Təhsil icazələrinə qoyulan məhdudiyyət ən azı iki il qüvvədə qalacaq
Kanada hökuməti tərəfindən beynəlxalq tələbə qəbuluna qoyulan məhdudiyyət universitet və kolleclərdə artıq hiss olunmağa başlayıb. Əcnəbi tələbələrin böyük hissəsinin təhsil aldığı Ontario əyalətindəki təhsil müəssisələrində bu, xüsusilə gözə çarpır. Məsələn, Konestoga Kolleci 2023-cü ildə 30 min beynəlxalq tələbə qəbul edib. Bu, Kanadadakı bütün təhsil müəssisələri arasında ən yüksək göstəricidir. Lakin məhdudiyyətlər səbəbilə bu sayın bu il 50 faizdən çox azalacağı gözlənilir.
Eyni zamanda, iqtisadiyyatı beynəlxalq tələbələrdən asılı olan Atlantik Kanadada qəbul sayı 11.4 faiz azalıb ki, bu da bölgədə təxminən 163 milyon dollar gəlir itkisinə səbəb olacaq.
Təhsil müəssisələri gəlir itkisini kompensasiya etməyə çalışırlar. Şeridan Kolleci artıq 40 proqramı ləğv edib, Seneka Kolleci isə Markham kampusunu müvəqqəti bağlamağa məcbur olub. Algonquin Kollec isə Perth kampusunu maliyyə çatışmazlığı səbəbindən tamamilə bağlayacağını açıqlayıb.
İqtisadiyyata və əmək bazarına təsirləri
Xarici tələbələrin sayının azalması təkcə təhsil sahəsi ilə məhdudlaşmır. Beynəlxalq tələbələr Kanada iqtisadiyyatına hər il milyardlarla dollar töhfə verirlər. Bu töhfə təhsil haqları ilə ilə yanaşı, kirayə, ərzaq, nəqliyyat və digər xərcləri də əhatə edir. Toronto, Vankuver və Montreal kimi şəhərlərdə ev kirayəsi, pərakəndə satış sektorları və xidmət sənayesində sözügedən fərq artıq ciddi surətdə hiss edilməyə başlayıb.
Bundan əlavə, bir çox sektorlar, xüsusilə pərakəndə ticarət, hotelçilik və səhiyyə sahələri əcnəbi tələbələrdən işçi qüvvəsi kimi istifadə etməyə ehtiyac duyurlar. Tələbələrin sayının azalması bu sektorlarda işçi çatışmazlığına, əmək haqlarının artmasına və işin təşkilində problemlərə səbəb olub. ACIL Allen adlı iqtisadi modelləşdirmə firması bu siyasət dəyişikliklərinin Kanadanın ÜDM-də 4 milyard dollardan çox itki və 22 mindən çox iş yerinin ixtisarı ilə nəticələnə biləcəyini proqnozlaşdırır.
Hökumətin mövqeyi və gələcək planlar
Kanada hökuməti bu qərarı müdafiə edərək, əhalinin artımını idarə etmək və mənzil bazarında əlçatanlığı qorumaq ehtiyacının olduğunu vurğulayıb. İmmiqrasiya naziri Mark Miller bildirib ki, təhsil icazələri üçün qoyulan məhdudiyyət ən azı iki il qüvvədə qalacaq və 2025-ci il üçün təhsil icazələrinin sayı 437 min olacaq. Bu rəqəm, 2024-cü illə müqayisədə 10 faiz azalma deməkdir.
Bundan əlavə, hökumət müvəqqəti sakinlərin ümumi əhali daxilində payını 6.2 faizdən 5 faizə endirməyi planlaşdırır. Təhsil sonrası iş icazələrinə (Post-Graduate Work Permit) də yeni məhdudiyyətlər qoyulub və bəzi təhsil müəssisələrinin məzunları üçün bu icazələr ləğv edilib. Hökumət həmçinin beynəlxalq təhsil sektorunda fırıldaqçılıq hallarının qarşısını almaq üçün sərtləşdirilmiş nəzarət tətbiq edəcəyini bəyan edib.
Qlobal və siyasi təsirlər
Beynəlxalq tələbələrlə bağlı qərar beynəlxalq arenada da geniş müzakirələrə səbəb olub. Kanadaya ən çox tələbə göndərən Hindistan hökuməti yeni qərarla bağlı narahatlığını ifadə edib. Xüsusilə Pəncab bölgəsindən olan bir çox hindistanlı ailə artıq Kanadaya təhsil üçün uyğun məkan kimi baxmırlar. Çünki gələcək immiqrasiya yolları və məşğulluq imkanları qeyri-müəyyən görünür.
Eyni zamanda, Kanadanın universitet və kollecləri indi Avstraliya və Böyük Britaniya kimi ölkələrlə daha ciddi rəqabət aparmalıdır, çünki bu ölkələr tələbələrə yönəlik daha mülayim siyasət həyata keçirirlər. Əgər bu tendensiya davam edərsə, Kanadanın beynəlxalq təhsil üçün əsas məkan kimi reputasiyası uzunmüddətli zərər görə bilər.
Alternativ həll
Bu dəyişikliklərin fəsadlarını universitetlər, bizneslər və siyasətçilər idarə etməyə çalışdığı bir vaxtda, daha balanslaşdırılmış yanaşma çağırışları artır. Mütəxəssislər mənzil böhranını həll edərkən eyni zamanda beynəlxalq tələbələrin ölkəyə cəlb edilməsini davam etdirmək üçün alternativ həll yolları təklif edirlər. Bunlar arasında tələbə yataqxanalarına investisiyanın artırılması və tələbə qəbulunun bölgələr üzrə daha balanslı şəkildə paylaşılması kimi təkliflər var.
Foto: Freepik