[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Study in Canada” təqaüdünü qazanmış yeganə azərbaycanlı

kanadada tehsil

Kanada vizasına 4 dəfə imtina alan Gülər Qasımova deyir ki, “təqaüd yoxdur, mümkün deyil” deyənləri dinləməyin

2017-ci ildə Kanadada təhsil almağa qərar verir. Bir il Kanadada təhsilin yollarını araşdırır və hazrlaşmağa başlayır. 2019-cu ilin martında Kanadanın Nyu-Foundland əyalətindəki Memorial Universitetində Fəlsəfə ixtisası üzrə magistraturaya qəbul olur. Bunun ardınca iki dəfə  viza müraciətinə imtina alır və təhsilini 2020-ci il, sentyabr ayınadək dondurmaq məcburiyyətində qalır. 2020-c ilin yanvarında vizadan 3-cü imtina gəlir. “Daha bitdi” deyə təslim olmaq istəyir, amma olmur. Kanadada təhsil üçün təqaüdə müraciət edir. Global Affairs Canadanın “Study in Canada” təqaüdünü qazanır. Təqaüd qazanması da viza almasına kömək etmir, viza müraciətinə 4-cü dəfə 2020-ci ilin avqustunda imtina gəlir. Hər şeydən əlini üzsə də, Kanada təhsilini əldən vermək istəmir, sentyabrda Bakıda distant olaraq dərslərə başlayır. Noyabrın əvvəli viza profilində dəyişiklik görür. Vizaya imtina qərarı dəyişilmişdi…

Müsahibimiz Kanadanın Nyu-Foundland əyalətindəki Memorial Universitetinin Fəlsəfə ixtisası üzrə magistr pilləsində təhsil alan Gülər Qasımovadır. Gülər hazırda Kanadanın Toronto şəhərindədir. Deyir ki, insan arzusuna dirənməlidir: “Çox istəyəndə olur. İynəylə, dişlə, dırnaqla olur, amma olur. Sizi ruhdan salanlara inanmayın. “Təqaüd yoxdur, mümkün deyil” deyənləri dinləməyin. Amma hər şeyi başqalarından da gözləməyin. Hədəf qoyun, qoy o hədəfə gedən yol lap 5 il çəksin, o arzuya dəyirsə, gözləməyə də dəyər. Əziyyətin mütləq nəticəsi olur”.

– Gülər, qısa olaraq özünüz haqqında məlumat verərdiniz, zəhmət olmasa…

– Bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsində, magistratura təhsilimi Amerika səfirliyinin təqaüd proqramıyla Jurnalistika və media menecmenti ixtisası üzrə Gürcüstan İctimai İşlər İnstitutunda almışam. Bir müddət Azərbaycandakı media orqanlarında çalışmışam. Övladlarım dünyaya gələndən sonra evdə tərcümə işləriylə məşğul olmuşam. 50-yə qədər kitab tərcümə etmişəm, “Açıq ədəbiyyat” adlı kitabın müəllifiyəm.

– Artıq iki aya yaxındır Kanadadasınız. Bu müddətin də 14 gününü karantində olmusunuz. Karantin dövrünüz necə keçdi? Çoxmu sərt idi?

– 14 günlük karantin dövrünü hoteldə keçirdim. Doğrusu, bir az çətin idi. Otaqdan çölə çıxmağa icazə verilmirdi. Getdiyim ikinci gün idi, sifariş verdiyim yeməyi götürmək üçün bilmədən aşağı düşdüyüm üçün qapının kartını dəyişdilər və elə etdilər ki, qapını açıb çölə çıxsaydım, qapı arxamca örtüləcəyi təqdirdə çöldə qalacaqdım. Bu da cərimə demək idi.

 

– Kanada barədə ilk təəssüratınız maraqlıdır. Uzaqdan Kanada bir başqa görünür, gələndən sonra tamam başqa. Kanada sizi nəyi ilə təəccübləndirdi? Nələr gözləyirdiniz, nələrlə qarşılaşdınız?

– Kanada haqqında ilk təəssüratım bir az qarışıq oldu. 14 günlük karantindən sonra qaldığım ərazini gəzirdim. Qeyd edim ki, Torontonun mərkəzi sayılan downtownda qalıram. Bir az depressiv təsir bağışladı. Düşünürəm ki, bəlkə gəlməyim pis vaxta təsadüf edib, COVİD-ə görə hər yer bağlıdır. Bir tərəfdən hər yerin qapalı olması, digər tərəfdən mərkəzdə evsiz-eşiksiz küçə adamlarına tez-tez rast gəlməyim məndə yaxşı təsir oyatmadı. Ruhi xəstələr, yaxud narkotika təsiri altında qəribə hərəkət edən adamlar çoxdur. Qəribə hissdir onları görmək. Bir dəfə kafedə sifariş etdiyim yemək paketini evsiz küçə adamlarından biri məndən xəbərsiz götürdü. Düzdür, sonradan qaytardı, amma özümü pis hiss elədim. Sonradan öyrəndim ki, hökumət onlara pul yardımı edir. Küçədə yaşamaq, sadəcə, onların seçdiyi həyat tərzidir.

Doğrusu, Kanadada daha çox gülümsəyən, daha xoşbəxt insanlar görəcəyimi düşünürdüm. Amma müşahidələrim göstərdi ki, burada da insanlar stres altındadır, istənilən halda pandemiya kanadalılardan da yan keçməyib.

Torontoda Dundas meydanı deyilən əraziyə yaxın yaşadığımdan hər həftənin şənbə günü, sərtləşdirilmiş karantin rejiminə qarşı keçirilən aksiyaların canlı şahidi oluram. Əslində meydanda bir çox aksiyalar keçirilir. Digər ölkə vətəndaşları belə ölkələrindəki problemlərlə bağlı aksiyalar keçirib, səslərini duyurmağa çalışırlar. Belə hallarda velosipedli polislər çox vaxt kənardan sakitcə müşahidə edirdilər. Lakin bu ilin yanvarın 14-dən Ontario əyalətində elan edilmiş sərtləşdirilmiş karantinə qarşı aksiyada gördüyüm aqressiv polislər məni təəccübləndirdi. Onlar nümayişçilərin avadanlıqlarını sındırıb, bəzilərini zor tətbiq edərək aparırdılar. Mənim üçün gözləmədiyim qəribə mənzərə idi. Aksiyadan sonra yer alan xəbərlərdə, Kanada polisinin “ictimai təhlükə məsələsi idi” deyib özünə haqq qazandırdığını oxudum…

– Gülər, gələk əsas məsələyə. Dörd dəfə Kanada vizasına müraciət edib yox cavabı almısınız. Amma sonunda istəyinizə çatdınız. Buna necə nail oldunuz?

– 4 il əvvəl xaricdə təhsil alıb yaşamağı düşünürdüm. Həmin müddətdə 3 ingilisdilli ölkəni fikirləşirdim: İngiltərə, Amerika və Kanada. Təhsilin keyfiyyətli olduğunu düşündüyüm ingilisdilli ölkələr bunlar idi. Ələkdən keçirəndə Kanadanın üzərində dayandım.

2019-cu ilin mart ayında Kanadanın Memorial Universitetinin fəlsəfə bölməsində magistr dərəcəsinə qəbul aldım. Əslində 2019-cu ilin sentyabrında artıq Kanadada dərslərə başlamalı idi. Amma vizadan iki dəfə imtina aldığıma görə təhsilimi 2020-ci ilin sentyabrına qədər bir illik dondurdum. 2020-ci ilin yanvarında 3-cü dəfə imtina aldım. 3-cü imtinadan sonra təqaüd qazandım. Təqaüd qazananadan sonra Kanada immiqrasiyası 4-cü dəfə ötən ilin avqustunda viza müraciətimə “yox” cavabı verdi. Amma mən həvəsdən düşmədim, 2020-ci ilin sentyabrından dərslərə onlayn qoşuldum. Bilirsiniz ki, COVİD-19 səbəbilə Kanadada universitetlər onlayn təhsilə keçiblər. Dərslərə onlayn qatıldığım dövrdə – ötən ilin noyabrında viza profilimdə dəyişiklik gördüm. Bəlli oldu ki, vizaya imtina qərarını dəyişiblər.

– Nə baş verdi ki, immiqrasiyanın “yox”u”hə”yə çevrildi?

– Əslində bu, mənim üçün də sual olaraq qalır. Bir neçə variant var. Ya universitet və təqaüd aldığım Global Affairs of Canada birlikdə məsələyə müdaxilə etdilər, ya ölkənin baş naziri və miqrasiya nazirinə yazdığım məktublar işə yaradı, ya da sadəcə, texniki səhv olmuşdu. Hansıdır, hələ də bilmirəm.

 

– Vizaya imtina kimi nəyi səbəb göstərirdilər?

– İlk üç imtinada maliyyə və səfər məqsədini əsas göstərirdilər. Dördüncü imtinanı aldıqda artıq maliyyəni səbəblərdən biri kimi çıxartsalar da, yerinə səyahət tarixçəsini və seçdiyim ixtisas üzrə Azərbycanda iş yerlərinin məhdud olmasını əlavə etmişdilər.

