Minlərlə həmvətənimizin qatıldığı aksiyada kanadalılara haqq səsimiz çatdırıldı
Oktyabrın 18-də Kanadanın Toronto şəhərində Azərbaycana – Qarabağa dəstək, erməni aqressiyasına son demək üçün yürüş-mitinq keçirildi.
Azərbaycan mahnılarının sədaları altında yürüş edən minlərlə həmvətənimiz “Qarabağ Azərbaycandır”, “Erməni aqressiyasına son”, “Gəncə üçün dua et”, “Paşinyan terroristdir” və s. şüarlar səsləndirdilər.
İnsanların əllərində tutduğu lövhələr də kanadalılara çox şey deyirdi. “Ermənistan, mülki əhalini bombalamağa son ver”, “Kardaşyan körpə qatillərini maliyyələşdirir”, “Ermənilərə inanmayın”, “Uşaqları incitməyin” yazılan lövhələrdə ermənilərin iç üzü təsvir edilirdi.
Torontonun College və Yonge küçələrinin kəsişməsindən başlayan yürüş şəhərin mərkəzində yerləşən Dundas meydanına kimi davam etdi. Meydanda Azərbaycan və Kanada himnləri səsləndiriləndən sonra söz çıxışçılara verildi. Onlar da öz növbəsində haqq səslərini kanadalılara çatdırdılar. Dundas Meydanda səsləndirilən “Qarabağ şikəstəsi” həmyerlilərimizi xəyalən də olsa, Qarabağa, Şuşya apardı…
Gəncədə dünyasını itirən körpələrimizi anmaq üçün Dundas Meydanında stend hazırlandı. Qərənfillər, şamlar, oyuncaqarın da yer aldığı stenddə azərbaycanlı uşaqların çəkdiyi rəsmlər və rəsmlərin altından ingiliscə yazdıqları “Uşaqları incitməyin”, “Azərbaycanı sevirəm”, “Gəncə üçün dua et” fikirlərindən təsirlənməmək mümkün deyildi…
Qeyd edim ki, Kanada azərbaycanlılarının keçirdiyi aksiyaya azərbaycanlılarla yanaşı, türklər, yəhudilər, pakistanlılar, gürcülər, qazaxıstanlılar, kanadalılar da öz bayraqları ilə qatılmışdılar.
Onu da deyək ki, ermənilər tərəfindən gözlənilən qarşıdurmanı önləmək üçün Azərbaycan icmalarının müraciəti ilə asayişi qorumaq üçün mitinqə çoxsaylı polislər cəlb edilmişdi. Ermənilər provokasiyaya cəhd etsələr də, həmyerlilərimizin hissləri ilə deyil, səbrlə davranmaları, eyni zamanda, polislərin işə qarışması nəticəsində mitinq insidentsiz ötüşdü.
Eyni məkanda Qələbə mitinqi keçirmək arzusuyla…
Fotoların müəllifi: Camal YAHYA