[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Oşavada Evsizlər və Narkotik İstifadəçiləri üçün yeni Reabilitasiya Mərkəzi tikilir

Məktəb və bağçalara yaxın 9 narkotik inyeksiya mərkəzləri bağlanacaq

Ontario hökuməti Oşavada Evsizlər və Narkotik Asılılığından Əziyyət Çəkənlər üçün yeni Reabilitasiya Müalicə Mərkəzi inşa edir. Səhiyyə Nazirliyinin yaydığı press-relizdə bildirilir ki, məqsəd icmaların təhlükəsizliyini təmin etmək və psixi sağlamlıq problemləri ilə mübarizə aparan insanlara dəstək olmaqdır. Bu yeni mərkəz Durham Regionunda açılacaq ikinci Reabilitasiya Mərkəzidir. Ümumilikdə, Ontario əyaləti üzrə 28 belə mərkəzin yaradılması üçün 550 milyon dollardan çox sərmayə yatırılacaq. Bundan əlavə, hökumət məktəblərə və lisenziyalı uşaq baxımı mərkəzlərinə yaxın yerlərdə narkotik inyeksiya məntəqələrinin fəaliyyətini qadağan edir.

Durham Regionunun Reabilitasiya Mərkəzləri, Ontarioda daha əvvəl uğurla tətbiq edilən digər mərkəzlərə bənzər bir model əsasında qurulacaq və regionun ehtiyaclarına uyğun olaraq kompleks yardımları təmin edəcək. Oşavada planlaşdırılan Mərkəz istifadəyə verildikdə, aşağıdakı xidmətlərin göstəriləcəyi nəzərdə tutulub:

  • Əsas tibbi xidmətlər
  • Psixi sağlamlıq və alkoqolizm və narkotikadan asılılıq müalicəsi xidmətləri
  • Psixi sağlamlıq və asılılıq problemləri olan şəxslərin yaşayışı üçün dəstək proqramları
  • Sosial xidmətlər və məşğulluq dəstəyi

Baş nazir müavini və səhiyyə naziri Silvia Cons bildirib ki, “hökumətimiz daha çox insana ehtiyac duyduqları müalicə və dəstəyi lazımi zamanda və lazımi yerdə əldə etməyə kömək edir”.

9 narkotik inyeksiya mərkəzi bağlanacaq

Bu ilin əvvəlində hökumət məktəblərə və lisenziyalı uşaq baxımı mərkəzlərinə yaxın yerləşdiyi üçün bağlanmalı olan doqquz narkotik inyeksiya məntəqəsini Reabilitasiya Mərkəzinə çevriləcəyini elan etmişdi. Bu, əyalət üzrə Reabilitasiya Mərkəzlərinin ümumi sayını 28-ə çatdıracaq ki, bu da əvvəlki plandan doqquz mərkəz çoxdur.

Qeyd edək ki, reabilitasiya mərkəzlərinin yaradılması Səhiyyə Nazirliyi, Bələdiyyə İşləri və Mənzil Nazirliyi, Uşaq, İcma və Sosial Xidmətlər üzrə Nazirlik və Əmək, Miqrasiya, Təlim və Bacarıqların İnkişafı Nazirliyinin əməkdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, Reabilitasiya Mərkəzləri yalnız müalicə və bərpaya yönəlmişdir və burada təhlükəsiz narkotik təminatı, nəzarətli narkotik istifadəsi və şpris mübadiləsi proqramları təqdim olunmayacaq.

“İcma Qayğısı və Bərpa Qanunu, 2024” bələdiyyələrə və yerli qurumlara narkotiklərin dekriminallaşdırılması üçün Kanada Səhiyyə Nazirliyinə müraciət etməyi, təhlükəsiz təminat xidmətləri üçün maliyyə vəsaiti almağı və ya nəzarətli inyeksiya məntəqəsi açmaq üçün icazə və ya icazənin yenilənməsi üçün müraciət etməyi qadağan edir.

10 ilə psixi sağlamlıq və asılılıq xidmətləri üçün 3,8 milyard dollar ayrılıb

Ontario hökuməti, “Yol xəritəsi və Sağlamlıq Proqramı” çərçivəsində 10 il ərzində psixi sağlamlıq və asılılıq xidmətlərini genişləndirmək üçün 3.8 milyard dollar yatırım edir.

2024-cü ilin büdcəsi çərçivəsində:

  • Növbəti 3 il ərzində 380-dən çox reabilitasiya çarpayısının və mobil psixi sağlamlıq klinikalarının fəaliyyətini dəstəkləmək üçün 124 milyon dollar ayrılacaq.
  • Psixi sağlamlıq və asılılıq problemləri ilə qarşılaşan şəxslər üçün dəstəkli yaşayış imkanlarının genişləndirilməsinə 152 milyon dollar yönəldiləcək.
  • Dörd il ərzində gənclər üçün 10 yeni Sağlamlıq Mərkəzinin yaradılması üçün 22 milyon dollar ayrılacaq.
  • Hər il 650 milyon dollardan çox vəsait Evsizliyin Qarşısının Alınması Proqramı üçün ayrılır, 2023-cü il büdcəsində bu məbləğ 202 milyon dollar artırılmışdır.
  • 50-dən çox icmada polis əməkdaşlığı ilə həyata keçirilən Mobil Böhran Cavab Qruplarını dəstəkləmək üçün 16 milyon dollara qədər vəsait ayrılıb.
  • 60 milyon dollardan çox vəsait hər il yerli icmalara psixi sağlamlıq və asılılıq dəstəyi göstərmək üçün ayrılır. Bu proqramlar yerli xalqların mədəniyyətinə uyğun olaraq onların cəmiyyətləri tərəfindən hazırlanır və icra olunur.

FOTO: Fred Lum/The Globe and Mail

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp