Kanada Mərkəzi Bankının rəhbəri Tiff Maklem: “Kanadanın milli gəlirinin təxminən üçdə biri ABŞ-a ixracdan əldə edilir”
Kanada Mərkəzi Bankının rəhbəri Tiff Maklem bildirib ki, ABŞ-ın tarifləri və Kanadanın onlara cavab tədbirləri iqtisadiyyata dağıdıcı təsir göstərəcək, artımı aşağı salacaq və inflyasiyanı yenidən alovlandıracaq: “Yeni bir böhran üfüqdədir. Əgər ABŞ tarifləri gözlənildiyi kimi tətbiq olunarsa, iqtisadi təsirlər ciddi olacaq”.
Nəticələr ağır olacaq
Lakin bu dəfə vəziyyət COVID-19 pandemiyasından sonra baş verən inflyasiyadan fərqlənəcək. Maklem Mississaqa Ticarət Palatası və Okvill Ticarət Palatasının təşkil etdiyi tədbirdə çıxışı zamanı qeyd edib ki, Kanada Mərkəzi Bankının, tariflərin iqtisadiyyata vurduğu zərəri azaltmaq üçün çox az aləti var. Onun sözlərinə görə, son illərlə müqayisədə daha güclü iqtisadiyyat mövcud olsa da, tariflərin şoku COVID-19 pandemiyasının yaratdığı iqtisadi şokdan çox fərqlənəcək: “Pandemiya dövründə dərin bir tənəzzül yaşadıq, lakin iqtisadiyyat yenidən açıldıqda sürətli bərpa baş verdi. Bu dəfə isə tariflər uzunmüddətli və genişmiqyaslı olarsa, geriyə dönüş olmayacaq. Hazırkı artım səviyyəmizə çata bilərik, lakin ümumi iqtisadi istehsal qalıcı olaraq aşağı səviyyədə qalacaq. Bu sadəcə bir şok deyil, struktur dəyişikliyidir”.
Maklem bildirib ki, tariflər ixrac satışlarını azaldaraq ev təsərrüfatlarının gəlirlərinə mənfi təsir göstərəcək. Eyni zamanda, Kanadanın ABŞ mallarına tətbiq etdiyi cavab tarifləri bu malların qiymətlərini artıraraq inflyasiyaya səbəb olacaq: “Yeni tariflər hələ qüvvəyə minməyib, lakin ABŞ-ın ticarət siyasətindəki qeyri-müəyyənlik artıq iqtisadiyyatımıza təsir edir və əgər ABŞ uzunmüddətli ticarət müharibəsi başlatsa, nəticələr ağır olacaq”.
“Mərkəzi bank faiz dərəcələrini çox da aşağı sala bilməz”
Kanada Bankı ticarət şokuna uyğunlaşmaq üçün faiz dərəcələrini aşağı salaraq istehlak tələbinə dəstək verə bilər, deyə Maklem bildirib.
Lakin o, əlavə edib ki, mərkəzi bank faiz dərəcələrini çox da aşağı sala bilməz, çünki bu, inflyasiyanı daha da tətikləyə bilər.
“Burada COVID-19 dövründəki kimi bir tədbir görməyi düşünmürük”, o, çıxışından sonra keçirilən mətbuat konfransında bildirib.
Son bir neçə ayda Kanada Bankı faiz dərəcələrini ardıcıl olaraq aşağı salıb, çünki inflyasiya pik səviyyələrdən geriləyib və iqtisadiyyat durğunlaşmağa başlayıb.
Kanada dolları son aylarda zəifləyib və Maklem qeyd edib ki, əgər ticarət müharibəsi başlasa, bu tendensiya davam edə bilər.
Ölkənin zəif məhsuldarlığı ilə bağlı xəbərdarlıq
Maklemin sözlərinə görə, Kanadanın milli gəlirinin təxminən üçdə biri ABŞ-a ixracdan əldə edilir. O bildirib ki, illər ərzində Kanada ilə ABŞ arasındakı açıq ticarət hər iki ölkəyə fayda verib: “Tariflərin əhəmiyyətli dərəcədə artırılması bu inkişafı geriyə çevirəcək”.
Kanada Mərkəzi Bankı pandemiya sonrası iqtisadiyyatı bürüyən inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini yüksəltmişdi və keçən il onları azaltmağa başladı.
Kanada Mərkəzi Bankının tariflərə cavab vermək imkanları məhdud ola bilər, lakin Maklem qeyd edib ki, hökumətin Kanada iqtisadiyyatını gücləndirmək üçün edə biləcəyi struktur dəyişiklikləri var. Bunlardan biri məhsuldarlıq məsələsidir. Maklem bunun “çətin başa düşülən bir anlayış” olduğunu qəbul etsə də, onun işçilərin daha yüksək maaş almasına və bizneslərin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda daha rəqabətli olmasına kömək etdiyini deyib: “Pul siyasəti baxımından, bu o deməkdir ki, iqtisadiyyat inflyasiya təzyiqi olmadan daha çox inkişaf edə bilər”.
Kanada Mərkəzi Bankı artıq ölkənin zəif məhsuldarlığı ilə bağlı xəbərdarlıq edir və Maklem bildirib ki, “əgər hər hansı bir vaxt bu məsələni həll etmək lazımdırsa, o vaxt məhz indidir”.
Əyalətlərarası ticarət maneələri aradan qalxmalıdır
Maklem, həmçinin, əyalətlərarası ticarət maneələrini vurğulayıb və ümid etdiyini bildirib ki, bu dəfə Kanada bu uzunmüddətli problemi həll etmək üçün real addımlar ata bilər.
Bu maneələr, Maklemin sözlərinə görə, xarici təsirlərdən qorunmaq üçün aradan qaldırılması lazım olan daxili problemlərdən biridir: “Bizim əyalətlər arasında malların və xidmətlərin hərəkətini məhdudlaşdıran bir çox kiçik tənzimləmə fərqlərimiz var və bu, xərcləri artırır. Biz bu fərqləri uyğunlaşdırmalı və ya qarşılıqlı tanımalıyıq ki, iqtisadiyyatımız xarici çağırışlara daha dözümlü olsun”.
Yazı The Canadian Pressdən tərcümə edilib
Foto: Adrian Wyld/The Canadian Press