Bu gün “Mənim Azərbaycanım” məktəbinin şagirdlərinin iştirakı ilə “Sehrli xalat” filminin motivləri əsasında hazırlanmış film-tamaşanın təqdimatı keçirildi. Richmond Hilldəki Cosmo Musicdə düzənlənən tədbiri giriş sözü ilə Azərbaycan Evinin direktoru Lalin Həsənova açdı. O, qonaqlara Kanadadakı Azərbaycan Evinin nəzdində yaradılan “Mənim Azərbaycanım” məktəbi barədə məlumat verdi və cəmi 12 ay fəaliyyət göstərməsinə baxmayaraq sözügedən məktəbin şagirdlərinin dəfələrlə professional səhnələrdə cıxiş etdiyini vurğuladı. Bunun birliyin, gərgin əməyin və professionallığın nəticəsi olduğunu qeyd edən L.Həsənova tamaşanın hazırlanmasında əməyi keçən komandanı səhnəyə dəvət etdi. Daha sonra film-tamaşanın ssenari müəllifi, “Mənim Azərbaycanım” məktəbinin Azərbaycan dili və dram dərslərinin müəllimi Sevinc Quliyeva filmin araya-ərsəyə gəlməsi barədə danışdı. Filmin rejissoru Elçin Muxtarov tamaşada iştirak edən uşaqların istedadlı olduğunu və balacalarla işləməkdən zövq aldığını dilə gətirdi.
Daha sonra filmin balaca aktyorları səhnədə yer aldılar. Balaca aktyorlara sertifikat və onları həvəsləndirmək üçün rəmzi olaraq “Oskar” mükafatı” verildi. Aktyorların təqdimatından sonra qonaqlar “Sehrli xalat” film-tamaşasını seyr etdilər.
Sonda tədbirin fəxri qonağı əməkdar elm xadimi, Humboldt mükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev çıxış etdi. O, balaca aktyorların performansını bəyəndiyini bildirdi. Qeyd etdi ki, 60 il əvvəl sözügedən filmə baxıb. Professor adət-ənənələrimizin, milli musiqimizi və rəqslərimizin, hətta milli xörəklərimizin filmdə yer almasını xüsusi qeyd etdi. M.Əfəndiyev filmdə qoyulan mövzuların bu günlə səsləşdiyini, xüsusilə də elmlə bağlı hissələrin qabardılmasını yüksək qiymətləndirdiyini vurğuladı.
Sonda qonaqlar çay süfrəsi arxasında film-tamaşanı müzakirə etdilər.