “General Motors” CAMİ-nin Montaj Zavodu Amerikanın qoyduğu 25 faiz tarif səbəbindən gələn ay bağlanacaq və payızda indikindən iki dəfə az istehsalla yenidən fəaliyyətə başlayacaq. Zavodun yaydığı məlumata görə, istehsal bazardakı vəziyyətlə əlaqədar dayandırılır: “CAMI tələbə uyğun istehsal cədvəlini balanslaşdırmaq və ehtiyat səviyyəsini nizamlamaq üçün fəaliyyətində dəyişikliklər edir”.
Zavodda BrightDrop Zevonun iki modeli istehsal olunur. “General Motors”un açıqladığı rəqəmlərə görə, 2024-cü ildə Kanadada cəmi 427, ABŞ-da isə 1,529 ədəd avtomobil satılıb.
CAMI zavodunda təxminən 1,200 işçi çalışır. İxtisarlar bazar ertəsindən başlayacaq və istehsal zəif də olsa, may ayına qədər davam edəcək.
Zavodun verdiyi məlumata görə, ondan sonra istehsal oktyabra qədər tamamilə dayandırılacaq: “İstehsal oktyabrda bərpa olunduqda, zavod yalnız bir növbə ilə işləyəcək – bu da təxminən 500 işçinin müddətsiz ixtisarına səbəb olacaq”, – deyə açıqlamada bildirilib.
Unifor Local 88 CAMI zavodunun rəhbəri Mike Van Boekel deyib: “Bizim komandamız Kanadada dünya səviyyəli elektrik avtomobilləri istehsal etməyə tam hazırdır – bizə bu işi davam etdirmək üçün sadəcə, şərait lazımdır”.
Qeyd edək ki, ABŞ-ın avtomobil tariflərini tətbiq etməsindən sonra aprelin əvvəlində Ontarionun Vindsor şəhərində yerləşən Stellantis Avtomobil Montaj Zavodu da fəaliyyətini müvəqqəti olaraq dayandırdığıını bildirib.