Kanada hökuməti, Amerika prezidenti Tramp ilə qarşılıqlı ticarət savaşı fonunda Elon Maska məxsus Tesla şirkətinin istehsal etdiyi avtomobilləri gələcək elektrik nəqliyyat vasitələri (EV) üzrə subsidiyalar proqramından kənarlaşdırıb. Bu barədə ölkənin Nəqliyyat Naziri Kristya Friland mətbuata açıqlamasında deyib.
Friland bildirib ki, Tesla avtomobilləri o vaxta qədər subsidiyalara uyğun olmayacaq ki, ABŞ tərəfindən Kanadaya qarşı tətbiq edilən “qanunsuz və qeyri-legitim tariflər” ləğv olunsun.
Reutersə açıqlamasında Friland onu da qeyd edib ki, Kanada hökuməti, mövcud subsidiyalar proqramı dayandırılmamışdan əvvəl Tesla tərəfindən təqdim olunan çoxsaylı subsidiyaya müraciətləri də araşdırır.
Ümumilikdə, Kanada Teslaya ödənilməsi nəzərdə tutulan 43 milyon Kanada dolları (təxminən 30.11 milyon ABŞ dolları) məbləğində vəsaiti dondurub. Friland qeyd edib ki, bu ödənişlər yalnız hər bir müraciət yoxlanıldıqdan və etibarlı sayıldıqdan sonra həyata keçiriləcək.
Yanvar ayında Kanada hazırkı subsidiyalar proqramını maliyyə çatışmazlığı səbəbilə dayandırdı. Qeyd edək ki, bu vaxta qədər proqram çərçivəsində alıcılara elektrik avtomobili alışına görə 5,000 dollara qədər ödəniş təklif edilirdi.
Proqramın bağlanmasından əvvəl Teslanın satış nümayəndələri bir sıra müraciətlər təqdim ediblər. Kvebek şəhərindəki bir nümayəndəlik təqribən 20 milyon Kanada dolları (təxminən 14 milyon ABŞ dolları) məbləğində subsidiya tələb edib. Bu isə bir həftəsonunda 4,000 avtomobil satışına bərabərdir ki, bu da hökumət rəsmiləri arasında şübhələrə səbəb olub.
Subsidiyalarla bağlı ilk xəbəri The Toronto Star yayıb. Teslanın nümayəndələri The Post qəzetinin şərh tələbinə dərhal cavab verməyiblər.
Bu hadisə Mask üçün daha bir pis xəbərdir. O, son aylarda Trampın dəstəklədiyi Dövlət Effektivliyi Departamentinə rəhbərlik etdiyi üçün ciddi tənqidlərə məruz qalıb. Mask həmçinin Trampa yaxın müşavirlərdən biri kimi fəaliyyət göstərir. Tramp Kanada və Meksikadan idxal edilən bir çox mallara 25 faiz tarif tətbiq edib.
ABŞ-da yerləşən Tesla nümayəndəlikləri bir sıra vandalizm və qəsdən törədilmiş yanğın hadisələri ilə üzləşiblər. Bu isə Tramp administrasiyasının yüksək səviyyəli nümayəndələrinin bu cür hərəkətləri “daxili terrorizm” kimi qiymətləndirəcəklərinə dair xəbərdarlıq etmələrinə səbəb olub.
Mütəxəssislər bildirirlər ki, Tesla və digər ABŞ avtomobil istehsalçıları Trampın tarif müharibəsindən ən çox zərər çəkənlər arasında olacaq. Çünki onların təchizat zəncirinin demək olar ki, bütün mərhələləri – xammalın alınmasından tutmuş, istehsal və satışa qədər bu tariflərdən təsirlənir.
Tesla bu ayın əvvəlində ABŞ Ticarət Nümayəndəliyinə göndərdiyi məktubda Tramp administrasiyasını tariflərin ABŞ şirkətləri üçün yaratdığı mənfi nəticələri nəzərə almağa çağırıb. Şirkət həmin məktubda bildirib ki, tariflərin artması nəticəsində “uyğunsuz təsirlərə” məruz qala bilər: “ABŞ-ın keçmiş ticarət addımları hədəf ölkələr tərəfindən dərhal cavab tədbirləri ilə nəticələnib. Bu tədbirlər sırasında həmin ölkələrə idxal olunan elektrik avtomobillərinə əlavə tariflər də yer alıb”, – deyə Tesla bildirib.
Bu mənfi təsirlərə ABŞ-da istehsal olunan Tesla avtomobillərinin maya dəyərinin artması və xaricdə satılan avtomobillərin satış qiymətlərinin yüksəlməsi daxildir.
Foto: The Globe and Mail