Aprelin 2-də Amerika tərəfindən taxta və əczaçılıq sənayesinin hədəfə alınacağı gözlənilir
Bu gün Tramp bütün avtomobil idxalına, o cümlədən Kanadada istehsal edilən avtomobillərə 25 faiz tarif tətbiq edən sərəncam imzalayıb. Sərəncama əsasən, tarif aprelin 2-dən qüvvəyə minəcək.
Ağ Ev tərəfindən yayımlanan press-relizdə deyilir ki, tariflər bütün idxal olunan avtomobillərə və yüngül yük maşınlarına, eləcə də mühərriklər, transmissiyalar, güc aqreqatları və elektrik komponentləri kimi əsas avtomobil hissələrinə şamil ediləcək.
“Kanadadakı işçilərə birbaşa hücum”
Çərşənbə günü axşam saatlarında qısa mətbuat konfransı zamanı baş nazir Mark Karni tarifləri “Kanada işçilərinə birbaşa hücum” kimi qiymətləndirib və Tramp ilə tezliklə birbaşa danışmağa çalışacağını söyləyib. Qeyd edək ki, Karni əvvəllər Trampın Kanadanı ictimaiyyət qarşısında tənqid etməyi dayandırmayana qədər onunla danışmayacağını bildirmişdi.
Karni, Kvebek şəhərinə planlaşdırılan seçki kampaniyası tədbirini ləğv edərək, Ottavada Kanada-ABŞ münasibətləri üzrə federal kabinet komitəsinin iclasına qatılmaq üçün yola düşüb. O, komitənin yeni tariflərə cavab olaraq “ticarət variantlarını” müzakirə edəcəyini bildirib.
Tramp diqqəti yayındırmaq istəyir
Yeni Demokrat Partiyasının (NDP) lideri Caqmit Sinqh bu tarifləri “avtomobil işçilərinə tam miqyaslı hücum” adlandırıb və Kanadanı “var gücü ilə mübarizə aparmağa” çağırıb. O, həmçinin zərər çəkən işçilər üçün maliyyə dəstəyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Sinqh, Trampın bu qəfil açıqlamasının Yəməndəki hərbi əməliyyatla bağlı məxfi məlumatları səhvən bir jurnalistlə bölüşən müşavirlərinə dair qalmaqaldan diqqəti yayındırmaq məqsədi daşıya biləcəyini də əlavə edib.
Taxta-şalban tarifləri gözlənilir
“Biz onlara əlimizdən gəldiyi qədər ağır zərbə vuracağıq”, – deyə Ontario Baş naziri Daq Ford bildirib.
Aprelin 2-də Ağ Ev digər ölkələr tərəfindən tətbiq edilən ticarət məhdudiyyətlərinə qarşı cavab tarifləri də elan edəcək. Tramp həmin gün taxta və əczaçılıq sənayesinin hədəfə alınacağını bildirib.
Taxta-şalban tarifləri xüsusilə Kvebek və Britaniya Kolumbiyası üçün yeni bir iqtisadi zərbə ola bilər.
Tramp dəfələrlə aprelin 2-ni ABŞ üçün “azadlıq günü” adlandırıb.
Amerikalı işçilərə zərbə
Ontario Baş naziri Daq Ford isə buna cavab olaraq həmin tarixin əslində “işdən çıxarılma günü” olacağını və tariflərin nəticəsində amerikalı işçilərin də iş yerlərini itirəcəyini vurğulayıb. O, Karnidən ABŞ-da istehsal olunan avtomobilləri hədəf almağı tələb edəcəyini bildirib.
Karni ABŞ tariflərinə qarşı mübarizə aparmaq üçün bir neçə addım atacağına söz verib. Onun planına 2 milyard dollarlıq “strateji cavab fondu”nun yaradılması və Kanadada avtomobil hissələrinin istehsalını artırmaq üçün “tamamilə Kanadada” adlı bir şəbəkənin qurulması daxildir.
“Prezident Trampın ticarət müharibəsi bizim böyük xalqlarımız arasındakı qardaşlıq bağlarını tarixi baxımdan ən gərgin nöqtəyə gətirib. Bu müharibə amerikalı istehlakçılara və işçilərə də zərər vurur və daha çox vuracaq”, – Karni bildirib.
Yazı müxtəlif Kanada mediasından tərcümə edilib.
Foto: Mandel NGAN/AFP