Şəhərin mərkəzində keçirilən yürüşdə “erməni aqressiyasına son” deyildi
İyulun 19-da Kanadada yaşayan azərbaycanlılar və ürəyi Azərbaycanla döyünənlər Toronto şəhərində bir araya gəldilər. Azərbaycana dəstək üçün, Ermənistana “dayan” demək üçün…
Ermənistan silahlı qüvvələrinin Tovuz sərhədində törətdiyi təxribata etiraz əlaməti olaraq Kanadada fəaliyyət göstərən müxtəlif Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə izdihamlı yürüş keçirildi. Azərbaycan və ingilis dillərində “Erməni aqressiyasına son”, “Erməni işğalına son”, “Qarabağ bizimir, bizim olacaq”, “Qarabağa ədalət”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ Azərbaycanındır” şüarları altında keçirilən aksiyaya təxminən 500-ə yaxın azərbaycanlı və Azərbaycan sevdalısı qatıldı. Qeyd edim ki, qaldırılan bayraqlar arasında Türkiyənin, İsrailin, Gürcüstanın da bayraqları var idi.
Torontonun College və Yonge küçələrinin kəsişməsindən başlayan yürüş şəhərin mərkəzində yerləşən Dundas meydanına kimi davam etdi.
Dundas meydanına çathaçatda leysan yağış yağsa da, heç kim yerindən tərpənmədi. Yağış dayanandan sonra aksiya davam etdi və çıxışçılar bir-bir mikrafona yaxınlaşaraq ürəklərini boşaltdılar. Erməni təcavüzündən, erməni məkrindən, Tovuzda baş verən hadisələrdən, ermənilərin yaşayış yerlərini atəşə tutmasından danışdılar və Azərbaycan həqiqətlərini Toronto sakinlərinə çatdırdılar.
Toronto sakinlərinə ermənilərin işğalçılıq siyasəti, Qarabağ həqiqətləri ilə bağlı məlumat xarakterli broşürlər də dağıdıldı.
Tədbirin sonunda Kanadada fəaliyyət göstərən bütün Azərbaycan təşkilatlarının bir araya gələrək Azərbaycan alyansı yaradılacağı barədə fikirlər də səsləndirildi.
Qeyd edim ki, yürüşün baş tutması üçün mərkəz küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı. Aksiyanın təhlükəsizliyini təmin etmək məqsədilə Toronto polisi iş başında idi.
Fotoları çəkdi: Camal Yahya