– Tələbə kimi Kanadaya gəlmək istəyən həmyerlilərimizi maraqlandıran suallardan biri də budur ki, universitetdən qəbul alsan belə, pasportunda Şengen vizası olmadan Kanada vizası əldə etmək mümkündürmü. Sizdə Şengen viza, yaxud Amerika vizası var idi?

– Əslində mənim Şengen vizam olub, amma üstündən 9 il vaxt keçmişdi. Yəni belə baxanda səyahət tarixçəm yox idi. Ümumiyyətlə, bu mülahizəni yanlış hesab edirəm. Çünki xeyli tanıdığım var ki, səyahət tarixçəsi olmadan tələbə vizası alıblar.

– Feysbukda kanadalı azərbaycanlıların qrupunda status paylaşmışdınız və statusun altından xeyli adam şərh yazmışdı. Əksəriyyəti sizdən kömək istəyirdi. Əminəm ki, mesaj qutunuza da kifayət qədər adam yazıb, Kanadaya gəlmək üçün yardım istəyiblər. Təhsil yolu ilə Kanadaya gəlmək istəyənlərə nə məsləhət görərdiniz? Nə etsinlər?

– Bəli, yazırlar və hər kəsə əlimdən gələn qədər kömək etməyə, bildiklərimi paylaşmağa çalışıram. Məsləhətim yalnız o olardı ki, pillə-pillə hərəkət etsinlər, səbrli olsunlar. Yol uzun və qarışıqdır. Dolaşıq hərəkət məqsədə çatma zamanını uzada bilər. Əvvəldə ingilis dili biliyi, sonra İELTS, ardınca əyalət seçimi, universitet və ya kollec seçimi və s. gəlir. Mərhələ-mərhələ addımladıqda hər şey gözə daha asan görünür.

– Yeri gəlmişkən, “Study in Canada” təqaüdünü qazanmış yeganə azərbaycanlısınız. Necə oldu sözügedən təqaüdü əldə etdiniz?

– Doğrusu, vizaya üç dəfə imtina aldıqdan sonra təqaüd ala biləcəyimə inanmırdım. Artıq Kanada sevdamdan əl çəkmək istəyirdim. Sözügedən təqaüdə müraciət tarixinin bitməsinə 4 gün qalmış universitetdən xahiş etdim ki, mənim üçün təqaüdə müraciət etsinlər. Təqaüdün qaydaları bundan ibarət idi ki, tələbələr şəxsən müraciət edə bilməzdilər. Qəbul aldıqları universitet onların adından müraciət göndərməli idi. Universitet müraciət göndərdi və təqaüd verdilər.

– Ümumiyyətlə, Kanadada Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan təqaüd proqramları varmı?

– Kanadada təkcə Azərbaycan vətəndşları üçün deyil, əksər dünya ölkələrinin vətəndaşları üçün xeyli sayda təqaüd proqramları mövcuddur. Universitetlərin öz daxili təqaüdləri, PHD təqaüdləri, Global Affairsin təqaüdləri var. Sırf Azərbaycanın adını ölkə olaraq gördüyüm təqaüd “Study in Canada” təqaüdü olub. Hansı səbəbdənsə növbəti il üçün Azərbaycanın adı siyahıdan çıxarılıb. Amma ola bilər ki, yenidən salınsın, bəzən belə hallar baş verir. Ümumiyyyətlə, Azərbaycan vətəndaşlarının müraciət edə biləcəkləri xeyli təqaüd proqramı var.

– Gülər, sirr deyilsə, illik nə qədər təqaüd verildiyini açıqlaya bilərsiz? 

– Mənə ümumi olaraq 2 il üçün54 min dollar təqaüd ayrılıb. Bu, mənim Nyu Foundlanddakı yaşayışımı, təhsilimi hər şeyi tamamilə ödəyir. Dərslər onlayn keçirildiyi üçün hazırda Torontodayam. Amma təqaüd hesabma köçürülür.

– Bildiyimiz kimi, Kanadada əcnəbi tələbələr üçün təhsil haqqı çox yüksəkdir. Əcnəbi tələbə yerli tələbədən təxminən üç dəfə artıq təhsil haqqı ödəyir. Siz araşdırmısınız, hansı əyalətlərdə təhsil haqqı daha uyğundur?

