Kanadanın ən böyük şəhəri və iqtisadi paytaxtı, ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsinə cavab olaraq yerli biznesləri və işçiləri dəstəkləmək üçün 10 tədbirin həyata keçiriləcəyini açıqlayıb.
Toronto meri Oliviya Çou, iqtisadi təşəbbüs qrupunun üzvləri ilə birlikdə planı keçirdiyi mətbuat konfransında təqdim edib. Çou bildirib ki, qısa müddətli tədbirlər dərhal həyata keçiriləcək və qarşıdakı 30 günü əhatə edəcək.
“Kanada mənasız və zərərli bir ticarət müharibəsi ilə üz-üzədir. İnsanlar narahatdır. Onlar iş yerləri, qida qiymətləri və yaşayış xərcləri barədə narahatdırlar,” – deyə Çou bildirib.
10 cavab tədbiri
- Kanada təchizatçılarına üstünlük verilməsi – Şəhər, 353,000 dollardan aşağı mallar və xidmətlər üçün və 8.8 milyon dollara qədər tikinti layihələri üçün müqavilələrdə Kanada şirkətlərinə üstünlük verəcək.
- Sənaye müəssisəsi sahiblərinə vergi güzəşti – Tariflərdən təsirlənən sənaye müəssisələri sahibləri vergi ödənişlərini altı ay (1 iyun – 30 noyabr 2025) müddətinə cəriməsiz təxirə sala biləcəklər.
- “Love Local” kampaniyası – Toronto şəhər meriyası tərəfindən başladılan bu kampaniya yerli sakinləri Kanada istehsalı məhsullar almağa təşviq edəcək.
- ABŞ şirkətləri tenderlərdən kənarda qalacaqlar – ABŞ təchizatçıları şəhər bələdiyyəsi müqavilələri üzrə tenderlərə qatılmaq hüququndan məhrum ediləcək.
- Yanğınsöndürən maşınlarını alarkən yerli istehsal olan avtomobillər alınacaq – Toronto Yanğınsöndürmə Xidməti, ABŞ tədarükçülərindən asılılığı dayandıraraq, Kanada istehsalçılarından 17 yanğınsöndürən maşın alacaq.
- Regional əməkdaşlıq – Toronto, ABŞ idxalına olan asılılığını azaltmaq üçün Ontario bələdiyyələri ilə birlikdə işləyəcək.
- İstehsalatın dəstəklənməsi – Şəhər, yerli sənaye sektoruna sərmayə yatıraraq daxili istehsalı gücləndirməyi planlaşdırır.
- Səyahət və xərclər üzrə məhdudiyyətlər – Toronto şəhər bələdiyyəsinin işçiləri ABŞ-a işgüzar səfərlər üçün xüsusi icazə almalı və ABŞ mənşəli taksi və gediş xidmətlərindən istifadəni məhdudlaşdırmalıdırlar.
- Uzunmüddətli satınalma dəyişiklikləri – Şəhər departamentləri 90 gün ərzində satınalma siyasətlərini Kanada şirkətlərini dəstəkləyəcək şəkildə dəyişdirməlidir.
- Davamlı qanunvericilik təşəbbüsləri – İcraçı təşkilat yaxın günlərdə bu planı nəzərdən keçirəcək, son qərar isə gələn həftə şəhər şurasında səsverməyə çıxarılacaq.
Toronoto və ətrafı ABŞ bayraqlarını çıxarır
“Biz qürurlu kanadalılar bir olacağıq və Toronto hər zamankından daha güclü olacaq,” – deyə Çou vurğulayıb.
Qeyd edək ki, Amerika prezidenti Donald Tramp yanvarda andiçmə günündən sonra Kanada hökumətini idxal olunan bütün mallara 25 faiz tarif tətbiq etməklə hədələyib. O, buna səbəb kimi immiqrasiya, fentanil və bank sistemi kimi müxtəlif dəyişkən şikayətlərini əsas gətirib.
Trampın xarici iqtisadi siyasəti tez-tez dəyişib və hədələr davam etsə də, Vaşinqton bəzi ölkələr üçün güzəştlər və 30 günlük müddət verib. Buna baxmayaraq, rəsmi Ottava və əyalətlər öz tədbirlərini həyata keçirərək, tarif hədəsi tamamilə aradan qalxmayana qədər onları ləğv etməyəcəklərini bildiriblər.
Yeri gəlmişkən, hər bir əyalət öz tədbirlərini həyata keçirib, bunlardan ən geniş yayılmışı ABŞ istehsalı olan alkoqol məhsullarının satışdan çıxarılmasıdır.
Ontario hökuməti ABŞ şirkətlərinin dövlət müqavilələri üçün keçirilən tenderlərdə iştirakını qadağan edib.
Toronto şəhərinin şimalında yerləşən Vaughan da bu ay ABŞ təchizatçılarının bələdiyyə müqavilələri üçün tender verməsini qadağan etdiyini açıqlayıb.
Mississauga isə orta və yüksək dəyərli layihələrdə xüsusilə Kanada və qeyri-ABŞ təchizatçılarına üstünlük verilməsini təmin etmək üçün satınalma qaydalarını dəyişdirir.
Həftə sonu Mississauga şəhəri də Barrie və West Lincoln qəsəbəsi ilə birlikdə şəhər obyektlərindən ABŞ bayraqlarını çıxarmaq qərarına gəlib.
Foto: CBC