– Təhsil haqqının məbləği Kanadanın müxtəlif əyalətlərində fərqlidir. Ontario, British Kolumbiya əyalaətlərindəki kolleclərin illik təhsil haqqı  14-18 min CAD arasında dəyişir. Kənar əyalətlərdə kolleclərin qiyməti yenə olduğu kimi qalır – təxminən 11-18 min CAD, amma əyalətlərdəki   universitetlərdə illik təhsil haqqı çox ucuzdur. Saskaçevan Universitetində elə fakültələr var ki, illik təhsil haqqı 6000-6500 CAD arasında dəyişir. Mənim təhsil aldığım Memorial Universitetində humanitar ixtsasların illiyi 6000-6500 CAD-dır. Əyalətlərdə illik təhsil haqqı aşağı olan universitetlər çoxdur. Sadəcə, diqqətli olmaq lazımdır, dövlət tərəfindən qanuni qaydada tanınan, təsdiqlənən universitetə müraciət etmək lazımdır. Bir məsələni də diqqətinizə çatdırım. Əgər Memorial Universitetdə mühəndislik, tibb və s. kimi texniki ixtisası seçmisinizsə, ümumi təhsil haqqından əlavə üzərinə 10 min CAD xüsusi ödəniş də gəlir. Bəzən buna fikir verməyənlər olur, oxumağa gələndə öyrənirlər və böyük şok yaşayırlar. Bir sözlə, texniki fənlər üçün bəzi universitetlərdə əlavə ödəniş olduğunu nəzərə almaq və əvvəlcədən universitetlə dəqiqləşdirmək lazımdır.

Kanadada oxumaq istəyənlərə təhsil haqqının aşağı olması baxımından əyalət olaraq Saskaçevan və Nyu Foundlandi seçməyi tövsiyə edərdim. Bu iki əyaləti yaxşı araşdırmışam. O cümlədən sözügedən əyalətlərdə iş yeri az olsa da, yaşayış da ucuzdur.

– Bəs Kanada universitetləridən qəbul almaq çoxmu çətindir? Şərtləri nədir?

– Deməzdim ki, çətindir. Əgər bakalavr təhsilidirsə daha asandır. Magistr və ya doktorantura təhsili üçün ya bundan öncəki təhsilin, ya da seçəcəyin ixtsasa uyğun olaraq iş təcrübən güclü olmalıdır. Ielts və ya TOEFL balı olandan sonra iş daha da asanlaşır. Mən də çox həyacanlı idim və qorxurdum. Lakin sonradan anladım ki, qorxulası bir şey yoxdur. Universitetdən qəbul almaq çox asan başa gəlir. Kanada təhsil müəssisələri kənardan tələbə qəbulunda çox maraqlıdırlar. Çünki nəinki müəsissənin özünə, həm də ölkəyə gəlir gəlir. Bir sözlə, bir azca cəsarət yetər.

 

– Çoxları düşünür ki, universitetdən qəbul aldınsa, viza almaq heç də çətin deyil. Amma sizin təcrübəniz əksini göstərir.

– Bəli, mən də belə eşitmişdim və sonradan yanıldığımı gördüm. Məndən başqa təhsil vizasından imtina alan xeyli adam tanıyıram. 2 il öncə forumlardan birində oxudum ki, Azərbaycandan müvəqqəti ziyarətçi vizalarına (tələbələr də bura daxildir – G.Q.) 80 faiz imtina verilib. Bir neçə il əvvələ qədər daha rahat idi. Mən həm öz işimə görə, həm də sırf maraqdan imtina məsələsini xeyli araşdırdım. Sonda gəldiyim təxmini qənaət bu oldu ki, yəqin Kanada viza məmurları müəyyən kvota ilə çalışırlar. Yəni müəyyən sayda viza olur və onlar bitdikdən sonra avtomatik imtinalar verilir. Yəni bu məsələ hələ də mənim üçün qaranlıqdır.

 

– Kanadada qalıb yaşamağı düşünürsünüz yəqin. Karyeranızla bağlı gələcək planlarınız maraqlıdır…

– Karyeramla bağlı gələcək planım PHD-dir. Hazırkı professorum həmişə deyir ki, hər semestrdə fikriniz çox dəyişəcək. Amma hazırda düşündüyüm akademik yoldur.

– Gülər, həyat yoldaşınız və iki azyaşlı övladınızı Azərbaycanda qoyub gəlmisiniz. Çox cəsarətli addımdır. Onları nə zaman gətirmək fikriniz var? Kanada hökumətinin onlara viza verməyində  problem olmayacaq  ki?

– Onların gəlişini 3-4 aydan sonraya planlaşdırıram. Mən özüm bura tam uyğunlaşmalıyam ki, uşaqlar gələndə onlara çətin olmasın, hər şey daha axıcı getsin. Qanuna görə, onların bura gəlməyə tam haqları var. Sadəcə, viza məsələsinə heç bir güvənim qalmadığından ailəm gələnə yaxın məsələni vəkil və ya hüquqşünasla həll etməyi düşünürəm.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp